Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-391/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə, axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1.176 qram çəkidə psixotrop maddə - metamfetamini 20 manat pul müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, 04.06.2021-ci il tarixdə, saat 10:10-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200 ünvanında yerləşən parkın içərisində saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilib, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümündə 1,176 qram çəkidə, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yaşadığı evin yaxınlığındakı parkda olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduqlarını demişlər və üzərində narkotik vasitə və psixotrop maddə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4cü PŞ-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılmış və orada video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd “Samsung Al” markalı mobil telefonunu, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmiş, şalvarında və digər geyimlərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən ağ rəngli kristallardan ibarət maddə aşkar olunmuşdur. O həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Daha sonra o, həmin psixotrop maddəni 03 iyun 2021-ci il il tarixdə, axşam saatlarında Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Məhkəmədən təqsirini səmimi etiraf etməsini, cinayət əməlindən peşman olmasını nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələrin əldə etməsi, saxlanması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 04 iyun 2021-ci il tarixdə, saat 10:10-da Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 200 ünvanında yerləşən parka gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxsun gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitələrin əldə etməsi üzərində gəzdirməsi şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə, müdafiəçinin iştirakı olmadan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayağa qalxıb əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümünü və həmin göy rəngli cins şalvarının arxa sağ cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ona verilmiş sual üzrə həmin 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümünün içərisində olan maddənin “patı” deyilən maddə olduğunu, həmin maddəni Bakı şəhəri Papanin adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.06.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27) 04.06.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 04.06.2021-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Abdullaboy Məlikova üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs ayağa qalxıb əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümünü və həmin göy rəngli cins şalvarının arxa sağ cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində olan maddənin “patı” deyilən maddə olduğunu, həmin maddəni Bakı şəhəri Papanin adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. (i.v.37-39) Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2021-ci il tarixli, 6/2255 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs ” yazısı olan xərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,176 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Mctamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. (i.v.43-47) Binəqədi rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 5(001)-777/2021 nömrəli qərarından görsənir ki, Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. (i.v. 52- 53) 04.06.2021-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ayağa qalxıb əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümünü və həmin göy rəngli cins şalvarının arxa sağ cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümünün içərisində olan maddənin “patı” deyilən maddə olduğunu, həmin maddəni Bakı şəhəri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. (i.v.60) Maddi sübut kimi tanıma haqqında 04.06.2021-ci il tarixli qərarlardan görünür ki, video görüntülərin köçürüldüyü 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1,176 qram metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və metamfetaminin 1.126 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (i.v.61-62) 05.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.66-67) 05.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v.85-87) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 11.06.2021-ci il tarixdə alınmış tələbnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 18.02.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nərimanov rayon Məhkəməsinin 02.05.2003-cü il tarixdə 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Binəqədi rayon məhkəməsinin 31.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26.05.2011-ci ildə cəzasının sonu ilə azad edilmiş, Yasamal rayon məhkəməsinin 25.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi rayon məhkəməsinin 06.06.2013-cü il tarixli qərarı ilə “Amnistiya” qərarının 2-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, həmin məhkəmənin 20.06.2013-cü il tarixli qərarı ilə 04 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhər Səbail rayon məhkəməsinin 18.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 21.08.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v.89-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının 22.06.2021-ci il tarixli, 2029 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “asılılıq sindromu” - narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.112-113) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 04.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.06.2021-ci il tarixdə, saat 10.10-da şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki 04.06.2021-ci il tarixdə, saat 10.10-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 05.06.2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 04.06.2021-ci il tarixdən, 05.06.2021-ci il tarixədək 01 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 04.06.2021-ci il tarixdən, 05.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 14.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,126 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.06.2021-ci il tarixdən 05.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 14.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,126 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-391/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-391/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver