Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-391/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hazırda 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Dərnəgül metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,408 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf rəngli sellofan bükümdə 15 manat pul müqabilində əldə edərək əynində olan qara rəngli cins şalvarının arxa sağ yan cibində saxlamaqla daşımış, həmin tarixdə, saat 14:00da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “İstanbul klinikasının” yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 16:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümə bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,408 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 15 yanvar 2024-cü il tarixdə onun barəsində olan başqa cinayət işi üzrə müstəntiqin çağırışına getmiş, oraya gedərkən üzərində olan mobil telefonu Binəqədi RPİ-də saxlanc yerinə təhvil vermiş, 409-cu otaqda sənədləri imzalamış və telefonunu geri götürüb inzibati binadan çıxdıqdan sonra yolun qarşı tərəfinə keçərkən polis əməkdaşları onu saxlayıb Kia Rio markalı nəqliyyat vasitəsinə mindirib polis bölməsinə aparmışdır. Saxlanılan zaman üzərində yaşadığı mənzilin açarı, 1 ədəd mobil telefon, siqaret, alışqan və içərisində bank kartı, avtomobilin sənədləri və pul olan pul qabı olmuşdur. Polis bölməsinin rəisi ona narkotik vasitə verərək üzərindən çıxarmasını və həmin maddənin ona məxsus olmasını etiraf etməyə təkid etmişdir. Əks təqdirdə onun mənzilinə daxil olaraq oraya külli miqdarda narkotik maddə qoyaraq ona qarşı daha ağır cinayətlə bağlı ittiham irəli sürəcəkləri barədə hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs daha ağır cinayətdə ittiham olunacağından qorxaraq ona verilən maddənin özünə aid olduğunu etiraf edərək üzərində baxış və axtarış keçirilən zaman video çəkilişlə təqdim etmişdir. Qeyd etdiyi hallar barədə ibtidai istintaq dövründə müdafiəçisinə heç nə deməmişdir. Polis bölməsində ona işgəncə edilməmiş, onu saxlayan şəxslər Şahid1 və Rauf Əliadə olmuşdur. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin Cinayət Axtarış Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Xidmət etdiyi bölməyə etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 15 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “İstanbul” klnikasının yaxınlığında bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığından saxlanılaraq,ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən, sonra hava şəraiti və əməliyyat şəraiti,o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmişdir. Polis bölməsinin təhqiqatçısının otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən başqa heçnə aşkar edilməmişdir.Sorğu zamanı şübhəli şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki “kakos” adlanan narkotik vasitə heroin dir və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi il eyniməzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon Pİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Orxan Təhməzli tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 15 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofona bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0,47 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 176 saylı möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 15 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını, bir müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. 27 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və 0,47 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 15 yanvar 2024-cü il tarixdə, səhər saatlarında radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını, bir müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Sonsa aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan başqa videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Orxan Təhməzli tərəfindən tərtib edilmiş 15 yanvar 2024cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/255 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №174” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” Sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 382 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİODLƏRİN, KANNABİNOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-82/2022 nömrəli hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-531/2022 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 01 il 06 müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)-876/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-531/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-223/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 67.1-ci- maddəsinə əsasən ona qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0,408 qram, ekspert tədqiqatından sonra qalan 0,358 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla 6 yanvar 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış, narkotik vasitə olan 0,358 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə daxil olan və çıxan zənglər, SMS mətnlər, habelə qeyd olunan müddət ərzində zənglər qəbul edilərkən və həmin nömrələrdən zənglər edilərkən abonentin hansı əhatə dairəsində olması (anten dairəsinin) barədə məlumatların məhkəməyə təqdim edilməsi zərurəti yaranmış və qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olan 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilən zaman cinmayət işi üçün sübut əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş informasiyadan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il tarixdə doğulmuş X6 adlı azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 19 iyul 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,408 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə əməlini etiraf etməsi və bu etirafı daha ağır cinayətlə ona ittiham veriləcəyi barəsində ona hədə-qorxu gəlinməsindən qorxması ilə əlaqələndirməsi onun məhz məsuliyyətdən yayınmaq niyyəti ilə bağlıdır. Belə ki, təqsirləndirilən şəxsin özü də məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təzyiq edilmədiyini, müdafiəçi ilə konfidensial görüş zamanı da bu barədə müdafiəçiyə hər hansı bir məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğundan və məhkumluğu ödənilmədiyi, onun əməlində cinayətlərin residivi olduğunu bildiyi üçün məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadə ilə məsuliyyətdən yayınmağa çalışmışdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-223/2024 nömrəli hökmü ilə təyin olunmuş 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-223/2024 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün, hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə “Azərfon “MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Salman qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-223/2024 nömrəli hökmü ilə təyin olunmuş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Təqsirləndirilən şəxs 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-223/2024 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün, hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün olmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,358 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə “Azərfon “MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-391/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-391/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver