Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-391/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ağdam rayonu Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Şahbulaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir.
2. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X2 tanışı Şahid3 Bakı şəhəri 38 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik göstərilməsi barədə qeyriləri vasitəsi ilə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 20 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Tamstore” mağazasının qarşısında 10.000 manat pul vəsaitini Məşərza Nəsirovdan şəxsən alıb ələ keçirərək, zərərçəkmiş şəxs X4 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə Biləcəri qəsəbəsində olmuşdur. Bu məsələyə kömək edən şəxs Sevinc adlı xanım olmuşdur. O, pul vəsaitini Sevincə vermiş. daha sonra Sevinc işdən çıxdığından münasibətləri pozulmuşdur. Pulun verilməsində vasitəçi olduğu üçün dəymiş ziyanı öz hesabı ilə zərərçəkmiş şəxsə ödəmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Məktəb direktoru vəzifəsi ilə bağlı 10.000 manat pulu şəxsən özü zərərçəkmiş şəxsdən Biləcəri qəsəbəsində almışdır. İlk dəfə belə bir iş görürərək vasitəçi olmuşdur. Zərərçəkmiş şəxsin anası ilə yaxın münasibəti olmuş və o, bu işi xahiş etmişdir. O da başqa bir tanışına bu barədə dedikdə, tanışı həll etməyin mümkün olduğunu bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Baş vermiş cinayət hadisəsi nəticəsində zəzərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bununla yanaşı zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın 25% (iyirmi beş faizi) də dövlət nəfinə ödənilmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Arzu xanımı tanımamışlar. Kamran adında ailə tanışları zəng edib yaxın adamı olduğunu, vakant direktor vəzifəsinə adam düzəltmək istədiyini demişdir. Bundan sonra o, işlə bağlı tanışına müraciət etmişdir. Pulu Biləcəri qəsəbəsində “Tam Store” marketin qarşısında Arzu xanıma vermişdir. Arzu xanım ora qardaşının Kia Sportage markalı avtomobili ilə gəlmişdir. Avtomobildə Arzu xanım, qardaşı və bacısı olmuşdur. Pulu Arzu xanımın qardaşı sayıb götürmüşdür. Ondan sonra gizli nömrələrdən ona zəng gəlmişdir. Təhsil İdarəsindən zəng etmişlər. Bir dəfə də Sevinc adlı qadın ona zəng etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 35.000 manata direktor vəzifəsinə düzəlmək üçün razılıq olmuş, ilkin olaraq 10.000 manat beh verilmiş və guya 1 ay ərzində işin düzələcəyi bildirilmişdir. Arzu xanım pulu qaytarmaq üçün Odlar Yurdu universtetinin qarşısına çağırmışdır. Oraya atası ilə getmişdir. Orada Arzu xanımın yanında bir xanım olmuşdur. Arzu xanım pulu həmin xanıma verdiyini, işin düzələcəyini demişdir. Bir neçə gün sonra onlar görüşmuş və yenə də işin gecikdiyini, guya düzələcəyini deyib onları günahkar çıxarmışlar ki, gözləməyə səbrləri yoxdur. Hazırda verdiyi pul ona geri qaytarıldığından heç bir şikayət və tələbi yoxdur. Aralarında barışıq olmuş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir.
6. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə qeyd olunan şahidlərin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
8. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur.
9. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ona məxsus pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ünvan 3 ünvanında yerləşən “Tamstore” mağazasının qarşısında ələ keçirilməsi faktı üzrə hadisənin baş vermə mexanizmini əyani şəkildə təsvir etmişdir.
10. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
11. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir.
12. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
13. Zərərçəkənə dəymiş ziyanın ödənilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş 10 000 (on min) manat maddi ziyandan 7 000 (yeddi min) manat ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs bacısı X5 tərəfindən ödənilmişdir.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir.
15. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tamamilə ödənilmiş, aralarında barışıq olmuş və hazırda ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş 10 000 (on min) manat maddi ziyanın 25%-i olaraq ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul keçirilmişdir.
17. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Dəymiş ziyanın 25%-ni dövlət büdcəsinə öödəmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
18. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
20. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
21. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
22. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda CM-in 178.2.4cü maddəsi ilə məsuliyyət daşıyır.
23. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi (dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
24. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluqyəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
25. Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X2 tanışı Şahid3 Bakı şəhəri 38 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik göstərilməsi barədə qeyriləri vasitəsi ilə yalan vədlər verib zərərçəkmiş şəxs X4 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktı iş materiallarında olan və məhkəmə iclasında toplanmış sübutlarla təsdiq edilmişdir.
26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dəymiş ziyanı tamamilə ödəmiş, məhkəmə istintaqı zamanı isə zərərçəkmiş şəxslə barışmış, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.
27. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2ci...maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Dələduzluq işləri ilə bağlı Plenum qərarında göstərilir ki, ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Həmçinin Qərarda göstərilmişdir ki, dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir. Hazırkı cinayət işində də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zərərin əvəzini ödəyib barışdıqdan sonra dövlət büdcəsinə ələ keçirilmiş pulun, yəni 10 000 (on min) manatın 25%-ni, yəni 2500 (iki min beş yüz) manatını ödəmişdir.
28. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir.
29. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.
30. Bununla belə qanunla nəzərdə tutulan bir sıra hallarda şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır.
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır.
32. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir və bu zaman cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir.
33. CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır.
34. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər.
35. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs 10 000 (on min) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Habelə cinayət işi üzrə vurulmuş 10 000 (on min) manat maddi ziyanın 25%-i, yəni 2500 (iki min beş yüz) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
36. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.
37. CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.
38. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir.
39. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə edilən ödənişlərin qəbzləri iş üzrə maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır.
40. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir.
41. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
42. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
43. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
44. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur.
45. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir.
46. Yuxarıda gösətirlənlərə əsasən CPM-in 37, 40, 43, 132, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə edilən ödənişlərin qəbzləri iş üzrə maddi sübut qismində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova