Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-392/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, “Neptun” marketin yaxınlığıda kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış ibtidai araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan, qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Xırdalan dairəsinin yanında yerləşən «İsti Su» kafesində ictimai yerdə, Zərərçəkmiş şəxs ona məxsus stolda əyləşməsini irad bildirdikdən sonra heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən həmin kafedə digər şəxslərin olmasına baxmayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə və öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik edən və əxlaq normalarını kobud surətdə pozmaqla, kafedə masanın üzərindən götürdüyü pivə bakalı ilə sonuncuya zərbələr endirərək ona sol təpə və ənsə nahiyələrinin kəsilmiş yaraları ilə müşayiət edilən hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığı qısa müddətə pozan, sağlamlığa yüngül zərər vurmaya aid, sağ əlin İ,İİ,İİİ,İV barmaqlarının səthi kəsilmiş yaraları, təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ əlin arxa səthinin qançır-şişkinliyi ilə müşayiət edilən hər biri ayrı-ayrılıqda və ümumilikdə zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət və İİİ barmağının proksimal falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan qəsdən sağlamlığa az ağır xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, «Lake Hotel» də ofisiant işləyir, əvvəllər məhkum olunmamışdır. 01 yanvar 2023-cü il tarixdə dostu Nicatla axşam 23-24 radələrində Xırdalan dairəsində yerləşən «İsti-Su» kafesinə getməyi planlaşdırmış, 02 yanvar 2023-cü il tarixdə saat 01 radələrində işdən çıxaraq Nicatla əlaqə saxladıqda ona yolda olduğunu, qeyd edilən kafeyə getməsini, tezliklə həmin kafeyə gedəcəyini bildirmiş, kafeyə çatan zaman Nicatın hələ çatmadığını görüb tək oturaraq onun gəlməsini gözləmiş, bu zaman boş masada əyləşdiyinə görə bir bakal pivə sifariş etmiş, Nicatı gözləyə-gözləyə artıq üç bakal pivə içmiş, həmin vaxt sağ tərəfindəki masada iki nəfər tanımadığı şəxs oturmuş, sonradan həmin şəxslərdən birinin cinsi azlıq olan Zərərçəkmiş şəxs olmasını bilmiş, içkinin təsirindən əhvalı yaxşı olduğu üçün musiqi sifariş verib oynayarkən qonşu masada cinsi azlıqla əyləşən şəxs sonradan adının X3 olduğunu bildiyi şəxs ayağa qalxaraq ona tərəf gəlmiş, Sadiq yanından keçərkən çiyni ona dəymiş və bu zaman Sadiqi saxlayaraq öz masasında əyləşdirmiş və özü də Sadiqin yanında oturmuş, həmin vaxt Sadiqə etirazını bildirərək niyə onu çiyini ilə vurduğunu soruşmuşdur. Bu zaman Sadiqlə birlikdə istirahət edən cinsi azlıq Zərərçəkmiş şəxs zalda olmamış, Sadiqlə oturub ona etirazını bildirərkən Zərərçəkmiş şəxs masaya yaxınlaşıb üstünə qışqırmış və nə üçün onun stolunda oturmasını soruşmuş, həmin vaxt ayağa durub əlinin içi ilə Samirin sinəsindən itələmiş və ona «səninlə işim yoxdur, yeri get o yana» demiş, Samiri itələdikdə bir-iki addım arxaya gedib qonşu masadan pivə bakalını götürüb stola vuraraq sındırmış və şüşə qırığını qoluna tutaraq özünü doğrayacağını demişdir. Bu zaman dostu Nicat zala girmiş və onu qucaqlayıb küçəyə çıxardaraq sakitləşdirmiş, sonra mobil telefonu zalda qaldığına görə götürmək üçün getmiş, telefonunu masanın üzərindən götürüb çıxmaq istəyərkən həmin cinsi azlıq onu görüb qışqırmağa başlamışdır. Bu zaman əsəbiləşmiş və masanın üzərində olan içərisi pivə ilə dolu bakalı götürüb cinsi azlığın başından bir neçə zərbə endirmiş, hətta zərbənin gücündən əlində olan pivə bakalı üçüncü dəfədə sınmış, daha sonra həmin yeri tərk edib, iş yerinə qayıtmışdır. Səhəri gün kafedə gül satan şəxs işlədiyi kafeyə gələrək hadisədən sonra kafenin sahibinin onu axtardığını bildirmişdir. Gecə saat 11-12 radələrində dostu Nicat zəng edərək, baş vermiş hadisə ilə əlaqədar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarının onu axtardığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, hazırda cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığını bildirərək, göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, cinsi azlığın nümayəndəsidir. xx.xx.2023-cü il tarixdə Xırdalan dairəsinin yanında olan «İsti Su» kafesində tanış olduğu Sadiq adlı şəxslə oturub istirahət etmiş və Sadiqlə bir az söhbət edib pivə içmiş, artıq xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində ayaq yoluna getmiş, qayıdan zaman tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir şəxsin stolunda oturub Sadiqlə söhbət etməsini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq stolundan durmasını xahiş etmiş, həmin vaxt Elvin ayağa durub ona əlqol atmış və üstünə qışqıraraq itələmişdir. Elvin onu itələyən zaman arxaya bir neçə addım gedərək qonşu masanın üstündə olan boş pivə bakalını götürərək yerə çırpmış, Elvin bunu görərək daha da aqresivləşib üzərinə gəlmiş və qonşu masada olan pivə bakalını götürərək başına bir neçə dəfə zərbə ilə vurmuş, zərbədən başından qan gəlmişdir. Elvinin yenidən əlindəki bakalla zərbə endirməsini görüb sağ əlini başına tutmuş və buna görə sağ əlindən də xəsarət almış, bundan sonra huşunu itirmişdir. Təxminən yarım saat sonra özünə gəldikdə artıq kafedə heç kəs olmamış, təcili tibbi yardıma zəng etsə də gəlməmiş, ona görə məcbur olub yolda dayanan taksi ilə Biləcəri qəsəbəsində olan Dəmiryol xəstəxanasına getmişdir. Orada ona ilkin tibbi yardım göstərilmiş və başına üç tikiş qoyulmuş, xəstəxanadan çıxdıqda isə AR DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildirirək, məhkəmədən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsi, Binəqədi şossesində fəaliyyət göstərən «İsti Su» adlı kafedə inzibatçı işləyir, hər gün saat 16:00-dan gecə saat 02 radələrinə kimi işdə olur, inzibatçı kimi kafedə vəzifəsi alış-veriş etmək, kafenin iş rejiminə və təmizliyinə nəzarət etmək və gündəlik alverin hesabatını aparmaqdan ibarət olmuşdur. Bundan başqa o, göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə həmişə olduğu kimi günorta işə getmiş, həmin günü gecə saat 02 radələrində işdə olarkən kafedə əyləşmiş cinsi azlıq nümayəndəsi olan adını Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə kafenin müştərisi Təqsirləndirilən şəxs arasında ilkin olaraq sözlə mübahisə yaranmış, buna səbəb Təqsirləndirilən şəxs cinsi azlıq Zərərçəkmiş şəxs ayaq yoluna gedən zaman onun yerində oturması olmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun stolundan durmasını tələb etmiş, Elvin isə ayağa durmaq əvəzinə Samirə əl-qol atıb üstünə qışqırmış və Samirin sinəsindən əli ilə kənara itələmişdir. Həmin vaxt Samir bir neçə addım arxaya doğru gedib qonşu masanın üstündə olan boş pivə bakalını götürüb yerə çırpmış və Elvini qorxutmaq istəmişdir. Lakin, Elvin bunu görüb daha da əsəbiləşmiş və aqressiv şəkildə Samirin üstünə gedərək qonşu masada olan pivə bakalını götürüb Samirin başına bir neçə dəfə zərbə ilə vurmuş, həmin zərbələrin təsirindən Samirin başından qan gəlmiş, az sonra Samir Elvinin yenidən üstünə gəlib əlindəki bakalla ona zərbə endirməsini görərək sağ əli ilə başını tutmuşdur. Elvin yenidən bakalla Samirin başına vuran zaman Samir sağ əlindən də xəsarət almış, bundan sonra Samir huşunu itirib yerə yıxılmış və Elvin kafedən çıxıb getmişdir. Baş vermiş mübahisə və dava-dalaş kafenin içində olmaqla təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt kafedə tanımadığı müştərilər olmuş və mübahisəyə görə narahat olmuş, baş vermiş hadisə zamanı özü və kənar şəxslərdən xəsarət alan olmamış, eləcə də mübahisə zamanı kafe sahibinə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Xırdalan dairəsinin yanında yerləşən «İsti Su» kafesində baş vermişdir. xx.xx.2023-cü il tarixli, 07 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sol təpə və ənsə nahiyələrinin kəsilmiş yaraları, sağ əlin İ,İİ,İİİ,İV barmaqlarının səthi kəsilmiş yaraları kəsici əşyanın təsirindən, sağ əlin İİİ barmağının proksimal falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan qançırşişkinliyi, təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ əlin arxa səthinin qançır-şişkinliyi kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətmişdir, yetirilmə müddəti onun tibbi yardım üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, qeyd olunan xəsarətlərdən sağ əlin İİİ barmağının proksimal falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan qançır- şişkinliyi dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AGİR zərər vurmaya aid, sol təpə və ənsə nahiyələrinin kəsilmiş yaraları dərəcəsinə görə hər biri ayrı- ayrılıqda və ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (yumruq, təpik və s.) və eləcə də bakalla endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 13:30-da CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.1ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı dəymiş ziyan tam şəkildə ödənilmişdir. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaq. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirmişdir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3 və 221.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 fevral 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü ildən hazırki vaxtadək həbsdə saxlanılmışdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tamamilə ödəməsini, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həmçinin həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-392/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-392/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver