Məhkəmə qərarları › İş №1(001)-393/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-393/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-393/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 m.8 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kulitivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 96, 8-saylı evinin zirzəmisinin sonunda yerləşən evin altındakı otaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan- 45,0 qram çəkidə qurudulmuş və 205,0 qram çəkidə qurudulmamış marixuana hazırlayıb emal edərək həmin yerdə saxlamış, bundan başqa o, yaşadığı evinin zirzəmisinin sonunda, evin altında yerləşən otaqlarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan 06 ədəd dibçəkdə, yaş vəziyyətdə ümumi çəkisi 3350 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkilər əkib yetişdirərək onları toplayıb xeyli miqdarda kultivasiya etmiş və xx.xx.2020-ci il tarixdə, saat 15:50 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın zirzəmisinə baxış keçirilən zamanı zirzəminin sonunda, evin altında yerləşən otaqda sağ tərəfdə masanın üzərindən 01 ədəd şüşə bankada və 01 ədəd plasmas qabda 45,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd balaca bankada 10,325 qram çəkidə tərkibində narkotik aktivliyə malik olmayan çətənə bitkisinin toxumları, sağ tərəfdə ipdən asılmış vəziyyətdə 205,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, həmin otağın sonunda sağ və sol tərəfdə, işıq və havalandırma sistenmi ilə təchz edilmiş otaqlardan ümumilikdə 06 ədəd dibçəkdə tərkibində narkotik maddələr olan, yaş vəziyyətdə ümumi çəkisi 3350 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Çernobıl əlilidir. Bədənində ağrıları olduğu üçün narkotik vasitə olan marixuananı dəmləyərək çay kimi qəbul edir. xx xxx 2020-ci il tarixdə saat 15:50 radələrində ünvan 3 ünvanında yaşadığı evin qapısını döyərək polis əməkdaşları yaşadığı ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama cinayət əməllərini törətməkdə şübhə edildiyi üçün yaşadığı həmin ünvan 3 ünvanında onun razılığı ilə hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı ünvanında tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə işləri ilə məşğul olduğu soruşulduqda o, polis əməkdaşlarına könüllü olaraq əkib-becərdiyini etiraf etmiş və onlara ünvanında narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı həmin ünvanın zirzəmisinə daxil olmuşlar və orada sağ tərəfdə masanın üzərində olan iki ədəd şüşə bankada və bir ədəd plastik qabda olan qurudulmuş narkotik tərkibli bitkini, bir ədəd balaca şüşə bankada həmin narkotik tərkibli bitki toxumlarını, sağ tərəfdə ipdən asılmış formada qurudulması üçün asdığı narkotik tərkibli bitkiləri, zirzəminin qarşı tərəfində olan iki otaqdan, sol tərəfdəki otaqda olan bir ədəd dibçəkdə olan hündürlüyü 1.30 metr olan narkotik tərkibli bitki kolunu, sol tərəfdəki otaqda beş ədəd dibçəkdə əkilmiş hündürlükləri 50 sm-dan 10 sm-dək olan narkotik tərkibli bitki kolları və üç ədəd balaca bardaqlarda əkdiyi təzəcə cücərmiş narkotik tərkibli bitki toxumunu təqdim etmişdir. O, həmin narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmişdir. O, özü narkotik vasitə istifadəçisidir. Təxminən xx xxxxxx 2020-ci il tarixdən narkotik tərkibli bitkilərin əkibbecərilməsi ilə məşğul olmuşdur. Özü 20 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. O, yaşadığı ünvan 4 ünvanda yerləşən evinizin zirzəmisində narkotik maddələrin əkini ilə məşğul olması barədə heç kimə, həmçinin də ailə üzvlərinə də heç bir məlumat verməmişdir. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, həmin narkotik maddələri öz şəxsi istifadəsi üçün əkmişdir ki, özü istədiyi vaxt istifadə etsin. O, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 96 ünvanından keçən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona narkotik tərkibli bitkiləri əkərək yetişdirməkdə şübhəli olan bir nəfər şəxsin yaşadığı evin həyətinə baxış keçiriləcəyi və hal şahidi kimi iştirakını ondan xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və ünvan 2 ünvanına getmişlər. Orada polis əməkdaşları, ondan başqa dəvət olunmuş bir nəfər də hal şahidi, adının sonradan öyrəndiyi Şahid2, mütəxəssis kimi aqronom Şahid3 və Təqsirləndirilən şəxs olmuşdur. Baxış keçirilməzdən qabaq ona və dəvət olunmuş digər hal şahidinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra o və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə daxil olmuşlar. Baxış zamanı zirzəmidə olan balaca otaqda sağ tərəfdə masanın üzərində 02 ədəd şüşə qabda və 01 ədəd plastik qabda qurudulmuş formada bitki tərkibli kütlənin, 01 ədəd kiçik ölçülü bankada bitki toxumlarının, həmin otaqda sol tərəfində ipdən qarmaqla asılmış vəziyyətdə çoxlu sayda bitki kütləsinin olması aşkar olunmuşdur. Polis əməkdaşlarının sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd şüşə qabda və 01 ədəd plastik qabda olan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan bitki olduğunu, 01 ədəd balaca şüşə bankada olan toxumların tərkibində narkotik maddələr olan bitkinin toxumları olduğunu, həmçinin divardan asılmış bitkilərin tərkibində narkotik maddələr olan bitki olduğunu və qurudaraq istifadə etmək məqsədi ilə ipdən asdığını bildirmişdir. Bundan sonra həmin otağın qarşı hissəsində olan iki ədəd işıqlı otaqlara baxış keçirilmiş və baxış zamanı sol tərəfdə olan otaqdan 01 ədəd dibçəkdə 1,30 metr hündürlüyündə tərkibində narkotik maddələr olan bitkinin olması aşkar olunmuşdur. Daha sonra sağ tərəfdə olan otağa baxış keçirilmiş və baxış zamanı həmin otaqdan da 01 ədəd 50 sm, 03 ədəd 30 sm və 01 ədəd 10 sm hündürlüyündə ümumilikdə 05 ədəd dibçəkdə tərkibində narkotik maddələr olan bitkilərin və 03 ədəd plastik bardaqda təzə əkilib cücərdilmiş formada narkotik tərkibli bitki toxumlarının olması aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis Şahid3 həmin bitkilərin narkotik vasitə olan marixuana olduğunu, bitkilərə xüsusi qulluq göstərildiyini bildirmişdir. Polis əməkdaşlarının sorğusu zamanı Təqsirləndirilən şəxs 20 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini və həmin bitkiləri şəxsi istifadəsi üçün 3-4 ay bundan qabaq əkərək qulluq edib yetişdirdiyin bildirmişdir. Bundan sonra aşkar olunmuş ümumilikdə 06 ədəd dibçəkdə olan bitki kolları, 03 ədəd plastik bardaqda olan yeni cücərmiş bitki toxumları, 02 ədəd bankada və 01 ədəd plastik qabda olan bitki kütləsi, 01 ədəd balaca bankada olan bitki toxumları və qurudulması üçün ipdən asılmış bitki kütləsi evin zirzəmisindən həyətə çıxarılaraq qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Orda bütün hərəkətlər protokollaşdırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 1977-ci ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirib aqronom və bağban kimi işləyir. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi və onun da həmin baxışda mütəxəssis kimi iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə saat 15:50 radələrində ünvan 2 ünvanına qarşısına getmişlər. Orada polis əməkdaşları evin həyətinin giriş qapısını döymüşlər və həmin vaxt həyətin giriş qapısını adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs açmışdır. Polis əməkdaşları Rafaelə tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və toplamasında şübhəli olmasını və yaşadığı evin həyətyani sahəsinə dəvət olunmuş hal şahidlərinin və onun iştirakı ilə baxış keçiriləcəyi bildirmişlər. Rafael də heç bir etirazı olmadığın bildirərək bu barədə ərizə verərək tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməklə məşğul olduğunu bildirmişdir. Bundan sonra oraya dəvət olunmuş hal şahidlərinin və onun iştirakı ilə Rafaelin yaşadığı evin zirzəmisinə baxış keçirilmişdir. Baxış zamanı zirzəmi ilə irəlilədikdə evin altında balaca otaqda sağ tərəfdə masanın üzərində 02 ədəd şüşə qabda və 01 ədəd plastik qabda qurudulmuş formada bitki tərkibli kütlənin, 01 ədəd kiçik ölçülü bankada bitki toxumlarının, həmin otaqda sol tərəfində ipdən qarmaqla asılmış vəziyyətdə çoxlu sayda bitki kütləsinin aşkar olunmuşdur. Bundan sonra həmin otağın qarşı hissəsində iki ədəd işıqlı otağın olması aşkar olunmuşdur. Həmin işıqlı otaqlardan sol tərəfdə olan otağa baxış keçirildi və baxış zamanı həmi otağın çoxlu sayda işıq və havalandırma sistemi ilə təchiz olunması və 01 ədəd dibçəkdə 1,30 metr hündürlüyündə tərkibində narkotik maddələr olan nəşə kolunun olması aşkar olundu. Daha sonra sağ tərəfdə olan otağa baxış keçirildi və baxış zamanı həmin otağın da çoxlu sayda işıq və havalandırma sistemi ilə təchiz olunması və orada 01 ədəd 50 sm, 03 ədəd 30 sm və 01 ədəd 10 sm hündürlüyündə ümumilikdə 05 ədəd dibçəkdə tərkibində narkotik maddələr olan nəşə kolunun və 03 ədəd plastik bardaqda təzə əkilib cücərdilmiş formada narkotik tərkibli bitki toxumlarının olması aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş bitki kollarına aqrotexniki qaydada quluq edilməsi, diblərinin yumşaldılaraq peyinlənməsi aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş ümumilikdə 06 ədəd dibçəkdə olan bitki kolları, 03 ədəd plastik bardaqda olan yeni cücərmiş bitki toxumları, 02 ədəd bankada və 01 ədəd plastik qabda olan bitki kütləsi, 01 ədəd balaca bankada olan bitki toxumları və qurudulması üçün ipdən asılmış bitki kütləsi evin zirzəmisindən həyətə çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rafael tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra onun tərəfindən qeyd olunanlarla bağlı rəy tərtib edilmişdir. Baxış zamanı aşkar olunmuş bitki kollarının hamısına aqrotexniki qaydada qulluq edilmiş, həmin bitki kolları dibçəkdə əkilərək xüsusi qulluq edilməklə yetişdirilmiş, dibləri peyinlənərək yumşadılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/272 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kağız paketdəki təmiz çəkisi 45,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kağız paketdəki yaş vəziyyətdə təmiz çəkisi 205,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış-marixuanadır, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd ağ rəngli sintetik torbalarda ümumi sayı 06 (altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 3350 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kağız paketdəki ümumi çəkisi 10,325 qram olan bitki toxumları çətənə(kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Marixuananın təmiz çəkisi- 45,0 qram(1№li ob) və təmiz çəkisi-205,0 qram(2№li ob) tədqiqata istifadə olundu cəmi - 0,1 qram (hər ob 0,05 qram) qalıq-44,95 qram; 204,95 qram. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-3350 qram(3-8№li ob) tədqiqata istifadə olundu-0,3 qram (hər obyektdən 0,05 qram) qalıq-3349,7 qram. Çətənə toxumlarının ümumi çəkisi-10,325 qram (9№li ob) tədqiqata istifadə olundu-0,05 qram, qalıq-10,275 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki,7/272 nömrəli, xx.xx.2020-ci il tarixli ekspertiza rəyi üzrə aparılmış tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil etmişdir. İş materiallarında olan “Cinayət işinin tövsif edilməsi” barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-474/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanması və s. qərara alınmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 45,0 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana, ilkin çəkisi 205,0 qram olmuş narkotik vasitə olan qurudulmamış marixuana, ilkin çəkisi 3350 qram olmuş çətənə bitkisi və ilkin çəkisi 10,325 qram olmuş çətənə bitkisinin toxumları sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması, qalıq çəkisi 44,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 204,95 qram narkotik vasitə olan qurudulmamış marixuana, qalıq çəkisi 3349,7 qram çətənə bitkisi və qalıq çəkisi 10,275 qram çətənə bitkisinin toxumlarının məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon X/Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəlb olunmuş, xx.xx.1997-ci il tarixdə AR CM 50-2 maddəsinə əsasən şərti mütləq əməyə cəlb edilməklə 02 il 24 gün müddətinə azad edilmiş, xx.xx.1999-cu ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəlb olunmuş, xx.xx.2006-cı il tarixdə Suraxanı rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli qərarına əsasən 10 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 2124 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 45,0 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana, ilkin çəkisi 205,0 qram olmuş narkotik vasitə olan qurudulmamış marixuana, ilkin çəkisi 3350 qram olmuş çətənə bitkisi və ilkin çəkisi 10,325 qram olmuş çətənə bitkisinin toxumları maddi sübut kimi tanınmış və qalıq çəkisi 44,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 204,95 qram narkotik vasitə olan qurudulmamış marixuana, qalıq çəkisi 3349,7 qram çətənə bitkisi və qalıq çəkisi 10,275 qram çətənə bitkisinin toxumlarının məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD formatlı diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və toplaması, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddə olan marixuana və çətənə bitkisi toxumlarını əldə edib özündə saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını və yaşlı olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 7-ci bəndini qeyd etməyi zəruri hesab edir. Belə ki, qərarda qeyd olunmuşdur ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Məhkəmə həmçinin həmin qərarın 19-cu bəndini qeyd etməyi zəruri hesab edir. Belə ki, qərarda qeyd olunmuşdur ki,Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 44,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 204,95 qram narkotik vasitə olan qurudulmamış marixuana, qalıq çəkisi 3349,7 qram çətənə bitkisi və qalıq çəkisi 10,275 qram çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi tanınan və cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarışının və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 44,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 204,95 qram narkotik vasitə olan qurudulmamış marixuana, qalıq çəkisi 3349,7 qram çətənə bitkisi və qalıq çəkisi 10,275 qram çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar