Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-394/2022 25.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaliq oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 21 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs 27 mart 2022ci il tarixdə, saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsində Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ 40-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli parça şalvarın sağ cibindən bir ədəd ağ kağız bükümdə 0,288 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata narkotik vasitə heroin almışdır. xx.xx.2022-ci il tarixdə, saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsində olduğu zaman üç nəfər şəxs ona yaxınlaşmış, ona özlərini Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra onu narkotik vasitəni üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli bildikləri üçün Binəqədi RPİ 40-cı PB-nə gətirmişlər. Orada təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmişdir. Keçirilən şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ cibində olan ağ rəngli kağız bükümü təqdim etmiş, sorğu sual zamanı o, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində az yaşlı uşaqlarının olmasının, ailəsinin yeganə qazac gətirən şəxs olmasını nəzərə alınaraq, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə xx.xx.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabarlı küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 27 mart 2022-ci il tarixdə qərar qəbul edilməklə, 40-cı polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ramil Cəbiyev tərəfindən 27 mart 2022-ci il tarixdə təsdiq edilmişdir. Əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Müdafiəçi1 həmin qrupa daxil edilmişdilər. Əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Müdafiəçi1 ilə birlikdə 27 mart 2022-ci il tarixdə, saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsində əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişdilər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 40-cı polis bölməsinə gətirmişlər. Bu barədə bölmənin 40-cı polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ramil Cəbiyevin adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərova təhvil vermişlər. X5 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdı. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sağ cibində olan ağ rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd ağ kağız bükümün içərisində olan maddənin heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 20-00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində 5 manata alıb üzərində gəzdirdiyini bildirmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağız büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Müdafiəçi1 ifadələrindən məlum olur ki, onlar Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.19) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sağ cibində olan ağ rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd ağ kağız bükümün içərisində olan maddənin heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 20-00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində 5 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. (i.v 29-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 6/1664 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 234” möhür əksi, "...Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,288 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (i.v.37-38) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 51-52) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, sonuncu saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 65-66) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sağ cibində olan 01 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd ağ kağız bükümün içərisində olan maddənin heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 20-00-da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində 5 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. (i.v. 68) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v.79-80, 81-85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 1787 №-li saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 89-90) xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,288 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,238 qram çəkidə narkotik vasitə olan heroin Binəqədi RPİ-nə təhvil verilmişdir. (i.v.92) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-394/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda və yaşadığı ünvanda yaşamadığından olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-394/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncunun olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq Polis Bölməsinə gəlmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-394/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan olan ünvan 2 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,238 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 Xaliq oğlu cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 44 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaliq oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 44 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0,238 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-394/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-394/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver