Məhkəmə qərarları › İş №1(001)-394/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-394/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-394/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 22 ünvanda nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında naməlum şəxsdən 10 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan metadon həbi əldə edib, özündə saxlayaraq daşımış, 19 yanvar 2023-cü il tarixdə saat 05:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, F.Qurbanlı küçəsində yerləşən “Eşkim” marketin yanında Binəqədi RPİ 43-cü PB-in əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-in inzibati binasının xidməti otaqlarından birinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş “Rotmans” siqaret qutusunun içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,827 qram və 0,037 qram, ümumi çəkisi 0,864 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə üzərində “F..M40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən bir ədəd narkotik vasitə olan metadon həbi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat 05:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, F.Qurbanlı küçəsində yerləşən “Eşkim” marketin yanında dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ 43-cü PB-yə dəvət etmişlər. Orada ona hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Rotmans” siqaret qutusunun içərisində saxladığı iki ədəd bükümdə psixotrop maddə metamfetamini və bir ədəd bükümdə narkotik vasitə olan metadon həbini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş bükümlər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümlərdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə narkotik vasitə olan metadon həbi olduğunu bildirmişdir. O, həmin maddələri 18 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında naməlum şəxsdən 10 manata üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün almışdır. Əməlindən səmimi peşmançılıq çəkir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində sahə rəisi vəzifəsində işləyir. Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22 nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq əməliyyat qruğu yaradılmışdır. 19 yanvar 2023-cü il tarixdə saat 05:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, F.Qurbanlı küçəsində yerləşən “Eşkim” marketin yanında olan zaman Təqsirləndirilən şəxs görüb yaxınlaşmışlar, özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü polis bölməsinə gətirmişlər. Bu barədə polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramovun adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısına təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş “Rotmans” siqaret qutusunun içərisindən üç ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, onları 18 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında naməlum şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükülü zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:20-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 17-18). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 05:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, F.Qurbanlı küçəsində yerləşən “Eşkim” marketin yanında Binəqədi RPİ 43-cü PB-in əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-in inzibati binasının xidməti otaqlarından birinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş “Rotmans” siqaret qutusunun içərisindən iki ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə narkotik vasitə olan metadon həbi aşkar edilib götürülmüşdür (cild 1, i.v 28-29). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli, 6/360 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,827 qram və 0,037 qram, ümumi çəkisi 0,864 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə üzərində “F..M40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən bir ədəd narkotik vasitə olan metadon həbidir (cild 1, i.v 37-41). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 51-52). Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir (cild 1, i.v 73-75). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 316 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v. 77-78). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd SD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,864 qram psixotrop maddə metamfetamin və 1 ədəd narkotik vasitə metadon həbi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq hissələri saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, i.v 107-108). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v. 99). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, səmimi peşmançılığını, öz əməlinə mənfi münasibətini və qadın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı cəmi 1 (bir) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 316 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,824 qram psixotrop maddə metamfetamin və ½ hissə narkotik vasitə metadon həbi məhv edilməli, bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 1 (bir) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq (cəmi 2 gün) üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,824 qram psixotrop maddə metamfetamin və ½ hissə narkotik vasitə metadon həbi məhv edilsin. Bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar