Məhkəmə qərarları › İş №1(001)-395/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-395/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-395/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər Prokurorluğunda Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 4A, mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan və halhazırda barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,187 qram çəkidə narkotik vasitə olan heroini Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə 50 manata əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən “Tayqa” marketinin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və orada üzərinə keçirilmiş baxış zaman əynindəki ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,187 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. O, 2020-ci ilin may ayının sonlarında Yasamal rayonu, “Alatava” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat məbləğində 01 büküm narkotik vasitə olan heroin almış və qeyd olunan bükümü üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Tayqa” marketin yaxınlığında piyada gedən zaman mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişdirlər. Bu zaman o, sonunculardan nə səbəbə saxlanıldığını soruşduqda polis əməkdaşları ona izah etmişdirlər ki, onun narkotik vasitələrin istifadəsində və üzərində saxlaması barədə məlumat var. Bundan sonra o, polis əməkdaşları ilə polis bölməsinə gəldikdən sonra otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquqları izah edildikdən sonra otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı əynində olan ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilərək götürülmüş və həmin maddənin nə olduğu ondan soruşulduqda o, bildirmişdir ki, həmin maddə narkotik maddə olan el dilində kakos deyilən "heroindir". Həmin maddəni öz xəstəliyi ilə bağlı olaraq qəbul edir. Həmin narkotik maddə olan heroini sonuncu dəfə 2020-ci ilin may ayının sonlarında Yasamal rayonu, 2-ci Alatava adlanan yerdən tanımadığı şəxsdən 50 manat məbləğində şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Daha sonra şalvarının sağ yan cibindən çıxan 01 ədəd “Lenovo” markalı mobil telefonun nasaz olduğundan təmir etdirmək məqsədilə ustaya apardığını bildirmişdir, şalvarın arxa sağ cibindən isə 01 manat pul isə ona geri qaytarılmışdır. Nəticədə isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır, o da tərtib olunmuş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 5ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də o və Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Zamir ilə birlikdə məlumat əsasında xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Tayqa” marketin yaxınlığına gələrək orada əməliyyat mövqeyi seçmişdirlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Bundan sonra Nazimdən üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün sonuncunu Binəqədi rayon polis idarəsinin 5-ci PB-nə dəvət etmişdirlər. Sonuncu da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 4 A, mənzil 18 saylı ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Nazim bölmədə olan xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə Nazim əynindəki ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü və şalvarın sağ yan cibindən 01 ədəd “Lenova” markalı mobil telefonu, arxa sağ yan cibindən isə 1 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Nazimdən həmin bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda Nazim həmin bükümü içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, “Alatava” adlanan yerdən tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, mobil telefonu isə nasaz olduğundan təmir etdirmək məqsədilə ustaya apardığını bildirmişdir. Sonra Nazimin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Nazimin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə prosesində elan olunmuş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən polis kapitanı Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1030 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,187 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,137 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 6/1030 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokurorunun qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Ramil Qabulovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Nəsimi Rayon X/Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hökmün icrası təxirə salınmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə bəraət verilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli qərarına əsasən çəkilməmiş cəzası yarıyadək azaldılıb, 06 ay 24 gün cəzası saxlanılmış, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən xx.xx.2009-cu il tarixdə vaxtından əvvəl şərti azad olunmuş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 221.3, 69.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1975 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1,137 qram çəkidə narkotik vasitə heroin və iş üzrə 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və narkotik vasitə heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin hələ də narkotik vasitələrdən istifadə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza təhqiqatından sonra Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1,137 qram psixotrop maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş bir il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cazası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,137 qram 1 ədəd bükümdə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar