Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-396/2023 15.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə naməlum vaxt və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 09 fevral 2023-cü il tarixdə saat 17:40-da X4 ərizəsi əsasında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzalında yerləşən «Şahzadə» kafesində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibin yanında olan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,269 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin noyabr ayında X7 ilə sosial şəbəkədə tanış olmuşdur. Sonra Nübar Bakı şəhərinə gəlmiş, onunla görüşmüş, bir yerdə yaşamaq qərarına gəlmişdir. Həmin vaxt o, Xəzər rayonu Mərdəkan qəsəbəsində “Park” kafedə aşbaz işləyirmiş. Nübarı da həmin kafeyə qab yuyan işinə düzəltmişdir. İkisi də həmin kafedə kabinetdə qalırmışlar. Sonra İçəri şəhərdə Axundov bağı yaxınlığında kafe icarəyə götürüb tək işlətmişdir. Nübar da ona kömək edirdi. 2023-cü ilin yanvar ayında Nübar atasının xəstə olduğunu bildirib Şəki rayonuna getmiş və gəlmək istəməmişdir. O, da onun Bakıya gəlməsi üçün bir neçə dəfə telefonda ondan tələb etmişdir ki, yanına gəlsin. xx.xx.2023-cü ildə Nübar ona mesaj yazmışdır ki, pulu yoxdur Bakıya yanına gələ bilməsi üçün ona pul göndərsin. Nübar ona “whatsap” vasitəsilə Bank kartının şəklini atmış, o da onun kartına 25 manat pul göndərmişdir. Sonra Nübar gələcəyinə söz vermişdir. xx.xx.2023-cü ildə saat 17:40-da Bakı Beynəlxalq Avtovağzalında “Şahzadə” kafesində onu gözləyən zaman polis əməkdaşları ona yaxınlaşıb barəsində X4 şikayət etdiyini bildirib onu 40-cı PB-nə dəvət etmişlər. xx.xx.2023-cü ildə saat 12:00 radələrində psixotrop maddə metamfetamindən istifadə etdiyindən və 40-cı Polis Bölməsində olanda narkotik maddənin təsiri altında olduğundan polis əməkdaşları ondan şübhələnmişlər və ondan soruşanda bildirmiş ki, metamfetamin istifadə edir və bu gün də istifadə etməyini könüllü olaraq etiraf etmişdir. Bundan sonra 40-cı polis bölməsində otaqların birində üzərinə baxış keçirilməmişdən öncə ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim olunmuş və o, siyahıda göstərilən hər-hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bundan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli gödəkcənin sol iç cibindən qara rəngli tapança alışqanı, gümüşü rəngli 1 ədəd falqanı, sol əlində saxladığı qara rəngli “Tecno” markalı telefonu, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, pul əskinazları, bank və mağaza kartları, mobil nömrə kartları, yaddaş kartı olan qəhvəyi rəngli portmanatı, əynində olan boz rəngli gödəkcənin sol yan cibindən mobil telefon adaptorunu, həmin gödəkcənin sağ cibindən telefon qulacığını, əynində olan qara rəngli cins şalvarın, sol yan cibindən 1 ədəd qara rəngli pover bankı və qara rəngli Nokia markalı sadə mobil telefonu, həmin şalvarın arxa sağ cibindən 60 qəpiyi, ev açarlarını, həmin şalvarın arxa sol cibindən ödəniş qəbzlərini, əynində olan qara rəngli cins şalvarın sağ yan cibin yanında olan kiçik cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş iki bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı yalandan həmin bükümləri 1 həftə əvvəl qeyri-rəsmi münasibətdə olduğu X4 Bakı şəhəri İçəri şəhər və Axundov bağı yaxınlığında işlədiyi adsız kafedə pay olaraq ona verdiyini, həmin bükümlərdə olan metamfetamini şəxsi istifadəsi üçün Nübardan götürüb üzərində gəzdirdiyini, üzərindən aşkar edilərək götürülmüş qara rəngli alışqan tapançanı isə xx.xx.2023-cü ildə saat 11:00 radələrində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığından alışqan satılan yerdən 30 manata alıb siqaret yandırmağı üçün üstündə gəzdirdiyini bildirmişdir. Qeyd etmək istəyir ki, Nübar Məmmədova ondan ayrıldığından və onun barəsində polisə şikayət etdiyindən o, ona pislik etmək məqsədi ilə yalandan psixotrop maddə metamfetamini ona Nübarın verdiyini bildirmişdir. Əsl həqiqətdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini o, 08 fevral 2023-cü il tarixdə «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 40-cı PB-nin YYC üzrə inspektor vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 09 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində bölməyə X4 DİN-nin 102 xidmətinə verdiyi məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalına getmişlər və saat 17:40-da avtovağzalın ərazisində yerləşən «Şahdağ» kafesində Təqsirləndirilən şəxs müəyyən edib saxlamışlar və polis bölməsinə dəvət etmişlər. Həmin zaman Təqsirləndirilən şəxs özünü narkotik vasitənin təsiri altında olmuş kimi apardığından onun üzərində narkotik vasitə və psixotrop maddə olması ehtimal olduğuna görə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Bu barədə raport tərtib edərək Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün 40-cı PB-nin baş təhqiqatçı İlkin Əsgərova təhvil vermişlər. Təhqiqatçı İ.Əsgərov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol iç cibindən qara rəngli tapança alışqanı, gümüşü rəngli 1 ədəd falqanı, sol əlində saxladığı qara rəngli Tecno markalı telefonu, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, pul əskinazları, bank və mağaza kartları, mobil nömrə kartları, yaddaş kartı olan qəhvəyi rəngli portmanatı, əynində olan boz rəngli gödəkcənin sol yan cibindən mobil telefon adaptorunu, həmin gödəkcənin sağ cibindən telefon qulacığını, əynində olan qara rəngli cins şalvarın, sol yan cibindən 1 ədəd qara rəngli pover bankı və qara rəngli Nokia markalı sadə mobil telefonu, həmin şalvarın arxa sağ cibindən 60 qəpiyi, ev açarlarını, həmin şalvarın arxa sol cibindən ödəniş qəbzlərini, əynində olan qara rəngli cins şalvarın sağ yan cibin yanında olan kiçik cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş iki bükümü çıxarıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümləri 1 həftə əvvəl qeyri rəsmi münasibətdə olduğu X4 Bakı şəhəri İçəri şəhər və Axundov bağı yaxınlığında işlədiyi adsız kafedə pay olaraq ona verdiyini, həmin bükümlərdə olan metamfetamini şəxsi istifadəsi üçün Nübardan götürüb üzərində gəzdirdiyini, üzərindən aşkar edilərək götürülmüş qara rəngli alışqan tapançanı isə xx.xx.2023-cü ildə saat 11:00 radələrində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığından alışqan satılan yerdən 30 manata alıb siqaret yandırmağı üçün üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına çağırılmış digər şahid Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. Məhkəmə iclasına çağırılmış digər şahid X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:10-da Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibin yanında olan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,269 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/820 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,269 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Nübar Məmmədova istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Diskə baxış keçirilməsi barədə” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibin yanında olan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. xx.xx.2023-cü il tarixli qərarladan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Cəfər Nəzərovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli, 3/313 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə tapanca formasında hazırlanmış alışqandır, odlu, qaz və soyuq silah hesab edilmir. xx.xx.2023-cü il tarixli, 883 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 0,269 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,219 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin aparıldığı bir ədəd DVD disk maddi sübut növü kimi qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Rəhimə Nusalova, xx.xx.2018-ci il təvəllüdlü Gülarə Nusalova Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, evli olmasını və himayəsində iki azyaşlı övladı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 09 fevral 2023-cü il tarixdə saat 17:40-da məhdudlaşdırıldırılmış, 09 fevral 2023-cü il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanası tərəfinən məhkəməyə daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİnin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, X5, hazırkı cinayət işi ilə bağlı 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xx.xx.2023-cü il tarixli, 883 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,219 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat və 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,219 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat və 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-396/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-396/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver