Məhkəmə qərarları › İş №1(001)-398/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-398/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-398/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 2 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkilmədən qalmış, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,309 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 18:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3rləşən həmin polis bölməsinə gətirilmiş və həmin gün saat 20:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,309 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. 20 yanvar 2024-cü ildə səhər saatlarında Papanin adlanan ərazidə olarkən bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxslə söhbət etmiş, söhbət zamanı həmin şəxs ona psixotrop maddə metamfetamin satmağı təklif etmiş, həmin şəxsdən 15 manata şəxsi istifadəsi üçün “patı” kimi tanıdığı bir ədəd şəffaf sellofana bükümün içərisində psixotrop maddə metamfetamin almışdır. Aldığı həmin maddəni istifadə etmək üçün üzərində saxlamış, 20 yanvar 2024-cü ildə saat 18:30-da Binəqədi rayonu, S.Məmmədova küçəsi 207 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra Binəqədi RPİ-in 7-ci polis bölməsinin əməkdaşları olduğunu bilmiş, həmin polis əməkdaşları onu 7ci polis bölməsinə dəvət etmiş, onlarla razılaşmış və polis əməkdaşları ilə 7-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, psixotrop maddələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Sonra onun öz razılığı ilə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində öz istifadəsi üçün saxladığı 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəkinin nə olduğu, haradan aldığını soruşanda, həmin maddənin “patı” olduğunu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamış, habelə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, psixotrop maddələrdən yalnız özünün şəxsi istehlakı üçün istifadə etmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2024-cü ildə işlədiyi Binəqədi RPİ-in 7-ci PB-yə etimad doğuran mənbədən daxil olmuş əməliyyat məlumatında xx xxx 1997-ci ildə Abşeron rayonunda anadan olan Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirildiyindən bölmə rəisinin 20 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmişdir. PB-in sahə inspektoru, polis leytenantı Şahid2 ilə hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü ildə, saat 18:30-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman onlar tərəfindən saxlanılaraq işlədikləri bölmənin təhqiqatçısının xidməti iş otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı o üzərindən aşkar edilən bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Papanin adlananan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açılmış və içərisində ağ kristal halda psixotrop maddə metamfetaminə bənzə maddə olduğu görünmüşdür. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in sahə inspektoru, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 17). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3rləşən həmin polis bölməsinə gətirilmiş və həmin gün saat 20:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülmüş, ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 28- 30). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/392 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,309 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 36-39). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 53-54). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 74-76). Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,309 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,259 qram çəkidə olan psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 87-89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 113-114). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və barəsində həbsli axtarış elan edilmişdir. Bakı şəhəri 7-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Binəqədi RPİ-in əməkdaşları tərəfindən tutularaq BİT-ə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-140/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 gün həbsdə saxlanılması nəzərə alınaraq üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-140/2024 nömrəli hökmü əsasında təyin edilmiş 1 il 2 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr aludəçisi olduğunu, birinci cinayət işinə məhkəmədə baxıldığı dövrdə yenidən oxşar cinayət törətdiyini və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənərək CM-in 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Çünki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, azadlıqdan məhrum etmə növündə cəza çəkməmişdir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmış 1(009)-140/2024 nömrəli cinayət işi üzrə həbsdə saxlanıldığı 1 (bir) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək tutulduğu 2 (iki) gün (cəmi 3 gün) ona təyin edilmiş cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 392 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,259 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmış 1(009)-140/2024 nömrəli cinayət işi üzrə həbsdə saxlanıldığı 1 (bir) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək tutulduğu 2 (iki) gün (cəmi 3 gün) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,259 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar