Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-398/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirəndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, Salyan yolu dalan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü hərbi xidmət sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, həmin sahədə istənilən məsələni həll etmək imkanının olması barədə fikir formalaşdırıb uzaq qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun həqiqi hərbi xidmətdə olan oğlu Vahid Hüseynlinin yaxşı və rahat şəraitdə xidmət aparmasını təşkil etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən evində 4.000 (dörd min) manat, bundan 2-3 gün sonra, yəni 05-06 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 4 ünvanında yerləşən Biləcəri dəmir yolu stansiyasının ərazisində olan çayxanada 500 (beş yüz) manat pulunu alıb vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs cəmi 4.500 (dörd min beş yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və barəsində olan cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hazırda yeni işə qəbul olunduğunu və zərərçəkmiş (mülki cavabdeh) Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəyəcəyini, zərərçəkmiş şəxsin mülki iddiasının təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi qızı Sevinc onun dayısının həyat yoldaşıdır. Oğlu əsgərliyə gedəndə həyat yoldaşı stress keçirmiş, saçları tökülmüş, mədə xəstəliyi tapmışdır. Həmin ərəfədə Sevinc mütəmadi olaraq onlara gedib-gəlirdi. Sevinc onlara bildirmişdir ki, Sevincin qohumu olan Zahidin hərbi xidmət sahəsində tanışları var və Zahid onun övladının rahat şəraitdə hərbi xidmət keçməsinə köməklik edə bilər. Onlar Sevinc vasitəsilə Zahidlə əlaqə saxlamışlar və Zahid 2023-cü ilin iyul ayının 3-də onların evinə gəlmişdir. Zahid onlarda olarkən 10 yaşlı övladı Ümidə telefon verərək, danışılanları qeydə almasını tapşırmışdır. Evlərində olan danışıq zamanı Zahid 4.500 (dörd min beş yüz) manat müqabilində oğlu Vahid üçün əsgərlikdə rahat şərait qurulacağını, oğlunu hərbi hissədə saxlatdıracağını və posta çıxarılmayacağına dair vəd vermişdir. Zahid hətta bir əsgərin ölümü ilə bağlı məsələni də yaxın dostları vasitəsilə həll etdiyini, hərbi xidmət sahəsində çoxsaylı polkovnik və generallarla tanışlığının olmasını bildirməklə özünün geniş əlaqələrə malik şəxs olması barədə onu inandırmışdır. O, Zahidin dediklərini inanaraq, 2023-cü ilin iyul ayının 3-də yaşadığı evdə Zahidə 4.000 (dörd min) manat, bunda 2-3 gün sonra isə Biləcəri dəmir yolu stansiyasının ərazisində olan çayxanada 500 (beş yüz) manat pul vermişdir. Pul verməsindən təxminən 20 gün ərzində mütəmadi olaraq Zahidlə telefonda əlaqə saxlayaraq, işin nə yerdə olması ilə maraqlanmışdır. Zahid hər dəfə onunla danışanda narahat olmamasını, oğlunun işini həll edəcəyini bildirmişdir. İyul ayının 26-də bölgü olmuş və övladı dağda xidmət etməyə göndərilmişdir. O, bunun səbəbi ilə maraqlandıqda Zahid onu əmisi oğlu İskəndərə yönləndirmiş və bildirmişdir ki, “işi görən İskəndərdir, məninlə necə rahat danışırsansa onunla da elə danış”. Pulu ondan Zahid almış, lakin 6-7 ay ərzində onu yalan vədlər verərək aldadan İskəndər olmuşdur. Hətta o, İskəndərə işi düzəldə bilmirsə, bunu açıq şəkildə ona bildirməyini xahiş etmişdir ki, pulunu Zahiddən tələb etsin, lakin İskəndər hər dəfə işi həll edəcəyinə dair söz vermişdir. Sonuncu dəfə İskəndər yanvar ayının 5-dək ona möhlət verməyini və həmin tarixədək məsələni həll edəcəyini bildirmişdir. O, da bununla razılaşmış, hətta İskəndərə yanvar ayının 10-dək gözləyəcəyini, həmin tarixədək oğlunun işi həll olunmazsa pulunu geri qaytarmalarını demişdir. Məsələ həll olunmadığından, yanvar ayının 11-i İskəndərə zəng vuraraq, Zahidə verdiyi 4.500 manat pulu qaytarmalarını tələb etmiş, əks halda polisə müraciət edəcəyini bildirmişdir. Zahid də ona ona demişdir ki, “bu məsələ ilə bağlı polisə şikayət etsən, mən də tapşıracam sənin oğlunu hərbi xidmətdə incitsinlər”. Bundan sonra o, gözləmişdir ki, oğlu Vahid xidmətini başa vurub evə qayıtsın. Oğlu Vahid 2024-cü ilin oktyabr ayının 4-də əsgərliyi bitirib evə qayıtdıqdan sonra o, polisə şikayət etmişdir. Dediklərinin sübutu olaraq istintaqa Zahidlə aralarında olan danışıqların qeydə alındığı disk təqdim etmişdir. Həmin diskə baxış keçirilərsə dediklərinin tam həqiqət olması aydın olacaqdır. Bundan başqa Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində ona vurulmuş 4.500 (dörd min beş yüz) manat məbləğində maddi ziyanın və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək, zərərçəkmiş şəxs (mülki iddaçı) Zərərçəkmiş şəxs ifadəsində dedikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur. 2023-cü ilin iyul ayında Balahüseyn onunla əlaqə saxlayıb, oğlunun hərbi xidmət işi ilə bağlı 500 manat borc pul istəmiş, o isə həmin məbləğdə pulu Balahüseynə vermişdir. Bir müddət sonra Balahüseyn ona bildirmişdir ki, ondan aldığı 500 manat pulu və özünün 4.000 manat pulunu oğlunun hərbi xidmət işi ilə bağlı qohumu olan Zahidə vermiş, lakin Zahid onu aldadaraq işi həll etməmişdir və hal-hazırda verdiyi 4.500 manatı da qaytarmır. O, da Balahüseynə kömək etmək məqsədilə Zahidin telefon nömrəsini alaraq, Zahidlə əlaqə saxlamış, Zahidə Balahüseynin pulunu qaytarmasını, məsələnin öz aralarında həll edilməsini, pulu qaytarmasa işlərinin polisə düşmək ehtimalının olmasını bildirmişdir. Zahid isə telefonda “əgər Balahüseyn məndən şikayət edərsə, onda onun oğlunun hərbi xidmətdə işini görərək necə olacaq, onu incidəcəklər” sözlərini demişdir. O, isə cavabında Zahidə heç nə deməmişdir. Məhkəmə iclasına çağırılmasına baxmayaraq, Şahid3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Proses iştirakçılarının razılığı ilə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, əvvəllər Balahüseyni tanımamış, lakin doğma əmisi oğlu Təqsirləndirilən şəxs vasitəsi ilə Balahüseyni tanımışdır. Belə ki, bir dəfə Zahid ona bildirmişdir ki, Balahüseyn adlı şəxsin oğlu Vahid Hüseynlinin hərbi xidmətlə bağlı xidmətinin yaxşılaşdırılması ilə bağlı Balahüseyndən 4.500 manat pul alıb və həmin işi düzəldəcəyini vəd vermişdir və işi bir qədər uzanır. Buna görə də Zahid ona bununla bağlı demişdir ki, Balahüseynin oğlunun həmin hərbi xidmətlə bağlı işini düzəldəcək, lakin buna görə vaxt lazımdır və Zahid ondan xahiş etmişdir ki, bu vaxtı qazanmaq üçün o, Balahüseynə zəng edib vaxt alsın. O, da Zahidə bir əmioğlu kimi kömək etmək məqsədi ilə Balahüseynə zəng edib müəyyən qədər vaxtı ləngitmişdir, hər dəfə Balahüseyn zəng edəndə işin düzələcəyini, yəni Zahidin onu aldatmadığını, lakin müəyyən qədər səbr etməsini bildirmişdir. Buna baxmayaraq, Zahid Balahüseyndən aldığı pulun müqabilində işi görə bilməmiş və pulu da Balahüseynə qaytarmamışdır. Balahüseynin Zahidə verdiyi həmin 4.500 manat puldan ona heç bir məbləğdə pul çatmamışdır. O, özü isə Balahüseyndən heç bir məbləğdə pul almamışdır. O, bu işlə bağlı Zahidlə əlbir olmamış və Balahüseynin oğlu Vahid Hüseynlinin hərbi xidmətlə bağlı işini düzəltməyi vəd verməmişdir. O, sadəcə Zahidin xahişi ilə onun dediyinə görə işin düzəlməsi üçün lazım olan vaxtı ləngitmək üçün Balahüseynlə danışmışdır. Həmin işlə bağlı onun başqa marağı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs onun qohumlarıdır. Balahüseyn ona hərbi xidmətdə olan oğlu Vahidin hərbi xidmətinin yaxşılaşdırılmasına kömək göstərmək üçün adam axtardığını bildirmişdir. Bundan sonra o, Balahüseynlə Zahidə əlaqələndirmiş, Zahid Balahüseynin evinə gedərək, bu iş üçün pul götürmüşdür. Balahüseyn etibar edərək, Zahidə pul vermişdir. Zahid Balahüseyni aldadaraq, işi görməmiş və pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli HK-1-81/2024 nömrəli araşdırma materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); • “CD diskdə olan videogörüntülərə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il Protokoldan və məhkəmə istintaqında baxış keçirilmiş CD diskdən görünür ki, həmin diskdə olan videogörüntülər Zərərçəkmiş şəxs yaşadığı evdə çəkilmiş, öz deməsinə görə sonuncu ilə uzaq qohumu Təqsirləndirilən şəxs arasındakı dialoqa dair görüntüləri özündə əks etdirir. Həmin videogörüntülərdən “WhatsApp Video 2024-11-09 at 15.32.44” adlı videogörüntü 3 dəqiqə 1 saniyə, “WhatsApp Video 2024-11-09 at 15.32.58” adlı videogörüntü isə 5 dəqiqə 40 saniyə davam edir. Videogörüntülərə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun xidmət edəcəyi son 15 (on beş) ay ərzində dağlıq əraziyə posta qalxmayacağını, təhlükəli zonaya posta qoyulmayacağını, ümumilikdə təhlükəsizliyin təmin ediləcəyini, müharibə başlayanadək erməni ilə rastlaşmayacağını, əgər müharibə başlayarsa onun iştirakının qarşısını ala bilməyəcəklərini, müharibə başlayacağı təqdirdə onun məsələsini həmin dövrdə danışacaqlarını, kiminsə oğluna sillə vuracağı halda dərhal cavabını alacağını, bunun müqabilində 4.500 (dörd min beş yüz) manat pul tələb olunduğunu, həmin vəsaiti özünə məlum olan şəxsin kart hesabına göndərəcəyini, qeyd olunan məbləğdən Təqsirləndirilən şəxs özünə heç bir məbləğdə pul çatmayacağını, əgər ehtiyac olarsa özünün Zərərçəkmiş şəxs pula ehtiyacı olduğunu deyərək sonuncudan sözgəlişi 200 (iki yüz) manat pul istəyəcəyini bildirir. Videogörüntülərə baxış zamanı həmçinin müəyyən edilir ki, videogörüntülər azyaşlı uşaq tərəfindən mobil telefon vasitəsilə qeydə alınır, eləcə də Z.Heydərovla Zərərçəkmiş şəxs arasındakı dialoq zamanı sonuncunun arvadı Şahid1 da orada iştirak edərək həmin söhbətin şahidi olur, baxış zamanı videogörüntülərdə aralarında pul məsələsi barədə danışıq olsa da, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul verməsi görüntülənmir, lakin sonuncunun bununla bağlı vəd verməsi təsdiqlənir (i.v. 13-14); • “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 02 ədəd videogörüntü olan 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (i.v. 108); • “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 130-131); • “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 143); • “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 27 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən, CPM-in 53.1.2-ci maddəsi rəhbər tutularaq, cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 166); • “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərurət aradan qalxdığından cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 170); • “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından CPM-in 53.1.3cü maddəsi rəhbər tutularaq, onun barəsində axtarış elan edilmişdir (i.v. 204-205); • “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından, cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırlmışdır (i.v. 208); • “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 26 may 2025-ci il tarixdə zərurət aradan qalxdığından, cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir (i.v. 211); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/523-4/542 nömrəli “audio və videoyazıların məhkəmə ekspertizası” rəyinə əsasən: 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs məxsusdur. 4. Ekspertizaya təqdim olunmuş 1 ədəd rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audiosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Həmçinin, videofonoqramlarda kadrlararası, kadrdaxili montaj əlamətləri və audioaxının videoaxına sintezi müəyyən olunmadı. Videoyazılar ilkin olmayın “whatsapp” proqram təminatı vasitəsi ilə emal olunmuşdur. Bu səbəbdən videofonoqramların eyni videofonoqramın hissələri və ya ayrı-ayrı videofonoqramlar olub-olmamasını müəyyən etmək mümkün olmadı (i.v. 216-221); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 05.07.200-ci il tarixli hökmünə əsasən həmin vaxt qüvvədə olan CM-nin 245-ci maddəsinin Q bəndi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 01 il müddətinə təxirə salınmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya haqqında qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (i.v. 66). Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, CM-nin 178.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 75.1.1-ci maddəsinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-nin 75.3-cü maddəsinin tələbinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4.000 (dörd min) manat məbləğində pulu 03 iyul 2023-cü il tarixdə, 500 (beş yüz) manat məbləğində pulu isə 05-06 iyul 2023-cü il tarixdə alaraq, zərərçəkmiş şəxsə məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirmişdir. İbtidai istintaq dövründə isə cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi əsası ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, 25 gün müddətində dayandırılmışdır. Belə olan halda cinayət işi üzrə icraatın dayandırıldığı müddət də hesaba alınmaqla cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut – Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 300 (üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməldir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, onun mülki iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs 4.500 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 4.500 (dörd min beş yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 (altmış beş) manat olmaqla, ümumilikdə 4.565 (dörd min beş yüz altmış beş) məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 440 (dörd yüz qırx) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 43.1.2, 321, 354.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətdən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin, X1 4500 manat maddi ziyan və 65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 300 (üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 440 (dörd yüz qırx) manat pul ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-398/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-398/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver