Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-399/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bayramkoxalı Ə/D Bayramkoxalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir.
2. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında onunla birlikdə kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs olmamasından istifadə edib, sonuncuya məxsus idman çantasının içərisində olan kibrit qutusunda saxladığı dəyəri 980 manat manat təşkil edən kütləsi 7.54 qram, kilidi və qulaqcığı üzərində «585» damğası olan, sarı rəngli 583/585 əyyarlı qızıldan hazırlanmış 1 ədəd boyunbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlində çox peşmandır. Zərərçəkmiş şəxs çoxdan tanıyır. Vaxtilə hərbi xidmətdə olarkən sonuncu onun komandiri olmuşdur. Daha sonra Bakıda ona iş tapan da məhz Zərərçəkmiş şəxs olmuşdur. Onun fəhlə kimi işə düzəməsinə köməklik etmiş, elə Bakıda da bir evdə kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs boynunda qızılı görmüş ona təklif etmişdir ki, tikinti ərazisinə qızıl boynunda getməsin, boynundan düşüb itə bilər. O da bu fikirlə razılaşmış və boynundan sepi açaraq, kibrit qutusunun içinə, qutunu da idman çantasının içinə qoymuşdur. Hadisə baş verən gün evə Zərərçəkmiş şəxs tez qayıtmış və sepi götürərək, aparıb “Sədərək” ticarət mərkəzində çalışan tanışı Şahid satmışdır. Şahid ona qızıla görə 605 manat, 15 manat isə yol pulu vermişdir. Pulu aldıqdan sonra Qəbələyə geri qayıtmış, Zərərçəkmiş şəxs isə rayonda qalacağını bildirmişdir. Zərərçəkmiş şəxs də qızılın itdiyini görəndə ondan soruşmuş, lakin o, ilk öncə inkar etmişdir. Sonuncu polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra polislər ona zəng edərək Bakıya çağırmışlar. Daha sonra o öz əməlini etiraf etmiş, qızılın pulunu satdığı şəxsə Şahid geri ödəmiş, o da qızılı zərərçəkmiş şəxsə geri qaytarmışdır. Sonda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, əməlindən peşiman olduğunu bildirərək, bir daha belə bir əməl törətməyəcəyini və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
5. Məhkəmə iclasına çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi (Azərbaycan Respublikası ərazi hüdudlarından kənarda olması), eləcə də tərəfindən məhkəməyə ünvanlanmış ərizəsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kəndçiləri kimi uzunmüddətdir ki, tanıyır. Hətta onlar uzaq qohumdurlar. Hadisə baş verməmişdən 3-4 gün qabaq ona qızıl sepin şəklini çəkərək göndərmişdir ki, onu qiymətləndirsin. Belə ki, əvvəllər qızıl alveri ilə məğul olduğundan qızıldan başı çıxdığı üçün ona bu qızılı göstərmişdir. Təqsirləndirilən şəxs qızılın kimə məxsus olduğunu soruşduqda isə o bildirmişdir ki, qızıl özünə məxsusdur və maddi imkanı olmadığı üçün satmaq istəyir. O qızılı “Sədərək” ticarət mərkəzində Təqsirləndirilən şəxs aldığını aparıb qiymətləndirdikdən sonra 605 manat verə biləcəyini bildirmiş, təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Təqsirləndirilən şəxs əlavə 15 manat da yol pulu vermişdir. Qızılı isə Laçın Ticarət Mərkəzində 725 manata satmışdır. Bu işdə özünün 100 manat gəliri olduğunu, pulu Təqsirləndirilən şəxs kart hesabına atdığını, hadisədən bir qədər sonra ona polislərin zəng vurduğunu qızılın pulunun Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini özünün isə qızılı Zərərçəkmiş şəxs qaytardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
8. Könüllü təqdim etmə və əşyanın götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid polis əməkdaşlarına qohumu Təqsirləndirilən şəxs 605 manat müqabilində aldığı 585 əyarlı bir ədəd qızıl boyunbağını könüllü olaraq təqdim etmiş və həmin qızıl boyunbağısına götürüldükdən sonra baxış keçirilmişdir.
9. Tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə saat 16:47-də şübhəli şəxs qismində tutulmuşdur.
10. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ona təqdim olunmuş bir ədəd 585 əyyarlı qızıl boyunbağını tanıyaraq, həmin boyunbağının yaşadığı ünvan 1 ünvanından oğurlandığını bildirmişdir.
11. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
12. Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1493 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kütləsi 7.54 qram, kilidi və qulaqcığı üzərində “585” damğası olan, sarı rəngli 01 ədəd boyunbağı 583/585 əyyarlı qızıldan hazırlanmışdır. Təqdim edilən boyunbağı kustar üsulla hazırlandığından istehsal yerini müəyyən etmək mümkün deyildir.
14. “Prestij” adlı lombardın xx.xx.2025-ci il tarixli, 12 nömrəli məktubundan görünür ki, kütləsi 7.54 qram, “583/585” əyyarlı qızıldan hazırlanmış 01 ədəd boyunbağının Azərbaycan Respublikasında 2025-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 980 manat təşkil edir.
15. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
16. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur.
17. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və müvafiq qəbzdən görünür ki, Şahid götürülmüş kütləsi 7.54 qram, kilidi və qulaqcığı üzərində “585” damğası olan, sarı rəngli 01 ədəd boyunbağı cinayətin predmeti olduğundan, həmin boyunbağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır.
18. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus boyunbağını geri qaytarmışdır. O, həmin boyunbağını Qazax şəhərində lombarda qoyaraq pul götürmüşdür. Götürdüyü pulla Rusiya Federasiyasına işləmək üçün getmiş və yaxın vaxtlarda Azərbaycan Respublikasına qayıtması mümkün deyildir. Ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
21. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
22. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
23. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini özgə əmlakını talamaqla törətmişdir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 27-ci bəndinin sonuncu abzasında göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə Zərərçəkmiş şəxs 980 manat məbləğində zərər vurmuşdur.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 9 iyun tarixli Qərarında göstərilir ki, oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir
25. CM-in 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. Deməli qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir.
26. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 1-ci bəndinə talamaya belə anlayış verilmişdir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.
27. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir.
28. Məhkəmə bildirir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
29. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmuşdur. Belə ki, o, CM-in 177.1-ci maddəsi ilə cinayət əməlini xx.xx.2025-ci il tarixində, yəni CM-in 177.1-ci maddəsinə edilmiş xx.xx.2025-ci il tarixli dəyişikliklərdən əvvəl törətmişdir. CM-yə edilmiş son dəyişikliyə əsasən isə CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilir.
30. CM-in 10-cu maddəsinə görə əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.
31. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
32. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
33. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
36. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamında törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tələbi qoyulmuşdur. Məhkəmə hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınmalı və bu mövqe məhkəmə-hüquq islahatları çərçivəsində əsas mövqe kimi nəzərdən keçirilməlidir.
37. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
38. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
39. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (cinayət əməlinin törədildiyi zaman böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməklə, cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır.
41. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 aprel 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 aprel 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.
42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
43. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
44. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
45. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü islah işlərinin dörd günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.
46. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
47. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanununun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
49. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
50. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış kütləsi 7.54 qram, kilidi və qulaqcığı üzərində “585” damğası olan, sarı rəngli 1 (bir) ədəd boyunbağının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır.
51. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.
52. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir.
53. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
54. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
55. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
56. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur.
57. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
58. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
59. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi).
60. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında isə göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.
61. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir.
62. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixədək şübhəli və təqsilrəndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü islah işlərinin dörd günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış kütləsi 7.54 qram, kilidi və qulaqcığı üzərində “585” damğası olan, sarı rəngli 1 (bir) ədəd boyunbağının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova