Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-40/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirəndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1981-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sürsatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, naməlum şəraitdə qanunsuz olaraq yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki zavod işarələri sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən nömrəsini müəyyən etmək mümkün olmayan, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (“PM”) konstruksiyalı tapançanı, atəşə yararlı, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən 4 ədəd patronu və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan 1 ədəd sandıqçanı əldə edərək üzərində gəzdirməklə daşıyıb istintaqa məlum olmayan tarixdə Binəqədi rayonu, Stroydetal küçəsində yerləşən “Qətər” adlanan avtosalonun arxa hissəsindəki boş ərazidə daşın alt hissəsində gizləməklə saxlamış, 07 fevral 2024-cü il tarixdə saat 20:10-da Bakı şəhəri, Binəqədi rayonu, Stroydetal küçəsində həmin odlu silahı, onun komplekt hissəsi və döyüş sursatını gizlətdiyi yerdən götürüb üzərində saxlayıb daşımaqla gəzdirən zaman Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilib üzərinə həmin gün saat 22:10-da şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ arxa tərəfində, kəmərin altına keçirilmiş vəziyyətdə yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, üzərindəki zavod işarələri sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən nömrəsi müəyyən etmək mümkün olmayan, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (“PM”) konsturksiyalı tapançanı, atəşə yararlı və zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən 4 ədəd patronu və “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan 1 ədəd sandıqça aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində və məhkəməyə yazılı qaydada təqdim etdiyi çıxışında göstərmişdir ki, onun fəaliyyətini, şəxsiyyətini, təhsilini, ailəsini və himayəsində ümumilikdə 7 nəfərin olmasını nəzərə alaraq, bilmək olar ki, o, xuliqan və cinayətkar deyildir. İş materiallarında bunu təsdiq edən sənədlər və xasiyyətnamələr var. Nümunəvi və qanunlara riayət edən vətəndaş kimi, o, 2022-ci ildə Şəmkir rayonunda təsadüfən aşkar etdiyi karabin tipli 7.62 mm çaplı odlu silah haqqında dərhal Şəmkir rayon polisinə məlumat verərək, mülki dövriyyədən silahın çıxarılmasını təmin etmişdir. Bunu təsdiq edən sənədlər məhkəmə işinin materiallarında var. Sosial şəbəkələrində olan səhifələrində (YouTube-da “Farid Suleymanov”, İnstagram-da və TikTok-da “Gördüm Göstərdim” kanalı) video materiallara baxdıqda görünür ki, uzun illərdir mövcud olan qanunsuzluqları ictimailəşdirmiş və vətəndaşları qanunlara riayət etməyə çağırmışdır. İlk olaraq o, Səbail Rayon Məhkəməsində şərlənmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmədə bildirilmişdir ki, guya o, küçədə gedərək qışqırıb söyüş söymüşdür və heç bir foto, video sübut təqdim edilmədən barəsində 30 sutka həbs qərarı seçilmişdir. Lakin, bu yalandır. O, bölgələrdən video çəkilişlərdən, ictimai nəzarət tədbirlərindən yorğun qayıdıb avtomobili ilə təxminən 19:30 radələrində “Şəfa” balıq restoranına gəlmişdir. Maşınından düşən kimi 3 nəfər onu tutub aparmış, onlardan biri isə onun avtomobilinə əyləşib avtomobiini qaçırtmışdır. Səbail Rayon Məhkəməsində tanımadığı 2 polis onu şərləyəndə özünü müdafiə etmək üçün xahiş etmişdir ki, onu şərləyən 2 nəfərin telefonlarının anten göstəriciləri və ərazidə olan video kameraların görüntüləri, avtomobilində olan kameranın görüntüləri işə əlavə edilsin. Buna baxmayaraq, vəsatətləri rədd edilərək, İnzibati Xətalar Məcəlləsinin 535-ci və 510-cu maddələrinin ən yuxarı hədləri tətbiq edilmişdir. İkinci həbsin, yəni bu işin hallarına gəldikdə bildirmək istəyir ki, o, inzibati həbsdən xx.xx.2024-cü il tarixdə çıxmalı idi və məhkəmə qərarına əsasən saat 21:00-dan sonra. Lakin, o, inzibati həbsdən azadlığa çıxmamışdır. Orada işləyən polis Elnur Yunusov və arıq, qara saçlı, ucaboy əməliyyatçı qanunsuz olaraq onu **-AP-*** nömrəli polis avtomobilinə oturdub naməlum istiqamətə aparmışlar. Onun inzibati həbsdən azadlığa buraxılmamasına sübut olaraq həbsxananın video kameralarının görüntüsü kifayətdir. Lakin, həmin videoların əldə edilməsinə dair hakimin sorğusuna bu günə qədər cavab yoxdur və bu sübut edir ki, o, həbsxananın ərazisindən çıxmamışdır. Həbsxananın çölündə DİN-in təhlükəsiz şəhər kameraları var və həmin kameraların nömrələrini qeyd edib vəsatətlə təqdim etmişdir. Lakin, hakimin sorğusunu heçə sayaraq bu günə qədər həmin videolar və ya cavab təqdim edilməyib. Cinayət işinin materiallarında bu videoların olmaması yenə də sübut edir ki, o, inzibati həbsdən faktiki olaraq azadlığa çıxmamışdır. Ən maraqlı uyğunsuzluq odur ki, məhkəmənin ədalətsiz, lakin qanuni qərarı ilə o, saat 21:00-da azad edilməli idi, amma möcüzəli şəkildə onu saat 20:10-da polislər guya tutublar. Hansı küçədə tutulduğu bu günə qədər bəlli deyil. İşin materiallarında müxtəlif iki küçə adı qeyd edilir: Stroydetal və Zəngəzur. Halbuki, cinayət işinin materiallarında dəqiqlik olmalıdır və bu ən azından prosessual tələbdir. Onu ümumilikdə 4 (dörd) nəfər tutmuşdur. Lakin, işin materiallarında qeyd edilir ki, guya onu 2 (iki) qoca, pensiya yaşını keçmiş və silahsız polislər tutublar. Digər cavan iki polisin adı hallanmır. Onu guya saat 20:41-da tutublar, guya dərhal baxış keçiriblər və saat 22:10-da cinayət işi açıblar. Onda belə çıxır ki, o, üzərində yararlı silahla, 4 güllə olan daraqla polis bölməsinə dəvət olunmuş, polis maşınında silahla getmişdir. Polislərin ifadələrindən görünür ki, onların silahlı şəxs barəsində məlumatı olub və tutulduğu yerdə hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilməyib. Hesab edir ki, bu hal da sübut edir ki, bu bir qurma işdir. İnzibati həbsdə olarkən ailə üzvləri ona paltar və kitablar gətirmişdilər. Məhkəmə materiallarında olan inzibati həbsxananın sənədlərində buna dair qeydlər var. Həmin əşyaları iki polietilen paketə yığmışdır, lakin baxış protokolunda həmin əşyaları qeyd edilməyib. Amma onu tutan polislər ifadələrində bildiriblər ki, onun iki paket əşyaları var idi. Bu o deməkdir ki, onun hüquqları pozulub və şəxsi əşyaları polislər tərəfindən mənimsənilib. Onun ailə üzvləri xx.xx.2024-cü il tarixdə saat 19:00-da onu qarşılamaq üçün inzibati həbsxananın qarşısına gəlsələr də, saat 21:00-dək onlara deyiblər ki, “Fərid hələ çıxmayıb”. Saat 21:00-dan sonra deyiblər ki, “Fərid qapıdan çıxıb getdi”. İlkin ifadəsindən məhkəmədə imtina etməsinin səbəbi odur ki, təhqiqatçı Şəhriyar Hacıyev ifadələrini özü fikirləşərək özünə lazım olan qaydada yazmağını tələb edirdi. Həyatına və sağlamlığına təhlükə olduğu üçün onun dediklərini yazmışdır. Məsələn, hardansa məlumat əldə edib deyirdi ki, “yaz ki, dekabr ayının 9-da trasda tapıb Binəqədidə gizlətmişəm”. O, da məcbur tabe olub yazmışdır. Amma telefon anten məlumatlarına baxanda görmək olur ki, o, dekabr ayının 8,9,10-da rayonda olmuşdur. Onun sübutları vardır ki, İsmayıllı şəhərində “X16” otelində yaşamışdır. Bu hal yenə də sübut edir ki, bu cinayət işi qurmadır. Onu tutandan sonra polis bölməsində hüquqları pozulub. Telefon zəngindən istifadə etməyə icazə verilməyib, vəkil seçməyə imkan yaradılmayıb. Özləri təyin etdikləri vəkil olub, həmin vəkil polislərə kömək edirdi video çəkiliş zamanı ki, sonra onların problemi olmasın. Həmin vəkildən o, ilk məhkəmə iclasında imtina etmişdir. Təhqiqatçı qeyd edib ki, guya o, baxış zamanı şalvarından qara sellofanda olan silah çıxardıb könüllü təhvil vermişdir. Lakin, baxış videosunda görünür ki, qara paket yoxdur, olmayıb. Bu onu sübut edir ki, videoçəkiliş qurma proses idi. Silahın darağında guya onun sol əlinin baş barmağının izi olması qeyd edilib. O, “maqnitli adam” deyildir və bir barmaqla darağı çıxarıb yerinə taxa bilməzdi. Deməli o, digər barmaqları ilə də darağı çıxarıb güllələrin sayının neçə olduğuna baxmışdır, amma bir barmaqla darağı çıxara bilməzdi və güllələr haqqında məlumatı ola bilməzdi. Video çəkiləşdə görünür ki, o, iki barmağı ilə tapançanı kəmərdən çıxarıb təhvil verir, lakin həmin barmaq izləri və yeri ekspertin rəyində qeyd edilməyib, yoxdur. Videoçəkilişdə görünür ki, çox yorğundur, yuxusu gəlir, əsnəyir, amma o vəziyyətdə dayanıb iki əllə şalvarını tutur ki, əynindən düşməsin. Şalvarının düşməsi onunla bağlıdır ki, inzibati həbsdə yeməklərin standartlara uyğun olmaması nəticəsində 20-25 kq arıqlamışdır və ilk həbs zamanı şalvarının kəmər əvəzi olan ip bağlarını müsadirə etmişdilər. Bunları nəzərdən keçirib bilmək olar ki, o, inzibati həbsdən ac və yorğun çıxıb, belində dəmir tapança ilə gəzə bilməzdi Binəqədidə. Ən azından məhkəmə eksperimenti keçirib görə bilərik ki, həmin şalvarda tapança beldə gəzmək mümkün deyil. Məhkəmədə iclasında verilmiş sullara cavab olaraq təqsirləndirilən şəxs məhkəməyədək icraatda etirafedici ifadələr verməsini onunla əlaqələndirmişdir ki, o, hüquqşünas olduğundan məhkəmədə həmin ifadələrindən imtina etmək hüququnun olmasını bildiyindən, habelə həyatına və ya sağlamlığına xəsarət yetirilməsindən qorxduğundan etirafedici ifadə vermişdir. Sonra Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanları nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmaqla, iş üzrə icraata xitam verilməsini və ya qətimkan tədbirlərinin tətbiq edildiyi müddət nəzərə alınmaqla tətbiq ediləcək cəzanın əvəzləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 07 fevral 2024-cü il tarixə “Qətər” avtosalonunun yanında gedərkən zahiri görkəmindən təqsirləndirlən şəxsə oxşayan şəxsi saxlamış, özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçının otağında özünün seçdiyi vəkilin iştirakı ilə ona hüquqları izah olunduqdan sonra o, kürəyindən makar tipli tapançanı çıxardaraq, təqdim etmişdir. Tapançanın içində 4 patron və bir daraq var idi. Özünün dediyinə görə silahı Şamaxıdan qayıdanda yolun kənarından tapıb gizlətmiş, sutkalıqdan çıxdıqdan sonra silahı götürməyə getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 əməliyyat məlumatının Şahid1 Cəlil oğluna daxil olduğunu, təqsirləndirilən şəxsi saxladıqları zaman onun silahı gizlətdiyi daşın altından götürdüyünü dediyini, təqsirləndirilən şəxsi axşam 8-9 radələrində saxladıqlarını, təqsirləndirilən şəxsi saxladıqları əraziyə Şahid1 Cəlil oğlunun avtomaşını ilə gəldiklərini və təqsirləndirilən şəxsi polis bölməsinə həmin maşınla apardıqlarını, bölməyə çatdıqdan dərhal sonra təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və baxış apardıqlarını, əməliyyat tədbiri zamanı tabel silahını götürüb-götürmədiyini və bölməyə aparılarkən təqsirləndirilən şəxsin əlinə qandal vurub-vurmadıqlarını xatırlamadığını, təqsirləndirilən şəxsi saxladıqlarında onun əlində birinin içində paltar olmaqla iki ədəd paket olduğunu, təqsirləndirilən şəxsi saxladıqlarında 2 nəfər olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 fevtal 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasənda “Qətər” avtosalonun arxasında Stroydetal küçəsində təqsirləndirilən şəxsi saxlayıb, polis bölməsinə dəvət etmişlər. Onun üzərindən silah və patron çıxmışdır. Özünün dediyinə görə silahı dekabr ayında Şamaxıdan gələndə yolun kənarından tapmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 əməliyyat məlumatının ona daxil olduğunu, təqsirləndirilən şəxsi axşam saat 8 radələrində saxladıqlarını, saxladıqları zaman təqsirləndirilən şəxsin onlara 15 sutkalıqdan çıxıb gəlməsini dediyini, əməliyyat qrupunda 2 nəfər olduqlarını, təqsirləndirilən şəxsi xidməti maşınla bölməyə apardıqlarını, əməliyyat tədbiri zamanı tabel silahını götürmədiyini, təqsirləndirilən şəxsin əlində hər hansı çanta olmadığını, təqsirləndirilən şəxsi saxladıqları yerdə şərait olmadığından və hava qaranlıq olduğundan həmin yerdə onun üzərinə baxış keçirmədiklərini, təqsirləndirilən şəxsi bölməyə gətirdikdən sonra hansı müddət sonra onun üzərində şəxsi axtarış və baxış apardıqlarına xatırlamadığını bildirmişdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinin məsul növbətçisi X12 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs görən kimi xatırlamışdır. Onlar 07 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs çantasını təhvil verərək, onu sutkalıq müddətinin bitməsi ilə əlaqədar məhkəmədən buraxmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X12 şəxsin məhkəmə qərarında göstərilən həbs müddəti başa çatdıqda onların şəxsi çağırıb azad olunması və ona məxsus əşyaları alması barədə sənədə qol çəkdirdikdən sonra əşyalarını təhvil verdiklərini, daha sonra komendanta zəng edərək həmin şəxsin azad olunması ilə bağlı onu qarşılamaları barədə məlumat verdiklərini, şəxsi məhkəmə qərarında göstərilən vaxtdan tez azad etmələrinin mümkün olmadığını, təqsirləndirilən şəxsin növbətçi hissədən çıxıb nəzarət buraxılış məntəqəsinə yaxınlaşmasını və oradan da piyada getdiyini gördüyünü, konvoy ərazidən dustaq aparanda onun giriş-çıxış vaxtının qeydiyyatının aparıldığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinin polis nəfəri X1 ifadəsində göstərmişdir ki, o, saat olaraq inzibati həbs olunan şəxslərin giriş və çıxaş vaxtlarını bilmir. Sadəcə olaraq, dustaq gələndə və ya çıxanda, sovqat verəndə gördüyünə görə şəxslərin çıxış vaxtını təxmini bilir. Şəxsləri növbətçi hissə buraxır, onlar da qapıdan qəbul edib yola salırlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 inzibati məntəqənin xidməti maşınlarının giriş-çıxış vaxtlarının onlar tərəfindən qeydiyyatının aparılmadığını, sadəcə olaraq qapının açılıb-bağlanmasını təmin etdiklərini, onların dustaqları üzdən vizual olaraq tanıdıqlarından vəsiqəni yoxlamadan nəzarət məntəqəsindən buraxdıqlarını, təqsirləndirilən şəxsin xidməti avtomobillə məntəqədən çıxarılmasını xatırlamadığını, təqsirləndirilən şəxsin nəzarət buraxılış məntəqəsinə öz ayağı ilə daxil olmasını və küçəyə də öz ayağıyla çıxmasını təsdiq etdiyini, təqsirləndirilən şəxs azad edilən gün onun qohumlarının gəldiyini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinin manqa komandiri X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi şəxsən tanımır. Onu 07 fevral prezident seçkiləri günü saxlanılaraq, işlədiyi idarəyə gətirilən zaman görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X9 işə gəliş-gediş vaxtlarının qeydiyyatının aparılmadığını, saxlanılan zaman təqsirləndirlən şəxsə onun nəzarət etmədiyini, növbətçi sürücünün ona deyil, bilavasitə növbətçi hissəyə tabe olduğunu, təqsirləndirilən şəxsin məntəqədən xidməti avtomobilə mindirilərək çıxarılmasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzində sürücü vəzifəsində işləyən X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi həbs olunduğu vaxt görmüşdür və oradan tanıyır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X6 bir gün işləyib, 2 gün evdə olduğunu, xidməti maşınların növbətçi hissənin göstərişi əsasında idarə olunduğunu, işlədiyi Mərkəzdə 2 (iki) avtomobilin olduğunu, onlardan birinin “Doblo” markalı, digərinin isə çoxnəfərlik iri maşın olduğunu bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı X4 ifadəsində göstərmişdir ki, keçən ilin fevral ayında icraatında təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah gəzdirməsi ilə bağlı sənədləşdirməsi olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X4 təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərində olan bütün əşyaların sənədləşdirilərək, protokola əlavə olunduğunu, prosedur qaydalara uyğun olaraq təqsirləndirilən şəxs bölməyə gətirildikdən dərhal sonra ona vəkil təqdim olunduğunu və üzərinə baxış keçirildiyini, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi hərəkətinin bir dəfəyə videoya çəkildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024cü il tarixli Qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild İ, i.v. 1-2); • “Əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2024-cü il tarixli Əmrdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayonun ərazisində qanunsuz olaraq odlu silah əldə etməsini, daşımasını və gəzdirməsini ifşa etməklə onun cinayət başında yaxalanması məqsədi ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 Cəlil oğlu əməliyyat qrupunun rəhbəri olmaqla, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır (cild İ, i.v. 7); • Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 Cəlil oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayonu Zəngəzur küçəsində qanunsuz odlu silahı və döyüş sursatını əldə etməsi, daşıması və gəzdirməsi barədə məlumata əsasən Bakı şəhər Binəqədi rayon Stroydetal küçəsində əlverişli şərait yarandığından həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10-da saxlanılaraq 4-cü PŞnə gətirilmişdir (cild İ, i.v. 9); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 21:40-da tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 20:10-dan tutulmuş hesab edilmişdir (cild İ, i.v. 21); • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan, iş materiallarına əlavə edilmiş və tərəfimdən baxış keçirilmiş 01 ədəd video diskdən görünür ki, şəxsi axtarış saat 22:10-da başlanılmış, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 31 manat pul əskinazı, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və əynində olan boz rəngli idman şalvarının sağ arxa tərəfindən, yəni belindən makarov tipli tapançaya bənzər əşyanı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin əşyanın makarov tipli tapança olduğunu bildirmişdir. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı- Şamaxı yolu ilə İsmayıllı rayonuna getdiyini, geri qayıdan zaman Qobustan rayon ərazisində öz təbii ehtiyaclarını qarşılamaq üçün avtomobili saxladığını, həmin vaxt daşların arasında qara rəngli sellofan gördüyünü, həmin sellofanı götürüb baxan zaman içərisindən həmin tapançanı tapdığını, həmin tapançanı götürüb avtomobilinə qoyduğunu, avtomobildə tapançaya baxan zaman 01 ədəd darağ və 04 ədəd patronu olmasını gördüyünü, özü ilə birlikdə Bakı şəhərinə gətirdiyini, Bakı şəhər Binəqədi rayon ərazisində yerləşən “Qətər avto salon”un arxasında yerləşən Stroydetal küçəsində daşın altında gizlətdiyini, xx.xx.2024-cü il tarixində inzibati qaydada həbs olunduğunu, xx.xx.2024-cü il tarixində həbsdən azad edildikdən sonra yaxınlıqda olduğu üçün həmin yerdən silahı götürməyi fikirləşdiyini, həmin ünvana getdiyini, silahı həmin yerdən götürdüyünü, silahı götürüb yola tərəf hərəkətə başlayan zaman 2 nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını, vəsiqələrini təqdim edib polis olmalarını bildirdiyini, onu 4-cü PŞ-nə gətirdiklərini bildirmişdir (cild İ, i.v. 32-33); • İş üzrə təyin edilmiş ilkin məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2024cü il tarixli 24/293 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “Makarov” tipli silaha bənzər silahın çaxmağının üzərində olan 01 ədəd əl-barmaq, silahın dəstəyinin üzərində olan 01 ovuc və sandıqçanın üzərində olan 01 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 04 ədəd patronun üzərində əl-barmaq izləri aşkar edilməmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl izi xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi, orta barmağının əksi, sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən etmişdir (cild İ, i.v. 53-55); • İş üzrə təyin edilmiş ilkin məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/292 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların kompelkt hissəsidir – darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istidadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir (cild İ, i.v. 63-67); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in həmin maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v. 86-88); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)- 98/2024 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, onun həbsdə saxlama müddəti 03 (üç) ay nüddətinə müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu tarixdən, yəni 07 fevral 2024-cü il, saat 20.10 radələrindən hesablanmışdır (cild İ, i.v. 111-114); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild İ, i.v. 125); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/603 nömrəli məhkəmə ballistik ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (“PM”) konstruksiyalı tapançadır – yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərindəki zavod işarələri sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən nömrəsini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur – döyüş sursatıdır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və istifadəyə yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır (cild İ, i.v. 150-152); • “Maddi sübut qismində tanıma və saxlanca verilmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 9 mm kalibrli, 01 ədəd “Makarov” (“PM”) konstruksiyalı tapança, 9x18 kalibrli patron tutumuna malik olan 01 ədəd sandıqça, 9x18 mm kalibrli 04 ədəd patron, qeyd olunan əşyaların üzərindən götürülmüş 03 ədəd əl izləri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır (cild İ, i.v. 153-155); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə inzibati həbs tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 21:00-dan hesablanmışdır (cild İİ, i.v. 38-41); • Məhkəmənin qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-13-36/2-9142/2024 nömrəli məktubu ilə təqdim edilmiş “X2 Qeydiyyatı Kitabı”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 18:55-də kameraya yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə saat 21:00-da azad edilmişdir (cild İİ, i.v. 182-184); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (cild İİ, i.v. 252-254); • Məhkəmənin qərarına əsasən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, həmin diskin içərisində “sms_tarixcesi_**********4745_556629484” və “Zenglerin_Detallasmasi_**********1406_556629484” adlı iki fayl vardır. “Zenglerin_Detallasmasi_**********1406_556629484” adlı faylı açdıqda həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair anten məlumatlarının əks olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 11:18-də KohnePir/Yasamal anten dairəsində olmuşdur (cild İİ, i.v. 271-272); • Məhkəmənin xx.xx.2024-cü il tarixli 1(001)-356/2024 nömrəli Qərarı ilə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin müşahidə kameralarından inzibati binanın giriş, həyətyanı sahə və binanın daxili görüntülərinin əks olunduğu xx.xx.2024-cü il tarixdə saat 20:00 dəqiqədən 00:00 dəqiqəyədək qeydə aldığı video görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsinə və həmin qərarın rəsmi qaydada Binəqədi RPİ-nə göndərilməsinə baxmayaraq, həmin qərar icra edilməmişdir (cild İİ, i.v. 166-167, 174); • Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-36/2-1726/2025-ci il tarixli məktubdan görünür ki, manqa komandiri, polis baş serjantı X9 bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 19:00-a qədər gündəlik, polis nəfəri polis baş serjantı X7 isə fevral ayın boyunca xx.xx.2024-cü il tarix daxil olmaqla postaçı kimi sutkalıq xidmətdə olmuşlar; • Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 13-20/2-4011/2025 nömrəli məktubdan görünür ki, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşında radiostansiya və GPS cihazları quraşdırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CMnin 228.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokola əsasən Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs saat xx.xx.2024-cü il tarixdə saat 20:10-da Bakı şəhər Binəqədi rayon Strodetal küçəsində piyada olan zaman saxlanılmış və 4-cü PŞ-nə gətirilmişdir. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahidlər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Cəlil oğlu verilmiş sullara cavab olaraq bir daha təqsirləndirilən şəxsi xx.xx.2024-cü il tarixdə saat 20:10-da Binəqədi rayon Strodetal küçəsində saxladıqlarını bildirmişlər. Lakin məhkəmə istintaqı nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə inzibati həbs tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 21:00-dan hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Mərkəzi tərəfindən təqdim edilmiş “X2 Qeydiyyatı Kitabı”na əsasən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 18:55-də kameraya yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə saat 21:00-da həmin Mərkəzdən azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs inzibati həbsdə olduğundan, onun ibtidai istintaq materiallarında göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə saat 20:10-da saxlanıldığı yer kimi rəsmiləşdirilən Binəqədi rayon Strodetal küçəsində olması mümkün deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin də təhlil edilməsinin məqsədəuyğun olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü CM-nin 228.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadələri”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs polis şöbəsinə birbaşa inzibati həbsdən aparıldığını, aparılan zaman üzərində heç bir qanunsuz predmetin olmadığını, polis şöbəsində həyatına və sağlamlığına zərər vurulacağından qorxduğundan etirafedici ifadə verməsini bildirmişdir. Digər tərəfdən məhkəm iclasında şahidlər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Cəlil oğlu Təqsirləndirilən şəxs qanunsuz odlu silah və döyüş sursatı əldə etməsi barədə onlarda əvvəlcədən əməliyyat məlumatı olduğunu, təqsirləndirilən şəxsi saxladıqları zaman üzərində axtarış aparmadıqlarını, onu birbaşa şöbəyə apardıqlarını bildirmişlər. Yəni, şəxsin qanunsuz odlu silah və döyüş sursatı əldə etməsi barədə məlumat daxil olur, lakin şəxs tutulduğu an onun üzərinə baxış keçirilmir, üzərlərində tabel silahları olmayan 2 polis nəfəri ilə eyni avtomobildə polis şöbəsinə aparılır və baxış yalnız polis şöbəsində həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində odlu silah daşıması və polis əməkdaşlarında bu barədə əvvəlcədən əməliyyat məlumatının olduğu ssenaridə, onun üzərinə saxlanıldıqdan dərhal sonra baxış keçirilərək silahın götürülməməsinin izahını “ağlabatan mühakimə” əsasında tapmaq mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş predmetlərin aşkar edilməsi ilə bağlı ittihamın sübutlarının əsasını təşkil edən xx.xx.2024cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokolun, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik-Tədqiqatlar İdarəsinin 08.02.24-cü il tarixli 24/292 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/603 nömrəli məhkəmə-ballistik ekspertizalarının rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyləri ekspertizaya təqdim edilmiş silahın odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş silahın kimə məxsus olmasını, kimin üzərindən və necə aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həm ibtidai istintaq orqanı tərəfindən, həm müdafiə tərəfindən təqdim edilmiş, həmçinin müdafiə tərəfinin vəsatətləri əsasında əldə edilmiş sübutları bütünlükdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan ittiham sübuta yetmir, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dərhal ləğv edilməli, ona qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra 9 mm kalibrli, 01 ədəd “Makarov” (PM) konstruiksiyalı tapança, 9x18 mm kalibrli patron tutumuna malik olan 01 ədəd sandıqça, 9x18 mm kalibrli 04 ədəd patronun əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, qeyd olunan maddi sübutlar onların əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsi həll edilənədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk və 03 ədəd əl izləri cinayət işinin materillarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 72 (yetmiş iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 72 (yetmiş iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 72 (yetmiş iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 432 (dörd yüz otuz iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 55-56, 61, 62, 344-347, 349-350, 352-353, 356, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra 9 mm kalibrli, 01 ədəd “Makarov” (PM) konstruiksiyalı tapança, 9x18 mm kalibrli patron tutumuna malik olan 01 ədəd sandıqça, 9x18 mm kalibrli 04 ədəd patronun əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut – 9 mm kalibrli, 01 ədəd “Makarov” (PM) konstruiksiyalı tapança, 9x18 mm kalibrli patron tutumuna malik olan 01 ədəd sandıqça, 9x18 mm kalibrli 04 ədəd patronun əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsi həll edilənədək onlar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk və 03 ədəd əl izləri cinayət işinin materillarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 72 (yetmiş iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 432 (dörd yüz otuz iki) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-40/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-40/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver