Məhkəmə qərarları › İş №1(001)-400/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-400/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-400/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1964-cü il tarixdə Qazax rayonu, Qazaxbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Qazax rayonu, Qazaxbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxin ölümünə səbəb olan yol hərərkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 13 fevral 2023-cü il tarixdə saat 09 radələrində "BC" kateqoriyalı, AF seriyalı 802666 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, göy rəngli "Qaz 3307" markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Baki şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi ilə saatda təxminən 25 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, döngə 9 ünvanında yerləşən "Oba Market" mağazasının qarşısında hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada 1962-ci il təvəllüdlü X5 avtomobilin qabaq hissəsi ilə vurub, sonuncuya sol alın-təpə-gicgah sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı, baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşaiyət olunan başın sol təpə və gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol diz oynağının və sol baldır sümüklərinin açıq sınıqları, sağ bazu sümüyünün, sağ dirsək oynağının, sol aşıq-baldır oynağının qapalı sınıqları, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfli İl qabırğanın, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İ-İV qabırğaların sınıqları, alt dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası, burun belinin, burun qanadının, alt dodağın dərisinin, çənə nahiyəsinin, boyun kökünün sağ və sol yarısının ön səthlərinin, sağ əlin arxa səthinin, sağ əlin 1 barmağının sıyrıqları, sağ və sol bud nahiyələrinin, sol baldır nahiyəsinin, sol ayağın iç topuğunun, sol ayaq pəncəsinin qançırları kimi həyat üçün ağır dərəcəli bədən xəsarəti yetirib, ölümünə səbəb olan sol alıntəpə-gicgah sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı ilə əlaqədar inkişaf edən baş beyinin və beyinciyin yumşaq qişaları altına, toxumasına və mədəciklərə qansızmalar kimi xəsarətlər yetirərək yol hərəkəti qaydalarını pozmuş və T.Zeynalova aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə saat 11:13-də "X15 " PHŞ-də ölmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xəzər lxtisaslaşdırılmış Nəqliyyat Müəssisəsinin balansında olan, lakin özünün idarə etdiyi **-JJ- *** qeydiyyat nişanlı yük maşını ilə 2023-cü ilin fevral ayının 13-də bazardan Fatmayı qəsəbəsinə yük aparırdı. Yolda tıxac olduğundan sürəti saatda təxminən 25-30 km olmuşdur. Binəqədi Sentralni istiqamətində həmin tarixdə saat təxminən 09:00 radələrində anidən maşının qabağında, 2-3 metrliyində adam olduğunu görmüş, tormoz versə də maşını saxlaya bilməmişdir. Əgər uzaqdan görsəydi belə hadisə baş verməzdi. Yolda çox adam olduğunu, onların yolun kənarında dayandığını, artıq gözünü açanda qadının maşının qabağında olduğunu gördüyünü, qadını vurandan sonra təcili yardım çağırdığını, 102-yə məlumat verdiyini, hadisə vaxtı özündə olmadığından qadını 2-3 metr və ya 6-7 metr olanda gördüyünü xatırlamadığını, hazırda əməlindən səmimi olaraq peşman olduğunu və mərhum X4 hüquqi varisi X11 ilə barışdığını, hüquqi varisin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Qaz 3307 yük markalı **-JJ-*** dövltt qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsində Xəzər lxtisaslaşdırılmış Nəqliyyat Müəssisəsinin sahibliyində olsa da, 2008-ci ildən həmin nəqliyyat vasitəsi qeyd edilən müəssisə ilə arasında olan alqı satqıya əsasən onun sahibliyindədir. Həmin nəqliyyat vasitəsi ilə yük daşıyır. xx.xx.2023-cü il tarixdə səhər saat 09:00 radələrində idarə etdiyi nəqliyyat vasitəsinin yük yerinə Bakı Sumqayıt yolunda yerləşən Ekologiya postunun yaxınlığında olan daş bazarında dəmir armatur yükləyib, Abşeron rayonu, Fatmayı qəsəbəsinə aparıb müştəriyə təhvil verməli olmuşdur. Daş bazarından çıxıb üzü Bakı şəhəri, Binəqədi rayonu istiqamətində hərəkət etmişdir. Yolda tıxac olduğundan nəqliyyat vasitəsi ilə təxminən saatda 20-25 km/saat sürətlə hərəkət etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesi döngə 9 ünvanında yerləşən "Oba Market" mağazasının qarşısına çatanda qarşıda səkidə iki nəfər qadının olduğunu görmüşdür. Qadınlardan biri yaşlı digəri isə cavan olmuşdur. Onlara yaxınlaşan zaman qəflətən yaşlı qadın yola çıxmış, o əyləci ayağında sıxsaa da, maşını saxlaya bilməmiş və həmin yaşlı qadın maşının qabaq sağ buferinə dəyərək yerə yıxılmışdır. O maşını saxlayıb maşından düşmüşdür. Bu zaman həmin qadının maşının altında qabaq və arxa təkərlərin ortasında olan boşluqda hərəkətsiz uzandığını və onun üz nahiyyəsində qan olduğunu görmüşdür. Bu zaman ətrafda olan tanımadığı şəxslər köməyə gəlmişlər. Həmin qadını yoldan çıxarıb səkinin üzərinə uzadıb X19a zəng etmişdir. Təxminən 15-20 dəqiqə sonra X19 stansiyasının əməkdaşları maşınla gəlmişlər. Qadını maşına qoyub “X15”-ə aparmışlar. O da həmin qadının yanında olan qadınla taksi tutub “X15”-ə getmişlər. Yolda olan zaman ona məlum olmuşdur ki, qadın maşınla vurduğu qadının qızıdır. Onlar “X15”-ə çatıb çöldə gözləmişlər. Təxminən bir saat, saat yarım sonra tibb bacısı qapıya çıxıb bildirmişdir ki, vurduğu qadın dünyasını dəyişmişdir. O qadının öldüyünü bildikdən sonra “X15”-in qarşısında durub polislərin gəlməsini gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra xəstəxanaya polis əməkdaşları gəlmişlər. Həmin vaxt o avtomobili təxminən 25 km/saat sürətlə idarə edirmiş. Həmin piyadanı təxminən 6-7 metr məsafədən gördmüşdür və həmin piyada yolu sağdan sola adi yerişlə keçirdi. İdarə etdiyim avtomobilin heç bir nasazlığı olmamışdır.Hadisə vaxtı avtomobilində sərnişin olmamışdır. İdarə etdiyim avtomobildə diametri 10 mm olmaqla hər birinin çəkisi 7 kiloqram olan 445 ədəd və diametri 12 mm olmaqla hər birinin çəkisi 9 kiloqram olan 27 ədəd armatur olmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs son sözündə 40 ildir sürücü işlədiyini, insan həyatını həmişə öndə tutduğunu, hadisənin tam təsadüfən meydana gəldiyini, cəzası nədirsə onu çəkməyə hazır olduğunu, dövlətl qarşısında vətənə xidmətlərinin olduğunu, oğlunun da hazırda xidmətdə olduğunu, Azərbaycanda döyüş vaxtı 2 nəfərə rütbə verildiyini, həmin şəxslərdən birinin Hikmət Mirzəyev, digərinin isə onun oğlu olduğunu, özünün də qazi olduğunu, ailəsini sürücü işləməklə dolandırdığını, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə barışdığını, Nəvai Zeynalovun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X8 onun doğma anasıdır. 13 fevral 2023-cü il tarixdə səhər saatlarında anası bacısı Şahid ilə birlikdə həkmiə getmişlər. Bir qədər sonra bacısı Nərgiz onunla əlaqə saxlayaraq anası Tərlan Zeynalovanı avtomobili vurduğunu və anasının xəstəxanaya aparıldığını bildirmişdir. Anası aldığı xəsarətlərdən vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X8 onun anasıdır. 12 fevral 2023-cü il tarixdə səhər saat 09:30 radələrində anası ilə həkimə gedirmişlər. Məhəlləyə taksi gəlmiş, lakin taksi ünvanı tanımamışdır. Onlar də başqa taksi sifariş etmişlər. O da gəlib o biri yolda dayanmışdır. Anası demişdir ki, get o taksini götür gəl. Lakin yol dəhşət pis yol olduğuna görə o yolu keçə bilməmişdir. Ona görə də anası yolu keçmək istəmişdir. Anası ondan 2-3 metr arxada səkidə durmuşdur. O anasına 3-5 dəfə yolu keçməməsini demişdir. Lakin anası yolu keçmişdir. Həmin vaxtı sürətli maşın gəlirdi, daha sonra bu biri maşın gəlmişdir. Anasının yolu keçmək istədiyini gördükdə gələn maşın sürücüsünə əl etmişdir ki, anası yolu keçə bilsin. Lakin maşının sürücüsünün ona əl ilə işarə etdiyini görüb-görməməsini bilməmişdir. Birdə görmüşdür ki, anası yerdə uzanıb. Həmin maşın anasının ayağının üstündən keçəndə yenə də inanmamışdır asaı olduğuna. Bir xeyli məsafə qalmış təxminən 10 metr məsafədə olanda əl ilə işarə etmişdir qarşıdan gələn maşının sürücüsünə. Anasını maşın vurandan sonra ancaq qışqırırmışdır, əlindən başqa heç nə gəlməmişdir. Təcili yardım çağırmışlar. Xəstəxanaya maşının sürücüsü, o və xalası taksi ilə getmişlər. Xalası hadisə olan an onların yanında olmamışdır. Xalası marketə getmişdir. Qayıdanda hadisənin baş verdiyini bilmişdir və xəstəxanaya da birlrikdə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 2/4402 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı yol nəqliyyat hadisəsi yerinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, 9-cu döngə ünvanında yerləşən “Oba Market” mağazasının qarşısında yolda baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli avtomaşına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomaşın 1992-ci il buraxılışlı, ******* mühərrik nömrəli bortlu, göy rəngli "Qaz-3307 Yük" markalı, **- JJ-*** dövlət qeydiyyat nişanlı avtomaşındır. Avtomaşının xarici görünüşündə heç bir zədə və xəsarət izi aşkar edilmir. Avtomaşının yük hissəsinə nəzər saldıqda diametri 10 mm olmaqla hər birinin çəkisi 7 kiloqram olan 445 ədəd ve diametri 12 mm olmaqla her birinin çəkisi 9 kiloqram olan 27 ədəd armatur vardır. Avtomaşının salon hissəsində heç bir zədə müşahidə edilmir. xx.xx.2023-cü il tarixli, 39 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 39 saylı rəyindən görünür ki, mərhum 1962-ci il təvəllüdlü X8 "X20" PHŞ-nə xx.xx.2023-cü il tarixde saat 10:26-da TTY vasitəsilə ağır komatoz vəziyyətdə gətirilmişdir. Xəstə hədsiz ağır olduğu üçün dərhal CPR-ə verilib. Xəstənin travmatoloji müayinəsi zamanı sol aşağı ətrafda dizaltı nahiyədən ayaq pəncəsinə qədər Kraş sindromu əlamətləri izlənmişdir. Sol diz altı nahiyədə dərialtı toxuma səviyyəsində kəsilmiş yara, həmçinin sol topuq nahiyəsində sınıq və çıxığa bağlı deformasiya izlənmişdir. Sağ bazu sümüyü aşağı 1/3 hissəsində sınığa bağlı patoloji hərəkətlilik qeyd edilmişdir. Xəstə aqonal vəziyyətdə olmuşdur. AT 70/42 mm.c.st. Nəbzi dəqiqədə 42 vurğu olmuşdur. Xəstəyə 40 dəq. CPR aparılmışdır. Aparılan tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 11:13-də bioloji ölüm baş vermişdir. Diaqnoz: Müştərək travma. Sol diz oynağı, baldır sümüklərinin açıq sınıqları. Sağ dirsək-saidin qapalı sınıqları.

2. Mərhum T.Ə.Zeynalovanın meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -sol alın-təpə-gicgah sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı, baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə ve beyinciyə qansızmalar ilə müşaiyət olunan başın sol təpə və gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları; -sol diz oynağının və sol baldır sümüklərinin açıq sınıqları ; -sağ bazu sümüyünün, sağ dirsək oynağının, sol aşıq-baldır oynağının qapalı sınıqları ; -sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfli İl qabırğanın, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli 1-İV qabırğaların sınıqları ; -alt dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası ; -burun belinin, burun qanadının, alt dodağın dərisinin, çənə nahiyəsinin, boyun kökünün sağ və sol yarısının ön səthlərinin, sağ əlin arxa səthinin, sağ əlin 1 barmağının sıyrıqları ; -sağ və sol bud nahiyələrinin, sol baldır nahiyəsinin, sol ayağın iç topuğunun, sol ayaq pəncəsinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X18 PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixə saat 10:26-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum T.Ə.Zeynalovanın meyitində sol dirsək çuxurunda aşkar olunmuş nöqtəşəkilli yaracıq həmin nahiyədə yerləşən venoz damara iynə vurulması nəticəsində əmələ gələ bilərdi.

3. Mərhum T.Ə.Zeynalovanın meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan yük avtomaşınının T.Ə.Zeynalovanı vurması nəticəsində əmələ gələ bilərdilər.

4. Mərhum T.Ə.Zeynalovanın ölümünə səbəb sol alın-təpə-gicgah sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı ilə əlaqədar inkişaf edən baş beyinin və beyinciyin yumşaq qişaları altına, toxumasına və mədəciklərə qansızmalar olmuşdur. Beləliklə, T.Ə.Zeynalovanın meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır.

5. Mərhum T.Ə.Zeynalovanın ölümü xx.xx.2023-cü il tarixdə saat 11:13-də "X15" PHŞ-də baş vermişdir, ilkin meyit əlamətləri ilə bu müddət uyğun gəlir.

6. Mərhum T.Ə.Zeynalovanın meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2008-ci il tarixli “X2” ASC-nin 25 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında QAZ 3307 yük bortlu ** JJ *** dövlət nömrə nişanlı avtomobilin alqısatqı yolu ilə Təqsirləndirilən şəxs satılması qərara alınmışdır. xx.xx.2008-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqısı barədə M9 saylı müqavilədən görünür ki, QAZ 3307 yük bortlu ** JJ *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs satılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AF 802666 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli, 8/911 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, nəqliyyat vasitəsinin tam dayanma yolu 11,5-15,4 metrdir, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanı vurma yerindən 21,1-26,3 metr aralı məsafədə olmuşdur, QAZ- 3307 markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “QAZ 3307” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün faktiki sahibi Təqsirləndirilən şəxs qəbz əsasında təhvil verilmiş və 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023cü il tarixdə baş beynin diffuz travmasından ölmüşdür. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. xx.xx.20001-ci il tarixli MV seriyalı 061793 seriyalı müharibə veteranı vəsiqəsindən görünür ki, Tağıyev X12 Qarabağ müharibəsi iştirakçısıdır. İ-749 nömrəli, İ-9116 nömrəli, İ-14977 nömrəli, İ-74786 nömrəli və İ-178 nömrəli medalların vəsiqəsindən görünür ki, X10 müvafiq olaraq “Şuşanın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaqda ifadəsində göstərdiyi hadisə nəticəsində vəfat etmiş X5 6-7 metr məsafə qaldıqda görməsi, həm də məhkəmə baxışında X5 2-3 metr məsafə qaldıqda görməsini göstərməsi özünü müdafiə xarakterli ifadələrdir. Belə ki, hadisənin videogörüntülərini əks etdirən videoyazıdan görünür ki, mərhum X8 Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin görünüş dairəsinə 2-3 və 6-7 metr qalmış deyil, daha artıq məsafədə düşmüşdür. Bu iş üzrə təyin edilmiş xx.xx.2023-cü il tarixli, 8/911 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyi və hadisənin bilavasitə şahidi olmuş Şahid ifadəsi ilə təsdiq olunur. Belə ki, Şahid ifadəsində anasının yolu keçdiyini gördüyü üçün qarşıdan gələn nəqliyyat vasitəsinə kifayət qədər məsafə qalmış əl ilə işarə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli, 8/911 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyində QAZ-3307 markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanı vurma yerindən 21,1-26,3 metr aralı məsafədə olduğu, nəqliyyat vasitəsinin tam dayanma yolunun isə 11,5-15,4 metr olduğu, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsinin onun mövcud şəraitdə uyğun tam dayanma yolundan böyük olduğu qeyd edilmişdir. Yəni Təqsirləndirilən şəxs lazimi diqqət və ehtiyatlılıq göstərərək nəqliyyat vasitəsini idarə etsəydi yolu keçmək istəyən mərhum X5 21,1-26,3 metr məsafə qalmış görməli idi və ya görə bilərdi. Lazımı diqqət və ehtiyatlılıq göstərərk həmin məsafədə mərhumu görərək əyləc sistemini sıxsaydı nəqliyyat vasitəsinin tam dayanma yolu 11,5- 15,4 metr də nəzərə alınmaqla hadisənin qarşısını almağa texniki imkanı olardı. Lakin Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq idarə etdiyi QAZ-3307 markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keməyə çalışan piyada X5 vuraraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmuş və həmin xəsarətlər nəticəsində mərhum T.Ə.Zeynalovanın sol alın-təpə-gicgah sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı ilə əlaqədar inkişaf edən baş beyinin və beyinciyin yumşaq qişaları altına, toxumasına və mədəciklərə qansızmalar nəticəsində onun ölümünə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, hadisədən dərhal sonra X19 çağıraraq mərhumun xəsəxanaya aparılmasını, onun həyatını xilas etməyə çalışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, özünün Birinci Qarabağ müharibə iştirakçısı, övladı X6 isə ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Şuşanın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Döyüşlərdə fərlənməyə görə” medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.12-ci maddəsində isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi göstərilmişdir. Hazırkı halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığından, onun əməlində ağırlaşdırıcı hallar olmadığından ona cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzaının aşağı həddi iki il, yuxarı həddi isə dörd il altı aydan artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxsin hüuqui varisi ilə barışmasını, özünün birinci Qarabağ müharibəsi iştirakısı və övladının ikinci Qarabağ müharibəsi istirakçısı olmaqla 5 müxtəlif müdallarla təltif edilməsini, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 1 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “QAZ 3307 Yük” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəbz əsasında saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökümlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “QAZ 3307 Yük” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəbz əsasında saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz ona) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar