Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-400/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-140/2023 saylı 17 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan təqsirləndirilir ötrü ki, o binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 usta vəzifəsində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 72A ünvanında yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni dəmi sexinin qapısını güc tətbiq etmək yolu ilə açmaqla, binaya qanunsuz daxil olaraq oradan 150 manat dəyərində 01 ədəd “Bosch” markalı direli, 250 manat dəyərində 01 ədəd tünd göy rəngli balaca “Bosch” markalı laqondanı, 360 manat dəyərində 01 ədəd tünd yaşıl üzərində “Bosch”yazısı olan böyük “Bosch” markalı laqondanı və 140 manat dəyərində 01 ədəd dəmir kəsən laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 icarə əasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 72A ünvanında yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni mərmər sexinin qapısının açıq olmasından istifadə edərək binaya qanunsuz daxil olaraq oradan 330 manat dəyərində 01 ədəd tünd yaşıl rəngdə tutacağında “Bosch” markalı laqondanı və laqondaya bərkidilmiş almaz diskini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 330 (üç yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 icarə əasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayı ilə üzbəüz yolun digər tərəfində ara küçədə yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni mərmər sexinin pəncərəsini güc tətbiq etmək yolu ilə açmaqla, binaya qanunsuz daxil olaraq oradan 01 ədəd 900 manat dəyərində elektrik mişarını, 01 ədəd 80 manat dəyərində qara rəngdə “Bosch” markalı böyük direli, 01 ədəd 20 manat dəyərində qara rəngdə “Makita” markalı direli, 01 ədəd 180 manat dəyərində qara rəngdə “Bosch” markalı elektrik direli, 01 ədəd 120 manat dəyərində “Biyoti” markalı elektrik direli, 01 ədəd 230 manat dəyərində “Makita” markalı balaca əl frezini, 01 ədəd 170 manat dəyərində “Safun” markalı böyük əl frezinin, 01 ədəd 145 manat dəyərində “Makita” markalı laqondanı və 01 ədəd 240 manat dəyərində “Bosch” markalı lobzik elektrik mişarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 2.085 (iki min səksən beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsində yazılanların doğru olduğunu bildirmişdir. Belə ki, hər 3 epizod üzrə oğurluğu özü törətmişdir. 2024-cü ilin sentyabr ayında 5 saylı X8 azadlığa buraxılmışdır. Bu hadisələri isə 2025-ci ilin fevral-mart aylarında törətmişdir. Qumar oynadığı üçün pula ehtiyacı olmuşdur. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. İş axtarırdığı zamanlarda bir daş sexinə işə düzəlmək üçün getmiş, lakin, orada işə adam götürmədiklərini öyrənmişdir. Daha sonra həmin gün obyektdə heç kimin olmadığını görərək hasardan keçib oğurluq etmişdir. Drel, laqonda və başqa əşyalar götürmüşdür. 2-ci dəfə isə mərmər sexinə daxil olmuş, orada da heç kimin olmadığı üçün oğurluq etmişdir. Həmin yerdən də laqonda və ona bərkidilmiş almaz disk götürmüşdür. 3-cü epizodu isə 05 mart 2025-ci il tarixdə törtmişdir. Həmin obyektdən isə drel, frez götürmüşdür. Götürdüklərini də tanımadığı adamlara satmışdır. Sadəcə drel və frezi satdığı adam tapılmışdır və həmin əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildən Binəqədi rayonu, Binəqədi şossesi 72A, «Zəngəzur» şadlıq evinin yanında dəmir sexində fəaliyyət göstərir. Ora çox vaxt bağlı qalır və işləmir. Həmin sex günortaya qədər açıq olmuş, daha sonra bağlayıb, getmişlər. Səhəri gün sexə gələndə qapının açıq olduğunu, laqondaların olmadığını görmüşdür. 150 (yüz əlli) manat dəyərində 01 ədəd dreli, masanın üzərindən 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd tünd göy rəngli balaca “Bosch” markalı, yerdə olan olan 360 (üç yüz altmış) manat dəyərində 01 ədəd tünd yaşıl üzərində “Bosch”yazısı olan böyük “Bosch” markalı və 140 (yüz qırx) manat dəyərində markasını bilmədiyi 01 ədəd laqonda olmaqla, toplam 3 ədəd laqondası götürülmüşdür. Bundan sonra onlar da 4cü Polis şöbəsinə müraciət etmişdir. Oğurluq hadisəsi 10 fevral 2025-ci il tarixdə olmuşdur. Təqsiləndirilən şəxsin götürdüyü 2 ədəd böyük laqondaların markası «Bosch» olmuş, kiçik olan laqondanın markasını isə xatırlamır. Ondan oğurlanmış malların dəyəri təxminən 900 manat olmuşdur. İstintaqda göstərdiyi məbləğlər doğrudur, həmin məbləğləri də təsdiq edir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəyən ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur və bu barədə ərizəni məhkləməyə təqdim edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirərərk göstərmişdir ki, o, Binəqədi rayonu, Binəqədi şossesi, 72A ünvanında mərmər sexi işlədir. Oğurluq hadisəsi nəticəsində sexdən 1 ədəd «Bosch» markalı laqonda və ona bərkidilmiş almaz disk götürülmüşdür. Hadisə 10 fevral 2025-ci il tarixdə baş vermişdir. Belə ki, işə gəldikdən sonra usta yaxınlaşaraq laqondanın olmadığını bildirmişdir. Bundan sonra kameranı açıb baxanda təqsirləndirilən şəxsin sexdən laqondanı götürməsini müəyyən etmişlər. Oğurlanan əşyanın qiyməti təxminən 330 manat olmuşdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, təqsriləndirilən şəxslə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur və bu barədə ərizəni məhkləməyə təqdim edir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, ilk olaraq 2024cü ilin fevral ayında ona məxsus mebel sexinə bir nəfər şəxsi daxil olaraq mişar daşını oğurlamışdır. Sexdən oğurluq edilməsini kameraya baxaraq müəyyən etsələr də, bu barədə əvvəlcə heç bir yerə şikayət etməmişlər. Belə ki, kameralara baxarkən təqsirləndirilən şəxsin hasardan keçərək sexə daxil olub oğurluq etdiyini müəyyən etmişdir. Daha sonra həmin hadisənin üzərindən təxminən 10 gün keçdikdən sonra sexə gəldikdə bəzi əşyaların da oğurlandığını müəyyən etmişdir. Oğruluq nəticəsində ona təxminən 2085 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış «Safun» frez və «Biyoti» göy drel, yəni 290 manat məbləğində əşya geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak etmədiyi üçün Şahid1 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin həbs olunanların saxlanma mərkəzinin yaxınlığında yeləşən 2024-cü ilin sonlarıdan dəmir sexini işlədir. xx.xx.2025-ci il tanımadığı bir nəfər şəxs gələrək 2(iki) ədəd laqonda satdığını bildirmişdir. O da həmin laqondaları 40 manata ala biləcəyini bildirmişdir, həmin şəxs də 01 ədəd tünd göy rəngli balaca “Bosch” markalı laqondanı və 01 ədəd tünd yaşıl üzərində “Bosch”yazısı olan böyük “Bosch” markalı laqondanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin həbs olunanların saxlanma mərkəzinin yaxınlığında yerləşən dəmir sexində ona 40 manat pul qarşılığında satmışdır. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, laqondaları ona satan şəxsi daha əvvəllər tanımamışdır, lakin sonradan adının Tamerlan olduğunu öyrənmişdir, Tamerlan adlı şəxsin ona satdığı laqondalar üçün 40 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün Şahid2 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən etibarən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi–Mehdiabad yolu üzərində, Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma mərkəzinin yaxınlığında yerləşən dəmir sexdə qaynaqçı kimi fəaliyyət göstərir. Hadisədən təxminən 10–11 gün əvvəl onun qohumu olan Almaz adlı şəxsin nəvəsi Tərlanın oğlu – sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs həmin dəmir sexə gəlmişdir. Təqsirləndirilən şəxs əlində bir ədəd tünd yaşıl rəngdə, tutacağında “Bosch” yazısı olan “Bosch” markalı laqonda və ona bərkidilmiş almaz disk olmuşdur. Təqsirləndirilən şəxs Mingəçevir şəhərinə gedəcəyini, bu səbəbdən pula ehtiyac duyduğunu və həmin laqonda ilə almaz diski satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs atası və babası ilə qohum olduğunu və onun ehtiyac içində olduğunu nəzərə alaraq, göstərilən aləti 25 manat pul qarşılığında ondan satın aldığını bildirmişdir. 19 fevral 2025-ci il tarixində, qaynaqçı kimi işlədiyi dəmir sexə polis əməkdaşları gəldikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən satılmış “Bosch” markalı laqonda və almaz disk oğurluq yolu ilə əldə olunmuşdur. Təqsirləndirilən şəxs gətirdiyi həmin alətin oğurluq olduğu barədə onun heç bir məlumatı olmamış, Tamerlan da bu barədə ona heç nə deməmişdir. Həmin alətin oğurluq olduğu barədə yalnız polis əməkdaşları tərəfindən məlumatlandırıldıqdan sonra bu barədə xəbər tutmuşdur. O, “Bosch” markalı laqondanı könüllü şəkildə polis əməkdaşlarına təhvil vermiş və bildirmişdir ki, əgər alətin oğurluq olduğunu əvvəlcədən bilsəydi, bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verərdi və Təqsirləndirilən şəxs xahişinə baxmayaraq həmin alətin sexdə saxlanmasına imkan verməzdi. Məhkəmə iclasında iştirak etmədiyi üçün Şahid3 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "xxxx" MMC-nin qarajında çilingər işləyir. 05 mart 2025-ci il tarixdə, təxminən saat 18 radələrində işdə olan zaman sonradan adını bildiyi Tamerlan iş yerinə gəlmiş və bir ədəd narıncı rəngdə "Safun" markalı böyük əl frezinin gətirərək, satmaq istədiyini bildirmişdir. Həmin frez cihazını o, 20 manat pul qarşılığında almışdır. Tamerlan bildirmişdir ki, həmin əşyalar atasına məxsusdur, atası ona satmağı tapşırmışdır. Həmin əl frezinin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, o "xxxx" MMC-də mühafizəçi işləymişdir. 05 mart 2025-ci il tarixdə Tamerlan drel gətirdi ki, “atamın məhsuludur, satıram”. Oğurluq mal olduğunu bilməmişdir. O da orada işləyən uşaqlara belə mallar satıldığını bildirmişdir. Daha sonra markasını bilmədiyi həmin dreli almışdır. Tamerlan dreli 50-60 manata satdığını desə də, 20 manatı olduğunu bildirərək onunla bu qiymətə razılaşmışaraq dreli işlətmək üçün almışdır. Tamerlanı tanımamış və əvvəllər də görməmişdir. Onların işlədiyi yerə təsadüfən gəlib çıxmışdır. Dreli alanda qiymətinin dediyi məbləğdə olacağını düşünmürdü. Çünki köhnə və işlənmiş mal idi. Ona görə həmin qiymətə almışdır. Məhsulun frez olduğunu bilməmiş, onu drel kimi bilmişdir. Ona görə ifadəsində drel demişdir. Məhsulun istifadəçisi olmadığına görə nə olduğu ilə bağlı maraqlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 mart 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayı ilə üzbəüz yolun digər tərəfində ara küçədə yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mebel sexinə qanunsuz daxil olaraq oğurluq etməsi ilə bağlı toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayı ilə üzbəüz yolun digər tərəfində ara küçədə yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mebel sexinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Könüllü təqdim etmə və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd narıncı rəgdə "Safun" markalı böyük əl frezini alan Musayev X2 RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş və bir ədəd narıncı rəgdə "Safun" markalı böyük əl frezini könüllü olaraq təhqiqata təqdim etmişdir. Təqdim edilmiş bir ədəd narıncı rəgdə "Safun" markalı böyük əl frezi iş üçün əhəmiyyət kəsb etdiyindən Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ayaz Kazımov tərəfindən götürülərək qablaşdırılmış və təhqiqat materialına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Könüllü təqdim etmə və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd plastmas qabında açıq göy və qara rənglərinin qarığı olan "Biyoti" markalı elektrik drelini alan Musayev X5 RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş və bir ədəd plastmas qabında açıq göy və qara rənglərinin qarığı olan "Biyoti” markalı elektrik drelin könüllü olaraq təhqiqata təqdim etmişdir. Təqdim edilmiş bir ədəd plastmas qabında açıq göy və qara rənglərinin qarığı olan "Biyoti” markalı elektrik drel iş üçün əhəmiyyət kəsb etdiyindən Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ayaz Kazımov tərəfindən götürülərək qablaşdırılmış və təhqiqat materialına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2025-ci il tarixli “Cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəsi altında davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 21 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 72A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 usta kimi işlədiyi dəmir sexinə qanunsuz daxil olaraq oğurluq etməsi ilə bağlı toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 72A ünvanında yerləşən dəmir sexidir. Sexin qarşısı dəmir setka ilə örtülüb, üst hissəsi isə şiferdir. Vətəndaş Zərərçəkmiş şəxs1 hadisə yerini göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Əşyanın götürülməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə olunmuş tünd göy rəngli balaca “Bosch” markalı laqondanı və tünd yaşıl üzərində “Bosch” markalı laqondanı Təqsirləndirilən şəxs almış Şahid1 həmin 02 ədəd “Bosch” markalı laqondanı könüllü olaraq təhvil verməsini bildirdiyindən Şahid1 oğlundan tünd göy rəngli balaca “Bosch” markalı laqonda və tünd yaşıl üzərində “Bosch” markalı laqonda götürülmüdür. xx.xx.2025-ci il tarixli “Könüllü təqdim etmə və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tünd göy rəngli balaca "Bosch" markalı laqondanı və tünd yaşıl üzərində "Bosch"yazısı olan böyük "Bosch" markalı laqondanı alan Mat X3 RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş və tünd göy rəngli balaca "Bosch" markalı laqondanı və tünd yaşıl üzərində "Bosch" yazısı olan böyük "Bosch" markalı laqondanı könüllü olaraq təhqiqata təqdim etmişdir. Təqdim edilmiş tünd göy rəngli balaca "Bosch" markalı laqonda və tünd yaşıl üzərində "Bosch" yazısı olan böyük "Bosch" markalı laqonda iş üçün əhəmiyyət kəsb etdiyindən Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ayaz Kazımov tərəfindən götürülərək qablaşdırılmış və təhqiqat materialına əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 72A ünvanında yerləşən dəmir sexidir. Sexin qarşısı dəmir setka ilə örtülüb, üst hissəsi isə şiferdir. Vətəndaş Zərərçəkmiş şəxs2 hadisə yerini göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Könüllü təqdim etmə və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd tünd yaşıl rəngdə tutacağında "Bosch" yazısı olan "Bosch" markalı laqondanı və ona bərkidilmiş almaz diskinin alan Xəlilov X7 RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş və 01 ədəd tünd yaşıl rəngdə tutacağında "Bosch" yazısı olan "Bosch" markalı laqondanı və ona bərkidilmiş almaz diskini könüllü olaraq təhqiqata təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd tünd yaşıl rəngdə tutacağında "Bosch" yazısı olan "Bosch" markalı laqonda və ona bərkidilmiş almaz disk iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülərək qablaşdırılmış və təhqiqat materialına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 72A ünvanında yerləşən dəmir sexində oğurluq etdiyi yeri göstərərək etdiyi əməli etiraf etmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imitina edilməsi haqqında” qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Yaqublunun 22 fevral 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. xx.xx.2025-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilmiş 01 ədəd tünd göy rəngli balaca "Bosch" markalı laqondanı və 01 ədəd tünd yaşıl üzərində "Bosch" yazısı olan böyük "Bosch" markalı laqondanın ona məxsus olmasını bildirmişdir. xx.xx.2025-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tünd yaşıl rəngdə tutacağında "Bosch" yazısı olan "Bosch" markalı laqondanı və laqondaya bərkidilmiş almaz diskin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayı ilə üzbəüz yolun digər tərəfində ara küçədə yerləşən mebel sexində oğurluq etdiyi yeri göstərərək etdiyi əməli etiraf etmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, 4(001)-200/2025 saylı Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsili nbilinərək 1 il 8 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü madddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-140/2023 saylı 17 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi, elan edilmiş ittihamın dəyişdirilməsinin qüvvəsində saxlanılması, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, zərəçəkmiş şəxslərə dəymiş ziyanın məbləğinin 3315 manat qəbul edilməsi, cinayət işi üzrə götürülmüş 01 ədəd tünd göy rəngli balaca “Bosch” markalı laqonda, 01 ədəd tünd yaşıl “Bosch” yazısı olan böyük “Bosch” markalı laqonda, 01 ədəd tünd yaşıl rəngdə tutacağında “Bosch” yazısı olan “Bosch” markalı laqonda, 01 ədəd plastmas qabında açıq göy və qara rənglərinin qarışığı olan “Biyoti” markalı elektrik drel və 01 ədəd narıncı rəngdə “Safun” markalı böyük əl ferzi cinayət predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınması,cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra sahiblərinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-400/2025 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus olan tünd göy rəngli balaca “Bosch” markalı laqonda və tünd yaşıl üzərində “Bosch” yazısı olan böyük “Bosch” markalı laqondanı təhvil almışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan 01 ədəd yaşıl rəngdə tutacağında “Bosch” yazısı “Bosch” markalı laqonda və ona bərkidilmiş almaz diski təhvil almışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus olan plastmas qabında açıq göy və qara rənglərinin qarışığı olan “Biyoti” markalı elektrik drel və narıncı rəngdə “Safun” markalı böyük əl frezini təhvil almışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 4(001)-420/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ona vurulmuş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə ona məxsus mebel sexindən 2085 manat dəyərində sexdə işlətdiyi alətlər Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq ona ziyan vurulmuş, hazırda Təqsirləndirilən şəxslu ilə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və iş üzrə şahidlərin ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması protokolları, istintaq hərəkətlərinin aparılması haqqında digər protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.2 və 177.2.3-cü maddələrində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tam əhatə olunduğundan əməlin tövsifi düzgün olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın tamamilə ödənilməsini, digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə vurulmuş ziyanın qismən ödənilməsini (AR CM-in 59.1.14-cü maddəsi-cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi), təqsirləndirilən şəxsə qarşı hər üç zərəçəkmiş şəxsin hər hansı şikayət və tələbinin olmamasını və onunla barışmasını (CM-nin 59.1.12-ci maddəsi-zərərçəkmiş şəxslə barışıq əldə edilməsi) və törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ictimai təhlükəli əməlləri 09 fevral 2025-ci il, 10 fevral 2025-ci il və 05 mart 2025-ci il tarixlərində törətmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-140/2023 saylı 17 aprel 2023-cü il tarixli hökmü ilə az ağır cinayət hesab edilən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək məhkum edildiyi 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından isə 16 sentyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan və qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratdığından təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi mövcuddur. Qeyd edilənlərə əsasən də məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir (CM-61.1.1). Məhkəmə təqsirkarın şəxsiyyətini, əvvəllər CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və onun əməlində cinayətin residivinin olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin törətdiyi cinayət nəticəsində iki zərəçəkmiş şəxsə ziyanın tamamilə ödənilməsini, bir zərəçəkmiş şəxsə isə ziyanın qismən ödənilməsini, buna baxmayaraq hər üç zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona residivə görə cəzanın təyin edilməsi barədə müddəaların tələblərinə əməl edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadananan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-65.2), cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (69.3), onun həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməli və cəzasının əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmalı (CPM 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 01 ədəd tünd göy rəngli balaca “Bosch” markalı laqonda, 01 ədəd tünd yaşıl üzərində “Bosch” yazısı olan böyük “Bosch” markalı laqonda, 01 ədəd tünd yaşıl rəngdə tutacağında “Bosch” yazısı olan “Bosch” markalı laqonda, 01 ədəd plastmas qapında açıq göy və qara rənglərinin qarışığı olan “Biyoti” markalı elektrik drel və 01 ədəd narıncı rəngdə “Safun” markalı böyük əl frezinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 275 (iki yüz iyirmi beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd tünd göy rəngli balaca “Bosch” markalı laqonda, 01 ədəd tünd yaşıl üzərində “Bosch” yazısı olan böyük “Bosch” markalı laqonda, 01 ədəd tünd yaşıl rəngdə tutacağında “Bosch” yazısı olan “Bosch” markalı laqonda, 01 ədəd plastmas qapında açıq göy və qara rənglərinin qarışığı olan “Biyoti” markalı elektrik drel və 01 ədəd narıncı rəngdə “Safun” markalı böyük əl frezinin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-400/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-400/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver