Məhkəmə qərarları › İş №1(001)-401/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-401/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-401/2023 25.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "xxxx" MMC-nin Sulutəpə filialının zirzəmisində işlətdiyi plastik qapı-pəncərə sexində "AL market”də işləyən tanışı X1 "xxxx" MMC-nin bölgə müdiri işləyən Zərərçəkmiş şəxs təşəbbüsü ilə işdən çıxarıldığı səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı əvvəlcə əl və sexdən götürdüyü bel (lapatka) ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq alın nahiyəsinin, sağ gözaltı nahiyənin, burun belinin, döş qəfəsinin sıyrıqları, sol alin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşayiət olunan sol əlin V barmağının qançır-şişkinliyi, bel nahiyəsinin, sol said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİİ barmağının sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirib zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət əməlini törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğv edilməsinə məhkəmənin hazırlıq iclasında əsasların olmadığını qeyd edərək, məhkəmədən həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, eləcə də təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət işinin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham təhlil edilərkən aşağıdakı kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, 17 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "xxxx" MMC-nin Sulutəpə filialının zirzəmisində işlətdiyi plastik qapıpəncərə sexində "AL market”də işləyən tanışı X1 "xxxx" MMC-nin bölgə müdiri işləyən Zərərçəkmiş şəxs təşəbbüsü ilə işdən çıxarıldığı səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı əvvəlcə əl və sexdən götürdüyü bel (lapatka) ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq alın nahiyəsinin, sağ gözaltı nahiyənin, burun belinin, döş qəfəsinin sıyrıqları, sol alin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşayiət olunan sol əlin V barmağının qançır-şişkinliyi, bel nahiyəsinin, sol said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİİ barmağının sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirib zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə tərtib edilmiş 04 may 2023-cü il tarixli ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "xxxx" MMC-nin Sulutəpə filalının zirzəmisində işlətdiyi plastik qapı-pəncərə sexində "xxxx"də işləyən tanışı X2 "xxxx" MMC-nin bölgə müdiri işləyən Zərərçəkmiş şəxs tərəfindən işdən çıxarıldığı səbəbindən aralarında yaranmış mübahisə zamanı əvvəlcə əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən vuraraq alın nahiyəsinin, sağ gözaltı nahiyənin, burun belinin və döş qəfəsinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirdikdən sonra sonuncunun sexi tərk etdiyini görüb oradan götürdüyü bel (lapatka) ilə hücum çəkərək qəsdən Zərərçəkmiş şəxsn son əlinə vurub, sol əlin V barmağının dırnaq falanqasınm yerdəyişməyən sınığı ilə müşayiət olunan sol əlin V barmağının qançır-şişkinliyi, bel nahiyəsinin, sol said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİİ barmağının sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə xx.xx.2023-cü il tarixli “təqsirlləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda və xx.xx.2023-cü il tarixli ittiham aktında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar bir-birindən fərqlənir. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. CPM-in 289.3 və 289.3.1-ci maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar gəstərilməlidir. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi qanunvericilik, müstəntiq tərəfindən ittiham aktının tərtib edilməsi zamanı həmin aktın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməli və ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsvirinin əks etdirilməli olmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin müstəntiq tərəfindən həmin tələbə riayət olunmamış və ittiham aktı tərtib edilərkən iş materialları ilə ittiham aktı arasında mühüm ziddiyyətə səbəb olan kobud pozuntuya yol verilmişdir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, CPM-in 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayəthüquqi tədbirlər tətbiq etməkdən ibarətdir. CPM-in 9-cu maddəsinə əsasən bu Məcəllənin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri olmaqla cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. CPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 34.1-ci maddəsinə əsasən heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlar və protokollar, eləcə də, ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənədlər olmaqla təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verən sübutlar və ittihamın sübuta yetirilməsi öz əksini tapmalı, habelə ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmlıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə, təqsirləndirilən şəxsə yerinə göndərilsin.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar