Məhkəmə qərarları › İş №1(001)-403/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-403/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-403/2023 08.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Kürdəmir rayonu, Çöhranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatında olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs evə gec gəlməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun yumruqla sağ gözündən, təpiklə isə bədəninin müxtəlif nahiyyələrindən vuraraq - sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, döş qəfəsinin ön səthinin, sol bud nahiyyəsinin qançırları kimi xəsarət yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu 28 may qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayır. 2013-cü ildən Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahdan üç övladı vardır. Atası vəfat etdikdən sonra onlar Kürdəmir rayonundan Bakı şəhərinə köçüb Binəqədi rayonu 28 may qəsəbəsində kirayədə yaşamışlar. Bakı şəhərinə köçdükdən sonra Rüqayə ilə aralarında sonuncunun işləməyi ilə bağlı mübahisələr olmuşdur. xx.xx.2023-cü il tarixdə Rüqayə saat təxminən 21 radələrində evə gəldikdə ondan haradan gəldiyini soruşan zaman Rüqayə onun atasının ruhuna yalandan and içib işdən gəldiyini bildirdikdə aralarında mübahisə və mübahisə zamanı yumruq ilə onun göz nahiyyəsinə bir dəfə zərbə, daha sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Mübahisə zamanı özünü cilovlaya bilmədiyini, iş yeri və gəliri olmadığını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, onunla 2013-cü ildə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı vardır. Evliliklərinin ilk illərində Kürdəmir rayonunda yaşamışlar, daha sonra isə Adəmin atası vəfat etdikdən sonra Bakı şəhərinə köçərək Binəqədi rayonu 28 may qəsəbəsində kirayədə yaşamışlar. Adəm heç bir yerdə işləmədiyi üçün müxtəlif ünvanlarda marketlərdə işləmiş ki, ailəsinə maddi dəstək olsun. xx.xx.2023-cü il tarixdə işdən evə gələn zaman dayanacaqdan evə qədər olan məsafə uzaq olduğu üçün evə biraz gec getmişdir. O, saat 21 radələrində evə gəldikdən sonra Adəm hansı səbəbdən evə gəldiyini deyib mübahisə etməyə başlamışdır. O, Adəmə dayanacaqla evin arasında olan məsafə bir qədər uzaq olduğundan və həmin məsafəni piyada gəldiyini desədə Adəm başa düşməyərək mübahisəni davam etdirmiş və mühabisə nəticəsində yumruqla sağ göz nahiyyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixdə o, artıq Adəmin bu əməllərinə dözməyib evdən çıxıb getmiş, 15 fevral 2023-cü il tarixdə ilk isə əri Adəm tərəfindən döyülməyi barədə DİN-nin 102 xidmətinə, daha sonra isə Binəqədi RPİ-nin 40-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmadığını bildirərək məhkəmədən törədilən əmələ münasibətdə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və tədqiq edilən: 230046026 cinayət işi, X1 ərizəsi əsasında Binəqədi RPİ-nin 40-ci PB-də toplanmış xx.xx.2023-cü il tarixli HK/1-317 saylı material üzrə 14 mart 2023-cü il tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılaraq istintaqının davam etdirilməsi üçün aidiyyatı üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməklə xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 286 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, döş qəfəsinin ön səthinin, sol bud nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə yumruqla, təpiklə vurulan zərbə nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı (xx.xx.2014-cü il tarixdə doğulmuş X2, xx.xx.2018-ci il tarixdə doğulmuş X6, xx.xx.2021-ci il tarixdə doğulmuş X7) vardır Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs X3 xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar