Məhkəmə qərarları › İş №1(001)-404/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-404/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-404/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.15 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, ünvan 3 il tarixli qərarı ilə barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, 10 avqust 2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Məscidin yaxınlığında 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 mart 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 119 ünvanında yerləşən Binəqədi OİL şirkətinin ərazisində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİnin 43-cü PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,212 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bədənində ağrılar olduğundan o, müəyyən müddətdir ki, narkotik vasitələri istifadə edir. Odur ki, o, 20 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Məscidin yaxınlığında olarkən təsadüf gördüyü və əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır ki, münasib vaxtda istifadə etsin. O, sənədində subay kimi qeyd edilsə də, faktiki ailəlidir, himayəsində uşaqları var, uşaqlardan biri azyaşlıdır.İşsiz olduğundan dəmir və digər tullantıları yığıb təhvil verərək ailəsini dolandırır.Pula ehtiyacı olduğu üçün 21 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən «Dəyirman» adlanan yerin yaxınlığında olduğu zaman, qərara gəlmişdir ki, dəmir qırıntıları götürüb sonra təhvil verərək pul əldə etsin, hətta yerdən loma bənzər dəmir parçasını da götürmüşdür ki, yerdən dəmir qırıntılarını çıxara bilsin.Bu zaman onun heç bir qiymətli əşya oğurlamağa niyyəti və ya imkanı olmamış, çünki bu ərazi qiymətli əmlak görməmişdir.Həmin əraziyə baxanda görmüşdür ki, aralıqda ondan başqa da bir tanımadığı şəxs ərazidə metal qırıntılarını axtarır, əlində lom var və dəmir borulardan olan hasarı qırmaq istəyir.Habelə ərazinin mühafizəsinin olduğunu görmüşdür, odur ki, dəmirləri götürüb və ya oğurlamaq niyyətindən imtina etmişdir, əlindəki dəmir parçasını da tullamışdır və heç nə sındırmamış və ya oğurlamamışdır.Saat təxminən 11:30 radələrində ona mühafizəçi, sonra adının Şahid1 olduğunu bildiyi şəxs yaxınlaraq onu saxlamışdır ki, bura Binəqədi OİL şirkətinin mühafizə olunan ərazisidir, bu zaman uzaqda olan o biri şəxs isə qaçıb evlərin arasına girmişdir.Söhbət zamanı o, Şahid1 etiraf etmişdir ki, narkotik vasitələrdən istifadə edir.Cavanşir də görmüşdür ki, o, oğurluq etməmişdir. Şahid1 polisə zəng etmiş və müəyyən müddətdən sonra polis əməkdaşları gəlib o birisi şəxsi axtarmışdırlar və sonra onun özünü Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirib təhvil vermişdirlər.Binəqədi RPİ-nin 43-cü Polis Bölməsində vəkil dəvət olunmuş və ona hüquq və vəzifləri izah edilərək, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd özünə məxsus «Erricson» markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edildikdə, o, təqdim etdiyi əşyadan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir.Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi əşyadan başqa üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ondan həmin bükülüdəkı kütlənin nə olduğu barədə soruşulduqda, həmin bükülüdəki kütlənin narkotik vasitə heroin olduğunu, bu bükümü 20 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Məscidin yaxınlığında əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Həmin büküm zərfə qoyularaq möhürlənmiş, axtarış nəticəsində protokol tərtib olunmuş, zərf və protokolu o və iştirakçılar tərəfindən imzalanmışdır.Bundan başqa, şəxsi axtarışdan sonra onu saxlanıldığı Binəqədi OİL-ın ərazisinə aparıb baxış keçirdilər.Həmin yerdə o, bildirmişdir ki, buradan oğurluq etmək niyyətindən yayınmış, baxış zamanı onu oğurluqda ifşa edən sübutlar da oradan aşkar edilməmişdir.Bundan başqa, ona məlumdur ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsləri polis mobil telefon aparatı vasitəsi ilə ifşa edə bilir, odur ki, o, telefonundan belə məqsədlərlə istifadə etməmişdir.Mobil telefonda onun yaxınları ilə məişət xarakterli danışıqlar və yazışmalar vardır, başqa qanunsuz danışıqlar və narkotik satanlarla əlaqələri yoxdur.Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəl göstərdiyi kimi Binəqədi OİL-in ərazisində ondan başqa olmuş şəxsi o, tanımır.Qeyd etmək istəyir ki, həmin ərazidə metal qırıntıları çox olduğundan bir çox sakin oradan metal qırıntısı yığır, ona görə də, o, bu əraziyə gəlmişdir.O, əvvəl heç bilməmişdir ki, bu ərazi mühafizə olunur, yoxsa oraya getməzdi.Yerində də mühafizəçini gördükdə bu ərazidən hər hansı bir əşyanı götürüb və ya oğurlamaq niyyətindən imtina etmişdir və götürməmişdir.Üzərində aşkar olunmuş həmin narkotik vasitəni şəxsi istifadəsi üçün ifadəsində göstərdiyi şəraitdə 10 manata almışdır.Bu şəxsin anket məlumatları və telefonu barədə məlumatı yoxdur.Üzərindən aşkar edilmişdən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlamır.Həmin cinayəti tək törətmişdir və heç kim ona köməklik etməmişdir.Narkotik vasitəni hər hansı bir şəxsə satmamış və ya verməmişdir.Başqa hər hansı cinayət törətməmişdir.Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir zor və ya təzyiq tətbiq edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, o cümlədən, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi OİL Şirkətinin tərkibindəki “Titan-D” Mühafizə Xidmətinin növbə rəisi vəzifəsində çalışır.Xidməti vəzifəsi Binəqədi OİL Şirkətinin ərazisini mühafizə etmək, əmlakının oğurlanmasının qarşısını almaq və kənar şəxslərin əraziyə buraxılmamasını təmin etməkdən ibarətdir.Binəqədi OİL Şirkəti DSK yolunda “Dəyirman” adlanan ərazidə yerləşir, ünvanı Binəqədi qəsəbəsi,3-cü Mədən, Korpus 119 ünvanında 21 mart 2023-cü il tarixdə səhər növbəsində işdə olarkən və əraziyə nəzarət edərkən 2 nəfər kənar şəxslərin əllərində lomla gəzdiklərini görmüşdür, bu şəxsləri müşayiət etmişdir və saat 11:30-da görmüşdür ki, bu şəxslərdən biri hasarın dəmir borularını qırmaq istəyir, hətta telefonla bu şəxsləri çəkmişdir, odur ki, bu şəxslərin oğurluq etmələrini guman edərək tutmaq qərarına gəlmişdir.Bu şəxslərdən birini, sonra adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi yaxalamışdır, bu zaman o birisi şəxs qaçaraq yaxınlıqdakı evlərin arasına girmişdir, tutmaq mümkün olmamışdır.O, dərhal hadisə barədə Binəqədi RPİ-nin 43-cü PB-nə məlumat vermişdir və oradan iki əməkdaş gəlib Təqsirləndirilən şəxs təhvil almışlar. Soruşduqda Təqsirləndirilən şəxs hamının yanında demişdir ki, narkotik vasitələrin aludəçisidir, odur ki, dəmir tullantıları yığaraq pul əldə etmək istəmişdir, o biri şəxsi isə tanımır. O, özü də bu şəxsləri əvvəl tanımamış, qaçan şəxsin görünüşünü xatırlamır.Həmin şəxslər Binəqədi OİL Şirkətinin həyətindən heç nə oğurlayıb apara bilməmişlər.Video görüntünü sonra tapa bilməmişdir, ona görə də araşdırmaya təqdim edə bilməmişdir.Şirkətin hasarı yerindədir və sınmamışdır.Şirkətin hasarını o birisi şəxs sındırmaq istəyirmiş, lakin sındırmamışdır, bu zaman Təqsirləndirilən şəxs isə başqa tərəfdə olmuşdur. Məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir.Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır.Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 21 mart 2023-cü il tarixdə o, əməliyyat müvəkkili X4 ilə xidməti ərazidə olatrkən saat təxminən 11:40 radələrində telefon məlumatı daxil olmuşdur ki, Binəqədi OİL Şirkətinin tərkibindəki Mühafizə Xidmətinin növbə rəisi Şahid1 tərəfindən həmin şirkətin “Dəyirman” adlanan yerin yaxınlığındakı ərazisində bir nəfər şəxs saxlanılmışdır, bu şəxsin oğurluq etməsindən şübhələr vardır.Onlar dərhal həmin yerə getmişlər və müəyyən etmişlər ki, saxlanılmış şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir. Mühafizə işçisi Cavanşir demişdir ki, ərazidə başqa bir şəxsdə olmuşdur, hasarı sındırmaq istəyiriş və sonra qaçıb evlərin arasında gizlənmişdir. Baxanda bu şəxsi tapmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs isə demişdir ki, narkotik vasitələrin istifadəçisidir, ərazini kimsəsiz bilərək gəlmişdir dəmir tullanlıları yığmağa, heç nə oğurlamamışdır, obirisi şəxsi də tanımır. Odur ki, Təqsirləndirilən şəxs RPİ-nin 43-cü PB-nə gətirilərək bu barədə rəhbərliyə raportla məruzə edilmişdir.Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis mayoru Nahid Məmməova həvalə olunmuşdur.Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə vəkil iştirak etmədən üzərində şəxsi axtarış və götürmə keçirilmişdir.Şəxsi axtarış və götürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilmiş, sonuncu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü və 01 ədəd “Erricson” markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qadağan edilmiş digər əşya aşkar edilməmişdir.Aşkar olunmuş həmin bükümdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə “kokos” adlandırdığı narkotik vasitə heroindir, onu 20 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün almışdır. Aşkar olunmuş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Tədbirin nəticəsində protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs iştirakı ilə onun həmin tarixdə saxlanıldığı Binəqədi rayonu, Binəqədi OİL neft şirkətinin ərazisinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir, orada Təqsirləndirilən şəxs təsdiq etmişdir ki, həmin yerdə saxlanılmış və ona qarşı heç bir qanunsuzluqlara yol verilməmişdir. Baxış zamanı həmin yerdən Təqsirləndirilən şəxs oğurluğa cəhd etməsini təsdiq edən əşya və ya maddi sübut əhəmiyyətli predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən almasının, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Onun narkotik vasitə maddə satması barədə məlumat daxil olmamışdır. Əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla işləmir, dəmir tullantıları yığıb təhvil verməklə məşğuldur, oğurluq cinayətini törətməsini təsdiq edən hər-hansı bir fakt aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X4 digər Şahid2 ifadəsində göstərdiklərini bir daha tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 21 mart 2023-cü il tarixli 6/1694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,212 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli 2427 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-404/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş 11 avqust 2023-cü il tarixli məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə tutulmuş və Bakı İstintaq Təcridxanasına göndərilmək üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il saat 13.40 radələrindən 23 mart 2023-cü il saat 11.20 radələrinədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, Binəqədi rayon Məhkəməsinin 4(001)-286/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Vüsal Rzayev tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 02 (iki) yetkiinlik yaşına çatmayan övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin 1,112 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdən 23 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 1,112 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar