Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-407/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, İmişli rayonu Qızılkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 19Q saylı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs onu telefonla videoçəkiliş etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu əl zərbəsi ilə sinə və baş nahiyəsindən vuraraq evin dəmir qapısına çırpmaqla Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin hematoması, boyun nahiyəsinin arxa səthinin sıyrığı, döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, cəzasını ilk əvvəl İmişli rayonunda çəksə də, sonradan yaşayış yerini dəyişdiyi üçün həmin cəzası Bakı şəhərində çəkməyə davam etmişdir. Zərərçəkmiş şəxs ilə 10 illik tanışlıq münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Ülkər yaşadığı məhəlləyə gələrək avtomobildən düşmüş və həmin zaman o, sonuncu ilə rastlaşmışdır. Bu zaman Ülkər onu səsləyərək telefonunu əlinə alıb çəkməyə başlayıb cəzasının necə getməsini soruşmuş və həmin zaman onu söyərək üstünə hücum etmişdir. Həmin vaxt o, Ülkərdən qorunmaq üçün əlləri ilə sonuncunun çiynindən tutub sirkələmiş və özündən kənara itləməmişdir. Bu zaman Ülkər onu şərləmək üçün özünü yerə yıxıb qışqırmağa başlamışdır. O, Ülkərin bu hərəkətlərinə fikir verməyib yaşadığı evə getmişdir. O, Ülkəri vurub xəsarət yetirməmiş, sadəcə olaraq sonuncunu özündən kənarlaşdırmaq üçün itələmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluq münasibətləri olmuş, bir neçə il öncə o, Vəfalıya satmaq üçün qızıl-zinət əşyaları vermiş, aralarında 37.000 ABŞ dolları çatışmazlıq olmuşdur. O, mülki qaydada məhkəmə müraciət etmiş və Vəfalının ona borclu olması məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Vəfalı məhkəmə qətnaməsini icra etmədiyi üçün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində “Oba” marketdən qayıdan zaman yaşadığı evin qapısı tərəfdə Təqsirləndirilən şəxs görmüş və bu zaman sonuncudan Bakı şəhərində nə işinin olmasını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs onu söymüş və o, sonuncunun hərəkətlərini telefonla çəkmək istəyən zaman Vəfalı buna imkan verməmişdir. Həmin vaxt Vəfalı onun üzərinə hücum çəkib əl zərbələri ilə baş nahiyəsindən, sinəsindən və boynunun arxasından xəsarətlər yetirmiş və onu itələyərək dəmir darvazaya vurmuşdur. O, bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Mübahisədən sonrakı günlərdə qusma və başında gicəllənmə olduğu üçün o, 15 saylı poliklinikaya müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 ildən çoxdur ki, Təqsirləndirilən şəxs ilə qonşuluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs onun yoldaşının bacısıdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman həyətin dəmir qapısına nəyinsə bərk çırpılması səsini eşitmiş, dərhal həyət tərəfə çıxdıqda baldızı Ülkərin qapının çöl tərəfinə söykənildi vəziyyətdə yerdə oturduğunu, saçlarının dağınıq, əynindəki ağ jaketin isə dartılmış halda olmasını görümüşdür. O, Ülkərdən nə baş verdiyini soruşduqda sonuncu Vəfalının onun üzərinə hücum edərək döyməsini bildirmişdir. O, Ülkəri qolundan tutub qaldıraraq yaşadığı evə gətirmişdir. Bundan bir iki gün sonra Ülkərdə baş gicəllənməsi və qusma halları olduğu üçün sonuncu xəstəxanaya müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 6-cı PB-də olan zaman növbətçi hissədən ona inzibati ərazidə, yəni Nəsimi küçəsi ev 19Q-də yaşayan Zərərçəkmiş şəxs döyülməsi ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyi barədə bildirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar təhqiqatçı Rövşən Məmmədov tərəfindən ərizə alınmış və onun tərəfindən araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs bölmədə aparılan araşdırma zamanı qonşusu Vəfalı tərəfindən döyülüb xəsarət yetirdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən araşdırma aparılaraq toplanmış materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurması faktına görə CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 19Q saylı evin qarşısında baş vermişdir. xx.xx.2020-ci il tarixli, 660 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması, boyun nahiyəsinin arxa səthinin sıyrığı, döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-245/2019 nömrəli hökmü ilə CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1(103)-904/2019 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-245/2019 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına artırılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-904/2019 nömrəli qərarı ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməməsi barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, eləcə də həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67-ci maddəsinin tələblərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-904/2019 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)- 904/2019 nömrəli qərarı ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının bugünə çəkilməmiş qalan 1 il 4 ay 26 gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, CM-in 67.1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-904/2019 nömrəli qərarı ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün hissəsi hazırkı hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-407/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-407/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver