Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-409/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, «Toyota Prius» markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dönmə əməliyyatı apararkən, əvvəllər tanımadığı X1 idarə etdiyi «Minsk D4» markalı mopedə qəza şəraiti yaratmasına görə tərəflər arasında yaranmış mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, «Toyota Prius» markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib idarə edərək qəsdən həmin ictimai yerdə toplaşmış çoxsaylı insanların üzərinə sürərək, əvvəllər tanımadığı zərərçəkmiş Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edib idarə etdiyi avtomobilin sağ hissəsi ilə vuraraq, xuliqanlıq etmiş və onun sağ qamış sümüyünün bayır kondilusunun qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı, sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol kuboid sümüyünün qapalı, az yerdəyişmiş sınığı, sol aşıq vətərinin tam qat qopması, sol daban sümüyünün sınığından ibarət dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, CM-in 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa Az ağır zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı bildirmişdir ki, CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi zərurətinin olmamasını qeyd edərək, CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etiraz Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham təhlil edilərkən aşağıdakı kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan 04 mart 2022-ci il tarixli Materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaşlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bədən xəsarətləri almaları faktı əsasında toplanmış HK-1/145 nömrəli material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Həmçinin cinayət işinin materiallarında olan 04 mart 2022-ci il tarixli Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazovun 145 nömrəli məktubundan müəyyən edilmişdir ki, həmin tarixdə 04 mart 2022-ci il tarixli Materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərar CPM-in 213.5-ci maddəsinin tələblərinə əsasən Binəqədi rayon prokurorluğuna göndərilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan 04 mart 2022-ci il tarixli Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazovun raportundan müəyyən edilmişdir ki, həmin tarixdə HK-1/145 nömrəli material araşdırılmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş və raporta Binəqədi RPİ-nin daxil olma möhürü vurularaq, daxil olma nömrəsi 059-8429-1122, tarixi 09 mart 2022-ci il olaraq göstərilmişdir. Cinayət işinin materiallarında olan 03 mart 2022-ci il tarixli Cinayət işinin başlanması və icraata qbul edilməsi haqqında qərardan isə müəyyən edilmişdir ki, həmin tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən HK-1/145 nömrəli toplanmış material əsasında fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icrata qəbul edilməklə istintaqı aparılmışdır. Habelə qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən 03 mart 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi yerinə baxış, nəqliyyat vasitəsinə baxış və texniki vəziyyətinin yoxlanılması kimi istintaq hərəkətləri aparılaraq, Təqsirləndirilən şəxs həmin tarixdə şahid qismində dindiriləməklə qeyd olunan hərəkətlər haqqında 03 mart 2022-ci il tarixli rptokollar tərtib edilmişdir. Göründüyü kimi, təhqiqatçı tərəfindən “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərar 04 mart 2022-ci il tarixdə qəbul edilərək həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməklə HK-1/145 nömrəli material qeyd olunan tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə təqdim edilmişdir. Müstəntiq tərəfindən isə toplanmış HK-1/145 nömrəli material 03 mart 2022-ci il tarixdə, yəni material istintaq şöbəsinə daxil olmadan, cnayət işi başlanaraq icraata əbul olunmuş və istintaqı aparılmışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə sözügedən materialın daxil olmasını idarənin daxil olma möhüründə göstərilən tarixdən deyil, təhqiqatçının raportunda göstərilən tarixdən götürsə belə, yenə də müstəntiq təhiqiqatda olan materialı istintaq şöbəsinə daxil olmazdan bir gün qabaq icraatına qəbul edərək cinayət işini başlamış və müəyyən istintaq hərəkətləri aparılmışdır. Bütün bunlarla yanaşı, müstəntiqin qeyd olunan qanunvericiliyin tələblərinə zidd hərəkətləri, yəni cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarla yanaı sadalanan prosessual hərəkətlərə dair tərtib edilmiş 03 mart 2022-ci il tarixli protokollar, ittiham aktında qeyd olunaraq öz əksini tapmışdır. Qeyd olunan xüsusatlar HK-1/145 nömrəli material əsasında ********* nömrəli cinayət işinin başlanmasını şübhə altına salır və tərtib edilmiş ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilmədiyini göstərir. CPM-in 289.2.3-cü maddəsinə əsasən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) ittiham aktının giriş hissəsində göstərilir. CPM-in 289.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət- Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlar və protokollar, eləcə də, ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənədlər olmaqla təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verən sübutlar və ittihamın sübuta yetirilməsi öz əksini tapmalı, habelə ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə və təqsirləndirilən şəxsə göndərilsin.
Hakim: Fərid Əmirəliyev