Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-410/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi “ALYANS” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur, ailəlidir, 2 övladı var. Hal-hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində koordinator vəzifəsində işləyir. Belə ki, 2000ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlamış, 2013-cü ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayınadək olan müddət ərzində Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmişəm. 07 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən tərəqqi medalı ilə təltif olunmuş, 2018-ci ildən tibbi üzrə fəlsəfə doktorudur. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik akademiyasında "menecemenf' ixtisası üzrə ikinci ali təhsil almışdır. O, 20-dən çox xarici dövlətlərdə "hematologiya" sahəsində keçirilmiş elmi konfrans və konqreslərdə Azərbaycan Respublikasını təmsil edərək, həm yerli həm də beynəlxalq nüfuzlu jurnallarda elmi məqalə və kilinki protokolların müəllifi kimi çıxış etmişdir. Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi vaxt tanıdığı X5 "İnstagram" sosial şəbəkəsində onun ünvanına nalayiq sözlər işlətmiş, eləcə də onun guya cinayət əməlləri törətməyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə böhtan xarakterli məlumatlar paylaşmışdır. X5 xx.xx.2019-cu il tarixdə CM-in 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-486/2020 saylı hökmü ilə barəsində ittihamverici əsaslarla hökm çıxarılmışdır. Belə ki, X5 "İnstagram" sosial şəbəkəsində, özünə məxsus olan "deniz_esedova_offıcial” profilində ünvanına nalayiq sözlər hesab edilən "cındır qızı", "maşennik", "fahişə" deməklə onu təhqir etmişdir. Eyni zamanda X5 "İnstagram" sosial şəbəkəsində özünə məxsus olan "deniz_esedova_official" profili vasitəsilə "bunun bir saxlayanı var hara xahişə çıxır o məmur, hamı deyir mümkün deyil e qardaş" deməklə onu növbəti dəfə təhqir etmişdir. X5 “İnstagram” sosial şəbəkəsində ”deniz_esedova_offıcial” profili vasitəsilə onu təhqir edən zaman fotoşəkillərini də paylaşmaqla onu təhqir etmişdir. X5 CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini davam etdirərək "İnstagram” sosial şəbəkəsində "deniz_esedova_official" profilində paylaşdığı video müraciətdə "mehparə kimi fahişlər" deməklə yenidən onu təhqir etmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş video görüntüdə Dəniz Əsədova yenidən 50 min dənə kişinin pastelindən keçsin, kimsə məmur olsun, Mehparənin videosu məndə, səs yazısı məndə”, "kimdi Mehparəyə sahib çıxan, nağara çöpüdü qıçları” deməklə onu təhqir etmiş, eyni zamanda ağır və ya xüsusilə ağır cinayət törətməklə bağlı böhtan xarakterli yalan məlumatlar yaymışdır. X3 cinayət əməlləri bununla da kifayətlənməmiş, "İnstagram” sosial şəbəkəsində, ”deniz_esedova_official” profili vasitəsilə "Mehparə baş həkim olub, rüşvətlə səs yazıları var əlimdə” deməklə ağır və ya xüsusilə ağır cinayət törətməkdə böhtan xarakterli məlumatlar paylaşmışdır. Baş həkim işlədiyi dövrdə onun hər hansı vəzifə cinayətinə dair X3 hüquq-mühafizə orqanlarına müraciəti olunmamışdır. Barəsində böhtan xarakterli məlumatlar yayması, eləcə də "İnstagram" sosial şəbəkəsində ünvanına nalayiq sözlər işlətmiş, eləcə də dəfələrlə KİV-lərdə barəsində həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi “ALYANS” Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X2 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməli olsa da, X4 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə yaşayış yerini göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatları (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərməli olduğu halda, X4 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsini göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsində şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsini (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilməli olsa da, X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri göstərilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X6 barəsində CM-in 147.2 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-410/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-410/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver