Məhkəmə qərarları › İş №1(001)-410/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-410/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-410/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanında yerləşən “Modern Plates” sağlamlıq mərkəzinin qarşısına gələrək, sonuncunun həmin sağlamlıq mərkəzinə gələn kişi cinsli şəxs ilə ona xəyanət etməsini bəhanə edərək, Zərərçəkmiş şəxs iş saatının bitməsi ilə əlaqədar iş yerindən çıxdığını görüb onu təqib edərək küçədə ona yaxınlaşıb, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün, özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, ətrafda insanların olmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq, sonuncuya burun sümüklərinin sınığı ilə müşayiət olunan burun belinin qançır-şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin qançır- şişkinliyi, sağ qulaq seyvanının, sağ diz oynağı nahiyəsinin qançırları, sol yanağın selikli qişasına qansızma, sağ və sol dirsək oynağı nahiyələrinin sıyrıqları kimi bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, özünü həmin Məcəllənin 127.1-ci maddəsi ilə təqsirli billdiyini göstərərək bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Həmin ifadə onun sözləri ilə yazılmışdır. Belə ki, o, 2011-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, bu nigahdan 2012-ci və 2016-cı ildə övladlları dünyaya gəlmişdir. İlk əvvəllər ailəsində heç bir vaxt problem olmamış, 2018-ci il tarixdə həyat yoldaşıyla aralarında bəzi problemlər yaranmışdır. Belə ki, bir neçə dəfə həyat yoldaşının bəzi hərəkətlərini tutmuş, lakin, yoldaşı and içib, inanmağını xahiş etmişdir. Bunda sonra düşünmüşdür ki, baş verənlər qısqanclıq zəmnində yaranır və hər xırda bir şeyə görə ailəsinin üstünə getməməlidir. O, mühafizə xidmətində işlədiyindən son vaxtlar işdən evə gec gəlmiş və ailəsinə çox vaxt ayıra bilməmişdir. Yoldaşı da 2022-ci yaxud 2023-cü ildən “Modern Plates” sağlamlıq mərkəzində lazeroloq olaraq işləməyə başlamışdır. 2024-cü ilin noyabr ayında həyat yoldaşının məhkəməyə boşanma ilə bağlı müraciəti barədə ona poçt vasitəsi ilə məhkəmədən məktub gəlmişdir. Bununla bağlı o yoldaşına zəng vurmuş, həmin vaxtı aralarında bir az soyuqluq olduğundan yoldaşı anasıgildə qalırdı. Zəng edərək nə məsələ olmasını soruşduqda sonuncu artıq onunla yaşamaq istəmədiyini bildirmişdir. Bundan şok keçirmiş, stressdən 95 kilodan 63 kiloya qədər arıqlamışdır. Daha sonra məcbur qalaraq işindən ayrılmış, həmin zamanlar bir evdə yaşasalar da, 2025-ci ilin 14 fevralından sonra ayrı yaşamağa başlamışlar. Onların birlikdə yaşadığı ev kirayə idi, ayrıldıqdan sonra o atasının evinə getmiş, İlhamə isə işinə yaxın bir yerdə kirayədə yaşamağa başlamışdır. Məhkəmədən boşanma barədə məktub gələndən sonra onda şübhə yaranmışdır ki, heç kəs anidən ayrılmaq qərarına gəlməz. Bundan sonra həyat yoldaşını izləməyə başlamışdır. Adədən İlhamə saat 19:00-20:00 radələrində işdən çıxırdı. 02 aprel 2025-ci il tarixdə hamı çıxdıqdan sonra yoldaşı İlhamə və administrator olan Sumayət adlı xanım çıxmamışdır. Həmin zaman o kənardan müşahidə etmiş və saat 21:00-22:00 radələrində bir nəfər kişinin salona yaxınlaşmasını görmüş, bundan bir neçə dəqiqə sonra Sumayət xanım binadan çıxmış, işıqları söndürmüş və qapını çöldən bağlamışdır. Yoldaşı və həmin şəxs orada qalmışlar. Təxminən 40 dəqiqə gözləmiş, bundan sonra qapı açılmış və həmin kişi oradan çıxmış, dərhal yaxınlaşıb kişini tutmuş və orada nə etməsini soruşmuş, ona cavab olaraq şəxs lazerə gəldiyini demiş, bundan sonra həmin yerin yalnız qadınlara xidmət göstərməsini və özünün İlhamənin yoldaşı olmasını söyləmişdir. Bundan sonra həmin şəxs ona “mənə birləşib, torba tikirsiniz? Mən pulumu verib gəlmişəm” deyə bildirmiş, dərhal 2 dəfə zərbə endirmiş, bir-birilərinin yaxalarından tutmuş və salonun qarşısından binaya tərəf gəlmişlər. O, hər şeyi boynuna almasını, onunla heç bir işinin olmamasını demiş, həmin vaxtı da salonun qapısını döyüb sakit səslə İlhamədən qapını açmasını tələb etmişdir. Binada narahatçılıq yaratmamaq üçün qışqırmamış, həmin kişidən də sakit olmağı tələb etmiş, qapını dəfələrlə döyməsinə baxmayaraq qapı açılmamışdır. Onun başı həmin kişi ilə danışmağa qarışan zaman salonun qapısı açılmış və İlhamə salondan çıxıb qaçmış, bu zaman həmin kişi də onun əlindən çıxaraq qaçmışdır. Həmin zaman o İlhamənin arxasınca qaçaraq çatmış və qolundan tutmuş, nə məsələ olmasını soruşmuş, bundan sonra İlhamə qışqırmış və ona artıq əri olmadığını, boşanma üçün müraciət etdiyini demişdir. O, bu illər ərzində bu hərəkəti necə etməyini soruşmuş, bundan sonra onun yaxasını dartmağa və qışqırmağa başlamış, həmin vaxtı da əlində yara olduğundan əli bintlə sarğlı olmuş, sakitləşməsi üçün İlhamənin qolundan tutub, üz nahiyəsinə sillə ilə vurdmuşdur. Bunu da onun sakitləşməsi, digər şəxslərin eşitməməsi üçün etmiş, evə gedərək söhbət etməyi tələb etmiş, həmin zaman da yaralı olduğundan əlinin iç hissəsi ilə vurmuş, lakin yumruq vurmamışdır. Olanlara baxmayaraq İlhamə sakitləşməmiş, oraya adamlar toplaşmış, istər-istəməz dartışma yarandığından İlhamə yerə yıxılmış, bundan sonra “nə istəyirsən, mən boşanmış qadınam” deyə qışqırmış, o isə söhbətin boşanmadan getmədiyini, illər ərzində ona xəyanət etməsini bildirmişdir. Yoldaşı da dayanmadan onu təhqir edib, alçaldıcı sözlər işlətmiş, proses bu cür yaranmışdır. Ora çox adam toplaşmamış, təxminən 6-7 nəfər adam toplaşmış, daha sonra yoldaşı atasına zəng vurmuş, hadisə yerinə qaynatası və qaynanası gəldikdə isə oradan uzaqlaşmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq İlhaməni qolundan tutub saxlayanda, həmçinin sillə zərbəsi vuranda ətrafda heç kimsə olmamış, İlhamə adamların ora gəlməsi üçün səs-küy salmışdır. Onun İlhaməni vurmaq niyyəti olmamış, sadəcə danışmaq istəmişdir. O, İlhaməyə çatan kimi dərhal vurmamış, sadəcə danışmağa cəhd etmiş, İlhamə isə qışqıraraq onu təhqir etmiş, 2-3 dəqiqə aralarında söhbət olmuş, adamlar gəldikdən sonra o İlhaməni vurmamışdır. İlhamənin atası və anası ora gələndə hadisə yerində olan tanımadığı bir nəfər gəlib onu aralaşdırmış və hadisənin böyüyəcəyini, səs-küyə ehtiyac olmadığını demişdir. Onun İlhamə ilə mübahisəsi cəmi 2-3 dəqiqə davam etmiş, adamlar gəldikdə isə heç nə etməmişdir. Aralandıqdan sonra salondan çıxan kişi orada olub-olmamasnını bilmək üçün salonun qarşısına gəlmişdir. Əgər onun dava etmək niyyəti olsa idi, salonun qapısı şüşədən idi, təpiklə vurub həmin qapını sındırardı, həmin kişini də salona salardı. Lakin niyyəti danışmaq olduğundan elə hərəkətlərə yol verməmişdir. Hadisə zamanı İlhaməyə 1 yaxud 2 dəfə əlinin içi ilə üz nahiyəsinə zərbə endirmiş, zərbədən sonra İlhamə yıxılmışdır. Həmin yerdə salonun içərisində və çölündə kameralar vardır. O, həmin kişi ilə söhbət etdiyi vaxt da kameraya düşmüşdür. O, 4-cü polis şöbəsinə kameraların götürülməsi ilə bağlı müraciə etdiyi zaman həmin məsələnin istitnaqda araşdırılacağı bildirilmiş, müstəntiq isə daha sonra ona kameranın vaxtı bitdiyini və artıq baxmağın mümkün olmadığını söyləmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, etdiyi əməldən peşman olduğunu, zərəçəkmiş şəxslə barışdığını, zərəçəkmiş şəxsə vurulmuş ziyana görə ümumilikdə məhkəmə zalında 4000 manat ödədiyini, xx.xx.2025-ci il tarixdən rəsmi qaydada boşandıqlarını, lakin məhkəmə qətnaməsinin hələki almadığını, uşaqlara görə ümumilikdə 2500 manat aliment ödədiyini, işsiz olduğu üçün son iki ayın ödənişini edə bilmədiyini, lakin həmin ödənişləri də yaxın günlərdə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi hərəkətlərə görə məhkəmə qarşısında üzr istədiyini, törətdiyi əmələ görə peşman olduğunu, bir daha belə hərəkətin təkrar olunmayacağını bildirərək məhkəmədən dəalətli qərar qəbulm edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulsa da, milliyətcə azərbaycanlıdır, 2004 və ya 2005-ci ildən Azərbaycan Respublikasında yaşayır, Azərbaycan dilində sərbəst danışa və yaza bilir və deyilənləri başa düşür. Buna görə də, tərcüməçiyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxslə 2011-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 2 oğlan övladları dünyaya gəlmişdir. Həmişə aralarında bu cür söz-söhbətlər olmuş, əsasən yoldaşının xəyanətinə görə belə mübahisələr yaşamışlar. Ancaq mübahisələr zamanı Akif heç vaxt onu vurmamışdır. Son 2 il ərzində isə Akif onu mütəmadi olaraq döyməyə başlamış, bundan ötrü dəfələrlə anasıgilə gedərək orda qalmış, sonra yenə qayıtmışdır. Dəfələrlə uşaqların gözü qarşısında onu döymüş, ancaq həmin davalarla bağlı şikayət etməmişdir. Şikayət etməməsinin səbəbi 2 övladının olması, ailəsinin dağılmasını istəməməsi olmuşdur. 2024cü ilin noyabr ayında şiddətli dava etmişlər, o, Akifin xəyanətini tutsa da, sonda yenə barışmışlar. Akif bir daha xəyanət etməyəcəyinə and içmiş, lakin, daha sonra uşağının ad günündə onun telefonunda başqa xanımlarla şəkillərini görmüşdür. Həmin vaxtı Akif onu yenə döymüşdür. Bundan sonra Akif artıq gecələr evə gəlməməyə başlamış və ailəsinə baxmamışdır. O uşaqların hazırlıq pullarını belə çatdra bilməmiş, Akifin qardaşına zəng edərək qardaşının evə baxmamasını və uşaqların hazırlıq pullarını verə bilmədiklərini demiş, Akifin qardaşı xəbər edəcəyini desə də, heç bir xəbər verməmiş, zəng də etməmişdir. Akif onu polisə şikayət etmiş, anasına da zəng edərək «gedin həll edin» demişdir. Bu hadisələrdən sonra boşanma üçün müraciət etmiş, ancaq Akif onun sənədlərini evdən götürmüşdür. Boşanmaya 2024-cü ilin noyabr ayının sonunda müraciət etmiş, bütün sənədləri oğurlandığı üçün yenidən bütün sənədləri tək-tək almışdır. 02 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Moderin Plates» sağlamlıq mərkəzi olan iş yerindən axşam 22:00 radələrində çıxıb evə gedən zaman Akif üzü bağlı və başında papaq ilə arxadan ona yaxınlaşaraq küçənin ortasında saçından tutmuşdur. Həmin zaman kənar şəxslər ora toplaşmış Akif əlində olan bıçağı onun böyrünə tərəf tutub «yaxın gəlməyin yoxsa vuracam» demişdir. Bundan sonra o qışqıraraq kömək istəmiş və onu Akifin əlindən qurtarmalarını xahiş etmişdir. Akif saçından tutaraq onu yerə yıxmışdır. O, işdən çıxanda Akifin arxasınca gəldiyini geri çevrilib baxanda görmüşdür. Akifin onu izlədiyini, hara getsə, arxasınca gəldiyini, əl çəkmədiyini bilirdi. Saçından tutub yerə yıxdıqdan sonra 15-20 dəfə dayanmadan burnuna zərbələr endirmişdir. Belə ki, saçından tutub yerə yıxdıqda başını ayaqlarının arasına salıb, onu vurmağa başlamışdır. Akif ona yumruq və əl zərbələri vurmuş, kimsə yaxınlaşıb kömək etmək istəyəndə «gəlməyin və yaxınlaşmayın, yoldaşıyam, yoxsa öldürəcəm» demişdir. O, həmin vaxtı yerdə qalmış, saçının yarısını yolub yerə tökmüşdür. Həmin zaman bıçaq əlində olmuş, lakin, bıçaqla vurmamış, sadəcə hədə-qorxu gələrək heç kimin yaxın gəlməsməsini tələb etmişdir. Daha sonra onu Akifin əlindən almışlar, hadisə yerinə onun valideynləri gəlmiş və onu polislərlə xəstəxanaya aparmışlar. Akifin məqsədi onu öldürmək olmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Akif ona qəfildən yaxınlaşaraq saçından tutub yerə yıxmış, Akif ona yaxınlaşana qədər onu görməmiş, görəndə qaçmaq istəsə də, gec olmuş və Akif onu saçından tutmuşdur. Akif ona təpik zərbəsi də endirmiş, eyni zamanda əl və yumruqla vurmuşdur. Akif onu vurduğu zaman heç nə deməmiş, polsə ətrafdakı şəxslər zəng etmiş, anası və atası hadisə yerinə gəlmişdir. O elə həmin gün də şikayət etmişdir. Akifin obyektdən kişi çıxması barədə dedikləri yalandır. Onun işlədiyi yer şəxsi obyekti deyil, həmin yerdə lazer, hamam, masaj, idman və sauna var. Hadisədən 15 dəqiqə əvvəl iş yoldaşı da onunla birgə obyektdə olmuşdur. Hətta Akif onun guya kişi ilə restorandan, oteldən çıxmasını demişdir. Əgər elə olmuşdursa, niyə oteldən çıxanda Akif onu vurmurdu? Hadisə Akifin dediyi kimi olmamış, axırıncı iş yerindən o və iş yoldaşı Sumayət xanım çıxmışdır. Sumayət xanım taksi sifariş vermiş və taksi gəldikdən sonra çıxmış, 15 dəqiqə sonra isə o çıxmış, həmin iş yerinə başqa heç kim gəlməmişdir. Akifin dediyi isə şər böhtandır. O, Sumayət xanıma çıxmasını və özünün qapını bağlayacağını demiş, iş yeri yaxın olduğu üçün o evə piyada gedəcəkdi. Şahid1 onlardan əvvəl çıxmış, Ulduz dayanacaq da onların mübahisəsini görmüşdür. Akif ona yaxınlaşdıqdan sonra heç bir izahat istəməmiş, saçından tutub onu vurmağa başlamış, daha sonra təpiklə böyür hissələrinə vurmuş, saçlarını yolmuş, yolun ortasında sürümüş, əlində bıçaq olduğundan heç kəs yaxın gələ bilməmiş, xəsarəti o burnundan almış, burnu sındığından burun əməliyyatı keçirmişdir. Qolları cızıq-cızıq olmuşdur. Akifin ona 2-3 sillə vurması barədə dedikləri yalandır, necə ola bilər ki, 2-3 sillə ilə onun burnu sınsın? xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş ziyana görə 4000 manat ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, xx.xx.2025-ci il tarixdə rəsmi qaydada boşandıqlarını, təqsirləndirilən şəxsin həy ay 460 manat alimet ödəməli olduğunu, ümumilikdə bugünə kimi 3012 manat aliment ödədiyini, övladlarının atası olduğu üçün onun tutulmasını istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, İlhamə ilə 2 ildir bir yerdə işləyir. Belə ki, o, ünvan 2 ünvanında yerləşən “Modern Plates” sağlamlıq mərkəzində masajist olaraq çalışır. Həmin yer qadın mərkəzidir. Hadisə 02 aprel 2025-ci il tarixdə, saat 22:00 radələrində olmuşdur. Hadisə günü işdən bir az tez çıxmışdır, çünki bacısıgilə gedirdi. Yəni o İlhamədən təxminən 10-15 dəqiqə tez işdən çıxmış və dayanacaqda avtobusu gözləyirdi. Həmişə o İlhamədən tez çıxmır, onun İlhamə ilə onların evində qaldığı, birlikdə işdən çıxdıqları vaxtlar da olmuşdur. İlhamənin evi işə yaxındır və hadisə vaxtı İlhamə yol ilə gedirdi. Yolun bir tərəfindən 165 nömrəli avtobus xətti keçir o həmin tərəfdə avtobusu gözləyirdi. Digər tərəfində isə İlhamə öz evlərinə doğru gedirdi. O, avtobusu gözlədiyi zaman hadisənin şahidi olmuş, aralarındakı məsafə təxminən 12-15 metr olmuşdur. O, Akifin İlhamənin arxasınca getdiyini, yaxınlaşıb İlhamənin arxasından saçından tutduğunu, saçından tutduqdan sonra yerə yıxıb sifətinə vurmağa başlamasını, adamlar qıraqdan yaxınlaşmaq istəyəndə isə Akifin əlində bir şey tutub “yaxınlaşmayın yoxsa öldürərəm” dediyini görmüşdür. Lakin Akifin əlində nə olduğunu görməmiş, Akifin İlhaməni döyməsi təxminən 10-15 dəqiqə çəkmiş, həmin vaxtı 2 nəfər cavan oğlan yaxınlaşmış və Akifi aralaşdıra bilmişlər. Akif getdikdən sonra İlhamənin atası və anası hadisə yerinə gəlmişlər, o daİ lhaməgilə getmişdir ki, uşaqlara baxsın. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı qorxudan yaxınlaşa bilməmiş, daha sonra orda olan şəxslər Akifi araladıqdan sonra yaxınlaşmış, Akif İlhaməni vurduğu zaman İlhamə qışqırmış, yolun əks tərəfində olduğundan Akifin nəsə dediyini eşidə bilməzdi sadəcə vurduğunu görmüşdür. O, salondan çıxanda orada adminstrator Sumayət və İlhamə xanım qalmış, başqa heç bir müştəri və adam olmamışdır. İlhamənin evində isə atası, anası, uşaqlar və bir də özü kirayədə qalırlar. Akifi ayırdıqdan sonra hadisə yerinə yaxınlaşmış, İlhamənin atası və anası gələnə kimi İlhamənin yanında qalmış, valideynləri gəldikdən sonra İlhamənin uşaqlarının yanına onların evinə getmiş, gecə 1-2 aralığında salona gəlmiş, buna səbəb salonun işığının yanlı qalması olmuş və adminstrator zəng edib bildirdikdən sonra işığı söndürmək üçün salona getmişdir. Salona daxil olanda orada heç kim olmamış, içəri keçdikdən 10 saniyə sonra arxasınca Akif də içəri daxil olmuşdur. Bu barədə Akif məlumat bildirməmişdən qabaq sadəcə hadisə ilə bağlı danışmadığı üçün heç nə deməmiş, İlhamənin evindən salona məsafə təxminən 5 dəqiqəlik yoldur. O da həmin yerə taksi ilə gəlib qayıtmışdır. Həmin günü o çıxana kimi salona kiminsə yaxınlaşmasını görməmişdir. O, salondan çıxanda adminstrator və İlhamə xanım çay içirdilər. Akifin təqdim etdiyi videoda da stolda 2 stəkan vardır, həmin çəkiliş isə gecə saat 1-2 arası aparılmışdır. Videoda telefonla danışdığı şəxs Sumayət xanımdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, cinayət hadisəsi baş verən vaxt orada olmamış, bu səbəbdən hadisə ilə bağlı bir şey deyə bilməz. Belə ki, O, “Modern Plates” sağlamlıq mərkəzində inzibatçı, İlhamə xanım isə həmin mərkəzdə lazeroloq işləyir. Həmin mərkəzdə digər bir çox işlər də vardır, sonuncu dərsləri 20:00-da başlıyır və 21:00-da bitir. Dərs bitdikdən sonra kiminsə işi olsa 15-20 dəqiqə orada vaxt keçirir. Özü hər gün iş yerindən təxminən axşam 21:00-22:00 aralığında çıxır. 02 aprel 2025-ci il tarixdə iş yerindən təxminən axşam 21:40-da çıxmış, həmin vaxt İlhamə xanım da mərkəzdə qalmış, onlar birlikdə oturub, çay içmişlər. Həmin zaman o taksi gözləmişdir. İş yerində ondan və İlhamədən başqa kimsə olmamış, qalan işçilər artıq işdən çıxmışdılar. Taksi gəldikdən sonra o da işdən çıxmışdır. İlhamə işini qurtardıqdan sonra əl üzünü yumuş, ona demişdir ki, “sən get, mən də çıxıram”. Bəzən işçilərdən hansınınsa gec çıxdığı olur, bəzən isə hamı çıxır sonda özü çıxır. Bütün işçilərdə obyektin açarları vardır. Hansısa işçi işə tez gələ yaxud gec çıxa bilər. Ona görə də obyektin qapısının açarı hərkəsdə vardır. Hadisə günü çıxıb gedəndən sonra İlhaməni yığmışdır. Çünki obyektin işıqlarında problem olmuş, özü də işdən çıxandan əvvəl İlhaməyə işıqları sayğacdan söndürməyi bildirmişdir. Onun qaldığı evlə iş arasındakı məsafə təxminən yarım saatlıq yoldur, İlhaməyə işığı söndürüb-söndürməməsini soruşmaq üçün zəng etmiş, lakin zəngi İlhamənin anası açmış, ətrafdan isə qışqırıq səsləri gəlmişdir. İlhamənin anası ona İlhamənin yoldaşı tərəfindən döyülməsini, pis vəziyyətdə olmasını, özlərinin ora gəlməsini bildirmiş, ona da gəlməyi təklif etmişdir. O, uzaqda olduğunu, gələ bilməyəcəyini demiş, həm də qan görəndə qorxduğu üçün getməmişdir. Başqa bir şeyin şahidi olmamış, İlhamə xəstəxanaya getdikdən sonra onunla görüntülü zənglə danışmışlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İlhamə mərkəzdə 2023-cü ildən işləməyə başlamış, İlhamə ilə Akif arasında ailə problemləri olmuş və boşanma ərəfəsində idilər. X2 o barışdırmışdır. Hadisəndən İlhaməylə telefonla danışdıqdan sonra xəbəri olmuş, o işdən çıxanadək İlhamənin yanına hansisa bir kişinin gəlməsinin şahidi olmamışdır. İlhaməylə çay içmişlər və birlikdə olmuşlar, İlhamənin anası ilə o danışmış, özünün çıxdığını və İlhamənin də birazdan çıxacağını demişdir. Hadisə günü İlhaməyə zəng etdikdən sonra digər işçiləri Ulduza zəng etmişdir. Ulduza zəng etməkdə məqsədi İlhaməyə kömək etməsini xahiş etmək olmuş, Ulduz İlhamənin yanında olmasını bildirdikdən sonra İlhamənin obyektdə işığı söndürməsini dəqiq bilmədiyini, buna görə də gedib işığa baxmasını xahiş etmişdir. Ulduz qorxduğunu demiş, o da Ulduza yaxın yerdə olduğunu taksi ilə gedib yoxlayıb qayıtmağı bildirmişdir. O, Ulduzla danışan zaman artıq İlhamə xəstəxanada idi. Ulduz obyektə getdikdən sonra ona zəng edərək Akifin obyektə daxil olmasını demiş, bundan sonra o Akiflə danışmışdır. Onların obyektində kameralar olsa da, yaddaş qurğusu yoxdur, çəkiliş günlük olaraq qalır. İş vaxtı saat 10:00-dan axşam 21:00-a kimi davam edir və mərkəz yalnız qadınlara xidmət göstərir, kişi müştərilər qəbul edilmir, hadisə günü də obyektdə kişi olmamışdır. O, çıxdıqda İlhamə içəridə olmuş, lakin içəriyə başqa adam daxil olmamışdır. Əgər Akif dediyi kimi oraya kişi daxil olmuşdusa, Akif nəyi gözləmişdir? Axı İlhamə onun həyat yoldaşı idi, həmin an içəri daxil ola bilərdi. Bundan başqa o salondan çıxanda niyə qarşısına keçərək deməmişdir ki, qapını aç, yoldaşı içəridədir, içəri keçəcəkdir. Həmin günü axşam işıqları söndürüb, qapını bağlayıb, getmişdir. Zal elədir ki, yanaşı otaqlarda olanlar bir-birini görmür. Axşam olduğu, kiminsə daxil olub alətləri oğurlaya bilməsinin mümkün olduğu üçün qapını bağlayıb, zalın işığını söndürüb getmiş, digər işıqları isə söndürməmişdir. İçəridə qalan adamda açar olduğu və qapını aça bildiyi üçün gedəndə qapını bağlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlannası və aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2025-ci il tarixli “Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması barədə” qərardan görünür ki, AR CM-nin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürülmə barədə” protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2025-ci il tarixli, 461 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnm bədənində aşkar olunmuş xəsarətlər - burun sümüklərinin sınığı ilə müşaiyət olunan burun belinin qançır-şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin qançır-şişkinliyi, sağ qulaq seyvanının, sağ diz oynağı nahiyəsinin qançırları, sol yanağın selikli qişasına qansızma, sağ və sol dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxsmn bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxsmn bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hmdırlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2025-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da azadlığı faktiki məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqıda” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, üzləşdirmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokolları və əhəmiyyət kəsb edən sənədlər sübut növü kimi qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-410/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə məhkəməyə verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Elektron məhkəmə informasiya sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Ömər Nuriyev və xx.xx.2016-cı il tarixli Uğur Nuriyev adlı iki övladı var. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş İlhamə Nuriyeva Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ilk öncə özünü ona elan edilmiş ittihamda qismən, yəni yalnız CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilsə də, daha sonra ona elan edilmiş CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə özünü təqsirli bilmiş, onun təqsilriliyi yalnız öz ifadəsi ilə deyil, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və müvafiq məhkəmətibb ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və barışıq əldə edilməsini, himayəsində iki azyaşlı övladının olmasını və təqsirləndirilən şəxsin övladlarına aliment ödəməsini və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən də islah etmək və cəzanın məqsədlərinə nail olmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli (CM-66.2), cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan səhər saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 440 (dörd yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il, 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 2 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırda yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış yerini saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar