Məhkəmə qərarları › İş №1(001)-411/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-411/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-411/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi 108-ci korpus, ev 11-də qeydiyyatda olan və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda yerləşən Hərbi şəhərciyin qarşısında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,057 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 12.10-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında saxlanılıb oradan 43-cü Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,057 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 may 2021-ci il tarixdə, saat 10.30-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK 4 deyilən ünvana gedib orada bir büküm psixotrop maddə metamfetamin əldə etmək istəmiş və üzərində cəmi 25 manat pul olmuşdur. Həmin ünvanda əvvəllər üzdən bir neçə dəfə gördüyü şəxs Mahir İmaməliyevi görmüş, sonuncu metafetamin almağa gəldiyini ona demiş, bundan sonra onlar hərəsi ayrılıqda həmin yolun kənarına gələn həmin şəxsdən bir bükümdə metamfetamini ondan şəxsi istifadəsi üçün 25 manata almış və həmin yerdən uzaqlaşmışdır. Həmin gün, saat 12:10-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında X3 ilə birlikdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərinə “Rothmans” yazısı olan göy rəngli siqaret qutusunu, həmin şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan üzərindən aşkar olunmuş siqaret qutusunu açıb içərisini boşaltmağı tələb olunduqda o, siqaret qutusunun içərisini boşaltdıqda, siqaret qutusunun içərisindən siqaret dənələrindən başqa heçnə aşkar olunmamış, onun üzərindən aşkar olunmuş bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin pşixotrop maddəni həmin gün, saat 10:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda yerləşən Hərbi şəhərciyin yaxınlığında 25 manat ödəməklə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. O, M.İmaməliyevi orada təsadüf nəticəsində görmüş, onlar oraya birlikdə getməmiş, o, psixotrop maddəni əldə etdikdən sonra istifadə etmək üçün Binəqədi qəsəbəsi, 1-ci mədən Lallar fabriki tərəfə getmiş, sonuncu da onun arxasınca metamfetamini çəkmək üçün getmişdir. Onunla öncədən heç bir danışığı və həmin ünvana gedərək metamfetamin əldə etmək barədə razılığı olmamış, əldə etdiyi bir büküm metamfetamindən də M.İmaməliyevə pay verməmişdir. Məhkəmədən təqsirini səmimi etiraf etməsini, cinayət əməlindən peşman olmasını nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. O, 20 may 2021-ci il tarixdə 43-cü PB-nə mötəbər mənbədən daxil olan məlumata əsasən xx.xx.1993-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 43-cü PB-nin inzibati ərazisinə aid olan Binəqədi rayonu Binəqədi qəsəbəsi və Mədənlər ərazisində qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 daxil olmuşlar. Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 -ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında 20 may 2021-ci il tarixdə, saat 12.10-da zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bidlirdikdə, həmin şəxs özünü təqdim etmişdir. Onlar ona psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 43-cü PB-nə dəvət etmişlər. 43-cü PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. O, üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir. Onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi barədə ona deyildikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Rothmans” yazısı olan siqaret qutusu və həmin cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin şəffaf sellofan bükülü açıldıqda içərisində olan ağ rəngli maddə barədə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vasitə metamfetamindir, metamfetamini həmin gün saat 10.30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu hərbi şəhərciyin yaxınlığında tanımadığı şəxsdən 25 manata əldə edərək şəxsi istifadəsi üçün almış və üzərində gəzdirmişdir. Həmin vaxt tanışı Mahir İmaməliyev də həmin şəxsdən öz istifadəsi üçün bir büküm metamfetamin almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən şəffaf rəngli sellofan bükülüdə olan ağ rəngli maddə deməsinə görə metamfetamin olan büküm qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri 243 nömrəli möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.05.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) 20.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17) 20.05.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli üzərinə “Rothmans” yazısı olan siqaret qutusunu, həmin şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. (i.v.30-32) Məhkəmə Ekspertizası Mərkəzinin 20.05.2021-ci il tarixli, 6/1988 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №243” möhür əksi Bəkirov.A...və s.” yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,057 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin’’in İ siyahısına daxildir. (i.v.37-41) 22.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.65-66) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 04.06.2021-ci il tarixli tələbnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.88) 19.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əynindəki göy rəngli cins şalvarın sol yan cibində 01 ədəd şəffaf rəngli sellofan bükülünün aşkar olunması müşahidə olunur. (i.v. 94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının 24 iyul 2021-ci il tarixli 2459 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metmafetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda absitensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.103-104) 31.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 1,007 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v.108-115) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 20.05.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12.10-da Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 43-cü Polis bölməsinə aparılmışdır. (i.v.7) 20.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdə, saat 13.00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.19-20) Binəqədi rayon Məhkəməsinin 4(001)-478/2021 saylı, 22.05.2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 20.05.2021-ci il tarixdən hesablanmışdır. (i.v. 83- 86) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-411/2021 saylı, 19.08.2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki 20.05.2021-ci il tarixdə, saat 12.10-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 22.05.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 20.05.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,007 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 20.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,007 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar