Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-412/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 104A, mənzil 19 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes S500” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni öz hərəkət zolağı ilə hərəkət etməli, ötmə əməliyyatı etmək üçün əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmamalı, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən sürətdən artıq sürətdə idarə etməməli kimi qaydalara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyib, avtomobil ilə 80-85 km/saat sürətlə hərəkət edərək dönmə əməliyyatı icra etmək istəyən Zərərçəkmiş şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncuya oturaq və bud sinirlərinin travmatik zədələnməsi və sol aşağı ətrafda monoparezlə (hərəki funksiyanın zəifləməsi) müşayiət olunan 2-ci oma fəqərəsinin sınığı kimi dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş və yol-nəqliyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə özünü təqsirli bilsə də, həmin Məcəllənin 264-cü maddəsi ilə təqsirli bilmir, hadisə yerindən qaçmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə “Mercedes “S500” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürərək idarə etmişdir. Biraz tələsdiyindən elə həmin gün təxminən saat 17:00 radələrində Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən Tenis Akademiyasının yaxınlığında idarə etdiyi avtomobillə ötmə əməliyyatı etmək üçün əks hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmiş, bu zaman qarşısında olan “Toyota Prius” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə əməliyyatı edərkən anidən arxadan həmin avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsindən sonra avtomobildən düşüb vurduğu avtomobilə yaxınlaşaraq sürücüdən yaxşı olub-olmamasını soruşmuşdur. Sürücü isə hər şeyin yaxşı olduğunu, xəsarətinin olmadığını bildirmiş, daha sonra həmin sürücü avtomobildən düşüb siqaret çəkməyə başlamışdır. Bu zaman o, sürücünün xəsarət almadığını gördüyü üçün biraz rahat olmuşdur. Çünki, avtomobilə sürücü tərəfdən deyil, arxa hissədən dəymişdir. Həmin vaxtı telefonunun enerjisi bitdiyindən yaxınlarına hadisə törətməsi və ona köməklik etməsi barədə məlumat vermək üçün piyada Azadlıq metrosu istiqamətinə tərəf gedərək telefon mağazasında telefonunu şarja qoymuşdur. Getdiyi yer hadisə yerindən 70-80 metr aralıda olmuşdur. Telefonu mağazada təxminən 6 dəqiqə ərzində şarj yığdıqdan sonra açılmışdır. Telefonu açıldıqdan sonra qaynatası Şahinə, həmçinin avtomobili icarəyə götürdüyü şirkətin əməkdaşları Aqşin və Naib adlı şəxslərə zəng edərək hadisə törətməyi barədə məlumat vermişdir. Telefonu bir az şarj yığıb açılan kimi isə yenidən hadisə yerinə qayıtmışdır. Hadisə yerinə qayıdan zaman Elşadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını görmüşdür. O da təcili tibbi yardım maşınının arxasınca getmişdir. Zərərçəkmiş şəxs 1 saylı şəhər kliniki xəstəxanasına aparmışlar, özü də onun arxasınca həmin xəstəxanaya getmişdir. Daha sonra müstəntiqlə əlaqə saxlayıb polis idarəsinə getmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, idarə etdiyi avtomobil qarşıdakı nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılmış və nəticədə onun avtomobili səkiyə dəyərək dayanmışdır. O, dərhal avtomobildən düşərək digər avtomobilə yaxınlaşmış, qapını açaraq sürücü Elşadın vəziyyətini soruşmuşdur. Elşad isə özünü yaxşı hiss etdiyini bildirmiş, avtomobildən düşərək siqaret çəkməyə başlamışdır. Buna görə də hər hansı ciddi xəsarətin olmadığını, yalnız avtomobillərə zərər dəydiyini düşünmüşdür. Həmin vaxt telefonunun enerjisi tamamilə bitdiyindən onu şarja qoymaq məqsədilə hadisə yerindən uzaqlaşmış və təxminən 16–17 dəqiqə sonra geri qayıtmışdır. Hadisə yerinə döndükdə Elşadın vəziyyətinin pisləşdiyini, onun yıxıldığını və təcili tibbi yardım maşınının artıq hərəkət etdiyini görmüş, orada olan şəxslərdən birindən onu təcili tibbi yardım maşının arxasınca aparmasını xahiş etmiş və təcili yardım maşınının arxasınca xəstəxanaya getmişdir. Xəstəxanada isə hadisəni törədən şəxsin özü olduğunu bildirmişdir. Bu, onun ilk qəzası olmuş, həyəcanlı və çaşqın vəziyyətdə olduğundan polisə məlumat verməmişdir. Hadisə yerində yalnız qarşılıqlı olaraq bir-birilərinin vəziyyətini soruşmuşlar, lakin ad, soyad və telefon nömrəsi kimi şəxsi məlumatlar təqdim edilməmişdir. Telefonunu şarja qoyduqdan sonra qayınatası Şahinlə əlaqə saxlamış, qayınatası hadisə yerinə gələrək onunla birlikdə xəstəxanaya getmişdir. Avtomobili isə hadisə yerində qoymuş, daha sonra “Rent a car” şirkətinin əməkdaşları həmin avtomobili götürmüşlər. Avtomobili əvvəldən sənədsiz, 130 manata yarım günlük icarəyə götürmüş, sonradan dostunun adına rəsmiləşdirilməsini nəzərdə tutduğundan, tam günlük olacağı halda isə 280 manat ödəyəcəyini də əlavə etmişdir. Həmçinin, telefonunun enerjisinin tam bitdiyini və cihazın “iphone 11” markalı olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə hadisə yerindən qaçmadığını, bu günə kimi də zərərçəkmiş şəxsə hər cür köməklik etdiyini, himayəsində azyaşlı övladı olduğunu və digər qeyd etdiyi xüsusatları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, qonşuluqda yaşayan tanışı Nail Həsənovdan «Toyota Prius» markalı **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini günlük 25 manata icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobil üçün əvvəlcədən 2000 manat ödəniş etmiş, 10 aya yaxındır həmin avtomobil onda olmuş, aralarında olan razılaşmaya əsasən gündəlik 25 manat ödəməklə 36 ayın tamamında həmin avtomobil ona qalacaqdı. xx.xx.2024-cü il tarixdə, təxminən saat 17:00 radələrində müştəri sifarişi ilə bağlı Binəqədi rayonu İ.Dadaşov küçəsində hərəkətdə olarkən sol istiqamətində binalar olan tərəfə dönərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Sola dönmə əməliyyatı edərkən surəti təxminən 3-5 km/saat olmuşdur. Sola dönmə əməliyyatı etməmişdən öncə arxadan hər hansı avtomobil gəlmədiyini görüb sola dönən zaman artıq arxadan digər avtomobil idarə etdiyi avtomobilə dəymişdir. İdarə etdiyi avtomobili zərbənin gücündən təxminən 8-10 metr hərəkət edərək ağaca dəyib dayanmışdır. Ona dəyən “Mercedes” markalı avtomobil isə səkiyə dəyərək dayanmışdır. Həmin avtomobil 80-90 km/saat sürətlə hərəkət etmişdir. Qəza baş verdikdən sonra “Mercedes” markalı avtomobildən bir nəfər düşərək ona yaxınlaşıb vəziyyətini soruşmuş, o da cavabında yaxşı olduğunu demişdir. Daha sonra özü də avtomobildən düşüb siqaret yandırmış, bu zaman avtomobilin sahibinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Avtomobilin sahibi isə həmin vaxt uzaqda olduğunu, lakin qardaşını hadisə yerinə göndərəcəyini bildirmişdir. Daha sonra “Mercedes” markalı avtomobilə yaxınlaşaraq vəziyyəti öyrənmək istəmiş, lakin avtomobildə heç kimin olmadığını görmüşdür. Təqsirləndirilən şəxs hadisə yerindən getməsini görməmiş, bu barədə ona məlumat verməmişdir. Lakin qəza baş verdiyi zaman həmin şəxs yaxınlaşıb onun vəziyyətini soruşmuşdur. Bir az keçdikdən sonra isə huşunu itirərək yıxılmış, ayılanda təcili tibbi yardım maşınında getməsini bilmişdir. Təqsirləndirilən şəxs onun arxasınca gəlməyini xəstəxanaya çatanda bilmişdir. Xəstəxanaya çatanda artıq vəziyyəti biraz yaxşılaşmışdır. Hadisəni törədən şəxs xəstəxanada hadisəni özünün törətdiyini və adının Ülvi olduğunu bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs qaynatası da gəlmiş birlikdə xəstəxanının həyətində olmuş, hətta onu təcili tibbi yardım avtomobilindən düşürməyə də kömək etmişlər. İlk öncə təcili tibbi yardım maşını onu 1 saylı şəhər kliniki xəstəxanasına gətirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs və qaynatası onu təcili tibbi yardım maşını ilə başqa xəstəxanaya aparmışlar. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, qəza baş verdikdən sonra təcili tibbi yardımı kimin çağırdığını bilməmiş, özü heç bir halda təcili yardıma müraciət etməmiş, yalnız avtomobilin sahibinə zəng edərək hadisə barədə məlumat vermişdir. Qəzanın baş verməsi ilə özünü itirib yıxılması arasında təxminən 10-15 dəqiqə vaxt olmuş, həmin müddətdə ayaq üstə dayanmış, yalnız belində yüngül ağrı hiss etmiş, lakin daha sonra vəziyyəti pisləşərək huşunu itirmişdir. O, hadisə yerində polis və ya təcili tibbi yardım əməkdaşlarının gəlməsini görməmiş, sadəcə sirena səsi eşitmiş, amma bu səsin polisə, yoxsa təcili yardıma aid olduğunu dəqiq olaraq bilməmişdir. Qəza baş verəndən dərhal sonra “Mercedes” markalı avtomobildən düşən Ülvi adlı şəxs ona yaxınlaşaraq vəziyyətini soruşmuş, özü isə cavabında vəziyyətinin yaxşı olduğunu demişdir. O, hadisə anında ciddi bir ağrı hiss etməmiş, yalnız belində yüngül ağrı olmuş, bu səbəbdən də vəziyyətinin normal olduğunu bildirərək hətta digər avtomobilə də baxmağa getmiş, lakin sonradan özünü itirərək yıxılmışdır. Xəstəxanada isə həmin şəxs hadisəni özünün törətdiyini, adının Ülvi olduğunu ona bildirmişdir. Ülviyə “səni hadisə yerində görə bilmədim, hara getmişdin?” sualını verdikdə isə Ülvi “telefonum sönmüşdü, onu şarj etməyə getmişdim” cavabını vermişdir. İstintaq zamanı verdiyi ifadə əsasən doğrudur, sadəcə orada avtomobilin zərbədən hərəkət etdiyi məsafənin 30 metr göstərilməsi yanlışdır, əslində isə bu məsafə 8- 10 metr olmuşdur. Qəza anında onun arxasında iki avtomobil də olmuş, lakin Ülvi həmin avtomobilləri də ötərək gəlib onun idarə etdiyi avtomobilə çırpılmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən yayınmamış, hadisədən sonra da orada olmuşdur və ittiham aktında onun hadisə yerindən yayınması barədə göstərilənlər həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Müalicəsini də hazırda Təqsirləndirilən şəxs dəstəyi ilə davam etdirir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs çıxışında bildirmişdir ki, o, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir, çünki hazırda onun birbaşa köməyi ilə müalicəsini davam etdirir və həbs olunacağı təqdirdə müalicəsi yarımçıq qalacaqdır. Bundan əlavə, təqsirləndirilən şəxs onun ailəsinə də yardım göstərir, üç azyaşlı övladının maddi təminatında ona köməklik edir. Ona dəymiş zərər tamamilə ödənilmiş, onlar arasında barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Hadisə qəsdən törədilməmiş, təqsirləndirilən şəxs hadisə yerindən yayınmamış, əksinə dərhal ona yaxınlaşaraq vəziyyəti ilə maraqlanmış, daha sonra birlikdə xəstəxanaya getmiş və hətta bir xəstəxanadan digərinə aparılmasında da yardım etmişdir. Bu səbəblərdən o, məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzanın təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v. 01); Binəqədi RPİ-nin məsul növbətçisi polis leytenantı Qasım İsmayılovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:15-də AR DİN-in “102” zəng mərkəzindən daxil olmuş məlumatda KTM-dən həkim Qasımovanın xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs YNH-si zamanı çanaq sümüyünün sınığı xəsarəti ilə müraciət etməsi barədə məlumat daxil olmuşdur. (i.v.6); xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və hal şahidləri X3 və X4 iştirakı ilə həmin tarixdə saat 20:25-dən 20:55-dək hadisə yerinə baxış keçirilmişdir. Baxışın aparıldığı hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsidir. Yolun hərəkət hissəsi düz, yolun örtüyü asvalt-betondur, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. İşlək hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.1 üfuqi nişanlanma xətti çəkilmiş, hər istiqamət bir zolaqdan ibarətdir. “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi yolun sol tərəfində, “Mercedes” markalı nəqliyyat vasitəsi isə yolun sağ tərəfində məhəllə arası yolda qabaq hissəsi daş maneəyə dəyərək dayanmış vəziyyətdə aşkar edilmiş, hadisə yerində şin izləri aşkar edilməmişdir. Baxış zamanı hadisənin sxemi tərtib olunaraq fotoşəkillər çəkilmişdir. (i.v. 19-23); xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, **-GS-*** dövlət qeydiyyat nişanlı qara rəngli “Toyota Prius” markalı nəqliyyat vasitəsinin arxa sol hissəsi, arxa sağ hissəsi, arxa baqaj hissəsi baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş vəziyyətə düşmüş, sol arxa farası sınmış, sol qabaq tərəfi əzilmişdir. Avtomobilin 4 ədəd fotosu çəkilərək protokola əlavə edilmişdir. (i.v. 37-30); xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “Mercedes S500” markalı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində qabaq sol tərəfi əzilmiş, buferi qırılmış qabaq kapot hissəsi əzilmiş vəziyyətə düşmüşdür. Avtomobilin 4 ədəd fotosu çəkilərək protokola əlavə edilmişdir. (i.v. 31-34); xx.xx.2024-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. (i.v. 35-36); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 57/1269 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-oturaq və bud sinirlərinin travmatik zədələnməsi və sol aşağı ətrafda monoparezlə (hərəki funksiyanın zəifləməsi) müşayiət olunan 2-ci oma fəqərəsinin sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün "Respublika Neyrocərrahiyyə Xəstəxanası" PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 21:10-dan bir qədər əvvəl əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Həmin xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. (i.v. 45-50); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2723 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz S500” markalı, **-BG-*** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-85 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumata əsasən tədqiq edilən şəraitdə “Toyota Prius” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (i.v. 53-57); Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. (i.v. 59); xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 60-61); xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, Binəqədi rayon prokurorunun müavini tərəfindən Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ruhid Yaqublunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək material əlavə araşdırma aparılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilmişdir. (i.v. 70-71); xx.xx.2025-ci il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1 və 264-cü maddələrinə tövsif edilmişdir. (i.v. 86); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 86-97); Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.117-118); İfadənin yerində yoxlanılması haqqnda xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yerində təsdiq edərək hadisənin baş vermə şəraitini əyani olaraq hadisə yerində göstərmişdir. (i.v. 124-125); Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə icraat Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar CPMin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 127-128); Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-dən alınmış xx.xx.2025-ci il tarixli 3-13-46/2- 21237/25 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük hüququnun olmaması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminə baxış zamanı müəyyən edilmişdir. (i.v. 133); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə araşdırma aparılmış, xx.xx.2017-ci il tarixdə CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 135); Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(008)-291/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkməklə cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. (i.v. 137-141); Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 5 (beş) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 143-144); xx.xx.02025-ci il tarixli “Cinayət işinin təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək iş üzrə ibtidai istintaq davam etdirilmişdir. (i.v. 146); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, digər istintaq hərəkətləri protokolları və cinayət işində olan sənədlər sübut növü olaraq qəbul edilmişdir(i.v. 164-169); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxs onun müalicəsini hazırda davam etdirir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X5 adlı bir azyaşlı övladı var. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən CM-in 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, Məhkəmə təqsirləndirilən şəxsin əməlinin CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmasını, lakin 264-cü maddəsi ilə ittiham olunmasını isə əsassız olduğunu belə əsaslandırır ki, 264-cü maddə ilə məsuliyyət üçün mütləq şərt – nəqliyyat vasitəsini idarə edən şəxsin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş hallardan sonra hadisə yerindən qaçması, yəni qəsdən yayınaraq hadisənin nəticələrindən boyun qaçırması tələb olunur. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu göstərir ki, təqsirləndirilən şəxsin belə bir davranışı olmamışdır. Belə ki, təqsirləndirilən şəxsin hadisə yerindən uzaqlaşması Azərbaycan Respublikası CM-in 264-cü maddəsində nəzərdə tutulmuş “hadisə yerindən qaçma” anlayışına heç bir halda uyğun gəlmir. Çünki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra təqsirləndirilən şəxs avtomobilindən düşərək birbaşa zərərçəkmişin yanına gəlmiş, onun vəziyyəti ilə maraqlanmış, zərərçəkmiş isə həmin an özünü normal hiss etdiyini bildirmiş və hətta siqaret yandıraraq çəkmişdir. Bu davranış zərərçəkmişin sağlamlığında hər hansı ciddi təhlükə olmadığını göstərən bir hal kimi təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş və o, yalnız bundan sonra sönmüş telefonunu şarj etmək üçün yaxınlıqdakı mağazaya qısa müddətlik getmişdir. Burada nəzərə alınmalıdır ki, qəza kimi təlaşlı bir anlarda kiməsə xəbər vermək, yaxınlarını məlumatlandırmaq və kənardan dəstək çağırmaq insanın psixoloji vəziyyəti baxımından ən təbii və məntiqli davranışdır. Təlaş və çaşqınlıq içində olan şəxsin ilk instinktiv addımı məhz kənardan kömək almaq olur ki, bu da həyatın normal axarına tam uyğun hərəkət nümunəsidir. Həqiqətən də qaçmaq niyyətində olan şəxs özünü (şəxsiyyətini) zərərçəkmişə göstərməz, onunla ünsiyyətə girməz, vəziyyətini öyrənməzdi, əksinə diqqətdən yayınmağa çalışardı. Təqsirləndirilən şəxs isə açıq davranaraq zərərçəkmişin yanına gəlmiş, onunla danışmış, vəziyyətini öyrənmiş və yalnız ciddi təhlükə olmadığını müəyyən etdikdən sonra qısa müddətlik uzaqlaşmışdır. Bundan sonra təqsirləndirilən şəxs geri qayıdaraq zərərçəkmişi təcili tibbi yardım maşını ilə xəstəxanaya qədər müşayiət etmiş, bununla da kifayətlənməyərək onun başqa xəstəxanaya köçürülməsində də bilavasitə iştirak etmiş, onu tək qoymamış və hətta bu prosesə öz qaynatasını da cəlb etmişdir. Qayınatanın həmin vaxtdan etibarən xəstəxanada olması da təqsirləndirilən şəxsin telefonunu şarja qoyaraq yaxınlarına məlumat verdiyi barədə izahatını birbaşa təsdiqləyən obyektiv sübut kimi qiymətləndirilir. Məhkəmə həmçinin nəzərə alır ki, bütün bu hallar yalnız təqsirləndirilən şəxsin izahatı ilə deyil, həm də zərərçəkmişin ifadəsi ilə tam təsdiq edilmiş, tərəflərin mövqeləri arasında ziddiyyət müşahidə olunmamışdır. İfadələrin bu dərəcədə paralel şəkildə uyğun gəlməsi iş üzrə şübhə doğurmayan, mötəbər və güclü sübut vasitəsi kimi qiymətləndirilməlidir. Bu hallar da təsdiq edir ki, təqsirləndirilən şəxs hadisə nəticələrinin gizlədilməsi, məsuliyyətdən yayınmaq və ya zərərçəkmişin taleyinə biganə qalmaq məqsədilə hadisə yerindən qaçmamış, əksinə, özünü açıq göstərərək zərərçəkmişlə birlikdə hərəkət etmiş və ona faktiki kömək göstərmişdir. Üstəlik, zərərçəkmiş şəxs bütün məhkəmə istintaqı boyu təqsirləndirilənin davranışlarını müsbət dəyərləndirmiş, onun həm müalicə prosesində, həm də maddi və mənəvi dəstək göstərməkdə daim yanında olduğunu dəfələrlə vurğulamışdır. Bu məqam bir daha sübut edir ki, təqsirləndirilənin şəxsiyyəti və davranış tərzi mahiyyət etibarilə hadisə yerindən qaçma anlayışı ilə heç bir halda uzlaşmır. Bunlardan əlavə, hərçənd ki, ittiham tərəfi təqsirləndirilən şəxsin hadisə yerindən yayınmasını iddia etmişdir, lakin iş materiallarından, xüsusən də xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Hadisə yerinə baxış protokolu”ndan açıq şəkildə görünür ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi gün müstəntiq tərəfindən aparılmış baxış istintaq hərəkətində şəxsən iştirak etmiş və həmin protokolu imzalamışdır. Şübhəsiz ki, əgər təqsirləndirilənin məqsədi həqiqətən də hadisə yerindən qaçmaq, nəticələri gizlətmək və məsuliyyətdən yayınmaq olsaydı, o, belə bir istintaq hərəkətində könüllü şəkildə iştirak etməz, əksinə özünü hüquq-mühafizə orqanlarının diqqətindən yayındırmağa çalışardı. Başqa sözlə, təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün heç bir xüsusi vasitə və ya axtarış tədbirlərinə ehtiyac olmamış, o, bütün prosessual hərəkətlərdə şəxsən iştirak etmişdir. Bu isə bir daha təsdiq edir ki, təqsirləndirilən şəxsin davranışları “hadisə yerindən qaçma” kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, CM-in 264-cü maddəsi üzrə cinayət məsuliyyəti üçün əsas şərt hadisə yerindən qəsdən yayınma (qaçma)dır. Bu, yalnız şəxsin hadisənin nəticələrindən boyun qaçırmaq, məsuliyyətdən yayınmaq, zərərçəkmişin yardım almasına mane olmaq və ya öz şəxsiyyətini gizlətmək məqsədi ilə hadisə yerini tərk etməsi hallarında mümkündür. Belə niyyətin və davranışın mövcudluğunu sübut etmək isə ittiham tərəfinin üzərinə düşür. Tərəddüdə yer yoxdur ki, bu istiqamətdə hər hansı qeyri-müəyyənlik və ya şübhə yaranarsa, həmin şübhələr “in dubio pro reo” prinsipinə uyğun olaraq təqsirləndirilənin xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin qeydinə əsasən zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən yalnız qəsd formasında törədilə bilər. Yəni, sürücü CMin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsini törətdiyini, həmin hadisə yerini qəsdən tərk etdiyini dərk etməli və məhz bu cür hərəkət etməyi arzulamalıdır. Əgər nəqliyyat vasitəsini idarə edən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyini və ya bu hadisənin CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduğunu dərk etməmişdirsə, yaxud hadisə yerini tərk etməsi qaçmaq niyyəti ilə bağlı deyilsə, belə halda CM-in 264-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətdən ümumiyyətlə söhbət gedə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmişin yanına yaxınlaşaraq onun vəziyyəti ilə maraqlanmış, zərərçəkmiş isə həmin an yaxşı olduğunu və hər hansı xəsarətinin olmadığını bildirmişdir. Yalnız bundan sonra təqsirləndirilən şəxs telefonunun tam sönməsi səbəbindən onu şarja qoymaq məqsədilə yaxınlıqdakı mağazaya getmiş və qısa müddət sonra geri qayıtmışdır. Deməli, təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişin sağlamlıq durumunu öyrənmiş, zərərçəkmiş isə xəsarət almadığını bildirdiyindən, onun hərəkətlərində hadisə yerindən qaçmaq məqsədinin mövcud olduğu iddiası hüquqi əsasdan məhrumdur. Belə olan halda təqsirləndirilən şəxsin əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti, yəni törədilmiş yol-nəqliyyat hadisəsinin CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmasının dərk edilməsi, bu nəticələrə baxmayaraq hadisə yerini tərk etməyi arzulaması halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən isə yalnız cinayət tərkibinin bütün əlamətlərinin – obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti – mövcud olduğu halda cinayət məsuliyyəti yaranır. Əgər bu ünsürlərdən hər hansı biri mövcud deyilsə, cinayət tərkibindən də söhbət gedə bilməz. Hazırkı iş üzrə aparılmış məhkəmə istintaqı nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin əməlində CM-in 264-cü maddəsi ilə ittiham üçün tələb olunan subyektiv cəhət mövcud deyildir. Buna görə də onun həmin maddə ilə təqsirləndirilməsi məhkəmə tərəfindən əsassız hesab olunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, əməldə cinayət tərkibinin olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bundan başqa məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində xx.xx.2024-cü il təvəllüdlü azyaşlı övladının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə, səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi CM-in 263-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, yuxarıda qeyd olunan yüngülləşdirici halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 263- 1.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı (CM-45.2), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzərəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (yüz iyirmi səkkiz) məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. (CPM-198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41, 42, 344-347, 349- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökmlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-412/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-412/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver