Məhkəmə qərarları › İş №1(001)-414/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-414/2020

15.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-414/2020 15.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Tağıyev Fuad Nazim oğlunun, Təqsirləndirilən şəxs Fətəliyev Samir Afiq oğlunun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Zeynalova Elnurə Salman qızının, Zərərçəkmiş şəxs Mehdiyeva Kamilə Bayram qızının, Təqsirləndirilən şəxs Fətəliyev Samir Afiq oğlunun, 10 sentyabr 1987-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,halhazırda boşanmış, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli şəhəri, Sərdarov küçəsi ev 1-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yerləşən Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 2 saylı Yataqxanasında məskunlaşan, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 414/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarına əsasən barəsində sesilmiş «başqa yerə getəməmək barədə iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 12 noyabr 2020-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Fətəliyev Samir Afiq oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Fətəliyev Samir Afiq oğlu şəxsi maraq niyyətilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Fətəliyev Samir Afiq oğlu 04 oktyabr 2012-ci il tarixdən başlayaraq 19 dekabr 2012-ci il tarixdə anadan olmuş Fətəliyev Ümid Samir oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 100,00 manat məbləğində pulun Mehdiyeva Kamilə Bayram qızına ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2013-cü il tarixli, 2(001)- 270/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 08 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə həbs cəza növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməsi üçün 25 oktyabr 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verildiyi 03 mart 2020-ci il tarixədək şəxsi maraq niyyətilə ümumilikdə cəmi 5 400,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Fətəliyev Samir Afiq oğlu ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ilin aprel ayının 4-də Mehdiyeva Kamilə Bayram qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur.Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 19 dekabr 2010-cu il tarixdə Ümid adlı bir oğlan övladları dünyaya gəlmişdir.Keçmiş həyat yoldaşı Kamilə Mehdiyeva ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu 2012-ci ilin oktyabr ayında yaşadıqları ünvandan bir azyaşlı uşağını götürərək valideynlərinin yaşadıqları ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır.Həmin vaxtdan bir neçə müddət keçəndən sonra 2013-cü ilin əvvəllərində keçmiş həyat yoldaşı Kamilə Mehdiyeva ondan boşanma və uşaqların saxlanılması üçün aliment pulunun alınması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.Məhkəmə tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 04 oktyabr 2012-ci il tarixdən başlayaraq 19 dekabr 2010-cu il tarixdə anadan olmuş Ümid Fətəliyevin yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 100,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Mehdiyeva Kamilə Bayram qızına ödənilməsinə dair 01 mart 2013-cü il tarixli, 2(001)-270/2013 saylı qətnamə çıxarılmışdır.Məhkəmə qətnaməsindən sonra o, alimentə görə keçmiş həyat yoldaşı Kamilə Mehdiyevaya 4 500,00 manat məbləğində ödəniş etdiyini və hazırda qətnamə üzrə ümumilikdə təxminən 4 400,00 manat aliment borcu qaldığını bildirmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Fətəliyev Samir Afiq oğlu artıq bütün aliment borcunu ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirmiş və aliment borcunu ödəməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Mehdiyeva Kamilə Bayram qızı bildirmişdir ki, o, 2010-cu ilin aprel ayının 4-də Fətəliyev Samir Afiq oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur.Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 19 dekabr 2010-cu il tarixdə Ümid adlı bir oğlan övladları dünyaya gəlmişdir.Keçmiş həyat yoldaşı Samir Fətəliyev ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu bir azyaşlı övladının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2012-ci ilin oktyabr ayında ondan ayrılaraq bir azyaşlı uşağı ilə birlikdə valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır.Həmin vaxtdan bir neçə müddət keçəndən sonra uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə 2013-cü ildə Samir Fətəliyevdən boşanmağa görə və bir azyaşlı uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 04 oktyabr 2012-ci il tarixdən başlayaraq 19 dekabr 2010-cu il tarixdə anadan olmuş Fətəliyev Ümid Samir oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 100,00 manat məbləğində pulun ona ödənilməsinə dair 01 mart 2013-cü il tarixli, 2(001)-270/2013 saylı qətnamə çıxarılmışdır.Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Samir Fətəliyev bir azyaşlı övladının saxlamaqdan ötrü alimentə görə 4 500,00 manat məbləğində ödəniş etdiyini və hazırda 4 400,00 manat alimentə görə pul borcu qaldığını bildirmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Mehdiyeva Kamilə Bayram qızı qalan aliment borcunun da təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlu bildirmişdir ki, Fətəliyev Samir Afiq oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2013-cü il tarixli, 2(001)-270/2013 saylı qanuna qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 04 oktyabr 2012-ci il tarixdən başlayaraq 19 dekabr 2010-cu il tarixdə anadan olmuş Fətəliyev Ümid Samir oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 100,00 manat məbləğində pulu Mehdiyeva Kamilə Bayram qızına ödəməlidir.Borcluya məhkəmə qətnaməsnə dair icra tələbini könüllü olaraq müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o heç bir üzürlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Samir Fətəliyevin əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir.Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Samir Fətəliyevin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir.Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir.Bütün bunlara baxmayaraq borclu Fətəliyev Samir Afiq oğlu tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də vədinə əməl etməmişdir.Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmiş və onun barəsində müvafiq maddə ilə cinayət işi başlanılmışdır. Məhkəmə iclsında şahid qismində ifadə verən Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Muradov Ramin Novruz oğlu şahid Hüseynov Ələddin Qulam oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Mehdiyeva Kamilə Bayram qızının məhkəməyə təqdim etdiyi ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxs Fətəliyev Samir Afiq oğlu ilə barışmış, ona aliment borcu olan 5 400 manat tam ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 11 iyun 2020-ci il tarixli tələbnaməyə əsasən məlum olur ki, iş üzrə təqsirləndirilən Fətəliyev Samir Afiq oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Fətəliyev Samir Afiq oğlunun CM-nin 306.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Fətəliyev Samir Afiq oğlunun əməli CM-nin 306.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 2(001)-270/2013 saylı, 01 mart 2013-cü il tarixli qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, CM-nin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən məlum olur ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Fətəliyev Samir Afiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməli və Fətəliyev Samir Afiq oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-414/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs Fətəliyev Samir Afiq oğlu məhkəmə iclaslarına gəlməkdən yayındığına görə onun barəsində sesilmiş «başqa yerə getəməmək barədə iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 12 noyabr 2020-ci il tarixdə o, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Fətəliyev Samir Afiq oğlu barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 73.2 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Fətəliyev Samir Afiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Fətəliyev Samir Afiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Fətəliyev Samir Afiq oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Fətəliyev Samir Afiq oğlu barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar