Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-414/2023 21.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1988-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 35 saylı poliklinikanın yaxınlığında, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 01 mart 2023-cü il tarixdə saat 16:35 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Biləcəri dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi “KİA” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək onu 7 manat pulun müqabilində yaşadığı ünvana aparmasını, daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gətirməsini sifariş etmiş, sonuncu idarə etdiyi avtomobillə onu kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən ünvanına gətirdikdən sonra həmin günü saat 17:00 radələrində “Kia” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşüb, Zərərçəkmiş şəxs danışmaq adı ilə aldığı, üzərində 3 manat dəyərində ***-***-**-** və 3 manat dəyərində ***-***-**-** mobil telefon nömrələri olan 600 manat dəyərində “Samsung A03” markalı mobil telefonu açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 606 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə, “Biləcəri dairəsi” adlanan yerə getmişdir. Həmin günü, saat 16:30-17:00 radələrində həmin yerdən Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 35 saylı poliklinikanın yaxınlığında yerləşən kirayədə yaşadığı evə getmək istəyən zaman yaxınlıqda dayanmış göy rəngli “Kia” markalı, dövlət nömrə nişanını bilmədiyi taksi kimi fəaliyyət göstərən avtomobilə yaxınlaşıb, onu yaşadığı ünvana aparmasını və geri qaytarmasını, bunun üçün hansı məbləğdə pul verməli olduğunu soruşduqda, avtomobilin əvvəllər tanımadığı sürücüsü bunun üçün ondan 7 manat pul istədikdə onula razılaşmışdır. Bundan sonra həmin avtomobilin sağ qabaq oturacağında əyləşmiş və sürücü abtomobili yaşadığı ev istiqamətində hərəkət etdirməyə başlamışdır. Yaşadığı məhəlləyə çatdıqda avtomobildən yerə düşmüş və sürücüyə demişdir ki, mobil telefonunu danışmağı üçün ona versin. Həmin vaxtı niyyəti sürücünün mobil telefonunu ələ keçirmək olmamışdır. Sürücü də etiraz etməmiş və özünə məxsus “Samsung” markalı mobil telefonu ona vermişdir. Həmin vaxt arxa tərəfdən sürücüsünü tanımadığı digər bir avtomobil onlara doğru hərəkət etmişdir. Küçə darısqal olduğuna görə sürücü hərəkətdə olan həmin avtomobilə yol vermək məqsədi ilə idarə etdiyi avtomobili yolun kənarına tərəf hərəkət etdirməyə başlamış və bu zaman o telefonla birlikdə oradan getmişdir. Daha sonra mobil telefonu sahibinə qaytarmaq istəsə də həmin sürücünü eyni yerdə tapa bilməmişdir. Bir qədər sonra qonşuluğunda yaşayan tanışı Şahid1 yaşadığı evə getmişəm və ona demişdir ki, şəxsiyyət vəsiqəsi rayonda qalmış, mobil telefonunu satmaq istəyir, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə mobil telefonunu sata bilmir və onun şəxsiyyət vəsiqəsi ilə mobil telefonunu satmağı ondan xahiş etmişdir. Az sonra Azad şəxsiyyət vəsiqəsini götürüb onun yanına gəlmiş və onlar taksi ilə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığına, mobil telefonlar satılan mağazalar olan yerə getmişlər. Orada, ələ keçirdiyi mobil telefonu Şahid1 şəxsiyyət vəsiqəsi ilə, özünə məxsus olmasını bildirməklə 45 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi həmin 45 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, yuxarıda qeyd etdiyi hadisə zamanı ələ keçirdiyi mobil telefonu qonşuluğunda yaşayan Şahid1 şəxsiyyət vəsiqəsi ilə satsa da, həmin mobil telefonu hansı yolla ələ keçirməyi barədə Araza heç bir söz deməmiş, əldə etdiyi puldan heç bir məbləğdə Araza və ümumiyyətlə heç kimə verməmişdir. Məhkəmə iclasında əməlindən peşman olduğunu və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir müddət olar ki, taksi fəaliyyəti ilə məşğul olur və «KİA» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 01 mart 2023-cü il tarixdə təxminən saat 16:35 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Biləcəri» dairəsi deyilən yerdə «KİA» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobililə dayanaraq müştəri gözləyən zaman bir nəfər tanımadığı oğlan ona yaxınlaşıb bildirmişdir ki, onu Binəqədi qəsəbəsi 1-ci mədən ünvanına aparıb yenidən «Biləcəri» dairəsinə gətirmək lazımdır. Həmin oğlanı aparıb gətirməyi 7 manata razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi «KİA» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağına əyləşmiş və o avtomobili idarə etməklə yola düşmüşdür. Təxminən saat 17 radələrində artıq Binəqədi qəsəbəsi 1-ci mədən ünvanına çatmışlar. Sərnişinin göstərməsi əsasında avtomobili məhəllə ilə idarə etmişdir. Bəhruzun göstərməsi əsasında bir evin qarşısında avtomobili saxlamışdır. Sərnişin ona demişdir ki, gözləsin indi gəlir. Həmin şəxs avtomobildən yerə düşüb kəsişən küçəyə girmiş və 3-4 dəqiqədən sonra geri qayıdıb demişdir ki, telefonu danışmaq üçün ona versin. Həmin şəxsə inanıb özünə məxsus olan «Samsung-A03» markalı mobil telefonu verərək demişdir ki, telefon «bulutuz»dadır, telefondan «bulutuz»u ayır. Sərnişin oğlan telefonda «bulutuz»u ayırmışdır. Həmin vaxt yolda gələn digər avtomobilə yol vermək lazım olduğundan avtomobilini geri hərəkət etdirmişdir. Daha sonra həmin yerdə sərnişini görməmiş, avtomobildən yerə düşüb onu axtarmağa başlamış, küçədə dayanmış tanımadığı bir cavan oğlandan soruşmuşdur ki, indi onun avtomobilindən yerə düşən oğlan ondan telefonu danışmaq üçün almışdır, onu görüb görmədiyini soruşduqda, həmin oğlan demişdir ki, telefon əlində olan oğlan getmişdir. Təxminən 20-30 dəqiqə müddətində məhəlləni avtomobillə gəzmiş, sərnişini axtarmış, hətta tanımadığı bir kişiyə yaxınlaşıb onun telefon ilə öz nömrələrinə zəng vurmuş, lakin zəng çatmamışdır. Tam yəqin etmişdir ki, həmin sərnişinin məqsədi telefonla danışmaq yox, telefonu oğurlamaq olmuşdur. O bildirmişdir ki, «Samsung-A03» markalı mobil telefonu 7-8 ay olar ki, Bakı şəhərində «Kontakt home» mağazasından kreditlə 600 manata almışdır. Hazırda da telefonun kreditini ödəyir. Həmin «Samsung-A03» markalı mobil telefonun üstündə hər birinin dəyəri 3 manat olan 077 417-77-89 və 077 792-52-62 nömrələri olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 606 manat maddi ziyan vurulmuşdur və hazırda təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmədiyindən ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Bəhruz onun yaşadığı evin qonşuluğunda yaşayır. Bəhruzla qohumluq münasibəti olmasa da, aralarında ədavət və düşmənçilik də yoxdur. 01 mart 2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olan zaman Bəhruz onun yaşadığı evə gəlmiş və demişdir ki, şəxsiyyət vəsiqəsi rayondadır, özünə məxsus mobil telefonu satmaq istəyir, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə mobil telefonunu sata bilmir və onun şəxsiyyət vəsiqəsiylə mobil telefonunu satmağı xahiş etmişdir. Bəhruzu tanıdığına görə onun sözlərinə inanaraq onunla razılaşmışdır. Bundan sonra özünə məxsus şəxsiyyət vəsiqəsini götürüb Bəhruzla birlikdə sürücüsünü tanımadığı taksi ilə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığına, mobil telefonlar satılan mağazalar olan yerə getmişlər. Orada Bəhruzun satmaq istədiyi “Samsung” markalı mobil telefonu onun şəxsiyyət vəsiqəsilə tanımadığı şəxsə 45 manata satmışlar. Həmin vaxtı özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinin üzərinə satdığı mobil telefonun ona məxsus olduğunu, oğurluq olmadığını yazmışdır. Lakin, sonradan məlum olmuşdur ki, Bəhruz, onun şəxsiyyət vəsiqəsilə satılan “Samsung” markalı mobil telefonu cinayət yolu ilə, yəni tanımadığı taksi sürücüsündən danışmaq adı ilə alıb ələ keçirmişdir. Əlavə olaraq bildirmişdir ki, Bəhruzun, onun şəxsiyyət vəsiqəsilə satılmış “Samsung” markalı mobil telefonu cinayət yolu ilə əldə etməsi barədə əvvəldən məlumatı olmamışdır, bu barədə Bəhruz ona heç bir söz deməmişdir. Bəhruz, həmin mobil telefonun satışından əldə edilmiş 45 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə ifadə vermiş şahid qismində dindirilən Şahid2 ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə saat 18:00 radələrində əvvəllər tanımadığı 2 nəfər şəxs icarə əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Hisense” adlı mobil telefonların təmiri, satışı və alışı ilə məşğul olduğu mobil telefon mağazasına gəlmişlər. Həmin şəxslərdən biri özünə məxsus “Samsung A03” markalı mobil telefonun olduğunu və onu satmaq istədiyini bildirmişdir. Telefon sahibi özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdə həmin şəxsin Şahid1 olması məlum olmuşdur. Onun yanındakı şəxs özünü təqdim etməsə də istintaq dövründə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Qeyd etdiyi mobil telefonu həmin şəxsdən 45 manata almışdır. Sonradan həmin şəxsi görməmişdir. Həmin gün saat 20:00 radələrində polis əməkdaşları onun işlədiyi mağazaya gələrək Araz adlı şəxsin satmış olduğu mobil telefonun oğurluq yolu ilə ələ keçirməsi barədə məlumat vermişlər. Polis əməkdaşlarına həmin mobil telefonu 1 saat əvvəl tanımadığı şəxsə 100 manata satdığını demişdir. Mobil telefonu ona satan şəxslər telefonun oğurluq olması barədə, nə zamandan istifadə etməsi və haradan əldə etməsi barədə ona heç bir məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230040222 nömrəli cinayət işi 05 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİnin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır. 05 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 06 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 06 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Binəqədi rayon prokuroruna vəsatətlə müraciət edilmişdir. 06 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmişdir. 06 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 08 may 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı tayon məhkəməsinin 23 iyun 2011-ci il tarixli hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məhkəmə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində yanlışlığa yol vermişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi vardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq onun əmlakını ələ keçirməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 01 mart 2023-cü il tarixdə özünə məxsus mobil telefonu təqsirləndirilən şəxsin onu aldatması nəticəsində könüllü surətdə ona təqdim etmişdir. O, idarə etdiyi nəqliyyat vasitəsini öndən gələn naqliyyat vasitəsinə yol vermək üçün arxaya hərəkət etdirmiş, bu zaman Təqsirləndirilən şəxs telefonla birlikdə oradan uzaqlaşmış, zərərçəkmiş şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra təqsirləndirilən şəxsə mobil telefonu verdiyi yerə baxanda həmin sərnişini orada görməmiş və nəqliyyat vasitəsindən enərək onu axtramağa, hətta yoldan keçən şəxslərdən onun haraya getməsini soruşmağa başlamışdır. Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud olmadığından və onun əməlində CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 178.1ci maddəsinə tövsif etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında göstərilmişdir ki, oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşaiyət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 178.1-ci maddəsinə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin cinayət obyektiv cəhətdən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qəarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qəarının 8-ci bəndinə görə məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından suiistifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus mobil telefonu gizli şəkildə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə deyil onu aldatma və etibarından sui-istifadə etməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqdim etməsi ilə ələ keçirmişdir. Belə olan halda onun əməlində CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri deyil, CM-in 178.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmuş olur. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-in 180.1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə istintaqı zamanı CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-414/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-414/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver