Məhkəmə qərarları › İş №1(001)-415/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-415/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-415/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 5, ev 6 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobillə xx xxxx 2019-cu il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti “Hollywood” şadlıq sarayının qarşısında avtomobillərin hərəkət yolu hissəsində avtomobillərin çoxluğu ilə əlaqədar yaranmış sıxlıq vaxtı qarşısında olan “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilin ləng hərəkət etdiyini bəhanə gətirərək həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 söyüb, daha sonra avtomobili saxlayıb Zərərçəkmiş şəxs1 yaxınlaşıb heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib ictimai qaydanı kobut surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə nəlayiq söyüşlər söyməklə öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub əli ilə Zərərçəkmiş şəxs1 boğazından tutub onu yumruqu ilə bir neçə dəfə vurmuş, həmçinin həmin vaxtı onlara yaxınlaşan Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruqu ilə vurub və bununla kifayətlənməyərək avtomobilin saxlanc yerindən taxta parçasını götürüb onu nümayiş etdirərək daha da coşub mübahisə etdiyi hər iki şəxsə yaxınlaşıb yumruq zərbələri ilə vurub, eləcədə Zərərçəkmiş şəxs2 sol qolundan dişləyərək ona başın alın nahiyəsindəki qançır, sol bazu nahiyəsindəki sıyrıq, sol said nahiyəsindəki qançır və sıyrıq kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər, eləcədə Zərərçəkmiş şəxs1 sol said nahiyəsindəki sıyrıq kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirib ətrafda olan vətəndaşların diqqətini cəlb edib, onların dincliyini və rahatlığını pozmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan atasıgildən etibarnamə ilə idarə etdiyi “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı maşınla evinə gedərkən təxminən 20-30 dəqiqə maşını ilə yol qət edərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Hollivood” şadlıq sarayının qarşısında olan yol ayrıcına çatdıqda şadlıq sarayının qarşısından üzü şəhərə dönmək üçün nəzərdə tutulan yoldan üzü Binəqədi parkı və Binəqədi rayon İcra Hakimiyyəti istiqamətinə getmək istədikdə qarşısındakı yaşıl rəngli “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilin ləng hərəkət etdiyini görüb maşınının açıq pəncərəsindən boylanaraq bir qədər tez hərəkət etməyi maşının sürücüsünə demiş, lakin sürücü adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 acıqlı şəkildə ona maşını sürməyəcəyini demişdir. Ona görə o, maşını şadlıq sarayının yanında saxlayandan sonra “Opel”in sürücüsü də maşını üzü Binəqədi qəsəbəsi istiqamətində saxlamışdır.O, avtomaşına yaxınlaşanda həmin avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 söyüş söydüyünü eşidib nəyə görə onu təhqir etdiyini soruşduqda, hər ikisi maşından düşüb ona yaxınlaşaraq üzərinə gəldikləri zaman, o, sürücü İsmayılın əllərindən tutub yumruqla onu vurmuşdur. Bu zaman Tural yumruğu ilə baş nahiyəsinə vuraraq onu yerə yıxmış, ayağa durub Turalı da yumruqla vurmuşdur. Daha sonra Tural qolu ilə onun boğazından sıxaraq boğmağa başlamış, həmin vaxtı hadisə yerinə toplaşan polis işçiləri və tanımadığı şəxslər onları aralaşdırmışlar. O da özünü müdafiə etmək üçün maşınına yaxınlaşaraq saxlanc yerindən atasına məxsus çəliyi götürərək onlara yaxınlaşmaq istədikdə hər ikisi çönüb getmək istəmiş, o, Tural və İsmayılın getməməyi tələb edərək nəyə görə onu döydüklərini soruşduqda ətrafda olan tanımadığı şəxslər onları ayırmış və yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşdıqlarını gördükdə İsmayıl və avtomobili idarə edən Tural maşına əyləşərək getmişlər. Polis əməkdaşları isə onu maşınlarına əyləşdirib Binəqədi RPİ-in 4-cü PB-nə aparmışlar və orada o, hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Hadisə nəticəsində Tural və İsmayıla bir neçə zərbə vurduğu üçün əməlindən peşmandır. Zərər çəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində dostu Zərərçəkmiş şəxs2lə birlikdə etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən Turalın işlədiyi mağazadan çıxaraq Azadlıq prospekti üzü Binəqədi qəsəbəsi istiqamətinə hərəkət edib evlərinə getdikləri vaxt, yolda Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Hollywood” şadlıq sarayının qarşısında tıxac olması ilə bağlı məcbur olub aşağı surətlə getdikləri vaxtı arxalarında eyni istiqamətdə hərəkət edən ağ rəngli dövlət nömrə nişanı sonradan ona məlum olan “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü öz maşınını onların avtomaşına həddindən artıq yaxın məsəfəyə sıxaraq əlini pəncərədən çıxardaraq jest edib tez sürməyi tələb etmişdir. O, cavab olaraq güzgü vasitəsi ilə həmin sürücüyə yolun tıxac olduğunu izah etməyə çalışsa da, həmin sürücü adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs maşınını həmin yolu geri qayıtmaq üçün nəzərdə tutulan yol ayrıcına tərəf sürüb ortada saxlayaraq maşından enib onlara tərəf yaxınlaşmışdır. Elşən onlara yaxın gəldiyindən ilk öncə birinci o, maşından çıxaraq, həmin şəxsin qarşısına çıxmış, Elşən isə nəyə görə maşından onunla əllə danışdığını demişdir. O, Elşənə cavab olaraq tıxac olduğundan hərəkət edə bilmədəyini demişdir. Buna baxmayaraq Elşən üstünə gəldiyindən, o, özünü müdafiə etmək üçün Eışəni əlləri ilə özündən itələmişdr. Elşən isə cavab olaraq boğazından tutaraq sifətinə yumruq atmışdır. Bundan dərhal sonra Tural maşından düşərək Elşənin coşduğunu görüb münaqişəyə müdaxilə edib Elşəni sakitləşdirməyə çalışmış, lakin Elşən sakitləşmək bilmədiyindən Turalıda vurmağa başlamışdır. Ona görə Tural cavab olaraq Elşəni sifətindən yumruğu ilə vuraraq yerə yıxmışdır. Sonra ətrafda olan tanımadığı bir cavan oğlan araya daxil olub onları ayırdıqdan sonra həmin sürücü maşına tərəf gedə-gedə onları nəlayiq söyüşlərlə təhqir edib, maşının salonundan ağac parçasını götürüb onların üstlərinə gəlmək istədikdə, o, Elşənin qarşısına çıxmışdır ki, Turalı vurmasın və onlar orada bir daha əlbəyaxa olmuşlar. Tural yenə araya girib onları ayırmaq istədiyi zaman Elşən Turalın sifət nahiyəsindən yumruqu ilə vurduğuna görə bir daha Turalla Elşən əlbəyaxa olmuş, eləcə də həmin vaxtı Elşən Turalı sol bilək nahiyəsindən dişləmişdir. Həmçinin münaqişə zamanı Elşən söyüş söyərək onların mobil telefon nömrələrini istəyib kənarda görüşüb münasibətlərə aydınlıq gətirməyi tələb etmişdir. Sonra ora yaxınlaşan bir-iki nəfər tanımadığı şəxslər onları ayırmış və söhbət artmaması üçün onlar maşına minərək çıxıb getmişlər. Təxminən 2-3 gündən sonra Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları onları müəyyən edərək şöbəyə dəvət etmişlər və onlar orada hadisə ilə bağlı izahat verərək xəsarət aldıqlarını bildirib, ərizə ilə müraciət edib, məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişlər. Birinci münaqişəyə Elşən başlayaraq onun sinəsindən tutub sifətindən yumruqla vurmuşdur. Onların Elşənə hər hansı bir xəsarət yetirmək niyyətləri olmamışdır. Elşən maşınını saxlayıb düşərək nəyə görə ona maşından işarə etdiyini deyərək üstünə gəldikdə, o, özünü müdafiə etmək üçün Elşəni əlləri ilə özündən itələmişdir, bundan sonra Elşən birinci onu vurmağa başlamış və onlar əlbəyaxa olmuşlar. Tural isə onları ayırmaq istədikdə Elşən Turalı da vurmağa başlamış, daha sonra, Elşən maşınına tərəf çəkilərək taxta parçasını götürmüş və oradan söyüş söyərək nömrələrini istəyib kənar bir yerdə görüşüb söhbət etməyi tələb etmiş və bir daha üstlərinə hücüm çəkərək onları vurmuşdur. O, Turalla özlərini müdafiə etmək məqsədi ilə Elşənin onlara vurduğu zərbələrə cavab olaraq Elşənə xəsarət yetirmişlər. O və Tural Elşənin birinci başladığı münaqişəyə cavab olaraq özlərini müdafiə edib Elşənlə əlbəyaxa olmuşlar və nəticədə Elşən müxtəlif bədən xəsarətləri almışdır. Münaqişə zamanı nə o, nədə Tural Elşənə söyüş söyməmişlər. Münaqişə zamanı o və dostu Tural özlərini müdafiə etmək məqsədi ilə onların üstlərinə birinci hücüm çəkən Elşənlə əlbəyaxa olmuşlar, onlar Elşəni qəsdən vurmamışlar, sadəcə özlərini müdafiə etmişlər. Münaqişə zamanı Elşən yumruq zərbələri ilə baş nahiyəsindən vurmaqla sol qolunada zərbə endirmişdir və o, həmin nahiyələrindən xəsarətlər almışdır. Elşən maşından çıxartdığı taxta parçası ilə onlara heç bir xəsarət yetirməmişdir. Münaqişə “Hollywood” şadlıq sarayının qarşısında küçədə baş vermiş və ümumilikdə təxminən 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını göstərmişdir. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1177 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın nahiyəsindəki qançır, sol bazu nahiyəsindəki sıyrıq, sol said nahiyəsindəki qançır və sıyrıq küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət.Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Sol said nahiyəsindəki şişkinlikdi qançır və sıyrığın dişləmə nəticəsində dişlərin təsirindən əmələ gəlməsi inkar edilmir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onun Zərərçəkmiş şəxs2 öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 1, i.v 39-40). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1178 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol said nahiyəsindəki sıyrıq bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə vurulan zərbənin nəticəsində əl barmağının dırnağının təsirindən əmələ gələ bilərdi. Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onun Zərərçəkmiş şəxs1 öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 1, i.v 42-43). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 143). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbrinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v 173-177). Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, 27 iyun 2019-cu il tarixdə saat 19:53:40-dan saat 19:54:18-dək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinin “Hollywood” şadlıq sarayının qarşısından keçən hissəsinin ümumi görüntüsü vardır. Həmin görüntüyə baxan zaman Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə avtomobillərin üzü Binəqədi qəsəbəsi istiqamətində tıxac olduğuna görə asta sürətlə hərəkət etmələri müşahidə olunur. Görüntüyə baxan zaman saat 19:53-54-də Təqsirləndirilən şəxs idarə etdiyi “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobillə onunla eyni istiqamətdə qarşı hissəsində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobillin arxa hissədən yaxınlaşaraq əl ilə hərəkətlərilə Zərərçəkmiş şəxs1 avtomobili sürməsini, Zərərçəkmiş şəxs1 da əl hərəkəti ilə ona cavab verərək mübahisə etmələri, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobili əks yola keçmək üçün nəzərdə tutlmuş yol ayrıcında saxlayaraq avtomobildən düşərək “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilə tərəf getməsi, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobili yolun ortasında saxlayaraq avtomobildən yerə düşdükdən sonra “Opel Astra” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 da avtomobildən yerə düşməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə gedən zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sinə nahiyəsindən itələməsi və əlbəyaxa olaraq dalaşmaları aşkar olundu. Digər ikinci 01 ədəd videofayl açıldıqda ekranda xx xxxx 2019-cu il tarixdə saat 19:54:05-dən saat 19:56:40-dək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinin “Hollywood” şadlıq sarayının qarşısından keçən hissəsinin ümumi görüntüsü vardır. Həmin görüntüyə baxan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobili əks yola keçmək üçün nəzərdə tutulmuş yol ayrıcında saxlayaraq avtomobildən düşərək “Opel Astra” markalı **- CR-*** dövlət nömrə nişanlı avtomobilə tərəf getməsi, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobili yolun ortasında saxlayaraq avtomobildən yerə düşməsi, bundan sonra “Opel Astra” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 da avtomobildən yerə düşməsi müşahidə olundu. Video görüntünün davamında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə gedən zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sinə nahiyəsindən itələməsi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 boğazından tutub bir dəfə yumruq zərbəsi ilə sifət nahiyəsindən vurduqdan sonra əlbəyaxa olaraq dalaşmaları, həmin vaxt Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq arxadan Təqsirləndirilən şəxs qucaqlayıb yerə yıxması, ağzından tutub saxlaması,həmin vaxt Təqsirləndirilən şəxs bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurması, bir nəfər naməlum şəxsin onlara yaxınlaşaraq ayırıb sakitləşdirmək istəyən zaman Zərərçəkmiş şəxs2 bir dəfə də təpik zərbəsi ilə Təqsirləndirilən şəxs yerdə vurması, Təqsirləndirilən şəxs yerdən qalxdıqdan sonra T.Mmustafayev və Zərərçəkmiş şəxs1 yenidən Təqsirləndirilən şəxs üzərinə gedərək onu bir neçə dəfə yumruq zərbələri ilə vurmaları, Təqsirləndirilən şəxs onların əlindən çıxdıqdan sonra idarə etdiyi “Daevoo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücü hissəsindən avtomobilin arxa yük yerini açaraq orada olan taxta parçasını götürüb Zərərçəkmiş şəxs2 üzərinə getmək istəməsi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşısını alaraq geri qaytarması aşkar olundu. Görüntünün davamında Təqsirləndirilən şəxs əlində olan taxta parçasını idarə etdiyi “Daevoo Gentra” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücü hissəsindən avtomobilin salonuna qoyması və avtomobildə olan mobil telefonunu götürüb çölə çıxması, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yenidən Təqsirləndirilən şəxs üzərinə getmələri, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs bir-birilərinin yaxasından tutub dartışan zaman Zərərçəkmiş şəxs1 bir dəfə yumruq zərbəsi ilə Təqsirləndirilən şəxs sifət nahiyəsindən vurması, bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzərinə hücum edərək boynundan tutub başını aşağı əyməsi, Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs kürək nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vurduqdan sonra sağ qoluna girib qolunu arxa tərəfə qacırtması, Zərərçəkmiş şəxs2 də yumruq zərbələri ilə aşağıdan yuxarıya Təqsirləndirilən şəxs vuraraq boynundan tutub yerə yıxması, Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs saçından tutub dartması və hadisə yerinə toplaşmış şəxslərin onları ayırması, hadisə nəticəsində avtomobil yolunda nəqliyyatın hərəkətinin dayanması müşahidə olunmuşdur (cild 1, i.v 178-180). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin görüntüsü olan bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 195). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 197-198). Cinayət işinin materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əməllərinə hüquqi qiymət verilməsi üçün ********** nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, i.v 64). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 102). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2, 3 və 5 yaşlarında uşaqlar var. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onların hər birinin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərər çəkmiş şəxslə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza növü ilə bağlı qeyd edir ki, o böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilir, himayəsində üç azyaşlı uşağı var, zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir. Bu baxımdan məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Buna əsasən onun hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət (2 gün) nəzərə alınaraq, təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, təyin edilmiş cərimə cəzasının icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin görüntüsü olan bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərci yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə ibtidai istintaq dövründə və məhkəmədə Təqsirləndirilən şəxs cəmi 50 (əlli) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə - iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən hökm çıxarılanadək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün nəzərə alınaraq, təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1800 (min səkkiz yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin görüntüsü olan bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar