Məhkəmə qərarları › İş №1(001)-415/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-415/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-415/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, sıra 1, ev 11-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifada olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə saat təxminən 21.00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs tərəfindən ünvan 1 ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərərək Zərərçəkmiş şəxs piyada yolu verməməsi səbəbindən ona irad göstərməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan nalayiq sözlər deməklə, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, orada toplaşan insanların gözü qarşısında sonuncunun üzərində zor tətbiq edərək, istintaqa məlum olmayan şəxs yumruq və təpiklə o, isə kəsici alətdən silah qismində istifadə edib qəsdən zərərçəkmiş şəxsi vuraraq alın nahiyyəsinin kəsilmiş yarası, üst və alt dodağın selikli qişasına qansızmalar, üst dodağın əzilmiş yarası ilə nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 21.04.2021-ci il tarixdə saat təxminən 21.00 radələrində idarə etdiyi ona məxsus “Daewoo Ravon” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı evə gedən zaman yoldan yaşadığı küçəyə dönərkən döngədə bir nəfər tanımadığı, adının sonradan Ülvi kimi bildiyi şəxsin yolunu kəsərək dayandığını görmüş, avtomaşını saxlamış, avtomaşının içərisində ona yoldan çəkilməsini tələb etmiş, Ülvi yoldan çəkilmiş və o, avtomaşını bir metr qabağa sürdükdən sonra Ülvi onun üstünə qışqıraraq “Üstümə maşın sürürsən?» sözlərini demiş və buna görə onu söyüb təhqir etmişdir.Ülvinin əlində “Bizon” energetik içkisi olmuşdur.Ülvi energetik içkini onun üstünə atmış, ona dəyməmiş, lakin avtomaşınına dəymişdir.Ülvinin bu hərəkətindən əsəbiləşib ona sakitləşməsini tələb etmiş, lakin o sakitləşməmiş, uzaqdan həmin an onunla qonşuluqda yaşayan bibisi X4 gəldiyini görmüş, o narahat olmasın deyə və onu tanımadığı şəxslə mübahisə etdiyini görməsin deyə Ülvinin qoluna girib onu kənara çəkilib sakit yerdə danışmalarını ona təklif etmiş, Ülvi yenə də onu söyüb təhqir etməkdə davam etmiş və onunla sonra başqa yerdə görüşüb söhbət etmək üçün əlaqə yaratmaq üçün telefon nömrəsini istəmişdir.O isə Ülviyə telefon nömrəsini verməmişdir.O, sonradan Ülvinin qoluna girərək yolun əks tərəfinə qaranlıq küçəyə getmişlər.Ülvi onu həmin məhlədə yaşadığını demiş və onu o istiqamətə aparmışdır.Lakin Ülvi yenə də sakitləşməmiş və onu söyməkdə davam etmişdir.Ülvi onun həmin küçədə qaldığını onu yaşadığı evin yanına aparmaq fikri olduğunu hiss etmişdir.O, həmin yerə çatdıqda Ülvi qəfildən onun yaxasından tutmuşdur.Ülvinin onu vurmaq istəməsini hiss etdikdə həmin vaxt ona bir neçə nəfər yaxınlaşmış və onları ayırmağa çalışmışlar.Lakin Ülvi onun yaxasından əli ilə tutub buraxmamışdır.O, Ülvinin əlindən çıxa bilmədiyini görüb onun ağız və alın nahiyyəsindən yumruqla vurmuş, o, əlini kənara çəkərək hadisə yerindən uzaqlaşmışdır.Ü.Mehdiyevlə olan mübahisələri və dava-dalaşları təxminən 2-3 dəqiqə müddətində baş vermişdir.Həmin hadisə yerində onun tanışı olmamış, tanımadığı şəxslər olmuş, lakin o, Ülvi ilə dalaşıb söyüş söyüb Ülvinin dodaq va alın nahiyəsindən yumruqla vurmuşdur.O, X7 bıçaqla xəsarət yetirməmiş, onun alın nahiyəsinə yumruqla xəsarət yetirmiş, hadisə zamanı əlində bıçaq olmamışdır.Hadisə baş verən vaxtı orada o, Ülvi və yoldan keçən tanımadığı 2 və ya 3 nəfər şəxslər olmuş, həmin şəxslər onları ayırmışdırlar.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona vurulmuş ziyanı ödədiyini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 21.04.2021ci il tarixdə təxminən saat 21.00 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında küçədə yolun kənarında taksi gözləyən vaxtı markasını bilmədiyi avtomaşını idarə edən sürücü avtomaşını onun üzərinə sürərək qəza şəraiti yaratmış o, buna əhəmiyyət verməmiş, lakin həmin şəxs maşını yenidən ikinci dəfə onun üzərinə sürən zaman o, əsəbləşərək avtomaşını idarə edən sürücüyə iradını bildirmişdir.Bundan sonra sürücü idarə etdiyi avtomaşından düşərək ona yaxınlaşmış, qolundan tutub birlikdə yolu keçmiş, onun yaşadığı ünvan 3 ünvana yaxınlaşmışlar.O, avtomaşın sürücüsünə ona qarşı nə üçün hörmətsizlik etdiyini soruşmuş, avtomaşın sürücüsü cavabında ona qarhı hörmətsizlik etmək fikrində olmadığını bildirmiş və ondan aralanmışdır.Lakin ona məlum olmayan səbəbdən taksi sürücüsü əsəbləşib geri qayıdaraq onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, yumruqla dodaq nahiyəsindən və sifətindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmiş, hadisə yerində olan və yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşaraq onları ayırmış və taksi sürücüsünü kənara çəkmiş, taksi sürücüsü onu kənara çəkən şəxslərin əlindən çıxaraq ona hücum çəkib əlində olan kəsici alətlə onun alın nahiyəsindən vurmuş, ona yenidən xəsarətlər yetirmişdir.Hadisə yerində olan tanımadığı şəxslər onları ayırarkən - qara paltarlı, orta boylu 2-ci şəxs arxadan onu təpiklə kürək nahiyəsindən vurmuş, lakin o həmin şəxsi hava qaranlıq olduğundan üzünü tam olaraq görməmiş, lakin orada olan tanımadığı şəxslər onları ayırdıqdan sonra o da hadisə yerindən uzaqlaşaraq tibbi yardım almaq üçün Tibb Universitetinin Tədris Mərkəzinə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 21 aprel 2021-ci il tarixdə təxminən saat 21.00 radələrində ünvan 1 ünvanın qarşısında dayanmış evinə gedərkən həmin vaxt irəlidə təxminən 5-6 metr aralıda insanların yığışmasını, yolun kənarında nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında piyada yolunda adını sonradan hadisə yerində bildiyi Təqsirləndirilən şəxs orada yaşayan adını sonradan bildiyi Zərərçəkmiş şəxslə üzbəüz formada demək olar ki, həmin küçədə dayanmağını, Məhəmmədin əlində kəsici əşya olmasını, Ülvinin əli ilə başını tutaraq vurmasını görmüşdür. Məhəmmad Ülvinin sifətinə ard-arda zərbələr vururmuş, o və orada olan tanımadığı şəxslər onların hər ikisini sakitləşdirmək üçün aralamış, bu zaman tanımadığı Təqsirləndirilən şəxs havadar duran bir şəxs onu müdafiə etmək üçün Ülvinin üzərinə hücum edərək Ülvini arxadan vurmuş, tutub saxladığı Məhəmməd isə əllərindən çıxıb Ülvinin üzərinə yenidən hücum çəkmişdir.O, orada olan vətəndaşlarla birlikdə Məhəmmədi və onun tanışını sakitləşdirmək üçün kənara çəkmiş, bu zaman Ülvinin alnından qan axdığını görən Məhəmməd hadisə yerindən uzaqlaşmış, Ülvi də hadisə yerindən çıxıb getmişdir.Hadisə təxminən 10- 15 dəqiqə davam etmişdir.O, hadisəni konkret olaraq Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozması, ictimai təhlükəsizliyi pozması, ətrafdakıların qabul olunmuş normalarına biganə yanaşması, əlindəki kəsici əşya ilə Zərərçəkmiş şəxs başına va bədəninin müxtəlif yerlərinə vurması, bundan əlavə küçənin ortasında vətəndaşların normal hərəkətinə maneəçilik göstərməsini görmüşdür.Məhəmməd əlində olan kəsici əşyanı özü ilə aparmış, o, Zərərçəkmiş şəxs arxasından vuran şəxsi isə üzdən tam görə bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, o, 21 aprel 2021-ci il tarixdə axşam saat təxminən 21.00 radələrində ünvan 1 ünvanın qarşısından yolun kənarı ilə yaşadığı evinə gedərkən irəlidə yolun kənarında təxminən 10-12 metr aralıda insanların yığışmasını görmüş və ora yaxınlaşmış, adını sonradan hadisə yerində bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üzbəüz formada tutaşdıqlarını və Məhəmmədin Ülvini əli ilə başını tutaraq vurmasını görmüşdür.Məhəmməd Ülvinin sifətinə ard-arda zərbələr vururmuş və orda olan tanımadığı şəxslər hər ikisini sakitləşdirmək üçün aralamış, bu zaman tanımadığı Təqsirləndirilən şəxs havadar duran bir şəxs Ülvinin üzərinə hücum edərək Ülvini arxadan vurmuş, tutub saxladığı Məhəmməd vətəndaşların əllərindən çıxıb Ülvinin üzərinə yenidən hücum çəkmişlər.O, orada olan vətəndaşlarla birlikdə Məhəmmədi və onun tanışını sakitləşdirmək üçün kənara çəkmiş, bu zaman Ülvinin alnından qan axdığını görən Məhəmməd hadisə yerindən uzaqlaşmış, Ülvi də hadisə yerindən çıxıb getmişdir.Hadisə təxminən 10 dəqiqə davam etmişdir.O, hadisəni konkret olaraq Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozması, ətrafdakıların rahatçılıqlarını pozmasını, əlindəki kəsici əşya ila Zərərçəkmiş şəxs başına va bədəninin müxtəlif yerlərinə vurması, bundan əlavə küçənin ortasında vətəndaşların normal hərəkətinə maneçilik göstərməsini görmüşdür.Məhəmməd əlində olan kəsici əşyanı özü ilə aparmış, o, Zərərçəkmiş şəxs arxasından vuran şəxsi üzdan tam görə bilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 27.09.2021-ci il tarixli məhkəməyə təqdim edilmiş ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəlllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya X2 Binəqədi rayon şöbəsinin 22.04.2021-ci il tarixli, 532 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs olmuş xəsarətlər - alın nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın, üst və alt dodağın selikli qişasına qansızmalar, üst dodağın əzilmiş yarası isə bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün ATU-nin X3 müraciət etdiyi 21.04.2021-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən alın nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın təsirindən, digər xəsarətlar isə yumruqla edilmiş, zərbə (zərbələr) nəticəsində əmələ gələ bilərlər. İş materialllarından görünür ki, Təqsirləndirilən şəxs ilə cinayət törətmiş istintaqa məlum olmayan şəxs barəsində 03.08.2021-ci il tarixdə cinayət işi ayrılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edərək zərərçəkmiş şəxsə kəsici alətlə xəsarət yetirməməsini bildirməsi özünü müdafiə xarekteri daşıyır və cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə tibbi ekspertizasının rəyi ilə təkzib edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək “ev dustaqlığı”nda olduğu 01 (bir) ay 10 (on) gün müddət və 12.07.2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək, həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət – cəmi 05 ( beş) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə tutulmuşdur.Binəqədi Rayon Məhkəməsinin 4(001)-391/2021 saylı, 26.04.2021 saylı qərarına əsasən təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində 2 ay, yəni 24 iyun 2021-ci il tarixədək «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən 03 iyun 2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən məlum olur ki, Həsənov Məhəmməd Taleh oğlu «ev dustaqlığı» qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində 03 iyun 2021-ci il tarixdə axtarış elan edilmiş və həmin tarixdə də cinayət işinin icraatı dayandırılmışdır.Həmçnin, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin Ca üzrə ə/m, polis kapitanı Cavad Həsənov tərəfindən qəbul olunmuş 12 iyul 2021-ci il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 12.07.2021ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 4(001)-391/2021 saylı, 14.07.2021 saylı qərarına əsasən təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 1 ay, 18 gün müddətində qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından azad edilməli, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Belə ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və əməlində cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu, yəni təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində onun davranışı üzərinə nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək “ev dustaqlığı”nda olduğu 01 (bir) ay 10 (on) gün müddət və 12.07.2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək, həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət – cəmi 05 ( beş) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 3 (üç) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar