Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-415/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay küçəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazidə yerləşən yaşayış evlərinin arasındakı küçədə Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əlindəki, içərisində 47 manat nağd pul və üzərində 4 manat dəyərində ***-***-**-** mobil cin nömrə ilə 120 manat dəyərində “Redmi 9A” markalı mobil telefon olan 3 manat dəyərində pul kisəsini əlindən dartmaqla açıq yolla talayıb hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızma ümumilikdə 174 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Qaradağ rayonu Qobustan qəsəbəsindən çıxıb bir neçə tanışlarının yaşadığı Binəqədi qəsəbəsinə maddi durumu yaxşı olmadığı üçün tanışlarından borca pul almağa gəlmişdir. Həmin gün saat 15:30-da Binəqədi qəsəbəsinə 592 saylı ictimai nəqliyyatla gəlmiş və orada mərkəz adlanan yerdə avtobusdan düşmüşdür. Oradan hərəkət edib “Osmanlı” dönər evinin yanından ara küçəyə doğru döndükdə qarşıda bir nəfər qadının əlində boz rəngli pul kisəsini tutaraq hərəkət etdiyini görmüşdür. O, fikrini həmin qadına cəmləyib onu bir qədər izləməyə başlamış, qadın heç kəsin olmadığı dar küçəyə daxil olduqda onun arxa tərəfindən yaxınlaşıb əlində tutduğu pul kisəsini qadının əlindən dartıb geriyə doğru qaçaraq oradan uzaqlaşmışdır. Qadın yaşlı olduğu üçün onun arxasınca çox gələ bilməmişdir. O, bir qədər getdikdən sonra ara küçədə dayanıb pul kisəsinin içərisində olan əşyalara baxmağa başlamışdır. Pul kisəsinin içərisində 47 manat pul, iki ədəd qadınlara məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd göy rəngli “Redmi” markalı mobil telefon olduğunu aşkar etdikdən sonra pulu və telefonu götürərək pul kisəsini içərisində olan şəxsiyyət vəsiqələri ilə birlikdə dayandığı yerdə küçənin kənarına atıb oradan uzaqlaşaraq getmişdir. O, həmin puldan özünə siqaret, su almış və 15 manat ödəyib tanımadığı taksi avtomaşını ilə Kubinka adlanan yerə getmişdir. Orada olan zaman mobil telefonu narkotik vasitə əldə etmək üçün adını Ramazan bildiyi tanımadığı şəxsə 20 manat pul qarşılığında satmışdır. Mobil telefonun üzərində olan nömrəyə və ya yaddaş kartına fikir verməyərək telefonu olduğu kimi satmışdır. Əməlindən peşmandır. Zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Binəqədi qəsəbəsi “Mərkəz” adlanan yerdə yerləşən poçta getmiş, daha sonra poçtdan çıxıb elə “Mərkəz” adlanan yerdə bazarlıq edib saat 15:30-da yaşadığı evə qısa yolla qayıtmaq istədiyi üçün “Osmanlı” dönər evinin yanından küçəyə daxil olmuşdur. Bir qədər getdikdən sonra arxadan kiminsə gəldiyini hiss etsədə, əhəmiyyət verməmişdir. Həmin vaxt arxasınca gələn şəxs sol əlində olan pul kisəsini götürüb gəldiyi istiqamətdə də qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca qaçsada, yaşlı qadın olduğundan ona çata bilməmişdir. Bundan sonra o, evə gələrək bu barədə ilk olaraq oğlu Həmid Atababayevə bildirmiş, daha sonra isə DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan polis bölməsində ona məlum olmuşdur ki, pul kisəsini, telefonunu və şəxsiyyət vəsiqələrini əlindən alıb qaçan şəxs Təqsirləndirilən şəxsdur. Ona vurulmuş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 07 mart 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Azərbaycan Respublikası CM-in 180.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 34). Video görüntülərə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs küçədə evlərin arası ilə hərəkət edir, onun əlində bir ədəd boz rəngli pul kisəsi olması görünür. Həmin vaxt əynində qara rəngli gödəkçə və qara rəngli qış papağı olan bir nəfər şəxs onun arxasınca hərəkət edib onu güdür. Daha sonra həmin şəxs qaçaraq obyektlərin arası ilə hərəkət edib uzaqlaşmağa başlayır. Təqsirləndirilən şəxs videogörüntüdə olan üzərində qara rəngli gödəkçə və bir ədəd başında qış papağı olan, qaçaraq uzaqlaşan şəxsin özü olmasını hadisəni törətdikdən sonra qaçaraq uzaqlaşmaqda olduğunu bildirmişdir (cild 1, i.v 41-42). Əşyanın maddi sübut hesab edilməsi haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v 43). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 46-47). Qətimkan tədbiri seçilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 66-68). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 1, i.v 92). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmiş, məhkumluğu ödənilmişdir (cild 1, i.v 110-111). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2171 saylı rəyindən görünür ki, boz rəngli, seplə bağlanan, təxminən 20 sm uzunluğunda, heç bir firmaya aid olmayan pul kisəsi 3 manat, “Redmi 9A” markalı mobil telefon (satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla) 120 manat, ***-***-**-** GSM mobil nömrə 4 manat, ümumilikdə 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 127,00 manat müəyyən edilir (cild 1, i.v 123-126). Şəxsin tanınmaya təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2-ci sırada dayanan Təqsirləndirilən şəxs tanıyaraq pul kisəsini onun əlindən alıb qaçdığını bildirmişdir (cild 1, i.v 131-132). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Murad, xx.xx.2016-cı il təvəllüdlü Lalə və xx.xx.2021-ci il təvəllüdlü Nihad adlı uşaqları var (cild 1, i.v 58). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192- 193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – videogörüntülərin köçürüldüyü 1 ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-415/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-415/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver