Məhkəmə qərarları › İş №1(001)-416/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-416/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-416/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Alıeva Elananın, tərcüməçi X2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhumluğu ödənilməmiş və ya götürülməmiş, Qubadlı rayonu, Başarat ərazi dairəsi Milanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar törətməklə yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 mart 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsi, 9 nömrəli evin həyətində daşla hasarlanmış əraziyə qanunsuz daxil olaraq orada yerləşən, Zərərçəkmiş şəxs1 məxsus əmlakları saxladığı saxlanc yeri hesab olunan qarajın qapısındakı kilidin üzərində açarın olmasından istifadə edərək onu açıb qarajın içərisinə qanunsuz daxil olaraq, oradan dəyəri 100 manat olan “Akula” markalı “MP-3204” modelli laqonda, dəyəri 200 manat olan yeni, qutuda aksessuarları ilə birlikdə olan “Siemens” markalı drel, dəyəri 100 manat olan böyük ölçülü bağ qayçısını özü ilə gətirdiyi torbaya yığıb gizli yolla talamış, daha sonra vahid niyyətlə əhatə edilən qəsdlə oğurluq əməllərini davam edərək 06 mart 2022-ci il tarixdə saat 03 radələrində yenə də həmin qaraja qanunsuz daxil olub oradan ümumi dəyəri 200 manat olan 200 metr xarici istehsallı televizor kabeli, hər birinin dəyəri 5 manat olan 100 manatlıq 20 ədəd istifadə olunmamış elektrik cərəyan yuvaları (rozetkalar), dəyəri 150 manat olan antik qulplu mis qab, dəyəri 200 manat olan bir ədəd böyük ölçülü mis qazan, dəyəri 50 manat olan dərin həcmli “Tefal” markalı qazan, dəyəri 50 manat olan Türkiyə Respublikasının istehsalı olan paslanmayan poladdan olan çaydan, dəyəri 200 manat olan açar və alətlər dəsti, dəyəri 100 manat olan xarici istehsallı ütü, dəyəri 200 manat olan 10 metr uzunluğunda mis metallardan hazırlanmış list parçaları, dəyəri 100 manat olan 100 metr uzunluğunda mis naqillərdən olan kabel, hər birinin dəyəri 100 manat olan cəmi 200 manatlıq 2 ədəd Türkiyə Respublikasının istehsalı olan su kranları, dəyəri 50 manat olan antik kəllə qəndi qıran dəsti özü ilə gətirdiyi torbalara yığıb gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 17 nömrəli evin həyətində hasarlanmış əraziyə qanunsuz daxil olaraq orada yerləşən, Zərərçəkmiş şəxs2 məxsus əmlakları saxladığı saxlanc yeri hesab olunan yardımçı tikilinin giriş qapısının açarını sındıraraq içərisinə qanunsuz daxil olub, həmin tikilidən hər birinin dəyəri 25 manat olaraq cəmi 500 manat dəyərində 20 ədəd metal gövdəsi və ayqları olan, oturacaq və arxa hissələri qəhvəyi rəngli süni dəridən olan oturacaqları, ümumi dəyəri 100 manat olan santexnik ütü və alətlər dəstini, hər birinin dəyəri 20 manat olaraq 05 ədəd cəmi 100 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan işlənmiş su kranlarını gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, bir müddət iş axtarsa da tapa bilmədiyi üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus qarajdan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində o, qarajın qapısını üzərində olan açarla açaraq içərisinə daxil olmuş və orada tez zamanda özündə olan fənərlə axtarış aparıb oradan bir ədəd “Akula” markalı laqonda, bir ədəd “Siemens” markalı drel və bağ qayçısını özü ilə gətirdiyi torbaya qoyaraq oğurlamışdır. O, qarajda digər oğurlanası əşyaların olduğunu görüb, bir gün sonra gəlib həmin əşyaları da oğurlamaq qərarına gəlmişdir. Ona görə də, 06 mart 2022-ci il tarixdə yenə də gecə saat 03 radələrində oğurluğunu davam etmək niyyəti ilə yenə də həmin qarajın üstündəki açarla qapısını açıb içərisinə daxil olmuş və oradan televizor kabeli, mis qab və bir ədəd ütü götürərək özü ilə gətirdiyi 2 ədəd torbaya yığıb çıxıb getmişdir. O, oğurladığı əşyaları Biləcəri qəsəbəsində, Y.Hüseynov küçəsində yolun kənarında “VAZ” markalı avtomobil ilə gəlib dayanaraq səyyar şəkildə əlvan metallar alan tanımadığı şəxsə ucuz qiymətə satmışdır. Oğurladığı laqondanı isə baha sata bilmədiyi üçün evində saxlamışdır. Bundan bir neçə gün sonra Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 17 ünvanda yaşayan adını bilmədiyi rus qadının evınin yanında, dəmir yol xəttinə çıxan tərəfdə hasarı olan sahədə balaca bir yay evi və əşyalar saxlanan yardımçı tikilidən oğurluq etmək qərarına gəlmişdir. O, həmin qadının qeyd etdiyi yardımçı tikiliyə arada bir gəldiyini bilib, hasardan atılaraq tikiliyə daxil olub dəmin məmulatları satıb pul qazanmaq istəmişdir. Buna görə də, 08 mart 2022-ci il tarixdə saat 2 radələrində qeyd edilən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 17 ünvanın yanında olan həmin sahəyə dəmir yol xəttinə çıxan tərəfdən, hasardan atılaraq sahəyə daxil olmuş və əşyalar saxlanan yardımçı tikiliyə yaxınlaşmışdır. O, yerdən bir dəmir parçası taparaq qarşı tərəfdən olan qapının qıfılını sındırmış və içəri daxil olmuşdur. İçəridə axtarış apararaq oradan santexnik ütüsünü, alətlər dəstini və su kranlarını götürüb dəmir yol tərəfdən hasarın digər tərəfində ətrafdan görünməyən yerdə gizlətmiş, özü isə çıxıb getmişdir. O, səhər gəlib oğurladığı əşyaları aparıb səyyar şəkildə küçə qırağında metal yığan şəxslərə satıb əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. O, ifadəsində göstərdiyi əşyalardan başqa hət hansı bir digər əşya oğurlamamışdır. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra Zərərçəkmiş şəxs1 məxsus qarajdan oğurlayaraq yaşadığı evdə saxladığı laqondanı təhvil vermişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı binanın həyətində, daşla hasarlanmış ayrılmış bir hissədə ona məxsus olan qaraj yerləşir. Qarajın qapısının üzərində kilid olsa da, açarını çox vaxt üstündə saxlamışdır. O, həmin qarajda özünə məxsus avadanlıq, alətlər və məişət əşyalarını saxlamış, tez-tez girib qarajdan nə isə götürmüş və ya saxlamaq üçün qoymuşdur. Təqsirləndirilən şəxs və ailə üzvlərini bir qonşu kimi tanımış, münasibəti yaxşı olmuşdur. 09 mart 2022-ci il tarixdə qonşusu Cəbi ona bildirmişdir ki, 2-3 gün əvvəl gecə vaxtı təsadüfən Təqsirləndirilən şəxs əlindəki torbada nə isə ağır əşyalarla onun qarajının üstündən küçəyə düşərək getdiyini görmüşdür. O, bundan sonra qaraja baxanda oradan ümumilikdə dəyəri 2000 manat olan bir ədəd laqonda, bir ədəd drel, 200 metr uzunluğunda televizor kabeli, 10 metr uzunluğunda mis delallardan hazırlanmış list parçaları, bir ədəd bağ qayçısı, digər alət və məişət əşyalar oğurlandığını bilmişdir. O bundan sonra Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə yazaraq hadisə barədə bildirmişdir. Araşdırma zamanı həmin cinayəti törətmiş Təqsirləndirilən şəxs ifşa olunmuş, ondan oğurladığı “Akula” markalı laqonda Sənandan aşkar edilərək götürülmüş, bölmədə o, həmin laqondanı görən kimi rəngindən, ölçüsündən və görünüşündən özünə məxsus olmuş əmlak kimi dərhal tanımışdır. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan qarajdan dəyəri 100 manat olan “Akula” markalı laqonda, dəyəri 200 manat olan yeni, qutuda aksessuarları ilə birlikdə olan “Siemens” markalı drel, dəyəri 100 manat olan böyük ölçülü bağ qayçısı, ümumi dəyəri 200 manat olan 200 metr xarici istehsallı televizor kabeli, hər birinin dəyəri 5 manat olan 100 manatlıq 20 ədəd istifadə olunmamış elektrik cərəyan yuvaları (rozetkalar), dəyəri 150 manat olan antik qulplu mis qab, dəyəri 200 manat olan bir ədəd böyük ölçülü mis qazan, dəyəri 50 manat olan dərin həcmli “Tefal” markalı qazan, dəyəri 50 manat olan Türkiyə Respublikasının istehsalı olan paslanmayan poladdan olan çaydan, dəyəri 200 manat olan açar və alətlər dəsti, dəyəri 100 manat olan xarici istehsallı ütü, dəyəri 200 manat olan 10 metr uzunluğunda mis metallardan hazırlanmış list parçaları, dəyəri 100 manat olan 100 metr uzunluğunda mis naqillərdən olan kabel, hər birinin dəyəri 100 manat olan cəmi 200 manatlıq 2 ədəd Türkiyə Respublikasının istehsalı olan su kranları, dəyəri 50 manat olan antik kəllə qəndi qıran dəst, ümumilikdə 2000 manat dəyərində əmlakı oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün o, şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, evinin yanında, hasarı olan sahədə balaca bir yay evi və el arasında saray kimi adlanan yardımçı tikilisi vardır. Tikilin divarları daşdandır və dəmir materiallarla bərkidilmişdir. O, həmin tikilidə özünə məxsus ev və məişət əşyalarını saxlamışdır. O, həmin sahədəki yay evində uzun müddətdir ki, yaşamamış, yardımçı tikiliyə isə ara bir gəlib nə isə qoymuş və ya götürmüşdür. Hadisədən əvvəl son dəfə həmin tikilidə 07 mart 2022-ci ildə axşam olmuş, sonra isə 8 X7 qeyd etməyə qızı Rənanın evinə getmiş və orada qalmışdır. 11 mart 2022-ci il tarixdə saat 10 radələrində o, yaşadığı evin həyətinə qayıtdıqda yardımçı tikilinin qarşı tərəfdən qapısının açarının yerində olmadığını və qapısının açıq olduğunu görmüşdür. İçəri baxanda görmüşdür ki, oradakı əşyaların yerləri pozulub və bəzi əmlakları oğurlanmışdır. O, bu barədə qızı Rənaya məlumat vermiş, Rəna isə AR DİN-nin 102 Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş, əl-barmaq izlərini də götürülüb zərfə qoyulmuş və möhürlənmiş, fotoşəkillər çəkilmişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, oğurluq hadisəsini Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxs etmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus saxlanc yerindən hər birinin dəyəri 25 manat olaraq cəmi 500 manat dəyərində 20 ədəd metal gövdəsi və ayaqları olan, oturacaq və arxa hissələri qəhvəyi rəngli süni dəridən olan oturacaqlar (stullar), ümumi dəyəri 100 manat olan santexnik aləti ütü və alətlər dəsti, hər birinin dəyəri 20 manat olaraq 05 ədəd cəmi 100 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan işlənmiş su kranları oğurlanmaqla ümumilikdə ona 700 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün o, şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir qonşu kimi uzun müddətdir ki, tanıyır, onun qarajından oğurluq etmiş Təqsirləndirilən şəxs da yaxşı tanımışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğundan çox vaxt gecə vaxtı ayıq olmuşdur. 2022-ci ilin mart ayının əvvəlində, tarixi dəqiq xatırlamadığı vaxtda səhərə yaxın təsadüfən qonşusu Təqsirləndirilən şəxs əlindəki torbada nə isə ağır əşyalarla Elxanın qarajın üstündən küçəyə düşərək getdiyini görmüşdür. Torbaları götürməyindən içərisində nə isə ağır əşyalar olduğu hiss olunmuşdur. O, oğurluq hadisəsinin baş verməsinə tam əmin olmadığı üçün əvvəlcə Elxana məlumat vermək qərarına gəlmişdir. Həmin səbəbdən də o, bundan sonrakı günlərdə Elxanı görəndə sonuncuya bu barədə demişdir. Elxan sonra qaraja baxanda oradan laqonda, drel, kabellər, mis əşyalar və sair, ümumilikdə 2000 manatlıq əmlakın oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsi, ev 9, mənzil 5-in həyətyanı sahəsində yerləşən qarajda baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanından 1 ədəd göy rəngli, üzərində “Akula MP 3034” sözləri yazılmış laqonda götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məmmədov X6 RPİ-nin İŞ-də CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 10 mart 2022-ci il tarixdə saat 18:15-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd “Akula” markalı “MP-3204” modelli laqonda aparatı Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu həmin laqondanı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsi, 9 nömrəli evin həyətyanı sahəsində yerləşən qarajında baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-255/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Məmmədov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-437/2021-ci il nömrəli hökmü ilə CM-in 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 il 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-93/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 08 ay 27 gün hissəsi 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-də araşdırması aparılmış HK-1-507 nömrəli material ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən, saxlanc yeri kimi istifadə olunan yardımçı tikilidə baş vermiş və hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. xx.xx.2022-ci il tarixli 011-3242-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin saxlanc yerindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri ilə bağlı Azərbaycan Respublikası Daxili X3 İdarəsində aparılmış müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin X1 əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 22/368R nömrəli Azərbaycan Respublikası Daxili X3 İdarəsinin ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd kağız parçasını üzərinə yapışdırılmış 09 ədəd yapışqanlı lent kəsikləri üzərində olan 03 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.1993-cü il tarixdə Qubadlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi DİN KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli, 9/1950 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Akula” markalı, “MP-3204” modelli laqondanın orta bazar qiyməti təxminən 40,0 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 3 ünvanın həyətyanı sahəsində yerləşən, saxlanc yeri kimi istifadə olunan yardımçı tikilidə baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Akula” markalı, “MP-3204” modelli laqonda aparatı və zərfdə qablaşdırılmış 01 ədəd əl izi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus olan ədəd “Akula” markalı, “MP-3204” modelli laqonda aparatını işlək vəziyyətdə təhvil almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2022-ci il tarixli 4(001)- 617/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 30 iyun 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ona verilmiş ittihamlarda oğurlamadığı əşyaların qeyd edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Məmmədov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-437/2021-ci il nömrəli hökmü ilə CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 69.3cü maddəsinə əsasən qəti olaraq 11 il 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)- 93/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 08 ay 27 gün hissəsi 6 ay azaldılmış və 01 fevral 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 255/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-617/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün müddətə, yəni xx.xx.2022-ci il tarixədək, uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Akula” markalı, “MP-3204” modelli laqonda aparatının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Akula” markalı, “MP-3204” modelli laqonda aparatının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar