Məhkəmə qərarları › İş №1(001)-417/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-417/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-417/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2020-ci ilin iyun ayının ortalarında satış məqsədi olmadan istintaqa məlum olmayan ərazidən və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 39,799 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış və xx xxxx 2020-ci il tarixdə saat 21:00-da DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli cins şalvarının arxa sol cibindəki sellofan torbanın içərisindən 3 ədəd kibrit qutusunda, 1 ədəd sellofan bükümdə, 1 ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda və 11 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri – 4.563 qram, 3.908 qram, 3.740 qram, 4.031 qram, 2.378 qram, 1.685 qram, 2.071 qram, 1.446 qram, 2.432 qram, 2.741 qram, 1.661 qram, 1.531 qram, 1.634 qram, 1.393 qram, 2.424 qram, 2.161 qram, ümumilikdə 39.799 qram çəkidə bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində ünvan 4 ünvanının qarşısında dayandığı zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişdir. O, polis əməldaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması və gəzdirilməsi ilə məşğul olmaqla şübhəli olduğu barədə əməliyyat məlumatı olduğu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanılmış və şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və yaməhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, əynində olan açıq qəhvəyi rəngli şalvarının sol arxa cibindən sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra sağ arxa cibindən ona məxsus “Samsung” markalı mobil telefonu, əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd tibbi maskanı, 167 manat 10 qəpik pulu və yaşadığı evin açarını təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən iş üçün sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Ona məxsus olan pul, yaşadığı evin açarı və tibbi maska özünə qaytarılmışdır. Bundan sonra təqdim etdiyi sellofan torbanın içərisinə baxış keçirilməyə başlanmışdır. Həmin sellofan torbanın içərisindən 3 ədəd kibrit qutusu, 01 ədəd sellofan büküm və 11 ədəd kağız büküm aşkarlanmışdır. Həmin kibrit qutusunun və bükümlərin içərisinə baxış keçirilərkən oradan tünd yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmışdır. Həmin aşkar olunmuş maddələr bir ədəd zərfə qoyularaq möhürlənərək qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Polis əməkdaşları tərəfindən şifahi sorğu zamanı o, uzun zamandır narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, protokolunun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən saxlanılmazdan təxminən 3 gün öncə öz istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Hazırda ölkədə və bütün dünyada olan koronavirus pandemiyası ilə əlaqədar olaraq müəyyən vaxtı küçədə olmaq qadağan olunduğundan, həmçinin polis əməkdaşları əvvəlki adi vaxtlara nisbətdə daha tez-tez yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyi bildirib küçədə olmanın səbəbini soruşduğundan həmin narkotik vasitəni qeyd olunan miqdarda almışdır ki, hər dəfə narkotik vasitəni almaq üçün küçəyə çıxmasın və polis əməkdaşları tərəfindən saxlanılmaq ehtimalı az olsun. O, narkotik vasitəni həmin vəziyyətdə tanımadığı şəxsdən ayrı-ayrı bükülülərdə cəmi 250 manata almışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat aparatına Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin inzibati ərazisi olan Biləcəri qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin operatoru, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 21:00-da ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edərək həmin şəxsi yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər və sonuncu buna etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə X2 təhqiqatçısı, polis baş leytenantı Vüsal Həsənquliyev tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutularaq hüquq vəzifələri izah edilməklə müdafiəçi ilə təmin edilmişdir. Daha sonra həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və sonuncu heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan açıq qəhvəyi rəngli şalvarının sol arxa cibindən sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ arxa cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu, əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd tibbi maskanı, 167 manat 10 qəpik pulu və yaşadığı evin açarını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus olan pul, yaşadığı evin açarı və tibbi maska özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxış keçirilməyə başlanılmış və həmin sellofan torbanın içərisindən 3 ədəd kibrit qutusu, 01 ədəd sellofan büküm və 11 ədəd kağız büküm aşkarlanmışdır. Həmin kibrit qutusunun və bükümlərin içərisinə baxış keçirilərkən oradan tünd yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmışdır. Həmin bir ədəd sellofan bükümdə isə içərisində qurudulmuş marixuana olan yarı hissəsi kəsilmiş kibrit qutusu olmuşdur. Həmin aşkar olunmuş maddələr bir ədəd zərfə qoyularaq möhürlənib qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun zamandır narkotik vasitə olan marixuanadan istifadə etdiyini, həmin sellofan torbada olan maddəni tanımadığı şəxsdən təxminən 3 gün öncə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin operatoru, polis serjantı Şahid3, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində narkotik vasitə əldə edib saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli cins şalvarının arxa sol cibindəki sellofan torbanın içərisindən 3 ədəd kibrit qutusunda, 1 ədəd sellofan bükümdə, 1 ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda və 11 ədəd kağız bükümlərdə olan maddələr aşkar edilib götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 7/368 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddə” yazılar və imzalar olan kağız paketdə bir ədəd sellofan torbadakı 3 ədəd kibrit qutusunda, 1 ədəd sellofan bükümdə, 1 ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda və 11 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 4,563 qram, 3,908 qram, 3,740 qram, 4,031 qram, 2,378 qram, 1,685 qram, 2,071 qram, 1,446 qram, 2,432 qram, 2,741 qram, 1,661 qram, 1,531 qram, 1,634 qram, 1,393 qram, 2,424 qram, 2,161 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 39.799 qramdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi – 39,799 qram, tədqiqata sərf edildi – 0,32 qram, qalıq 39,479 qram. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(001)-582/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 39,799 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və onun ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,479 qram qalığı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 2056 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan açıq qəhvəyi rəngli cins şalvarının arxa sol cibindəki sellofan torbanın içərisindən 3 ədəd kibrit qutusunda, 1 ədəd sellofan bükümdə, 1 ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda və 11 ədəd kağız bükümlərdə olan maddələr aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu və onları tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin görüntüsünü özündə əks etdirən bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. AZ-İİ 124392 və AZ-İİİ 345407 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 21:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-555/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-603/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək, yəni 4 (dörd) ay 13 (on üç) gün müddətində həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 4 (dörd) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 39,479 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 4 (dörd) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 39,479 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 66,46 (altmış altı manat qırx altı qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar