Məhkəmə qərarları › İş №1(001)-417/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-417/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-417/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi kəndində yerləşən məscidin yaxınlığnda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,847 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsinin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə təmiz çəkisi 0,847 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi kəndində yerləşən Məscidin yaxınlığında naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,066 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 1,066 qram qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində iki nəfər mülkü geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-in 43-cü PB-yə dəvət etmişlər. O, öz razılığı ilə polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-in 43-cü PB-yə getmiş və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və üzərindən başqa bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin heroini o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan başqa 06 mart 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində Məscidin yaxınlığındakı ərazidə tanımadığı şəxsdən 10 manat pul ödəməklə öz istifadəsi üçün narkotik vasitə almış, narkotik istifadəçisi olduğundan həmin bükülünü narkotik maddəni üzərində gizlədib oradan dərhal uzaqlaşmışdır. Həmin gün saat 17:50 radələrində yaşadığı evdən çıxıb təxminən 10 dəqiqə piyada hərəkət edib saat 18:00 radələrində mərkəz adlanan yerə gəlmişdir ki, sakit bir ərazi tapıb orada narkotikdən istifadə etsin. Həmin vaxt iki nəfər tanımadığı şəxs yaxınlaşaraq özlərini təqdim edərək bildirmişlər ki, 43-cü PB-in əməkdaşlarıdırlar. Polis işçiləri ona narkotik vasitə gəzdirməkdə şübhəli bildiyini deyib onu 43-cü PB-yə dəvət etmişdirlər. Polis bölməsində hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-in sahə rəisi vəzifəsində işləyir. 06 mart 2023-cü il tarixdə Binəqədi RPİ-in 43-cü PB-yə Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yaşayan sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmmiş və bundan sonra əməliyyat qrupu yaradılaraq, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 06 mart 2023-cü il tarixdə saat 17:30 radələrində Arazın qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən etmək məqsədi ilə əməliyyat mövqeyi seçmişlər. Saat 18:00-da Binəqədi qəsəbəsi “Mərkəz” adlanan yerdə Arazın gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitələri əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-in 43-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb polis bölməsinə gəlmiş, orada olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Araza hüquq və vəzifləri elan olunduqdan sonra vəkil dəvət olunaraq təqdim edilmişdir. Bundan sonra Arazın özünün razılığı ilə müdafiəçininin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki parça şalvarının sağ yan cibindən bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub üzərində başqa heçnə olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Binəqədi qəsəbəsində Məscidin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-in 43-cü PB-yə Binəqədi rayonu. C.Cabbarlı küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət edilmiş və bundan sonra əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 01.03 2023-cü il tarixdə Arazın qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən etmək üçün Binəqədi rayonu C. Cabbarlı küçəsinə gedərək əməliyyat mövqeyi seçmişlər. Saat 22:30-da Arazın gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-in 43-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb polis bölməsinə gəlmişdir. Bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı Fərid Nəzərli tərəfindən Araza hüquq və vəzifləri elan olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Arazın özünün razılığı ilə müdafiəçininin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyub üzərində başqa heçnə olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni 01 mart 2023-cü il saat 11 radələrində Binəqədi rayonu, Binəqədi kəndində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 29-30). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Hüseynov X3 RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 33-35). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1373 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan zərfdəki bükümdə təmiz çəkisi 1,066 qram olan qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v 39-42). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 57-58). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsiləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 78-82). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1,066 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin heroinin 1,016 qr qalığı saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v 83-84). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Hüseynov X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v 89-90). Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 110). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 132-133). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,Hüseynov X3 RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsinin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 137-138). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1268 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,847 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v 144-147). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 159-160). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsiləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 175-177). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,847 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin heroinin 0,797 qr qalığı saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v 181,185). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1260 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.192-193). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsaslanmaqla cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr aludəçisi olduğunu, cinayəti təkrar törətməsini və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 06 mart 2023-cü il tarixdən hesablanmalı, onun ibtidai istintaq dövründə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə olduğu müddət (cəmi 2 gün) cəza müddətinə hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1260 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,797 qram və 1,016 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 157 (yüz əlli yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı cəmi 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan qalıq çəkisi 0,797 qram və 1,016 qram olan narkotik vasitə heroin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 157 (yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar