Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-420/2021 27.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci ildə Tovuz rayonu, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26.05.2021-ci il tarixdə, saat 10:30 radələrində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllə, nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs alver nəticəsində əldə olunmuş pul vəsaitinin düzgün bölüşdürülməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əl və yumruq zərbələri ilə vuraraq başın sol təpə-ənsə nahiyəsinin şişkinlikli qançırı, burun nahiyəsinin yumşaq toxumalarının əziyi-sıyrığı, sağ əlin İV barmağının orta falanqasının qəlpəli, azyerdəyişmiş sınığı ilə müşayiət olunan xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Tərtər hadisələri zamanı ciddi problemlərlə üzləşmiş, orada aparılmış istintaq zamanı fiziki və psixi zərbələr almışdır. Sağlamlıq vəziyyətində problemlər olduğu üçün 2018-ci ildən özü könüllü ərizə yazaraq işdən ayrılmışdır.O, hərbçi olduğu müddətdə Ağdam, Tərtər, Goranboy rayonlarında cəbhə bölgəsində işləmişdir. Bütün xidməti boyu o ancaq ön cəbhədə, postlarda olmuşdur. Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuşlar, birgə nikahlarından 19.07.2014-cü il təvəllüdlü X5, 12.03.2017-ci il təvəllüdlü X2 ad-soyadlı 2 uşağı olmuşdur.Evləndikdən sonra o, hərbçi olduğu üçün xidmət etdiyi rayonlarda ailəliklə kirayədə yaşamışlar.2018-ci il tarixdən etibarən Bakı şəhərində yaşamağa başlamışlar.İşin mahiyyəti üzrə bildirmək istəyir ki, evləndikdən sonra ilk vaxtlar mehriban yaşamışlar. Aralarında narazılıqlar Zəhrənin ona xəyanət etməsini öyrəndikdən sonra yaranmağa başlamışdır. 16.03.2021-ci il tarixdə Zəhrənin mobil telefonunda təsadüfən səs yazılarını eşitdikdən sonra Zəhrənin ona X6 ad-soyadlı bir nəfərlə xəyanət etdiyini öyrənmişdir. Zəhrə özü də bunu etiraf etmiş, həmin oğlanla sevgili kimi münasibətlərinin olduğunu bildirmişdir.Həmin vaxt Zəhrə həm də Nurlana evlərində olan 3-4 min manat dəyəri olan qızılları ona verdiyini etiraf etmişdir.Həmin şəxs qızılları qaytarmadığı üçün gedib polisə şikayət etmişdir. Həmin qızılların böyük qismi ona məxsus olmuşdur.O, Nurlanla telefonda danışanda Nurlan etiraf etmişdir ki, Zəhrə ilə münasibətləri olmuşdur, hətta ona demişdir ki, “məsləhət olar ki, sən ondan boşanasan”. Bundan sonra həyat yoldaşı ilə münasibətləri korlanmışdır.Hətta onun telefonundakı nömrələrin kimə aid olduğunu soruşanda Zəhrə sosial şəbəkələrdə başqa 3 nəfər oğlanla da tanış olduğunu və müxtəlif vaxtlarda onlarda da münasibətlərinin yarandığını etiraf etmişdir.Bu məsələyə qədər Zəhrə şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir, amma problemlərdən sonra ərizəsini yazaraq işdən ayrılmışdır. Sonra o, Zəhrə və onun qardaşı Niyazi birlikdə Bakıdan Sədərək Ticarət Mərkəzindən ucuz qiymətə geyim əşyalarını alıb rayonlara satışını həyata keçirib pul qazanmışlar.26.05.2021-ci il tarixdə səhər təxminən 10.00 radələrində alver etdikləri malların hesabatını apararkən Zəhrənin alver zamanı qardaşına daha çox pul ayırdığını aşkarlamışdır. Zəhrəyə bu barədə irad tutsa da, o, boynuna almadığı üçün əsəbiləşmiş və ona hesabı düzgün aparmadığını, onsuz da qızıllarını da aparıb kiməsə verdiyini demişdir. Onlar yataq otağında olarkən mübahisələri yaranmış, bu vaxt Zəhrə onu təhqir etdiyi və üzərinə gəldiyi üçün yumruqla Zəhrənin başına, boynunun arxasına, burnuna bir neçə zərbə endirmişdir. Sonra o, Zəhrənin bəzi əşyalarını bayıra atmışdır. Özünün isə evdən çıxmağını tələb etmiş, Zəhrə də çıxıb getmişdir. Həmin vaxt uşaqları Tuncay bağçada, İnci məktəbdə olmuş, evdə heç kim olmamışdır. Daha sonra Zəhrənin bu barədə polisə müraciət etdiyini öyrənmişdir. Hadisənin baş verməsinə səbəb Zəhrənin alver etdikləri malların hesabatını düzgün aparmaması, ona xəyanət etməsi və qızıllarını aparıb başqasına satması olmuşdur. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt evdə heç kim olmamış, hadisəni görən şəxs olmamışdır.İlk dəfə idi ki, Zəhrəylə belə səviyyədə mübahisələri olmuşdur. O, Zəhrəni sevib evlənmiş, Zəhrəni həmişə incitməməyə çalışmışdır. O, Zəhrəni sürüyərək bayıra atmamışdır. Döydükdən sonra Zəhrənin bəzi əşyalarını bayıra atmış və evdən çıxmasını tələb etmiş, o da çıxıb getmişdir. O, heç vaxt Zəhrəyə hədə-qorxu gəlməmişdir.Zəhrə ona xəyanət etməsini ört-basdır etmək üçün bu məsələni yalandan bəhanə gətirmişdir.29.06.2021-ci il tarixdə Tovuz rayonundan Bakı şəhərində gəlib Niyazi ilə gördükləri işə görə ona çatacaq pulu götürməyə gəlmişdir.Niyazi ilə haqq-hesab etmək istəyərkən Zəhrə evə gəlib müdaxilə etdiyindən aralarında mübahisə yaranmışdır.Böyüdüləcək bir hadisə yaşanmamış, o, səs-küy salmamışdır.Uşaqlarla bağlı da hər hansı problem yaranmamışdır.Zəhrə yalandan məsələni şişirtmişdir və söylədikləri həqiqətə uyğun deyil.Hazırda Zəhərə ilə münasibətləri soyuqdur.Zəhrə boşanmaqla bağlı məhkəməyə müraciət etmişdir.Xəyanət etdiyi üçün Zəhrə ilə boşanmağı planlaşdırır.Bundan başqa evlə, əşyalarla, uşaqaların kimdə olacağı ilə bağlı da mübahisələri var. Onlar da yəqin mülki qaydada məhkəmədə həllini tapacaq. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs hal-hazırda, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır.O, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuşlar, birgə nikahlarından 19.07.2014-cü il təvəllüdlü X5, 12.03.2017-ci il təvəllüdlü X2 ad-soyadlı 2 uşağı var. Evləndikdən sonra Nemət hərbçi olduğu üçün onun xidmət etdiyi rayonlarda ailəliklə kirayədə yaşamışlar. 2017-ci il tarixdən etibarən Bakı şəhərində yaşamağa başlamışlar.İşin mahiyyəti üzrə bildirmək istəyir ki, evləndikdən sonra ilk vaxtlar mehriban yaşamışlar.Son bir neçə ildə aralarında narazılıqlar yaranmağa başlamışdır.Nemət çox deyingən, hər şeyə danışan bir insan olmuşdur.Nemət 2017-ci il tarixdə hərbi xidmətdə Tərtər hadisələri zamanı ciddi problemlərlə üzləşmiş, orada aparılmış istintaq zamanı fiziki və psixi zərbələr almışdır. 2017-ci il tarixdə öz ərizəsi ilə hərbi xidmətdən çıxmışdır.Nemət, adətən onun valideynlərindən narazı olduğunu bildirmişdir. Amma əslində valideynləri övladları içərisində, həm maddi, həm mənəvi olaraq ən çox ona, yəni onların ailəsinə yardım etmişlər.2021-ci ilin fevral ayında sosial şəbəkələr vasitəsilə tanış olduğu Nurlan adlı şəxs onu aldadaraq qızıllarını satıb ona maddi ziyan vurmuşdur.Bu məsələdə heç bir günahı olmasa da, mümkün olduğu qədər gizlətməyə çalışmışdır. 15.03.2021-ci il tarixdə mobil telefonunda təsadüfən səs yazılarını eşitdikdən sonra Nemət bu məsələdən xəbər tutmuşdur.Bundan sonra həyat yoldaşı ilə münasibətləri korlanmışdır. Hətta o, intihar etmək məqsədilə bir qutu dərman içmiş və təcili tibbi yardımla xəstəxanaya aparılmışdır.Nemət ilk olaraq ona inanmadığı üçün anlaşa bilməmişlər.Valideynləri məsələyə müdaxilə etdikdən sonra aralarında barışıq yaranmış və bir yerdə yaşamağa davam etmişlər.Bu məsələyə qədər 1 il “Mazarina” şirkətində satış təmsilçisi vəzifəsində işləmiş, amma problemlərdən sonra ərizəsini yazaraq işdən ayrılmışdır. Sonra qardaşı Niyazi, o və Nemətlə birlikdə Bakı şəhərindən Sədərək Ticarət Mərkəzindən ucuz qiymətə geyim əşyalarını alıb rayonlara satışını həyata keçirib pul qazanmışlar. 26.05.2021-ci il tarixdə səhər təxminən 10.00 radələrində o, alver etdikləri malların hesabatını apararkən Nemət ona alver zamanı qardaşına daha çox pul ayırdığını irad tutub mübahisə etməyə başlamışdır.Əslində Nemət düz hesablamamış, o heç vaxt qardaşına daha çox pul ayırmamışdır.Bu mübahisədən sonra Nemət daha əvvəl yaşananları, onun qızılları aparıb başqasına satmağını da bəhanə edərək yataq otağında olarkən yumruqla başına, boynunun arxasına, burnuna zərbələr endirmişdir. O özünü müdafiə etməyə çalışmışdır.Nemət qollarından tutub onu yerdə sürüyərək, təhqir edərək onu evdən qovmuşdur, bəzi əşyalarını da bayıra atmışdır.Həmin vaxt uşaqları Tuncay bağçada, İnci məktəbdə olmuş, evdə heç kim olmamışdır.Dərhal bu məsələ ilə bağlı polisə müraciət etmişdir.Təqsirləndirilən şəxs yumruqla başına, boynunun arxasına, burnuna, qollarına zərbələr vuraraq xəsarətlər yetirmişdir. Hadisə bir neçə dəqiqə davam etmiş, hadisənin baş verməsinə səbəb alver nəticəsində əldə olunmuş pul vəsaitinin düzgün bölüşdürülməməsi və onun qızılları başqa bir insana satması olmuşdur.Həmin vaxt evdə onların ikisindən başqa heç kim olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxsla mübahisələri olmuş, hətta bir dəfə təxminən 2-3 il əvvəl hüquq mühafizə orqanlarında bu məsələ ilə bağlı araşdırma da aparılmışdır. Təqsirləndirilən şəxs çox əsəbi insandır, teztez özündən çıxır, hərbi xidmətdəki problemlərindən sonra Nemət daha əsəbi olmuşdur, amma Nemətin hər hansı psixi çatışmazlığının, probleminin olduğunu düşünmür.29.06.2021-ci il tarixdə axşamüstü uşaqları ilə birlikdə atasınının evində olarkən Təqsirləndirilən şəxs rayondan gəlib qapılarının ağzında qardaşı Niyazini çağırıb bildirmişdir ki, “gəl qalan mallarımızı bölək”. Söhbət Nemətin ona xəsarət yetirməmişdən qabaq iş gördükləri zaman yığılmış mallardan getmişdir.Həmin malların, yəni geyim əşyalarının siyahısını, haqq-hesabı o aparmışdır.O, qardaşı ilə birlikdə bölgü aparılması üçün öz evlərinə getmək istəmişdir. Nemət Niyazini evə buraxsa da, onun gəlməyini istəməmişdir. Həmin vaxt Nemət artıq səs-küy salmağa başlamışdır. Qardaşı Niyazi onu sakitləşdirməyə çalışsa da, Nemət sakitləşməmişdir. Sonra uşaqları götürüb aparmaq istəmişdir. Valideynləri aranı sakitləşdirmək üçün uşaqları Nemətə verməsini istəsə də, o razılaşmamışdır. Çünki əvvəl uşaqlar Nemətin ailəsində qalanda onlara yaxşı baxa bilməmişlər. Ona görə uşaqlarını Nemətə vermək istəməmişdir. Nemət güc tətbiq edərək uşaqlarını götürüb aparmaq istədikdə ona müqavimət göstərə bilmədiyini görüb 102 xidmətinə zəng vurub uşaqlarını və özünü yandıracağını bildirmişdir.Həmin vaxt Nemət onu çox əsəbiləşdirdiyi, psixoloji vəziyyəti gərgin olduğu üçün polisə zəng vuraraq belə bir ifadə işlətmişdir. Əslində özünə və uşaqlarına xəsarət yetirmək niyyətində olmamışdır, o, uşaqlarını hər şeydən çox sevir, heç vaxt onlara xəsarət yetirmək istəməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, hal-hazırda, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Neməti Zəhrə ilə ailə həyatı qurandan sonra tanımış, münasibətləri normal olmuşdur. Əslində Nemət bir az kobud insan olmuş, Nemətlə münasibətləri o hərbi xidmətdən ayrılandan sonra daha da yaxınlaşmışdır.2021-ci ilin mart ayında Nemət ilə Zəhrənin münasibətləri pozulmuş, o, bacısının ailəsinin münasibətini düzəltmək üçün, həm də pul qazanmaq niyyəti ilə onlara birlikdə iş qurmağı təklif etmişdir. Bakı şəhərində Sədərək Ticarət Mərkəzindən müxtəlif geyim əşyalarını ucuz qiymətə alıb Tovuz, Qazax və digər rayonlarda satışını həyata keçirməyi planlaşdırmışlar.Zəhrəyə sənəd işlərini, haqq-hesab işlərini aparmaq həvalə edilmişdir. Nemətlə o isə malları götürüb öz avtomobilləri ilə rayonlara aparıb müxtəlif mağazalara vermişlər. Təxminən 1 ay normal qaydada işləmişlər. Həmin vaxt Zəhrə ilə Nemətin münasibətləri nisbətən yaxşılaşmışdır.26.05.2021-ci il tarixdə oğlunun 40 günlüyü ilə bağlı ailə daxilində kiçik məclis təşkil etmək istəmişdir. Gördükləri işlə bağlı qazanılan pul həmişə Zəhrədə, yəni onun ailəsində olmuşdur. O, Zəhrədən həmin məclisin təşkili ilə bağlı ərzaq almaq üçün 200 manat pul götürmüşdür.Marketə getmiş, qayıdanda artıq Nemətin Zəhrəni vuraraq xəsarət yetirdiyini bilmişdir. O, Zəhrəni öz evlərinə aparmışdır. Həmin vaxt artıq Zəhrə hadisə ilə bağlı polisə müraciət etmişdir. Həmin gün Nemətin yanına gedib Zəhrəyə niyə xəsarət yetirməsini soruşmuş, Nemət ancaq Zəhrənin necə olduğunu soruşaraq bu haqda ona heç bir cavab verməmişdir. Hadisənin baş verməsinə səbəb bildiyi qədər Nemətin Zəhrənin alver etdikləri malların hesabatını düzgün aparmamasını bəhanə edərək xəyanətlə bağlı aralarında olan məsələni yenidən yada salması olmuşdur.O, Nemətin Zəhrəyə xəsarət yetirməsini görməmişdir. O, həmin vaxt marketə getmiş, gələndə hadisə artıq olmuşdur. Zəhrə ona heç vaxt çox pul verməmişdir. Nemətin niyə elə fikir bildirməsinin səbəbini bilmir. Nemətdən dəfələrlə bir az səbrli olmasını, problem yaratmamasını xahiş etmiş, amma onu dinləmədiyi üçün hazırda münasibətləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 744 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın sol təpə-ənsə nahiyəsinin şişkinlikli qançırı, burun nahiyəsinin yumşaq toxumalarının əziyi-sıyrığı, sağ əlin İV barmağının orta falanqasının qəlpəli, azyerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdiyi və qərarda göstərilən 26.05.2021-ci il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə, yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdi, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 08.07.2020-ci il tarixli 1487 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, o, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir, hadisə baş verən vaxt emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidin ifadəsini və müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və bu barədə barışıq ərizəsi verməsi nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 127.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ondan şikayət və tələbləri olmadığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-420/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-420/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver