Məhkəmə qərarları › İş №1(001)-421/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-421/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-421/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, AR vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 29 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində satış məqsədi olmadan Bakı şəhəri, Müşfiqabad qəsəbəsində istintaqa məlum olmayan “Amil” adlı şəxsdən 5 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,517 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış və həmin tarixdə saat 13 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “İstanbul Mall” ticarət mərkəzinin qarşısında saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağız qəbzə bükülmüş təmiz çəkisi 0,517 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkumluq həyatı yaşamamışdır. Halhazırda evlidir, himayəsində 3 azyaşlı uşağı var, iş olanda fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Təxminən 6 aydır ki, narkotik vasitə hesab edilən el arasında şüşə kimi bilinən metamfetamindən istifadə edir. xx.xx.2020-ci il tarixdə Müşfiqabad qəsəbəsində Sabir adlı şəxsin evində beton tökmək üçün işləmişdir. Həmin gün Sabir ona 150 manat pul vermişdir ki, xx.xx.2020-ci il tarixdə işə getməmişdən əvvəl Bakı-Şamaxı yolunda şeben satılan yerə versin ki, 10 kub şeben gətirsinlər. xx.xx.2020-ci il tarixdə səhər saat 12 radələrində evdən çıxıb şeben satılan yerə getmiş, 150 manat pulu verib 10 kub şeben sifariş verib Sabirin evinə gedərkən 28 May qəsəbəsində ara küçələrin birində Amil adlı şəxslə rastlaşmışdır. Ondan soruşmuşdur ki, əgər şüşə, yəni psixotrop maddə metamfetamin varsa ona satsın. Amil bildirmişdir ki, var amma özü istifadə edəcək. Nəticədə Amili razı salaraq 5 manat vermiş və sonuncu özündə olan metamfetaminin bir hissəsini ona satmışdır. Amildən aldığı metamfetamini yerdən tapdığı kağız qəbzinə büküb siqaret qabının üz salafanını çıxardıb içinə qoyub cibində olan kibrid qabının içərisinə qoymuş və əynində olan açıq qara rəngli cins şalvarının sağ cibinə qoyub Amildən aralaşmışdır. Müşfiqabad qəsəbəsində binaların birinin blokuna girib Amildən aldığı metamfetamindən bir qədərini yerdən götürdüyü siqaret kağızının içərisində yandırıb çəkmişdir. Çəkəndən sonra qalan hissəsini yenidən cibinə qoymuşdur ki, sonra istifadə edər. Oradan çıxıb üzü Sabirin evi tərəfə gedərkən yolda iki nəfər polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişlər. Pandemiya vaxtı bayıra çıxmaq üçün icazə alıbalmadığını soruşmuşlar. Üzərində narkotik vasitə olduğundan o, tutulacağından qorxub onlardan qaçmışdır. Təxminən 20 metr aralaşdıqda polis işçiləri onu tutub qaçmağının səbəbini soruşarkən üzərində narkotik vasitə olduğu üçün qaçdığını etiraf edib heç bir etiraz etmədən həmin iki nəfər polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gəlmişdir. İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması və gəzdirilməsi ilə məşğul olmaqla şübhəli olduğunu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Hüquqlarının dövlət hesabına müdafiəsi üçün öz razılığı ilə müdaifəçi təyin edilmiş və o, həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Daha sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibimdən kağız qəbz bükülüsünü çıxarıb masanın üzərinə qoyub həmin bükülünün içərisində psixotrop maddə olan şüşə, yəni metamfetamin olmasını bildirmişdir. Daha sonra isə cibindən beş ədəd 1 manatlıq pul əskinazları olmaqla 5 manat pulu, 1 ədəd kibrit qutusunu, 1 qutu üzərində “Vest” sözü yazılmış siqareti, 1 ədəd göy rəngli alışqanı və 2 dəst ev açarlarını masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin psixotrop maddə metamfetamini kimdən, nə vaxt və hansı məqsədlə əldə etməsini soruşduqda xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində üzdən tanıdığı Amil adlı şəxsdən 5 manat müqabilində aldığını bildirmişdir. Daha sonra wzərində saxladığı bir ədəd ağ rəngli kağız (qəbz) bükümündə olan psixotrop maddə metamfetamin zərfə qoyulub qablaşdırılmışdır. O, əməlindən eşiman olduğunu bildirərək himayəsində üç azyaşlı övladının olduğunu bildirərək ona kömək olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində “Koronavirus” infeksiyası ilə bağlı ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “İstanbul Mall” ticarət mərkəzinin qarşısında xidmətdə olan zaman 1 nəfər 25-30 yaşında olan şəxsi görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən harada yaşamasını və küçəyə çıxmasına icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə adını və soyadını soruşub yoxlayan zaman, o özünü şübhəli apararaq qaçmışdır. Bu zaman yaxınlıqdan keçən 40-cı PB-nin növbətçi köməkçisi vəzifəsində işləyən, polis serjantı Şahid2 köməkliyi ilə həmin şəxsi saxlayaraq 40-cı PB-nə gətirmişlər. Polis Bölməsində gətirdikləri şəxsin xx.xx.1989-cu il təvəllüdlü, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5 B, m. 29-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs nə üçün qaçdığı soruşulduqda o, narkotik vasitə istifadəçisi olduğunu və hazırda şəxsi istifadəsi üçün üzərində narkotik vasitə olduğunu bildirərək tutulmamaq üçün qaçmağa cəhd etdiyini bildirmişdir. Bundan sonra Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı polis mayoru İlkin Əsgərov tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və o, heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibindən kağız qəbz bükülüsünü çıxarıb masanın üzərinə qoyub həmin bükülünün içərisində psixotrop maddə olan şüşə, yəni metamfetamin olmasını bildirmişdir. Eyni zamanda o, ciblərindən beş ədəd 1 manatlıq pul əskinazları olmaqla 5 manat pulu, 1 ədəd kibrit qutusunu, 1 qutu üzərində “Vest” sözü yazılmış siqareti, 1 ədəd göy rəngli alışqanı və 2 dəst ev açarlarını masanın üzərinə qoymuşdur. Ondan həmin psixotrop maddə metamfetamini kimdən, nə vaxt və hansı məqsədlə əldə etməsi soruşulduqda xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində üzdən tanıdığı Amil adlı şəxsdən 5 manat müqabilində aldığını bildirmişdir. Daha sonra onun geyim paltarlarında, əşyalarında və bədənində aparılmış şəxsi axtarış zamanı üzərindən hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır. Üzərində saxladığı bir ədəd ağ rəngli kağız (qəbz) bükümündə olan psixotrop maddə metamfetamin zərfə qoyulub qablaşdırılmışdır. Zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin növbətçi köməkçisi, polis serjantı Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1144 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,517 qr olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxx 2020-ci il tarixli, 6/1144 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” Binəqədi rayon prokurorunun xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elvar Quliyevin icraatında olan ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020-ci il tarixli vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,517 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, maddi sübut aparılmış ekspertiza tədqiqatları nəticəsində qalıq çəkisi 0,467 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1866 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,517 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin xx xxxx 2020-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, CD diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metamfetamini əldə edib saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 mənzil 29 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,467 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,467 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar