Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-423/2025 17.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.
2. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon sakini, Kürdəmir rayonu, Abdullayev küçəsi ev 8də qeydiyyatda olan X5 ilə sonuncunun uzun-uzadı təkidindən sonra tanış olmuş və bundan sonra dostluq münasibətləri yaranmışdır. Taleh İslamov özünü “SOCAR” prezidentinin müşaviri Rəşad Məmmədov adlı vəzifəli şəxsin sürücüsü kimi qələmə vermiş, bir müddət sonra onun olduğu bilib onu Bakı şəhərində klinikalardan birinə həkim kimi işə düzəldəcəyi adı ilə etibarından sui-istifadə etməklə 23.300 manat pul almış və bununla bağlı artıq Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində ətraflı məlumat göstərmiş və bununla bağlı araşdırma aparılır. Taleh Orucovun ona qarşı dələduzluq etdiyini bildikdən sonra ona dəfələrlə mobil telefonla zəng etmiş, “Whatsapp” yazışmaları və zəngləri ilə hətta yalvarmaq dərəcəsinə gəlib pulunu geri istəsə də, hər dəfə onu müxtəlif bəhanələrlə yola verib, ondan əl çəkməyəcəyi təqdirdə sosial şəbəkələrdə biyabır edəcəyini, ailəli olaraq guya onunla yatağa girdiyini, cinsi əlaqədə olmasını və sair halları yaymaqla hədə-qorxu gəlmişdir. O isə bu sözlərə məhəl qoymadan verdiyi pulu geri tələb etmişdir. “TİK-TOK” platformasında 84.000 (səksən dörd min) təkibçisi olan “@son_xeber_az” saytının olan səhifələrindən birində yerləşdirilmiş “7yumurtaya 200 manat verdim”-falçıya inanan vətəndaşın sonu” başlıqlı videogörüntünün şərh bölməsində Azərbaycan Respublikasının gerbinin şəkli olan, öz adından istifadə etməklə X5 “Taleh” adı altında: - “Elib ey ov a Elnaz qabil qızı siyezen rayonunda yaşayır. O vetendaşları aldadaraq insanlardan işe düzellmek adı ile pullar alaraq aldadır. Ve evli ola ola ola, subay oğlanla qeyri qanuni heyat yaşayıb, ve onu şantaj edir. Videoları ve yazıları fakt subut kimi var. 2 qızı bir oglu var” yazısını paylaşmış, iki nəfər də bəyənmək işarəsi qoymuş, daha sonra yazısının davamı olaraq: “Dəfələrlə işden qovulmağına baxmayaraq yene də dələduzluqla jurnalistlər insanlardan müsahibe götürüb. Elnazın qurbanı olduqlarını bildiribler”; Həmçinin, “sen evli ola ola meni aldatmısan subayam, defelerle pastelime girib meni alacaqsan diye şantaj etmisen. Elnaz, Elibeyova qabil qızı, Siyezen Rayonundandı, göz hekimi işleyir. Bir qızının adı Jaledi. Bir oglu var, bir qızıda ailelidi neveleri var. Elimde b”; “X7 SİYEZEN vetendaşı, eri ola ola, oğlu Remzi ola ola, ere gedesi qızı Jale ola ola, bir qızı erde ola ola neveleri ola ola, subay oğlanın pasteline girib onunla aile qurmaqa mecbur edir şant...”; “X4bil qızı. Siyezen vetendaşı, aileli, 3 evladı ola ola siyezende vetendaşları aldadaraq pulları menimseyib. Ve subay oğlanın yatağına girerek onu almasını mecbur edir. Elde…”; cümlələrini paylaşmaqla onun şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna xələl gətirmiş, cəmiyyət, ailəsi və qohumlar arasında illərdir əziyyətlə qazandığı hörməti məhv etmiş, heç bir hüquqi əsası olmadan, nüfuzunu ləkələyən, yalan, böhtan, yəni yalan doğrunu bilə-bilə şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş və onu nüfuzdan salmışdır. Taleh İslamovun qeyd edilən yalan olduğunu bilərkdən şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatı, eləcə də guya kimlərəsə qarşı dələduzluq cinayəti törətməsi ilə bağlı bilə-bilə yalan böhran atma paylaşımından sonra uzun müddət stressdən özünə gələ bilməmişdir. Çünki onun barəsində hüquq-mühafizə orqnlarına şikayət edəcəyi ilə əlaqədar xəbərdarlıq etmiş, ondan dələduzluq yolu ilə aldadıb aldığı 23.300 manat pulu geri istədikdə, hər dəfə onu biyabır edəcəyi ilə, nüfuzunu aşağılayacağı ilə, hətta “gəlib girərəm evinə, özünü asarsan” kimi sözlərlə hədələmişdir. Bununla bağlı istər səs yazıları, istərsə də əl yazmaları vardır. Bununla da Taleh İslamovun ona qarşı törətdiyi əməlləri CM-in 147.1, 147.2-ci maddələrinin təsiri altına düşür.
3. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin aidiyyət məsələsinin müəyyən edilməsi məqsədi ilə baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə baxışına verilməməsini və müraciətin geri qaytarılmasını xahiş etmişdir.
5. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi X5 verilmiş xüsusi ittiham qydasında şikayətə etiraz edərək, şikayətdə aidiyyət qaydalarının pozulmasını və şikayətin Cinayət prosessual məcəlləsinin tələblərinə uyğun tərtib olunmamasını qeyd edib, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmənin hazırlıq iclasında tədqiq edilmiş:
6. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X5 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyət məsələsinin müəyyən edilməsi məqsədi ilə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
7. Məhkəmə, proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və təkrar ərizəsini, eləcə də xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş etiraz ilə birlikdə ələqəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.
8. Belə ki, xüsusi ittiham qaydasında şikayət ona əlavə edilmiş iş materialları ilə birlikdə araşdırılan zaman müəyyən edilmişdir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır.
9. Qeyd edilməlidir ki, CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.
10. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.
11. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası.
12. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi və nə vaxt törədilməsi ilə bağlı məlumatı göstərməmişdir. Şikayətin nəticə hissəsində X2 CM-in 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xahiş edilsə də, qeyd olunan maddənin hansı hissəsi ilə nəzərdə tutulan cinayətin törətdilməsi və şəxsin həmin maddənin hansı bəndinə əsasən məsuliyyət daşıması, eləcə də cinayət hadisəsi olduğu təqdirdə onun nə vaxt törədilməsi ilə bağlı məlumatlar şikayətdə öz əksini tapmamışdır. Bundan başqa, X3 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini əsaslandıra bilməmiş, habelə buna dair müvafiq sübutu iş materiallarına əlavə etməmişdir.
13. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.
14. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir.
15. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir.
16. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmənin hazırlıq iclasında X3 məhkəməyə təkrar ərizə təqdim edərək X5 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyət məsələsinin müəyyən edilməsi məqsədi ilə baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
17. CPM-in 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: 88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir;...
18. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə etmək hüququna malikdir.
19. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamış, həmçinin xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etmişdir. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir.
20. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X5 barəsində CM-in 147-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.
21. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova