Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-426/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan və qeydiyyatda olan, hazırda ƏN-nin PX-nin Bakı İT-da saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə 20 manat pul müqabilində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Mal Bazarı” adlanan yerdən naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,649 qram psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşıyarkən, xx.xx.2020-ci il tarixdə saat 20:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9 ünvanın yaxınlığında Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən saxlanılmış,Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sol yan cibində olan bir ədəd siqaret qutusunun gümüşü kağız parçasına bükülmüş vəziyyətdə çəkisi 0,649 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə oxşar cinayətlərə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azadlıqda olduğu müddətdə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə davam etmişdir. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu ərazisində yerləşən “Mal Bazarı” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 20 manata şüşə deyilən psixotrop maddə metamfetamini siqaret qutusunun gümüşü kağız parçasına bükülmüş vəziyyətdə öz istifadəsi üçün alıb cibinə qoymuşdur. Həmin gün psixotrop maddə metamfetamini istifadə etməmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9 ünvanın yaxınlığında gəzərkən Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edib ondan özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına dəvət etmişlər. Orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli şalvarının sol yan cibində olan bir ədəd siqaret qutusunun gümüşü kağız parçasına bükülmüş vəziyyətdə çəkisi 0,649 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Cəza təyin edərkən peşmançılığını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələri qanunsuz qəbul etməsi və üzərində saxlamasında şübhəli olduğuna görə xx xxxx 2020-ci il tarixdə Binəqədi RPİ-in 43-cü PBin cinayət axtarış üzrə əməliyyat müvəkkillərinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yaşadığı evin yaxınlığına saxlanılaraq 43-cü polis bölməsinə gətirilmişdir. Bölmədə Kamil müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Kamilə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Kamil əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Kamilin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Kamilin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Kamildən 01 ədəd gümüşü rəngli kağızın içərisində nə olduğunu soruşduqda Kamil həmin bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu. Mal bazarı adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Kamilin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Kamil tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 anoloji ifadələr verərək Şahid4 ifadəsini təsdiq etmişlər. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21) Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9 ünvanın yaxınlığında Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən saxlanılmış, Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sol yan cibində olan bir ədəd siqaret qutusunun gümüşü kağız parçasına bükülmüş vəziyyətdə çəkisi 0,649 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 1, i.v 32-35) Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020ci il tarixli, 6/1170 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş zərfdə qablaşdırılmış təmiz çəkisi 0,649 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (cild 1, i.v 47-48) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 59-60) Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 78-82) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan və sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,649 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,599 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmənin çəkildiyi bir ədəd dvd formatlı disk maddi sübut kimi tanınmış və psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir (cild 1, i.v 85-86, 112) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 2401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.99-100) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamədən və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v 102-111) Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 2401 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altmış beş) manatTəqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,599 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 25 (iyirmi beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan 0,599 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd dvd formatlı disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 150 (bir yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-426/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-426/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver