Məhkəmə qərarları › İş №1(001)-426/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-426/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-426/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9 stansiyasında yerləşən çeşidləmə məntəqəsi adlanan ərazidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silahı əldə etmə, saxlama, daşıma və üzərində gəzdirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 1972-ci ildə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd “QE-5445” nömrəli “Makarov” konstruksiyalı yivli odlu döyüş silahı hesab olunan yarımavtomatik tapançanı komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış 08 ədəd 9 x 1 8 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bircərgəli darağı ilə birlikdə əldə edib saxlayaraq 09 mart 2023-cü il tarixdə üzərində gəzdirməklə X9 stansiyasının ərazisinə daşımış, həmin tarixdə saat 15:00-da Nəqliyyatda Baş Polis İdarəsi və DYNPİ-nin Biləcəri st. X7 əməkdaşlarının birgə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində X9 stansiyasının ərazisində saxlanılıb saat 15:20-də Biləcəri st. X7 növbətçi hissəsinə gətirilməklə saat 16:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibinin üzərinə bel hissəsinə keçirdiyi bir ədəd “QE-5445” nömrəli “Makarov” konstruksiyalı yivli odlu döyüş silahı hesab olunan yarımavtomatik tapança komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış 08 ədəd 9 x 1 8 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bircərgəli darağı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər X2 ilə ailəli olmuş, birgə nikahlarından iki uşağı doğulmuşdur. Lakin arvadından boşandığı üçün hal-hazırda uşaqları onun himayəsində deyil, keçmiş arvadı Balaxanım Həsənovanın himayəsindədirlər. O, 5 ildir ki, yaşadığı Biləcəri qəsəbəsində yerləşən küçələrdən metal tullantıları yığıb satmaqla məşğuldur. 2023-cü ilin fevral ayının sonlarında Biləcəri qəsəbəsi ərazisində müxtəlif yerlərdən metal tullantılarını kisəyə yığdıqdan sonra evə qayıdarkən yükü ağır olduğundan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9 stansiyasının ərazisində yerləşən “dəmir körpü” adlanan körpünün yaxınlığında dincəlmək qərarına gəlmişdir. Həmin körpünün sütununun altı otlaq ərazi olduğundan orada oturub dincələrkən otlaqların arasında bir ədəd tapançan olduğunu görmüş və ətrafda kimsənin olmadığından istifadə edib dərhal həmin tapançanı götürərək metal tullantılarını yığdığı kisənin içərisinə tullamışdır. Bundan sonra isə yaşadığı evə getmiş, kisənin içərisində olan tapançanı çıxardıb, nəzər yetirdikdə tapançanın “Makarov” tipli tapança olduğunu sandıqçasının isə boş olduğunu görmüşdür. O, kisəsinin içərisində olan metal tullantılarını evin həyətinə boşaltmış, tapançanı isə sellofan torbaya qoyub həyətlərində olan ağacın dibində basdırmaqla gizlətmişdir. Tapançanı gizlətdiyi müddətdən etibarən ailə üzvlərinin həmin tapançanı aşkar edəcəyindən ehtiyat etmiş, lakin silaha olan marağından da həmin tapançanı tullamaq istəməmişdir. Buna görə də tapançanın yerini dəyişmək qərarına gəlmişdir. Belə ki, 09 mart 2023-cü il tarixdə tapançanı gizlətdiyi yerdən çıxartmış və tapançanı bükdüyü sellofan torba torpaqlı olduğundan sellofanı tullayaraq silahı əynində olan şalvarının arxa tərəfdən içərisinə keçirib üzərində saxlamışdır. Həmin tapançanın yerini dəyişmək məqsədilə Binəqədi rayonu Biləcəri qəsəbəsi X9 stansiyasının “Bağlar” adlanan ərazisinə aparan zaman təxminən saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9 stansiyasının ərazisində olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib Biləcəri X7 əməkdaşları olduqlarını demiş və ona üzərində qanunsuz olaraq odlu silah saxlamağından şübhələndiklərini bildirmişlər. O, üzərində odlu silah olmadığını desə də, polis əməkdaşları inanmayıb bunu dəqiqləşdirmək üçün onu X10 Şöbəsinə dəvət etmişlər. O da razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şalvarının arxasına keçirdiyi tapança aşkar edilərək götürülmüşdür. Bundan sonra isə üzərindən aşkar edilmiş tapança və boş sandıqça zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X7 Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə məxfi mənbədən X9 stansiyasının ərazisində Tural adlı şəxsin qanunsuz olaraq odlu silahı saxlaması, daşıması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. O bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş və daha sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Qərar əsasında ondan, NBPİ-nin Cinayət Axtarış İdarəsinin bölmə rəisi, polis polkovnikleytenantı Şahid2 və Biləcəri st. XPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik onun tərəfindən həyata keçirilmişdir. Qrup üzvləri əməliyyat tədbiri keçirilməmişdən qabaq tərəfindən təlimatlandırılmışdır. Daha sonra məlumatı yoxlamaq və “Tural” adlı şəxsin qanunazidd əməllərinin ifşa edilməsi məqsədi ilə Tural adlı şəxsin zahiri görünüşünü və X9 stansiyasında olmasını dəqiqləşdirib 09 mart 2023-cü il tarixdə həmin ünvana Şahid3 və Şahid2 ilə birlikdə getmişlər. X9 stansiyasının ərazisində saat təxminən 15:00-da zahiri görünüşündən Tural adlı şəxsə oxşar bir nəfər şəxsin orada olduğunu görüb sonuncuya yaxınlaşmışlar. Onlar özlərini Turala təqdim edib ona odlu silah saxlamasında, daşımasında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmiş və Biləcəri st. XPŞ-yə dəvət etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, lakin üzərində hər hansı bir odlu silah gəzdirmədiyini bildirmişdir. Lakin onlar Təqsirləndirilən şəxs inanmayıb onu Biləcəri st. XPŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs odlu silah əldə edib daşımasında şübhəli olduğu üçün baş təhqiqatçı dəvət olunmuşdur. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış videoçəkilişlə keçirilirmiş və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olmuş qanunsuz əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ilk öncə əynindəki şalvarın arxa sağ tərəfdən içərisinə keçirilmiş vəziyyətdə olan tapançanı içərisində olan boş sandıqca ilə birlikdə çıxarıb stolun üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tapançanı boş sandıqça ilə birlikdə 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X9 stansiyasının ərazisində dəmir körpü adlanan ərazidən tapmış və özü ilə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X9 stansiyasının çeşidləmə məntəqəsinin ərazisində yerləşən evinə aparmış və evinin həyətində gizlədib saxlamışdır. Silahın yerini dəyişmək məqsədilə 09 mart 2023-cü il tarixdə gizlətdiyi yerdən götürüb üzərində saxlamış və həmin tarixdə də tərəflərindən saxlanılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş tapança baş təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzərinə möhür vurulmuş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X7 Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və şahid Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023 il tarixli qərardan görünür ki, 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Tural” adlı şəxsin üzərində qanunsuz olaraq odlu silahı, saxlaması, daşıması və gəzdirməsi barədə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X11 daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü tarixdə tutularaq Biləcəri st. X11 dəvət edilmiş və şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın arxa sağ tərəfindən belinə keçirdiyi bir ədəd 1972-ci il istehsalı olan, “ГЕ 5445” nömrəli, “Makarov” tipli tapança və həmin tapançaya aid bir ədəd boş sandıqça aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/196R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ГЕ 5445 N-li silah zavod üsulu ilə keçmiş SSRİ-də 1972-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 qutu siqaret, 1 ədəd alışqan, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 25 manat və 40 qəpik məbləğində pulu və həmin şalvarın arxa sağ tərəfdən içərisinə keçirilmiş vəziyyətdə isə 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid 1 ədəd boş sandıqçanı çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tapançanı 1 ədəd boş sandıqça ilə birlikdə 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X9 stansiyasının ərazisində dəmir körpü adlanan ərazidə qara dəmir metal qırıntıları yığan zaman tapdığını və həmin gün özü ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9 stansiyasının çeşidləmə məntəqəsinin ərazisində yerləşən evinə apardığını və evinin həyətində gizlədib saxladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-231/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli, 3/534 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş 1 (bir) ədəd silah 1972-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (ПM) konstruksiyalı, “ГE-5445” nömrəli yarımavtomatik tapançadır - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Makarov” (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 9 mm kalibrli, “Makarov” (ПM) konstruksiyalı, “ГE-5445” nömrəli yarımavtomatik tapança və həmin tapançaya aid sandıqça iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Nəqliyyatda Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Mincivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür, 2011-ci il təvəllüdlü X3 və 2013-cü il təvəllüdlü X5 adlı uşaqları var, X2 ilə nikahları məhkəmənin qərarı ilə pozulmuşdur. Təqsirləndirilən şəxs özünü intizamlı aparmış, istər məktəb yoldaşları, istərsə də qonşuları ilə normal münasibətdə olmuş, məskunlaşdığı ərazidə problemsiz yaşamış, haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 16:00-da məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-231/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəqliyyatda Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” (ПM) konstruksiyalı, “ГE-5445” nömrəli yarımavtomatik tapança və həmin tapançaya aid sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəqliyyatda Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” (ПM) konstruksiyalı, “ГE-5445” nömrəli yarımavtomatik tapança və həmin tapançaya aid sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar