Məhkəmə qərarları › İş №1(001)-428/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-428/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-428/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 166 və 167-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 166 və 167-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılsa da, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, X2 tərəfindən ona qarşı qanunsuz, təhqiramiz və hədə-qorxu xarakterli hərəkətlər törədilmişdir. 2025-ci ilin aprel ayında Biləndər Hüseyn oğlu ona qarşı psixoloji təzyiqlər və hədəqorxu tətbiq edərək, "Azərhalal” zavodunun satışından ona guya pul çatmalı olduğu iddiası ilə onu saxta "borc" adlı borc aktını yazmağa məcbur etmişdir. O, bu aktı təhdid və qorxu altında, iradəsinə zidd olaraq imzalamışdır. Daha sonra xx.xx.2025-ci il tarixində, saat 11 radələrində apardıqları telefon danışığında Biləndər özü etiraf etmişdir ki, həmin aktı "yandırıb". Bu danışıqların audio sübutu təqdim olunub və göstərir ki, sənədin hüquqi qüvvəsi yoxdur, sadəcə psixoloji təzyiq alətidir. Lakin Biləndər həmin saxta sənədi Sabunçu Rayon Məhkəməsinə təqdim edərək, xx.xx.2025-ci il tarixli, c-2(008)-945/2025 saylı qətnamə ilə guya onun 87,000 manat borclu olduğu qərarını çıxartdırmışdır. Məhkəmə sənədin əldə edilməsi şəraitini və saxta mahiyyətini araşdırmamış, yalnız bir tərəfin təqdim etdiyi akt əsasında qətnamə çıxarmışdır. İctimai təhqir faktları: 2025-ci ilin may-iyun aylarında X2 tərəfindən ona qarşı Sabunçu rayonu ərazisində yerləşən ictimai məkanlarda (çayxana, market və s.) insanların qadınların, kişilərin və uşaqların qarşısında ağır və kobud təhqirlər səsləndirilmişdir. Biləndər rus dilində ona qarşı "долбаë6" ifadəsini bir neçə dəfə təkrarən işlətmişdir. "Долбаëб" ifadəsinin izahı (məhkəmə üçün): Bu söz rus dilində böyük təhqir xarakterli ədəbsiz ifadədir, Azərbaycan dilinə tərcümədə "axmaq", "dəli", "idiot", "beyni olmayan adam", daha ağır mənada isə "əxlaqsız və beyinsiz insan” kimi anlaşılır. Bu ifadə məqsədli, alçaldıcı, ictimai yerdə və ona psixoloji zərbə vurmaq məqsədilə istifadə edilib. Bu ifadələrin səsləndiyi yeni səs yazısı iş materiallarına əlavə edilmişdir. Bütün bunlar onun şərəf və ləyaqətinə, həmçinin hüquqlarını pozmuş, ona psixoloji və maddi zərər vurmuşdur. Əməllərin cinayət xarakterli olması əsasından hüquqi qiymət verilməsi zəruridir. Bu kimi ifadələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148- ci (təhqir) maddələrinin tərkib əlamətlərini tam şəkildə daşıyır. Qeyd edir ki, bu ifadələr sadəcə şəxsi yazışmalarda deyil, ictimaiyyətə açıq ictimai yerdə təhqir etməsi kütləvi şəkildə yayılıb. Əlavə olaraq həmin şəxs tərəfindən ona təzyiq, şantaj, hədə-qorxu yolu ilə pul və əmlak tələb olunması da müşahidə olunmuşdur. Göstərilənlərə əsasən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,148, 166 və 167-ci maddələri üzrə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanması və həmin şəxs barəsində xüsusi qərardad çıxarılaraq ictimaiyyət qarşısında təkzib verilməsinə dair öhdəlik qoyulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Müdafiəçi bildirmişdir ki, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,148, 166 və 167-ci maddələri üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməli olduğunu hesab edir. Belə ki, xüsusi ittihamçı şikayətində hadisənin törədildiyi yerin Sabunçu rayonu ərazisində yerləşən çay evində baş verdiyini göstərmişdir. Əslində xüsusi ittiham qaydasında şikayətin forma və məzmuna da riayət olunmamışdır. Lakin həmin məsələlərə şikayətin aidiyyəti olduğu Sabunçu Rayon Məhkəməsi tərəfindən qiymət verilməli olduğu üçün hazırkı şikayətin aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisinin dedikləri ilə razı olduğunu, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. 299.3. və 299.3.1-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. 302.1. və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. Cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə də baxılır. Xüsusi ittihamçı şikayətində göstərmişdir ki, X1 onun ünvanına Sabunçu rayonu ərazisində yerləşən ictimai məkanlarda insanların qarşısında ağır və kobud təhqirlər səsləndirmişdir. Belə olan halda, xüsusi ittiham qaydasında şikayətə CPM-nin 74.1-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən CPM-nin 299.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə baxılarkən ilk öncə şikayətin həmin məhkəməyə aid olubolmaması müəyyən edilməli, şikayətin həmin məhkəməyə aid olması müəyyən edildikdən sonra isə xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-nin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması yoxlanılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmənin icratına daxil olmuş xüsusi ittiham qaydasında şikayətin aidiyyatı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, törədilməsi ehtimal olunan əməlin törədildiyi yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi olduğundan şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7ci maddələrinə uyğun olub-olmamasını yoxlamaq da həmin məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 166 və 167ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 166 və 167-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar