Məhkəmə qərarları › İş №1(001)-429/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-429/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-429/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə Neftçala rayonu Qırmızıkənd kəndində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu Qazaxbərəsi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Atyalı qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,328 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 13:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Ay işığı” restoranının yaxınlığında saxlanılaraq Bakı şəhəri,Binəqədi rayonu,R.Allahverdiyev küçəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 14:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,328 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. 26 fevral 2024-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəffaf sellofan bükülüdə olan “metamfetamin” adlanan psixotrop maddə almışdır və həmin bükümü əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 26 fevral 2024-cü ildə saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Ay işığı” restoranının yaxınlığında olan zaman özlərini Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edən mülki geyimdə olan əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 40-cı Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla razılaşıb birlikdə Binəqədi RPİ-in 40-cı polis bölməsinə gəlmiş və orada hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, həmin vəkillə ikilikdə konfidensial görüşləri təşkil olunmuşdur. Sonra ona bir daha izah edilmişdir ki, psixotrop maddələrin əldə edilməsi, daşınması və saxlanılmasında şübhəlidir, odur ki, bunun üçün videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəkdir. Üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bununla bağlı yazılı ərizə vermişdir. Bundan sonra üzərində, paltarlarında qeyri-qanuni əşya və predmetlərin olub-olmaması və olduğu halda təqdim olunması təklif edilmişdir. Ona görə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı əşyanın olub-olmaması sual edilmiş, üzərində başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən üzərindən aşkar edilən bükülünün içərisində nə olduğu soruşulmuş, polis əməkdaşlarına həmin bükülünün içərisində “metamfetamin” adlanan psixotrop maddə olmasını, həmin metamfetamini 26 fevral 2024-cü il tarixdə səhər saatlarında Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində alaraq cibində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş həmin bir ədəd bükümdəki psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı müvafiq protokolda tərtib edilmişdir. Özünə və iştirakçılara uca səslə oxunmuş və bütün iştirakçılar tərəfindən, o cümlədən özü tərəfindən imzalanmışdır. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Atyalı qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 25 fevral 2024cü il tarixli qərarı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 26 fevral 2024-cü ildə saat 13:00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Ay işığı” restoranının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq işlədikləri bölmənin təhqiqatçısının xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmişdir. Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxslə aparılan sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü səhər saatlarında Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin bükümlə birgə 0,37 qram olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə metamfetamin adlanan maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 40-cı PB-in əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.21). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 13:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Ay işığı” restoranının yaxınlığında saxlanılaraq Binəqədi rayonu,R.Allahverdiyev küçəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 14:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.32-33). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1159 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Abdullayev imza ....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,328 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 1, i.v.42-45). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.60-61). Qətimkan tədbiri seçilməsi barədə 28.02.204-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.79-81). Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,328 qram psixotrop maddə metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən video çəkilişin görüntüləri olan 1 ədəd dvd disk maddi sübut kimi tanınmış, psixotrop maddənin qalan qalığı 0,278 qram metamfetamin saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd dvd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.92-95). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1,i.v 122). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3554 mömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 123-124). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla səmimi peşmançılğını və öz əməlinə mənfi münasibətini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3554 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,278 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Abşeron rayonu Atyalı qəsəbəsi nömrəsiz fərdi ev) Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,278 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar