Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-432/2022 21.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 27 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,919 qram narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşımış, həmin gün saat 18:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Vüsal” marketin yaxınlığında piyada hərəkət edən zaman Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sol yan cibindəki qara rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,919 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində Suraxanı rayonu, Zığ yolunda yerləşən Araz marketin yaxınlığında tanımadığı şəxsdən 20 manata narkotik vasitə alaraq üzərində istifadə etmək üçün saxlamışdır. 27 fevral 2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Vüsal” marketin yaxınlığında piyada hərəkət edən zaman ərazidə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasında şübhə olduğunu bildirib onu 43-cü Polis bölməsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə həmin bölməyə gəlmişlər. Polis bölməsində dövlət büdcəsi vəsaiti əsasında müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərində video çəkiliş altında axtarış keçirilmişdir. Axtarış keçirilərkən polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməsini bildirmişlər. Buna görə də o, əynində olan gödəkcənin yan cibindəki pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Təqdim etdiyi maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, həmin protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, Vətən müharibəsi iştirakçısı olmasını bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 27 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 18 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Vüsal” marketin yanına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuşdur. Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub təqdim edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq öz razılığı ilə video çəkilişlə üzərinə axtarış keçirilmişdir. Axtarışdan zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin yan cibindən qara rəngli pul kisəsini çıxararaq masanın üzərinə qoymuş, daha sonra həmin pul kisəsinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitəni təqdim etmişdir. Başqa onun üzərindən qanunsuz heçnə aşkar olunmamışdır. Həmin zaman o, etiraf edərək, həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, 27 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində Suraxanı rayonu, Zığ yolunda yerləşən “Araz” marketin yaxınlığında tanımadığı şəxsdən 20 manata alaraq öz şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, həmin protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin sahə rəisi Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə saat 19:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PBnə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sol cibindən çıxardığı qara rəngli pul kisəsinin içərisindən şəffaf rəngli sellofana bükülmüş müddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/1218 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,919 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı-İ) daxildir. Heroinin təmiz çəkisi – 0,919 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,869 qram. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarmış, həmin pul kisəsindən içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddəni 20 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin İŞ-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 2823 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yarana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,919 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,869 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən 01 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-432/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Medalının 1-354 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 25s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində axtarış elan edilərək xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-432/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, cəmi 4 (dörd) gün, 20 avqust 2022-ci il tarixdən isə hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 4 (dörd) gün və 20 .08.2022-ci il tarixdən hazırki vaxtadək həbsdə olduğu 1 (bir) ay 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,869 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz)saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək, 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 1 (bir) ay 5 (beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,869 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-432/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-432/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver