Məhkəmə qərarları › İş №1(001)-432/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-432/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-432/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin materiallarına baxaraq, məhkəmə müəyyən etdi: X11 xx.xx.2024-cü il tarixdə xüsusi ittiham qaydasında şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək X1, X3, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X5, X10 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X6 xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, X5, X10 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, X5, X10 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. X11 isə iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır. (İ cild, 123-125) Şəki Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 1(075)-36/2025 saylı qərarı ilə X5, X10 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə 1(075)-36/2025 saylı işdən X2 Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair X6 oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə iş ayrıca icraata ayrılmış, X4 aid sənədlərin əsli çıxarılaraq ayrıca icraata ayrılmış xüsusi ittiham qaydasında şikayəti üzrə işə əlavə edilmişdir. (İİ cild, 23-25) Şəki Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(075)-71/2025 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. (İİ cild, 44-45) Qeyd edilən iş xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuş, həmin iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(075)-71/2025 saylı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X7 “Tik Tok” sosial şəbəkəsində yaratdığı özünə məxsus səhifədən canlı olaraq videopaylaşımlar yayımlamışdır. İş materiallarına əsasən təqsirləndirilən şəxs X2 axırıncı yaşayış yeri - ünvan 1 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalananların yekunu olaraq X2 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə baxılması birinci instansiya məhkəməsi kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğundan aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.” Qeyd edilən xüsusi ittihamda qaydasında şikayətin baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi fikir ayrılığı yaradır və məhkəmə fikir ayrılığına səbəb olan aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Lakin Şəki Rayon Məhkəməsi tərəfindən X11 xüsusi ittiham qaydasında şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək X1, X3, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin həmin məhkəməyə aid olması qənaətinə gələrək icraata qəbul edilmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. 299.3. və 299.3.1-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. 302.1. və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin tələb etdiyi prosessual ardıcıllığa əsasən, işin aidiyyəti məsələsi məhz hazırlıq iclası mərhələsində yoxlanılmalı və zərurət olduqda işin aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsi təmin edilməlidir. Buna baxmayaraq qanunvericilik iki istisna hal müəyyən etmişdir ki, həmin hallar olduqda işin aidiyyəti üzrə göndərilməsi məhz baxış iclasında da mümkündür. Bu iki haldan birincisi, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olduğu halda, ikincisi isə cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olduğu haldadır.(CPM maddələr 74.5 və 74.6) Nəticə etibarilə belə qənaətə gəlmək mümkündür ki, işin prosessual mərhələsi nəzərə alınmadan aidiyyət məsələsinin həlli yol verilən deyil. Çünki, cinayət-prosessual qanunvericiliyin heç bir norması cinayət işi üzrə məhkəmə baxışı mərhələsində, məhkəmə istintaqında sübutların tədqiq edilməsi nəticəsində müəyyən olunmuş faktlar əsasında işin ərazi aidiyyəti üzrə (müstəsna olaraq ərazi aidiyyətini gözləmək məqsədilə) başqa məhkəməyə göndərilməsini (buna dair qərarın məhkəmə baxışında çıxarılmasını) nəzərdə tutmur. Vurğulamaq lazımdır ki, hazırki iş xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında baxılan işdir və iş baxış mərhələsində aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Belə olduğu təqdirdə Binəqədi Rayon Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, işin baxış mərhələsində göndərilməsi cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə olan halda da, işə hazırki məhkəmədə baxılması prosessual hüququnun fundamental prinsiplərindən biri olan prosessual sabitlik və icraatın fasiləsizliyi prinsipinin kobud pozulmasına səbəb olar. Qeyd edilən hallar sözügedən xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasında fikir ayrılığı yaradır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(075)-20/2025 saylı qərarı ilə X8 və X1 barəsində X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında digər şikayət də aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-366/2025 saylı qərarı ilə həmin işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin sədri tərəfindən isə həmin iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimovun xx.xx.2025-ci il tarixli, 1-8/1-1109/2025 saylı qərarı ilə X8 və X1 barəsində X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Odur ki, məhkəmələr arasında aidiyyətlə əlaqədar fikir ayrılığı olduğundan xüsusi ittiham qaydasında material qəbul edilmiş qərarla birlikdə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsini rəhbər tutataq, Q Ə R A R A A L D İ M: Şəki Rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında material məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar