Məhkəmə qərarları › İş №1(001)-435/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-435/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-435/2022 24.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyeva Nərmin Rafiq qızının, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Əliyeva Nərmin Rafiq qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X8 məhkəməyə müraciət edərək, instagram sosial internet şəbəkəsində təhqir və böhtan xarakterli məlumatları yayaraq məni təhqir etdiyinə görə xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, ailəli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 70 ünvanında yaşayan Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, 2015-ci ildə nikahını rəsmi qaydada qeyd etdirməklə X6 ilə ailə qurmuşdur. Birgə nikahdan 15 dekabr 2016-cı ildə X9 və X7 adlı iki övladı dünyaya gəlmişdir. İlk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan kənar şəxslərin, həyat yoldaşının ailə üzvlərinin təsiri nəticəsində ailədə müyyən problemlər yaranmışdır. Belə ki, artıq bir neçə ildir ki, ailəsinə qayınatası Rafiq Ramazanov, qayınanası Ziyafət Ramazanova, baldızı Nərmin Əliyeva və onun həyat yoldaşı Rüfət Əliyev tərəfindən müdaxilə olunmuşdur. Onlar müxtəlif bəhanələrlə həyat yoldaşını ona qarşı doldurur və onda aqresiyya yaradırlar. Bu səbəbdən də o, həyat yoldaşı ilə faktiki olaraq ayrılmışdır. O, musiqiçi olmaqla Şəki şəhərindən fəaliyyət göstərən Xan qrupu adlı musiqi ansambılının üzvüdür. İnstaqram sosial şəbəkəsində həmin ansamblın solisti olan X2 məxsus “gulten_bekirli” istifadəçi adı ilə səhifə mövcuddur. X4 tərəfindən həmin səhifədə müxtəlif məclislərdən şəkillər paylaşılır. Həyat yoldaşının bacısı (baldızı) olan Əliyeva Nərmin Rafiq qızı müxtəlif vaxtlarda özünə aid “nargizaliyevs” adlı instaqram səhifəsi ilə onun da şəkilləri olan Gültək Bəkirovanın paylaşımları altında barəsində müxtəlif təhqir və böhtan xarakterli yazılar yazmış, həmçinin onu ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmış və həmin məlumatları internet informasiya ehtiyatında kütləvi nümayiş etdirərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Əliyeva Nərmin Rafiq qızı tərəfindən adı çəkilən yazılarında barəsində aşağıdakı böhtan işlədilmişdir: “Xan qrupu Zaur kimi alçağı o ansamblda kişi verinə qoyub otuzdurublar. Yubka yaraşır ona şalvar yox. Kisi şalvar geyinir o Yox”, “Zaur şərəfsizini, namusdan danışıb namussuz edən, arvad döyən, ləyaqətsizi niyə saxlavırsız ansamblınızda. Heç yaraşmır ora”, “Özünü asmaq istəməyin, qaçırmaq istədiyin qızın ailəsinin sənə elədikləri hələ nələr var nələəəəəə. Hamısı tezliklə”, “Dalda oturan alcaq Zaur. Az qalıbe bivabırçılıqların üzə çıxır. Youtubda, Facebook da. Az qalıb səni bütün Azərbaycan tanıyacaq. Sənində Heç bilmədiyin çəkilişlərin ortaya çıxdı ay bədbəxt”, “Ar olsun ona. Namussuza”. “O Zauru rədd edin ordan. O arvad döyən, arvadının əlinə qaynar su töküb yandıran, Elnarə adlı birivlə arvadına xəyanət edən 2 usaq atası, namusu olmayan biridir o. Elə insanlara ölüm cəzası kəsilsin”. Mətlərin məzmunundan göründüyü kimi Əliyeva Nərmin Rafiq qızı sosial şəbəkədə özünə məxsus profildə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan yazını paylaşaraq, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq böhtan atmış və eyni zamanda onu təhqir etmişdir. Əliyeva Nərmin Rafiq qızı tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Əliyeva Nərmin Rafiq qızı kütləvi informasiya vasitəsi hesab olunan sosial şəbəkə vasitəsi ilə CM-in 19-cu fəslində nəzərdə tutulmuş “şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətləri” törətməkdə günahlandırmaqla ona böhtan atmış və təhqir edərək CM-in 147.1 və 148-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Bununla da, Əliyeva Nərmin Rafiq qızı yazılı paylaşımlarda onu mənfi qiymətləndirməklə şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq və eyni zamanda cinayətdə ittiham etməklə onu öz doğmalarının, dostlarının, tanışlarının, eləcə də kütləvi səkildə insanların, ümumiyyətlə hamının yanında nüfuzdan salmışdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilərək Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyeva Nərmin Rafiq qızı barəsində verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğundan rədd edilərək məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 xüsusi ittiham qaydasında şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd edib şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, X8 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi barədə məlumatı göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.7-ci maddəsinə əsasən şikayətdə şikayəti vermiş şəxsin imzası göstərilməli olduğu halda, X8 tərəfindən verilmiş şikayət imzalanmamışdır. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyeva Nərmin Rafiq qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar