Məhkəmə qərarları › İş №1(001)-435/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-435/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-435/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 58200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285,00 manat, cəmi 58485,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 fevral 2023-ci il tarixli, e- 2(001)-663/2023 saylı qətnaməsinin icasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin 18 may 2023-cü il tarixli, 3(001)- 2083/2023 saylı qərarı əsasında Azərbaycan Respublikası İXMnin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və 20 iyul 2023-cü il tarixli, 3(001 )- 2874/2023 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) ay müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasını təmin etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 11 yanvar 2024-cü il, 11 fevral 2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 01 mart 2024-cü il tarixədək şəxsi maraq niyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədən CM-nin 306-cı maddəsinin qeydinə əsasən təqsirləndirilən şəxsi məhkəmənin qətnaməsini icra etdiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etdiyini, Zərərçəkmiş şəxs olan borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını söyləyərək, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini icra etdiyini, ona heç bir borcu qalmadığını və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-663/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 58200(əlli səkkiz min iki yüz) manat pul məbləği və 285(iki yüz səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-2083/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10(on) gün müddətinə inzibati həbs edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 8(001)-435/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmışdır. Binəqədi Rayon Məhkəməsinin 3(001)-2874/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) ay müddətinə inzibati həbs edilmişdir. xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 Azərbaycan Respublikası İstintaq İdarəsinə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Bİnəqədi rayon İcra Şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi qəbzdən və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli 8İ-31805 nömrəli ərizəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-663/2023 saylı, xx.xx.2023-cü il tarixli qətanməsini tam icra etmişdir, borcunu tam olaraq ödəmişdir, ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs X1 ifadələrini dinləyib, Təqsirləndirilən şəxs qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 fevral 2023-ci il tarixli, e-2(001)-663/2023 saylı qətnaməsini tam icra etdiyini nəzərə alıb, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi qanunverici şəxsin CM-in 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini qanuni qüvvəyə minmiş məhkəmə aktının tam icra edilməsi ilə şərtləndirmiş, eləcə də bu maddi hüquq normasının məhkəmə baxışı zamanı tətbiqinin prosessual əsası qismində CPM-in 43.1.2-ci maddəsini nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən (Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən) cinayət məsuliyyətindən azad edilsin və həmin cinayət işi üzrə icraata xitam verilsin.. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar