Məhkəmə qərarları › İş №1(001)-437/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-437/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-437/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasını xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırılmışdır ki, o, X6 2024-cü ilin avqust ayının son günlərindən etibarən tanıyır. Onlar sosial şəbəkə vasitəsilə tanış olmuş və bir müddət sevgili kimi münasibətdə olmuşlar. Bu müddət ərzində münasibətləri xeyli yaxşılaşmış və Səkinə hamilə qaldığını bildirdikdən sonra onlar öz münasibətlərini daha da ciddiləşdirmək qərarına gəlməklə nikaha daxil olmağa qərar vermişlər. Bu müddət ərzində Səkinə bəzi hallarda onların evində qalmış və ailə qurmaq niyyətləri olduğu üçün özü ilə bir sıra mebelləri də gətirmişdir. Daha sonra nikah baş tutmayacağı anlaşılan zaman Səkinə 2 dəfəyə gəlib əşyalarını götürmüşdür. Belə ki, 2024-cü ilin dekabr ayının əvvəllərində onların nikahının baş tutmasının mümkün olmadığını hər ikisi anlamışdır. Səkinənin psixotrop xarakterli ola biləcək dərmanlardan, habelə hamilə qalmaq üçün təsiredici dərmanlardan istifadə etməsi ona bəlli olduqda əslində Səkinənin hamilə olmağına dair şübhələri artmışdır. Bununla da düşünür ki, Səkinə öz yalanlarının üzə çıxacağını bilib onunla əlaqəni kəsməyə qərar vermişdir. Lakin, Səkinə ona və ailəsinə zərər vurmağa başlamışdır. Əsassız olaraq dəfələrlə polis və prokurorluq orqanlarına (Binəqədi rayonu üzrə) onlardan böhtan xarakterli məlumatlarla şikayət etmişdir. Heç bir nəticə almadığını gördükdə isə Səkinə mülki qaydada böhtanlarını davam etdirmişdir. Səkinənin böhtanları ilə bağlı aşağıdakıları qeyd etməlidir: 1. Məhkəmədə yalan olduğunu bilə-bilə və ilkin iddia ərizəsində qeyd etməməsinə baxmayaraq, sonradan məhkəmədə məhz onu və ailəsini ləkələmək məqsədilə bildirmişdir ki, guya Səkinəyə məxsus olan ümumi dəyəri 3850 manatlıq qızıl əşyaları və 3500 nağd pulu tərəflərindən mənimsənilmişdir. Belə bir fakt heç bir halda təsdiq oluna bilməz, çünki belə hal baş verməmişdir. Səkinə daha əvvəl isə bu cür ittihamları məhkəmədə ümumən etməmişdir. Bu tip iddiaları o, təkcə məhkəmədə yox, ətrafda ortaq tanışlarının yanında da dilə gətirmişdir. Bütün bunları iddia etməkdə Səkinənin məqsədi onu və ailəsini nüfuzdan salmaq və haqlarında yalan məlumat yaymaqdır. Belə ki, onsuz da bunların sübut oluna bilməyəcəyini və yalan məlumatlar olduğunu dəqiq bilir. 2. Səkinə həmçinin, guya ona məxsus mebellərin tərəflərindən mənimsənildiyini bildirmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Hazırda həmin məhkəmə prosesi gedir və orada da Səkinə yalanına və böhtanına görə gülünc vəziyyətə düşmüşdür. Belə ki, mebellərin satın alındığı mağazanın işçiləri də ifadələrində sübut edir ki, Səkinə həmin mebelləri onların evindən götürmüşdür. 3. Bundan başqa, onun tanışı, xx.xx.2000-ci il tarixdə doğulmuş X7 həm də Səkinə tanıyırdı. Səkinə 12 yanvar 2025-ci il tarixdən sonra bir neçə dəfə Nəzrinə zəng edərək onların ailəvi dələduzlar olduğunu bildirmiş, guya Səkinəyə pul atdıqlarını, hamilə olduğu halda döydüklərini yalan olaraq bildirmişdir. Səkinə Nəzrindən xahiş etmişdir ki, Nəzrin Səkinəyə kömək etsin və nəticədə onun Nəzrini də pul ilə aldatdığını iddia etsin və birlikdə nəticəyə nail olsunlar. Lakin, vicdanlı olan Nəzrin xanın bu barədə onları məlumatlandırmış və Səkinənin tələsinə düşməmişdir. Həmin şəxs bu barədə şahidlik etməyə hazır olduğunu bildirmişdir. 4. Səkinə yalandan hamilə olduğunu bildirmiş, hətta hamiləliyi barədə yalançı xəstəlik vərəqəsi də düzəltmişdir. Onlara verdiyi yalançı sənədi araşdırdıqda Səkinənin əslində hamilə olmadığı, yalandan belə bir iddia edərək guya döyüldükdən sonra uşağının düşdüyünü bildirməklə onlardan maddi vəsait qoparmağa, həmçinin cəmiyyət içində onları nüfuzdan salmağa çalışmışdır. 5. Həmçinin, Səkinə dəfələrlə polis və prokurorluq orqanları qarşısında da guya döyüldüyünü bildirməklə onlara böhtan yaxmışdır. Halbuki, belə bir hal heç bir halda öz təsdiqini tapmamış və tapa bilməzdi. Göstərilənləri nəzərə alaraq, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini və həmin maddənin sanksiyası daxilində ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında X11 şikayətin icraata qəbul edilməsini, X10 və onun müdafiəçisi X3 isə şikayətin icraata qəbulundan imtina olunmasını xahiş etdi. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 293.3.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Hazırki halda O.A.X1 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyi CM-in 147ci maddəsi iki hissədən – 147.1 - böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma; 147.2 - ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – ibarətdir. O.A.Məmmədov öz şikayətində X4 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, lakin CM-in böhtana görə cinayət məsuliyyəti müəyyən edən konkret maddəsini (147.1 və ya 147.2) qeyd etməmiş, bununla da CPM-in 293.3.2-ci maddəsinin tələbini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar