Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-44/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 27 may 2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək daşımaqla saxlamış, 28 may 2021-ci il tarixdə, saat 17:10-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanında yerləşən “Milenium” restoranının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən 7-ci PB-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,314 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 18 iyun 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək daşımaqla saxlamış, həmin gün saat 19 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə, təmiz çəkisi 1,233 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən çoxdur narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitə heroini tanımadığı təsadüfi şəxslərdən alır, daimi aldığı bir şəxs yoxdur. 27 may 2021-ci il tarixdə axşam saatlarında Papanin adlanan ərazidə tanımadığı bir şəxsdən 10 manata bir büküm heroin almış və növbəti gün istifadə etməsi üçün üzərində saxlamışdır. 28 may 2021-ci il tarixdə saat təxminən 17 radələrində 9-cu mikrorayonda «Milenium» restoranının yanında piyada gedərkən iki nəfər mülki geyimli şəxs onu saxlayıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib üzərində axtarış aparılması üçün onlarla birlikdə 7-ci Polis Bölməsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Orada ona vəkil təqdim edilmiş və hüquqları izah edilmişdir. O, vəkilin iştirakı olmadan üzərimə şəxsi axtarış aparılmasına etiraz etməmiş, sonra polis əməkdaşları video çəkiliş aparmaqla onu üzərində şəxsi axtarış aparmışlar və şəxsi axtarış zamanı onun üzərində qanunsuz bir əşya olub-olmadığı soruşulmuşdur. O, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Daha sonra onun üzərində axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşı bükümü açdıqda o, həmin bükümdə olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu və onu öz şəxsi istifadəsi üçün 27 may 2021-ci il tarixdə Papanin adlanan əraidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən çıxan heroin ağ zərfə qoyulub möhürlənmiş və daha sonra protokol tərtib olunaraq imzalanmışdır. Sonra isə o, istintaqın gedişatında narkotik vasitələrdən istifadə etməyə davam etmiş və 18 iyun 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən, tanımadığı şəxsdən 20 manata narkotik vasitə olan heroin alaraq yaşadığı evə gəlmişdir. Həmin gün saat 19:00 radələrində həmin narkotik vasitəni şəffaf sellefona qoyaraq üzərinə geydiyi tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evdən küçəyə çıxmışdır. Küçədə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək 40-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirərək ona narkotik vasitələri saxlamağında və istifadə etməyində məlumatları olduğunu bildirmişlər. Daha sonra onu bölməyə dəvət etmişlər. Bölməndə üzərinə baxış keçirilməmişdən öncə ona hüquqları izah olunmuş və vəkil ayrılmışdır. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik maddə olan bir ədəd şəffaf sellefon bükümü çıxardıb çəkiliş zamanı təhqiqat orqanına təqdim etmişdir. Bundan başqa üzərindən heç bir qeyri qanuni əşya əşya aşkar edilməmişdir. Həmin maddə polis tərəfindən açılan zaman onun narkotik vasitə olan heron olduğunu, onu 18 iyun 2021-ci il tarixdə Papanin adlanan ərazidən, tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonuncu aldığı narkotik vasitəni əvvəlki tanımadığı şəxsdən almamışdır. Həmin şəxslə təsadüfən tanış olmuşdur. Ondan əvvəllər narkotik vasitə almamışdır. Hazırda törətdiyi cinayət əməllərindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 28 may 2021-ci il tarixdə bölməyə əməliyyat məlumatı daxil olmuşdur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Daxil olmuş əməliyyat məlumatı əsasında ondan və 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 9-cu mikrorayon, «Milenium» restoranının yaxınlığında saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən vəkil dəvət edilərək Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onların iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən kağız büküm açıldıqda onun içərisində qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir, onu «kakos» adlandırırlar və onu Papanin adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təhqiqatçı tərəfindən içərisində heroinə bənzər kütlə olan büküm ağ zərfə qoyulub möhürlənmiş, sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PB-də sahə inspektoru vəzifəsində çalışır və rütbəsi polis leytenantdır. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi fərdi evdə yaşayan vətəndaş Təqsirləndirilən şəxs narkotik maddə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə bölmənin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul olunmuşdur. Onun və Şahid3 tərkibinə daxil olduğu əməliyyat qrupu təşkil edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Şahid3la birlikdə 18 iyun 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ilə bağlı onlarla birlikdə Binəqədi RPİ 40-cı PB-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Bölmənin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman onun razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərindən aşkar olunmuş sellofanın içərisindəki bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmasını, onu 18 iyun 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində Papanin adlanan məhlədən tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya kütlə aşkar edilməmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19.06.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 18.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli, 5(001)-868/2021 nömrəli qərarından görünür ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş 18.06.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. 19.06.2021-ci il tarixli, 6/2497 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs“ yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,233 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,233 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,183 qram. 20.06.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 21.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 4(001)-604/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. 21.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə videçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan maddəni təqdim edib, həmin bükülünün içərisindəki maddənin heroin olduğunu, onu 18 iyun 2021-ci il tarixdə öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən, tanımadığı şəxsdən 20 manata aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 21.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. 29.05.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 28.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Binəqədi RPİ-nin 7-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 28.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 28.05.2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız büküm olan maddə aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli, 5(001)-736/2021 nömrəli qərarından görünür ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş 28.05.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. 29.05.2021-ci il tarixli, 6/2142 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Nuriyev ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,314 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,314 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,264 qram. 30.05.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 31.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 4(001)-523/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından azad edilmişdir. 31.05.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 05.06.2021-ci il tarixli, 1774 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 07.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 23.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə videçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəKİ tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə olan maddəni təqdim edib, həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu və onu öz şəxsi istifadəsi üçün 27 may 2021-ci il tarixdə Papanin adlanan əraidən tanımadığı şəxsdən aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 11.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,314 qram çəkidə narkotik vasitə heroinin tədqiqata sərf olunan 0,050 qramı çıxılmaqla qalıq 0,264 qram heroin və təmiz çəkisi 1,233 qram olan narkotik vasitə heroninin tədqiqata sərf edilən - 0,05 qramı çıxılmaqla qalıq 1,183 qram heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 19.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü iki ədəd disk iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 28 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 30 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 4(001)-523/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından azad edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 18 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 iyun 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumlikdə 5 (beş) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 5 (beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 4(001)-604/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,183 qram və 0,264 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalərının keçirilməsinə xərclənmiş 195,82 (bir yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 5 (beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,183 qram və 0,264 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 195,82 (bir yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-44/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-44/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver