Məhkəmə qərarları › İş №1(001)-44/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-44/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-44/2023 03.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, Bərəkət bağ sahəsi 11/69 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin istinaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Elturan adlı şəxslə və X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat təxminən 03 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 9, ev 44 ünvanının qarşısına gəlib orada həyətyanı daş hasarından aşmaqla evin plastik pəncərəsini əli ilə zor tətbiq edib açaraq evə qanunsuz daxil olub, yataq otağında yerləşən güzgülü dolabın içərisindəki 01 ədəd üzərində Nuray adı yazılmış 250 manat dəyərində qızıl qolbaq, 01 cüt 1000 manat dəyərində qızıl sırğa, 01 ədəd 50 manat dəyərində qızıl sancaq, 01 ədəd 300 manat dəyərində qızıl üzük, 01 ədəd 600 manat dəyərində brilliant qaşlı qızıl üzük və 700 manat dəyərində 01 ədəd qızıl beşlik pulu, həmçinin evin giriş hissəsindəki ayaqqabı dolabının üzərindəki 50 manat nağd pulu və içərisində 30 manat dəyərində milli qəpik pullar olan şüşə bankanı gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2980 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 04 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuzladə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən, saxlanc yeri hesab edilən “Akkumlyator Store” adlı mağazanın dam örtüyünü sökərək oradan qanunsuz daxil olub mağazadakı rəflərin üzərindən 01 ədəd 120 manat dəyərində “İnci” markalı, 01 ədəd 130 manat dəyərində “Orion” markalı, 01 ədəd 111 manat dəyərində “Rover” markalı və 01 ədəd 85 manat dəyərində “İnter” markalı akkumulyatorı gizli talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 446 (dörd yüz qırx altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında o, dostu Elturan adlı şəxslə 20 yanvar dairəsində görüşmüş və onunla birlikdə axşamadək vaxt keçirib kafedə oturub yemək yeyib söhbət etmişlər. Elturan həmin vaxt ona bildirmişdir ki, onun Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir nəfər tanışı qalır, əgər istəsə gedib orada qala bilərlər. O, həmin vaxt Biləcəri qəsəbəsində müvəqqəti olaraq tanış adamların evində yaşayırdı. Bu səbəbdən onunla gedib qalmağın daha yaxşı olacağını düşünüb razılaşmışdır. Onlar həmin gün hava qaralanadək bir yerdə vaxt keçirib gecə saatlarında Elturanla birlikdə onun dostunun yaşadığı Rəsulzadə qəsəbəsində yerləşən evə gecələməyə getmişlər. Rəsulzadə qəsəbəsində piyada evlərin arası ilə hərəkət edən zaman bir həyət evinin işıqlarının yanmadığını müəyyən etmişdir. O, Elturanın dostunun evinin qarşısına çatdıqda ona demişdir ki, işi çıxdığı üçün qala bilməyəcəkdir. Bundan sonra oradan geriyə həmin işıqları yanmayan evə qayıtmışdır. Bir qədər ətrafı müşahidə edib onu heç kimin görmədiyini müəyyən etdikdən sonra evin dəmir qapısından aşıb həyətə daxil olmuşdur. O, evin çöl dəmir qapısı ilə üzbəüz plastik pəncərənin dəmir barmaqlıqlarının olmadığını görmüş və yaxınlaşıb həmin plastik pəncərəni əli ilə güc tətbiq edib açmışdır. Oradan evin qonaq otağına daxil olmuşdur. O, dərhal evin pilləkənləri ilə ikinci mərtəbəyə qalxıb otaqları axtarıb yekunda orada yerləşən yataq otağında daxil olmuşdur. Orada yerləşən dolabın içərisini axtarmağa başlamış, həmin vaxt dolabın içərisində bir yerdə saxlanılan bir ədəd qızıl qolbağı, 01 cüt qızıl sırğanı, 02 ədəd qızıl üzük, bir ədəd qızıl sancağı götürüb yenidən aşağı mərtəbəyə düşmüşdür. Birinci mərtəbədə olan zaman ayaqqabılar yığılan rəfin üzərində 50 manat nağd pul olduğunu görmüş, həmin pulu götürmüş, həmçinin orada olan şüşə bankanın içərisində olan qəpik pulları müəyyən edib onu da oradan götürüb evdən gəldiyi yolla həmin pəncərədən çıxıb, dəmir qapıdan aşaraq Biləcəri qəsəbəsində yaşayan Əliheydər adlı dostunun evinə getmişdir. O, yolda olan zaman qəpik pullar olan bankanın içərisində olan pulları götürüb bankanı xatırlamadığı bir əraziyə atmışdır. Əliheydərgildə olan zaman ona demişdir ki, özünün şəxsiyyət vəsiqəsi üzərində deyil, xalasına məxsus qızıllar ondadır və həmin qızılları satmaq lazımdır. Əliheydəri aldadaraq həmin qızıllar oğurluq olmamasına inandırmış və sadəcə onun şəxsiyyət vəsiqəsi ilə satmaq lazım olduğunu bildirmişdir. Əliheydər onunla razılaşmış və onlar növbəti gün Gənclik metrosu çıxışında yerləşən qızıl dükanlarının olduğu yerə gedib qızılları orada yerləşən iki ayrı-ayrı mağazaya satmışlar. O, həmin vaxt satdığı dükanların ikisinə də vəsiqəsinin üzərində olmadığını və bu səbəbdən yanında olan dostu Əliheydərin vəsiqəsini təqdim etməklə həmin qızılları orada satdığını bildirmişdir. Qızılların hamısına ümumilikdə hesablanma ilə 1212 manat pul vermişlər. Digər oğurluq epizodu üzrə isə özünü təqsirli bilmir, belə ki, “Akkumlytor Store” mağazasından o oğurluq etməmişdir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən “Akkumlyator store” adlı mağazadan akkumlyatorları o oğurlamamışdır. Hazırda özünü ona elan edilmiş bir epizod üzrə təqsirli bilir, törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Bərdə rayonunda qohumumun yas mərasimi olması ilə bağlı ailəsi ilə birlikdə saat 17 radələrdində yaşadığı evdən çıxıb rayona getmişdir. Onlar Bərdə rayonunda 26 və 27 noyabr tarixlərində yas mərasimi ilə bağlı qalmış və həmin günlərdə evdə heç kim olmamışdır. xx.xx.2021-ci il tarixdə o, erkən saatlarda Bərdə rayonundan çıxıb yaşadığı evə gəldikdə evin qapısının qıfılını açarla açıb həyətə daxil olan zaman evin həyətə baxan pəncərəsinin açıq vəziyyətdə olmasını görüb şübhələnmişdir. Evin giriş qapısını açarla açıb içəri daxil olmuş və evi müşahidə etməyə başlamışdır. O, evin ikinci mərtəbəsinə qalxmış və yataq otağına daxil olduqda paltar üçün nəzərdə tutulan şkafın qarşısında yerdə əl çantalarının yerə tökülmüş vəziyyətdə olduğunu görmüş və bilmişdir ki, evdən oğurluq edilib. Həmin şkafın içərisində əl çantalarının üzərində hamısı bir sellofan torbada yığılmış vəziyyətdə olan bir ədəd üzərində qızı Nurayın adı yazılmış 250 manat dəyərində qızıl qolbaq, bir cüt 1000 manat dəyərində qızıl sırğa, bir ədəd 50 manat dəyərində qızıl sancaq, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 600 manat dəyərində brilliant qaşlı qızıl üzük və 700 manat dəyərində bir ədəd qızıl beşlik pul orada yox idi. Bundan sonra mən qızının yataq otağına daxil olmuş və orada da paltarlar olan şkafın içərisi dağıdılmış vəziyyətdə idi. Lakin, həmin otaqdan hər hansı bir əşya oğurlanmamışdır. Sonra o, aşağı mərtəbəyə düşüb və giriş qapısının yanında olan ayaqqabı rəfinin üstündə 50 manat nağd pulun və qızının qəpiklərini yığdığı içərisində ümumilikdə 30 manat dəyərində milli qəpik pullar olan şəffaf şüşə bankanın yerində olmadığını müəyyən etmişdir. Bu barədə dərhal 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları ünvana gəlmişlər. Hadisə nəticəsində ona 2980 manat dəyərində maddi ziyan dəymişdir. Hazırkı vaxtadək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən “Akumlyator store” adlı mağazanı icarə müqaviləsi əsasında icarəyə götürüb işlədir. 23 oktyabr 2021-ci il tarixdə yaşadığı evdən çıxıb gecə saat 05:44-də işlədiyi mağazaya gedib baxış keçirtmişdir. Baxış zamanı naməlum şəxsin mağazanın dam hissəsindən içəriyə daxil olaraq 4 ədəd akkumlyatoru oğurlamasını aşkar etmişdir. O, hadisənin təsirində olub əsəbi olduğundan mağazada olan Hüseyn Nəcəfov adlı tanışı onun əvəzindən bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq edən şəxs akkumlyatorlar- “İnci” markalı dəyəri 120 manat olan, “Orion” markalı dəyəri 130 manat olan, “Rover” markalı dəyəri 111 manat olan və “İnter” markalı dəyəri 85 manat olan olmaqla akkumlyatorlar oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 446 manat maddi ziyan dəymişdir. Bundan bäşqa həmin şəxsin mağazanın dam örtüyünü sökməsi nəticəsində ona əlavə olaraq 250 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq, mağazadan oğurluq edilməsi barədə ona qonşusu Zakir Kosayevin məlumat verdiyini, həmin vaxt Zakir Kosayevin ona həmin mağazanın üzərində iki qaraltı gördüyünü deməsini bildirdi. Məhkəmənin 04 noyabr 2022-ci il tarixli iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, Atatürk prospekti 2 A ünvanında yerləşən qızıl alışı və satışı ilə məşğul olan mağazada fərdi sahibkar olaraq işləyir. Mağazanı icarə haqqında müqavilə əsasında işlədir. Həmin mağazada 2015-ci ildən fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə işlədiyi mağazada olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və əllərində satılası qızılları olduqlarını bildirmişdir. O, ondan qızılların kimə məxsus olduğunu soruşduqda həmin şəxs ona əlində olan iki ədəd üzük və bir ədəd qolbağı göstərmişdir. Həmin şəxs həmçinin bildirmişdir ki, qızıllar qohumuna məxsusdur lakin, hazırda gələ bilmədiyindən satmaq üçün o, gətirmişdir. O, həmin qızılları ondan qəbul etmiş və onların çəkisini müəyyən edib həmin qızıllara 352 manat pul verəcəyini bildirmişdir. Nəticədə onlar razılaşmışlar və satan şəxs ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi üzərində deyildir, bu səbəbdən dostunun şəxsiyyət vəsiqəsini təqdim edə bilər. Razılaşma əsasında alış aktı tərtib edildi və həmin şəxs ona yanında olan digər dostu kimi tanıdığı şəxsin vəsiqəsini təqdim edib qızılları ona satdı. Həmin vəsiqədə adı qeyd edilən şəxs X2 idi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, Atatürk prospekti 2 A ünvanında yerləşən qızıl alışı və satışı ilə məşğul olan mağazada fərdi sahibkar olaraq işləyir. Mağazanı icarə haqqında müqavilə əsasında işlədir. Həmin mağazada 2020-ci ildən fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə işlədiyi mağazada olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq əllərində satılası qızılları olduqlarını bildirmişdir. O, ondan qızılların kimə məxsus olduğunu soruşduqda həmin şəxs əlində olan bir ədəd üzük və bir ədəd sırğa göstərdi və həmin qızılların qohumuna məxsus olduğunu lakin, hazırda gələ bilmədiyindən satmaq üçün onun gətirdiyini bildirdi. O, həmin qızılları ondan qəbul etmiş və onların çəkisini müəyyən edib həmin qızıllara 860 manat pul verəcəyini bildirmişdir. Nəticədə onlar razılaşmışlar və satan şəxs ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi üzərində deyildir, bu səbəbdən dostunun şəxsiyyət vəsiqəsini təqdim edə bilər. Razılaşma əsasında alış aktı tərtib edildi və həmin şəxs ona yanında olan digər dostu kimi tanıdığı şəxsin vəsiqəsini təqdim edib qızılları ona satdı. Həmin vəsiqədə adı qeyd edilən şəxs X2 idi. Məhkəmənin 04 noyabr 2022-ci il tarixli iclasında Şahid3 ifadə verərək bildirmişdir ki, o Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən metal qəbulu məntəqəsində işləmişdir. Hazırda orada işləmir. İşi həmin məntəqəyə müştərilər tərəfindən gətirilən metalları şəxsiyyət vəsiqəsinin surəti ilə qəbul etməkdən ibarətdir. İş vaxtı hər gün saat 09:00-dan 21:00-a kimidir. X7 tanıyır, belə ki, həmin şəxs ona məntəqəyə metal gətirib təhvil vermişdir. Hazırda həmin hadisənin üzərindən kifayət qədər uzun müddət keçdiyi üçün ondan nə aldığını xatırlamıram, yalnız onu bildirmək istəyi ki, ona satmaq üçün mal verilən zaman müştəri tərəfindən öz xətti ilə ona hansı malı və hansı qiyməytə satmasını bir kağıza yazaraq ona verir, mən ibtidai istintaq zamanı həmin kağızı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 27 fevral 2021-ci il tarixdə olan oğurluq hadisəsinin ünvan 3 ünvanında yerləşən həyətyanı 2 mərtəbəli evdə baş verməsi müəyyən edilmiş və hadisə yerinə baxış zamanı 8 ədəd əl barmaq izi aşkar edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs oğurladığı qızılların bir qismini tanışı Əliheydərin vəsiqəsindən istifadə edərək satması zamanı qızıl qəbulu mağazasını işlədən şəxs Şahid1 şəxsiyyət vəsiqəsinin surətinin həkk olunduğu və satılan qızılların adları yazılmaqla apardığı qeydiyyata dair alış aktı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs oğurladığı qızılların bir qismini tanışı Əliheydərin vəsiqəsindən istifadə edərək satması zamanı qızıl qəbulu mağazasını işlədən şəxs Şahid2 şəxsiyyət vəsiqəsinin surətinin həkk olunduğu və satılan qızılların adları yazılmaqla apardığı qeydiyyata dair alış aktı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 istintaq orqanına təqdim etdiyi oğurlanmış qızılların bir qisminin satılmasına dair tərtib edilmiş alış aktı götürülmüşdür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tanıyan şəxs Şahid1 təqdim edilən şəxsləri nəzərdən keçirib ona təqdim edilmiş şəxslər sırasında 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyaraq qızılları ona satan şəxs olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tanıyan şəxs Şahid2 təqdim edilən şəxsləri nəzərdən keçirib ona təqdim edilmiş şəxslər sırasında 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyaraq qızılları ona satan şəxs olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 29, 177.2.1, 29, 177.2.3, 177.3.2-ci maddələri ilə təqsirli bilinib, 7 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 09 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən CM-in 177.2.1, 177.2.4-cü maddələrindən CM-in 177.2.1-ci maddəsinə tövsif edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində olduğundan cəza dəyişdirilməmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işi ********* nömrəsi altında istintaq edilmişdir. 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “Akkumulyator Store” mağazasının damından qanunsuz akkumulyatorların oğurlanması faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 27 fevral 2021-ci il tarixdə olan oğurluq hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “Akkumulyator Store” mağazasında baş verməsi müəyyən edilmiş və ətrafa baxış zamanı yaxınlıqda “Al market”in müşahidə kamerası müəyyən edilmiş, lakin görüntünü əldə etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokol və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı hadisə yerini əyani olaraq göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təqdim edilmiş Təqsirləndirilən şəxs oğurladığı akkumulyatoru satması zamanı Şahid3 təqdim etdiyi əlyazma qeydiyyata dair vərəqə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs oğurladığı akkumulyatorları satması zamanı Şahid3 təqdim etdiyi əlyazma qeydiyyata dair vərəqə götürülmüşdür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid2 Təqsirləndirilən şəxs dostu X1 vəsiqəsinin təqdim etməklə satdığı qızıllara dair tərtib etdiyi alış vərəqəsi, Şahid3 Təqsirləndirilən şəxs oğurladığı akkumulyatorları satması zamanı ona təqdim etdiyi əlyazma qeydiyyata dair vərəqə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan Elturan adlı şəxs və X1 müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmiş və Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, şahidlər və məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şahidlərin, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi “Akkumlyator Sore” mağazasından oğurluq etməsi epizodu üzrə özünü təqsirli bilməməsinə münasibətdə məhkəmə istintaqı zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs “Akkumlyator Store” mağazasından edilən oğurluğa görə özünü təqsirli bilmədiyindən, müdafiəçisi Zərərçəkmiş şəxs2 məhkəmə tərəfindən ona verilən suallara cavab olaraq, mağazadan oğurluq edilməsi barədə ona qonşusu Zakir Kosayevin məlumat verdiyini, həmin vaxt Zakir Kosayevin ona həmin mağazanın üzərində iki qaraltı gördüyünü bildirməsi cavabını verməsini, Zakir Kosayevin iki qaraltı gördüyü halda oradan iki adamın oğurluq etməsi imkanının olması, Təqsirləndirilən şəxs isə ona qarşı irəli sürülmüş ittihama əsasən həmin mağazadan tək oğurluq etməsi,belə olan halda yaranmış ziddiyyətli məqamların araşdırılması məqsədi ilə Zərərçəkmiş şəxs2 qonşusu Zakir Kosayevin məhkəmə iclasında əlavə şahid qismində ifadəsinin alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş, cinayət işi üzrə X5 əlavə şahid qismində məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 ilə qonşudur. Həmin gün 2021-ci ilin oktyabr ayında o, səhər təxminən 05 radələrində aereporta getmək üçün səhər tezdən oyanmış, həmin gün avtomobilini Zərərçəkmiş şəxs2 məxsus olan “Akkumlyator Store” adlanan mağazanın qarşısında saxlamışdır. O, avtomobilə əyləşmiş, avtomobili işə salmış və motorun isinməsini gözləmişdir. O, həmin vaxt mağazadan nəsə səs gəldiyini eşitmiş, əvvəlcə hesab etmişdir ki, mağazanın içərisinə nəsə pişik daxil olub. Sonradan şübhəli gəldiyi üçün o, tez Aydına zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ona verilmiş suallara cavab olaraq həmin vaxt orada konkret olaraq hansısa bir adam görmədiyini, əvvəlcə mağazanın içərisinə nəsə pişik daxil olduğunu hesab etdiyini orada iki adamın qaraltısını görmədiyini, mağazanın daxilindən səs gəldiyini eşitdiyini, şübhələndiyi üçün dərhal Aydına zəng etdiyini bildirmişdir. Məhkəmənin 24 noyabr 2022-ci il tarixli iclasında cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi cinayət işi üzrə tam, hərtərəfli araşdırma aparılması üçün Təqsirləndirilən şəxs xatırlamasına görə istifadəsində olmuş 050/***-***-**-** mobil telefon nömrələrinin 07 iyul 2022-ci il tarixdə hansı anten dairəsində olması, bu nömrələrin daxil olduğu telefonların İMEİ kodları və həmin İMEİ kodlu telefonlarda istifadə olunan digər nömrələrin anten məlumatları və internet şəbəkəsindən istifadə zamanı abonentin anten məlumatları barədə ətraflı məlumatın ələ keçirilməsi zərurəti yaranmışdır. Məhkəmədən qeyd etdiklərimin nəzərə alınaraq, həmin mobil telefon nömrələrinə daxil olan və çıxan zəng və mesajların siyahısı və məzmunu, zəng edən və zəng qəbul edən abonentlərin anten məlumatları və həmin nömrələrin kimə məxsus olması barədə məlumatların "xxxx" MMCyə götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/***-***-**-**, 050/***-***-**-** mobil telefon nömrələrinin 21 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixə qədər hansı anten dairəsində olması, bu nömrələrin daxil olduğu telefonların İMEİ kodları və həmin İMEİ kodlu telefonlarda istifadə olunan digər nömrələrin 21 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixə qədər hansı anten dairəsində olması barədə məlumatlar, eləcə də internet şəbəkəsindən istifadə zamanı abonentin anten məlumatları barədə ətraflı məlumat "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Azercell Telecom” MMC tərəfindən məhkəməyə daxil olmuş anten məlumatlarına əsasən ***-***-**-** saylı mobil nömrənin internet mobil trafikindən istifadə nəticəsində əldə edilmiş məlumata əsasən həmin nömrənin 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2023cü ildə saat 01:53-ə kimi olan müddətdə Salyan rayonu, Şorsullu ərazisində olması, ***- ***-**-** saylı mobil nömrənin 21 oktyabr saat 23 oktyabr saat 15:33-də Beyləqan rayonu Eyvazlılar kəndinin ərazisində istifadə olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq azadlıqda olan zaman bir çox mobil nömrələrdən istifadə etdiyindən həmin nömrələrdən hansının onun istifadəmdə olmasını xatırlamadığını, eyni zamanda Beyləqan rayonunun və Salyan rayonunun ərazisində olmadığını bildirmişdir. Məhkəmənin 10 yanvar 2023-cü il tarixli iclasında təqsirləndirilən şəxs “Akkumlyator Store” adlanan həmin mağazadan oğurluq etmədiyini, akkumlyatorları oğurlamağını etiraf etməsi barədə Bakı İstintaq Təcridxanasından yazdığı yazılı ərizəni Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi müavini Elxan Bədəlovun təklifi ilə yazdığını, onun həmin mağazadan oğurluq edildiyini, hazırki vaxtadək həmin oğurluğu edən şəxslərin tapılmadığını, əgər həmin oğurluğu etdiyini öz üzərinə götürərsə o zaman pul verəcəyini deməsini bildirdiyini, elə bu məqsədlə həmin oğurluğu etiraf etməsi barədə ərizə ilə müraciət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatın araşdırılması məqsədi ilə müdafiəçisi tərəfindən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi müavini Elxan Bədəlovun cinayət işi üzrə əlavə şahid qismində ifadəsinin alınması barədə vəsatət verilmiş və həmin vəsatət təmin edilmişdir. Məhkəmənin 13 yanvar 2023-cü il tarixli iclasında əlavə şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavini, polis mayoru X8 ifadəsində bildirmişdir ki, təqsirlndirilən şəxs X9 ifadə verən zaman onun təklifi əsasında “Akkumlyator Store” mağazasından oğurluq etdiyini etiraf etdiyini bildirmişdir. Əgər təqsirləndirilən şəxs sırf onun təklifi əsasında həmin mağazadan oğurluq etdiyini etiraf edirdisə, hansı səbəbdən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında olan zaman deyil, Bakı İstintaq Təcridxanasında olan zaman buna dair ərizə ilə müraciət edirdi. Bundan əlavə onun tərəfindən bütün tutulmuş şəxslərin yemək-içmək, siqaret kimi gündəlik həyat ehtiyacları ödənilməsini bildirmiş, şəxsən onun tutulmuş bütün şübhəli şəxslərlə, eyni zamanda təqsirləndirilən şəxslərlə münasibəti hər zaman normal olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında bu münasibətlərdən başqa münasibət olmayıb, onunla şəxsi qərəzliyi yoxdur. Təqsirləndirilən şəxsə həmin mağazadan oğurluq etməsini etiraf etməsi və bu barədə yazılı ərizə yazmasına dair hər hansı bir təklif etməmişdir. Odur ki, təqsirləndirilən şəxsin verdiyi ifadəni təkzib edir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə yalnız bir epizod üzrə özünü təqsirli bilməsi, yəni akkumulyator oğurlaması hissəsində özünü təqsirli bilməməsinə dair verdiyi ifadəyə tənqid yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs özü Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində 2021-ci ilin noyabr ayında Binəqədi rayonunun ərazisində yerləşən akkumulyator satışı yerinə qanunsuz daxil olaraq, oradan 4 ədəd avtomobil üçün nəzərdə tutulmuş akkumulyator oğurlamasını bildirmiş və bu barədə müvafiq orqana məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 4 ədəd akkumulyatorun onun tərəfindən buna dair qeyd yazılaraq alındığını bildirmişdir. Həmin ifadənin doğruluğunu yoxlamaq məqsədilə cinayət işi üzrə Şahid3 təkrar ifadəsi alınmış və o, məhkəmə iclasında təqsirləndirilən şəxs X4 üzünə qarşı ondan 4 ədəd akkumulyator aldığını və buna dair təqsirləndirilən şəxsin öz xətti ilə qeyd yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs X10 də öz növbəsində akkumulyatorun satılmasına dair qeydin onun xətti ilə yazıldığını təsdiqləmişdir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsə Binəqədi RPİ-nin 7-ci PB-də olan zaman rəis müavini Elxan Bədəlov tərəfindən təzyiq göstərilməsi və bu səbəbdən, onun tərəfindən törətmədiyi əməlin etiraf edilməsini bildirməsinə dair qeyd etməyi zəruri hesab edir ki, buna dair Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavini əlavə şahid qismində məhkəmə iclasına çağırılaraq ifadə vermiş və o, təqsirləndirilən şəxsin ifadəsini təkzib edərək, X4 törətmədiyi cinayət əməlini etiraf etməsinə dair onun tərəfindən hər hansı təzyiq göstərilmədiyi, əgər belə bir hal olardısa şəxsin cinayət əməli törətməsinə dair ərizəni Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcrdixanasında deyil, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində yazacağını bildirmişdir. Məhkəmə tərəfindən həmçinin, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şifahi vəsatət təmin edilərək, təqsirləndirilən şəxsin özünün verdiyi əlaqə nömrələrinin oğurluq cinayəti törədildiyi gün anten dairəsinə dair məlumatların götürülməsinə dair qərar qəbul edilmiş və icraya yönəldilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş anten məlumatlarına əsasən ***-***-**-** saylı mobil nömrənin internet mobil trafikindən istifadə nəticəsində əldə edilmiş məlumata əsasən həmin nömrə 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2023-cü ildə saat 01:53-ə kimi olan müddətdə Salyan rayonu, Şorsullu ərazisində olmuşdur, ***-***-**-** saylı mobil nömrə 21 oktyabr-23 oktyabr saat 15:33-də Beyləqan rayonu, Eyvazlılar kəndinin ərazisində olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında bir çox telefon nömrəsinin olduğunu və sorğuda qeyd edilən nömrələrin onun istifadəsində olub-olmadığını dəqiq bilmədiyini, eyni zamanda Salyan rayonu və Beyləqan rayonunun ərazisində olmadığını bildirdiyini qeyd etdiyi üçün məhkəmə hesab edir ki, həmin anten dairəsinə dair məlumatlar sübut növü kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi epizod üzrə oğurluq cinayətini törətməməsi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini(bir epizod üzrə) səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-81/2019 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. O, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticə hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları keçirilmiş əəliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək, hazıradək Ədliyyə Naziliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs dostu X1 vəsiqəsinin təqdim etməklə satdığı qızıllara dair tərtib etdiyi alış vərəqələri, Şahid3 Təqsirləndirilən şəxs oğurladığı akkumulyatorları satması zamanı ona təqdim etdiyi əlyazma qeydiyyata dair vərəqə cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək onun hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmaqla, onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilərək, hazırda Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs dostu X1 vəsiqəsinin təqdim etməklə satdığı qızıllara dair tərtib etdiyi alış vərəqələri, Şahid3 Təqsirləndirilən şəxs oğurladığı akkumulyatorları satması zamanı ona təqdim etdiyi əlyazma qeydiyyata dair vərəqə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar