Məhkəmə qərarları › İş №1(001)-44/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-44/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-44/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bələ ki, o, 29 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub, uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol təpə-gicgah nahiyəsinin qançır-hematoması ilə müşayiət edilən xəsarət, sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları, sonuncunun ayağını qapının arasında qoymaqla sağ baldırın nahiyəsinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə saat 09 radələrində iş yoldaşı, yəni «X12 İctimai Birliyi»nin mətbuat xidmətinin rəhbəri Şahid ilə birlikdə işlədikləri Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsində yerləşən ofisə gələn zaman, 9-cu mikrorayon, Mir Cəlal küçəsində işıqforun qırmızı işığının yanmasına görə Zülfiyyə idarə etdiyi avtomaşını saxlamışdır. Bu zaman digər hərəkət zolağı ilə hərəkət edən, markasını «Renault» kimi xatırladığı, üzərində «Uber» taksi reklamı olan maşının sürücüsü ötüb keçən zaman onlara əl hərəkətləri ilə təhqiredici işarələr etmişdir. Həmin şəxsin bir neçə metr irəlidə maşını yol kənarında saxladığını görüb, ona yaxınlaşmışlar və maşının pəncərəsindən səslənərək həmin şəxsdən nə üçün onları təhqir etdiyini soruşmuşdur. Bu zaman həmin sürücü yenidən təhqiredici söz işlədərək ona bildirmişdir ki, onun maşınına əyləşsin. O da həmin şəxsin maşınına əyləşmiş və kənardan keçən şəxslər onların mübahisə etdiyini görüb onu maşından düşürmüşlər. Bundan sonra həmin şəxs Zülfiyyənin üzərinə hücum çəkərək ona xəsarət yetirmək istədikdə o, araya keçmişdir. Həmin şəxs onun paltarından tutaraq dartdıqda o, həmin şəxsi öz maşınına soxmaq istəmiş, lakin həmin şəxs onun sağ üz nahiyəsindən yumruqla vurmuş, o isə əsəbiləşərək həmin şəxsin başından vurub onu öz maşınına soxmuşdur. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxs Zülfiyyəyə də xəsarət yetirmiş və Zülfiyyənin qol saatı ilə mobil telefonunu yararsız vəziyyətə salmışdır. Baş vermiş hadisədən sonra onları orada olan şəxslər aralamışlar və onlar maşına əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Sonradan isə həmin şəxs onların arxaları ilə gələrək ünvanlarına yenidən təhqiredici sözlər deyib getmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Renault» markalı «Megane» modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edir və həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 29 aprel 2022-ci il tarixdə, saat 09 radələrində sifariş qəbul edərək müştərini ünvan 3 ünvanına gətirən zaman, Mir Cəlal küçəsi 1 ünvanında, yol kəsişməsində «Chevrolet» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolun hərəkət hissəsində dayanaraq süni tıxac yaratmasına görə o, idarə etdiyi avtomaşınla kənardan dövrə edərək, həmin nəqliyyat vasitəsinin xanım sürücüsünə ya sağa ver, ya sola deyərək ötüb yoluna davam etmişdir. Təxminən 01 km irəlilədikdən sonra sərnişini düşürmək üçün avtomobili yol kənarında saxlamışdır. Həmin zaman qeyd etdiyi avtomobilin yanında dayandığını görmüşdür. O, həmin qadın sürücünün yanındakı cavan oğlanın onun qadın sürücüyə söz deyərək ötüb keçməsini bəyənmədiyini, nəqliyyat vasitəsindən düşmək istədikdə Şahid yanındakı sərnişinə düşmə dediyini, mübahisə yaranacağını görüb onun da idarə etdiyi nəqliyyat vasitəsindən düşdüyünü, əslində ayağındakı xəsarətin döyülmə nəticəsində deyil özünə məxsus avtomobildən düşüb söhbət etmək istəyən zaman bir ayağının yerdə olanda Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin qapısını sıxaraq ayağını qapının arasında saxlaması nəticəsində meydana gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin açıq olan pəncərəsindən əlini içəriyə salaraq onun başını avtomobilin tavanına vurduğunu və Şahid onları ayırmağa çalışdığını, lakin gücü çatmadığını bildirmişdir. Şahid onu avtomobilə itələyək “sür çıx get” demişdir. Zərərçəkmiş şəxs qolunda və əlində olan sıyrıqların, ola bilsin ki, uzun dırnaqları olduğundan Şahid onları ayırmağa çalışdığı zaman yarana biləcəyini qeyd etmişdir. Baş vermiş hadisə zamanı Şahid ona heç bir xəsarət yetirməmiş, əksinə onunla Təqsirləndirilən şəxs ayırmağa çalışmış, qolunda olan sıyrıqlar Şahid onları ayıran zaman meydana gəlmişdir. İbtidai istintaq zamanı da hazırki kimi ifadə vermiş, o həmin ifadəsində Şahid ona xəsaərt yetirməsini deyil, Təqsirləndirilən şəxs Şahid bir yerdə olduğunu qeyd etdiyini bildirmişdir. Hazırda nə Şahid, nə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində idarə etdiyi **-PR-*** dövlət qeydiyyat nişanlı «Chevrolet» markalı «Spark» modelli avtomobillə yaşadığı evdən çıxaraq, iş yoldaşı Təqsirləndirilən şəxs götürüb işlədiyi Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski, küçəsində yerləşən ofisə gələn zaman 9-cu mikrorayon, Mir Cəlal küçəsində işıqforun qırmızı işığında dayandıqda, digər hərəkət zolağı ilə hərəkət edən «Renault» markalı, üzərində «Uber» taksi reklamı olan avtomobilin sürücüsü ona əl hərəkətləri ilə təhqiredici işarələr edərək, ana söyüşü söyüb ötüb keçmişdir. Həmin şəxsin 300-400 metr irəlidə avtomobili yol kənarında saxladığını görüb, həmin avtomobilin yanına yaxınlaşmış və iş yoldaşı Təqsirləndirilən şəxs şüşəni aşağıya salaraq həmin sürücüdən “ağsaqqal niyə hörmətsizlik edirsən” deyərək nə üçün onları təhqir etdiyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə olduğunu, sonuncu söyüşlə cavab verərək Xəyala “gəl otur görüm nə deyirsən” deyib Xəyala bildirmişdir ki, onun avtomobilinə əyləşsin. Xəyal isə onun avtomobilindən düşüb Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşmış və şüşədən əlini salıb bir-birlərinə əl atmağa başlamış, bu zaman o, dərhal avtomildən düşərək onları ayırmaq üçün araya girmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qapısını açaraq düşmək istəyən zaman Təqsirləndirilən şəxs dizi ilə İlqar Salyevin yerdə olan bir ayağını onun avomobilinin qapısının arasında saxlayaraq sıxmış, sonuncunu düşməyə qoymamışdır. Zərərçəkmiş şəxs Xəyalın əynində olan paltarından tutub dartdıqda, Xəyal da onu paltarından tutaraq dartışmışdırlar. Hadisə zamanı ona məxsus olan «Apple Whatch» markalı qol saatı və «Xiaomi» markalı mobil telefonu da yerə düşərək yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisədən sonra hətta orada olan bir qadın ona “götür bu uşağı get” deyə məsləhət vermişdir. Zərərçəkmiş şəxs avtomobilinin arxa təkərinə bir dəfə təpiklə vuraraq “çıx get burdan” deyə əsəbiləşdiyini, qərəzli olaraq niyyətinin Zərərçəkmiş şəxs xəsarət yetirmək olmadığını, onun qolundakı sıyrıqların Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs ayırmağa çalışan zaman baş vermiş ola biləcəyini bildirmişdir. Hadisə zamanı iş yoldaşı Təqsirləndirilən şəxs xəsarət almış, onun gözü göyərmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. O, xəsarəti dirsək nahiyəsindən aldığı üçün və ciddi xəsarət olmadığından məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçməyi lüzumsuz bilməmiş, bu səbəbdən də müayinədən keçməmişdir. Baş vermiş hadisəyə səbəb Zərərçəkmiş şəxs ona əl-qol işarələri edərək onu və Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 128-ci maddəsi ilə başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 828 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol təpə-gicgah nahiyəsinin qançır-hematoması, sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları, sağ baldır və sol said nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər, dərəcələrinə görə sol təpə-gicgah nahiyəsinin qançırhematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular ibtidai istintaq zamanı verdikləri ifadələrini bir birlərinin üzlərinə qarşı bildirməklə təsdiq etmişlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-297/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-297/2023 nömrəli qərarından görünür ki, 1(001)-297/2023 nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-in 221.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-24/2024cü il nömrəli hökmündən görünür ki, Şahid CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4604/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİnin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğunu, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Ağdam rayon İHB-nin Seyidli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 531- 13/3-2-314/2024 saylı,xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, atası 1969-cu il təvəllüdlü X6 və bacısı 2007-ci il təvəllüdlü X1 Xəyal Aydın oğlunun himayəsindədir. Ağdam rayon İHB-nin Seyidli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AR “Qarabağ Qaziləri” Birliyi tərəfindən verilmiş 0189 saylı vəsiqədən görünür ki, X6 İİ qrup müharibə əlilidir. İş materiallarında olan B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən verilmiş laboratoriya nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs talassemiya xəstəsidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadəsinə və digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Şahid ilə, bir qrup şəxs halında 29 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub, uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən vurub ona sağ baldır və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol təpə-gicgah nahiyəsinin qançır-hematoması ilə müşayiət edilən xəsarət və sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs əməlinin CMin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsini təklif etmişdir. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. CPM-in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. CPM-in 65.6-cı maddəsinə əsasən birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-24/2024cü il nömrəli hökmündən görünür ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zərərçəkmiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsi ilə digər nəqliyyat vasitəsinin sürücüsü Şahid ilə aralarında yaranmış kiçik dialoq səbəbindən qaynaqlanmışdır. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs tıxac yaratmasını əsas göstərərək özünə məxsus avtomobili idarə edən Şahid kobud formada reaksiya vermiş, ona əl-qol işarələri edib ötmə əməliyyatı həyata keçirtmiş, bu isə Təqsirləndirilən şəxs xoşuna gəlmədiyindən 300-400 metr aralıda sərnişini düşürən Zərərçəkmiş şəxs yaxınlaşaraq kobud danışığının səbəbini öyrənməyə çalışmışdır. Bu zaman tərəflər arasında mübahisə kəskinləşmiş, məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs əyləşdiyi nəqliyyat vasitəsindən düşmüş və Zərərçəkmiş şəxs avtomobilindən düşməsinə şərait yaratmayaraq dizi ilə avtomobilin qapısını sıxıb ayağını avtomoblin qapısı ilə gövdəsi arasında saxlamaqla ona sağ baldır nahiyyəsinin sıyrıqları ilə müşaiyət olunan xəsarətlər, başını isə avtomobilin tavanına vurmaqla sol təpə-gicgah nahiyəsinin qançır-hematoması, sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları ilə müşaiyət olunan xəsarətlər yetirmişdir. Şahid onları ayrımaq üçün idarə etdiyi avtomobili tərk edərək digər nəqliyyat vasitəsinə yaxınlaşmış və onları ayırmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs bədən səthi üzərində olan sıyrıqlar Şahid əl dırnaqlarının təsiri nəticəsində sol said nahiyyəsində xəsarətlər yaranmışdır. Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi, təqdim etdiyi Şahid barəsində heç bir şikayətinin olmaması barədə ərizəsinə, habelə iş üzrə toplanmış digər sübutlarla Şahid CM-in 221.2.1-ci maddəsi ilə təqsirliliyi, yəni Zərərçəkmiş şəxs üzərinə hücum çəkib zor tətbiq edərək, tanışı Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında onu qəsdən vurub ona sağ baldır və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərlə müşayiət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi öz təsdiqini tapmamışdır. Ona görə də, Şahid CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid barəsində olan hökmdən apellyasiya şikayəti və protesti verilməmiş, hökm qanuni qüvvəyə minmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub, uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol təpəgicgah nahiyəsinin qançır-hematoması ilə müşayiət edilən xəsarət, sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları, sonuncunun ayağını qapının arasında qoymaqla sağ baldırın nahiyəsinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X9 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X5 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 221.1-ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə istintaqının nəticəsində, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması, hadisə yerində olmuş şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik göstərməsi, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozması sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil atasının və yetkinlik yaşına çatmayan bacısının onun himayəsində olmasını, talassemiya xəstəliyindən əziyyət çəkməsini, həmçinin həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-297/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hazıradək, yəni xx.xx.2024-cü il tarixədək, cəmi 2 (iki) ay, 25 (iyirmi beş) gün müddətində həbsdə olmuşdur. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir Məhkəmə CM-in 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəmi 2 (iki) ay, 25 (iyirmi beş) gün müddətində həbsdə olmasını nəzərə alaraq ona təyin olunmuş cərimə cəzasının yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qır) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) ay 25 (iyirmi beş) gün müddətində həbsdə olması nəzərə alınsın və ona təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 750 (yeddi yüz əlli) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar