Məhkəmə qərarları › İş №1(001)-443/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-443/2020

27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-443/2020 27.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında yaşayan, barəsində xx xxxxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, cavabdeh kimi ondan 4078,00 ABŞ dolları məbləğində, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250,00 manat məbləğində pul vəsaitini və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(010)-4014/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(001)-778/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə “Finca Azerbaijan” Kredit Təşkilatı ilə kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən 10 ay müddətinə illik 30% dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin kredit müqaviləsi əsasında yaranmış öhdəliklərinin icrasına təminat vermək məqsədi ilə eyni tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsi üzrə zaminlərdən biri Zərərçəkmiş şəxs olmuş, müqavilə üzrə bir müddət ödəniş etdikdən sonra imkansızlıq ucbatından kredit borcunu ödəyə bilməmiş, müqavilə üzrə qalıq borcunu və yaranmış faiz borcunu öhdəlik üzrə zamin Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş, sonradan Zərərçəkmiş şəxs ödədiyi pulu ondan reqres qaydasında məhkəməyə müraciət edərək tələb irəli sürmüş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(010)-4014/2014 saylı qətnaməsinə əsasən ondan 4078,00 ABŞ dolları məbləğində, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250,00 manat məbləğində pul vəsaitini və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk öncə Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, yaşayış yerini dəyişdikdən sonra icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraat başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılması üçün maddi imkanı olmadığından irəli sürülən tələbi icra edə bilməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlakı və ya pul vəsaiti aşkar olunmamış, icra məmurunun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuşdur. Məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icrasından yayınmır, sadəcə maddi vəziyyəti pis olduğundan qətnaməni tam icra etməyə imkanı yoxdur. İcra zamanı qətnamə üzrə 650,00 manat ödəniş edə bilmiş, lakin icra zamanı dəfələrlə tələbkar Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda, iki dəfə 300 manat və bir dəfə 500 manat məbləğində pulun verilməsini təklif etsə də, sonuncu hissə-hissə pulu qəbul etməkdən imtina etmiş və borcu birdəfəlik ödənilməsini tələb etmişdir. Hazırda stabil şəkildə gəliri olduğundan hissə-hissə qətnamənin icra edilməsinə və yaxın zamanda müəyyən ödənişin aparılmasına söz vermişdir. O, hesab edir ki, onun əməlində məhkəmə qətnaməsini qəsdlə icra etməmək kimi hərəkət olmadığı üçün məhkəmə onun barəsində bəraət hökmü çıxartmalıdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014cü il tarixli, 2(010)-4014/2014 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 4078,00 ABŞ dolları məbləğində, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250,00 manat məbləğində pul vəsaitini və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk öncə Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, borclu yaşayış yerini dəyişdikdən sonra icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir daha imkansızlığını əsas gətirib məsuliyyətdən yayınmaq məqsədi ilə borcundan cəmi 650,00 manat ödəniş etmiş, Təqsirləndirilən şəxs kifayət qədər maddi imkanın olmasına baxmayaraq, qətnamənin icrasından qərəzli yayınraq qalıq borcunu qaytarmaqdan yayınır, icra zamanı məhkəmələr qarşısında müxtəlif iddialar irəli sürərək qətnamənin icrasından yayınır, qeyd olunan qalıq məbləğdə olan pulu Təqsirləndirilən şəxs alaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs 4078 ABŞ dolları pul, 250 manat məbləğində hüquqi yardım və 30 manat dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Suraxanı Rayon Məhkəməsinin 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il taixli icra sənədi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 52-də qeydiyyatsız yaşaması əsas göstərilərək Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqnda borcluya bildiriş göndərilmiş, tələb könüllü qaydada təmin edilmədiyindən borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması barədə xx.xx.2018-ci il tarixdə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmiş, icra sənədi Suraxanı rayon İcra və Probasiya şöbəsinin icraatında olan zaman borclu Təqsirləndirilən şəxs tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-692/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-692/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən borclu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4913/2018 saylı. 0.07.2018-ci il tarixli qərarı il Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(001)-778/2019 saylı, xx.xx.2019-cu il tarixli qərar ilə Təqsirləndirilən şəxs 500 manat məbləğində inzibati cərimə olunmuş, həmçinin həmin tarixdə qətnamə üzrə borclu tərəfindən 650 manat məbləğində pul tələbkara ödənilmiş, borcluya qalıq borc məbləğinin və inzibati cərimənin ödənilməsi barədə rəsmi xəbərdarlıq edilsə də, borc məbləğini ödəməmişdir. Bundan sonra borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla xx.xx.2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(001)-867/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, xx.xx.2019-cu il tarixdə borclunun müvafiq işlə təmin edilməsi üçün Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət olunmuş, lakin Təqsirləndirilən şəxs məşğulluq idarəsinə müraciətdən imtina etmiş, xx.xx.2019-cu il tarixdə borclu şöbəyə çağrılaraq inzibati cərimənin və qətnamə üzrə borcunun ödənilməsi ondan tələb olunmuş, lakin borclu ödəməkdən imtina etmişdir. Borcluya xx.xx.2020-ci il tarixdə yenidən 3 gün müddət təyin edilərək inzibati cərimənin və qətnamə üzrə borcunun ödənilməsi üçün xəbərdarlıq verilmiş, edilmiş xəbərdarlığa baxmayaraq ödəməkdən qərəzli olaraq yayınmış, edilmiş xəbərdarlıqlar və barəsində olan inzibati tənbehdən heç bir nəticə çıxarmaması, izahatında və məşğulluq mərkəzinin şöbəyə ünvanlanmış məktubunda borclunun işləmək istəməməsi, borclu şəxsi prinsipə görə ödəmək istəməməsi, icra vərəqəsinin icrasına laqeyid münasibət göstərməsi, icra sənədi üzrə tələbin təmin edilməsinə ehtimalla mülahizələrini bildirməsi onun qərəzli olmasına dəlalət edən haldır, icraat dövründə iş üzrə borclu Təqsirləndirilən şəxs öhdəliyini yerinə yetirməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş və beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon İcra və Probasiya şöbəsində İcra məmuru vəzifəsində işləyən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4014/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 4078 (dörd min yetmiş səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti alınması, iddiaçı Zərərçəkmiş şəxs verilməsi və iddiaçı Zərərçəkmiş şəxs tərəfindən nümayəndəyə hüquqi yardımın göstərilməsinə görə “xxxx” MMC-nin hesabına ödədiyi pulun əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra edilməsi üçün aidiyyatı üzrə Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, iş üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətdə könülü olaraq təmin etməsi təklif olunmuşdur. Həmçinin ona icranın könüllü təmin edilməməsinin nəticələri izah edilmişdir. İş materiallarında olan “Tələbin könüllü icrası haqqında” xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Binəqədi rayon icra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərəfindən borclu Təqsirləndirilən şəxs 2(010)-4014/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin edilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 692/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4913/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-778/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ödəməli olduğu 4078 ABŞ dollarından 650 manat Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-867/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4014/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra olunana kimi Bakı şəhəri, Binəqədi ayonu, mədən 2, korpus 52 ünvanda yaşayan xx.xx.1978-ci il tarixdə doğulmuş Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “ittiham elan olunması üçün təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar barəsində axtarış elan edilməsi və o tutularaq Bakı şəhəri Yasamal rayon X3 Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılması qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində tutularaq Binəqədi RPİ 43-cü PB-nə gətirilmişdir. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Xəzinədarlıq Agentliyinə ümumilikdə 1000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Eləcə də, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan cinayət işi məhkəmədə baxılan müddət ərzində müxtəlif ödənişlər etməsi, maddi imkanı olmaması səbəbindən borcunu ödəməməsini, gələcəkdə hissə-hissə ödəməyə imkanın çatdığını bildirməsi məhkəmə tərəfindən məhkəmə qərarının qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar