Məhkəmə qərarları › İş №1(001)-446/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-446/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-446/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs (mülki iddiaçı) X4 və onun nümayəndəsi (müdafiəçisi) Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs X2, onun müdafiəçiləri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Alfa” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə 26 iyun 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, özünün xüsusi ittihamçı qismində tanınmaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, barəsində təhqir xarakterli məlumatlar yaymış X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun barəsində həmin maddə ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdən ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ingilis dili kursu üzrə müəllim vəzifəsində çalışır. İnstagram sosial şəbəkəsində "xxxx" MMC-nin 16.1 min izləyicisi olan “EVERESTEDU_AZ” internet səhifəsi mövcuddur. "xxxx" MMC xarici dil mərkəzi olaraq öz fəaliyyətinə dair qısa videolar çəkərək həmin internet səhifəsində izləyicilərə təqdim edir. "xxxx" MMC-nin müəllimi olaraq o, da xx.xx.2025-ci il tarixində instagram sosial şəbəkəsində “EVERESTEDU_AZ” internet səhifəsində qısa video vasitəsi ilə çıxış edərək, Everest Express dərs proqramından və onun səmərəliliyindən danışmışdır. Onun video çıxışının şərh hissəsində çox sayda müsbət rəy yazan sosial şəbəkə istifadəçiləri – profillər vardır. Lakin, bunlarla yanaşı, həmin çıxışının şərh bölümündə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs olan sosial şəbəkə istifadəçisi X3 öz “ramilabdulrahmanov” adlı hesabından-profilindən xx.xx.2025-ci il tarixində ünvanına təhqir xarakterli çıxış edərək “Get götünü ye gij qızı insan öz dilində böyüyür öyrənir oxuyur mükəmməl bilmir öz dilini 60 günə necə öyrənməyə ole” kimi nalayiq ifadə işlətmişdir. Bununla da hesab edir ki, cinayət hadisəsi törədilmişdir. CM-nin 148-ci maddəsinin tələbləri baxımından qeyd edə bilər ki, barəsində şikayət verilən X3 öz instagram sosial şəbəkəsində özünə məxsus olan hesabından onun video çıxışına qarşı işlətdiyi “get götünü ye” və “gij qızı insan öz dilində böyüyür öyrənir oxuyur mükəmməl bilmir öz dilini 60 günə necə öyrənməyə ole” ifadələri təhqirdir. Qeyd etdiyi kimi, instagram sosial şəbəkəsində fəaliyyət göstərən “EVERESTEDU_AZ” internet səhifəsinin 16.1 mindən çox izləyicisi vardır və göründüyü kimi X3 həmin kütləvi izləyicilər qarşısında – onun video çıxışına qarşı onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli çıxış etmişdir. X2 yuxarıda qeyd olunan sosial şəbəkədəki həmin nalayiq formadakı çıxışı ilə qəsdən onun şərəf və ləyaqətini alçaldaraq işgüzar nüfuzunu ləkələmiş və o, mənəvi sarsıntı, iztirab keçirmiş, mənəvi sarsıntı və iztirab keçirməkdə davam edir. İşin təkzibedilməz halı ondan ibarətdir ki, barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında qeyd edilən cinayət əməlini artıq törətmişdir. Ona görə də hesab edir ki, onun barəsində təhqiri məlumatlar yayan X3 qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesinin gedişində xüsusi ittihamçı X8 məhkəməyə mülki iddia təqdim edərək, cavabdeh X1 ona qarşı olan təhqir xarakterli hərəkətlərinin (hərəkətsizliyinin) qadağan olunmasına, cavabdehdən onu təhqir etdiyi formada, yəni onu hansı sosial (instagram şəbəkə və sayt) vasitəsilə təhqir edibsə, həmin sosial şəbəkə(lər) vasitəsilə ondan üzr istəməsi, ona vurduğu mənəvə zərərə görə 9500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı (mülki iddiaçı) X8 şikayətə uyğun ifadə verərək, X2 Cinayət Məcəlləsinin 148-ci madddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasinı, barəsində həmin maddənin sanksiyasında göstərilən yuxarı həddə ağır cəza təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) X3 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ölkə xaricində olduğundan xüsusi ittihamçının şikayəti barədə ona səfərdən qayıtdıqdan sonra iş yerindən məlumat vermişlər. Bundan sonra o, məhkəməyə gələrək, şikayətin surətini almış və xüsusi ittihamçının həyat yoldaşı ilə əlaqə saxlamışdır. O, xüsusi ittihamçının həyat yoldaşına bildirmişdir ki, instagram sosial şəbəkəsində “ramilabdulrahmanov” adlı profil onun tərəfindən açılsa da, o, uzun müddətdir həmin profildən istifadə etmir və həmin profilə giriş şifrəsini də unutmuşdur. Xüsusi ittihamçının həyat yoldaşı ilə görüşdükdən sonra o, informasiya texnologiyaları sahəsində mütəxəssislərə müraciət etmiş və həmin profilin şifrəsini bərpa etdirmişdir. Bundan sonra o, həmin profildən xüsusi ittihamçının işlədiyi kursun instagram profilinə zəng etmiş və xüsusi ittihamçıdan üzr istəmək məqsədi ilə onunla görüşmək istədiyini bildirmişdir. Şikayətdə qeyd olunan instagram sosial şəbəkəsindəki “ramilabdulrahmanov” adlı profil ona məxsus olmuşdur, lakin o, uzun müddətdir ki, həmin profildən istifadə etmir və hətta profilə giriş şifrəsini də unutmuşdur. O, bu barədə məlumat tutan gün İT mütəxəssislərin köməyi ilə profilinin şifrəsini bərpa etmiş, həmin profildən xanımın işlədiyi kursun instagram səhifəsinə yazılmış şərhi sildirmiş və hesabını bağlatdırmışdır. Buna baxmayaraq, xüsusi ittihamçı ona məxsus hesabdan təhqir olunduğundan, ondan üzr istəyir. Göstərilənlərin, habelə özünün insult xəstəliyi keçirməsinin, 15 ildən sonra yenicə övladlarının dünyaya gəlməsinin nəzərə alınmasını xahiş edir. Xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş “everestedu_az” instagram şəhifəsindən çıxarışlardan görünür ki, həmin instagram səhifəsinin 16.1 min izləyicisi vardır. Həmin səhifədə yerləşdirilmiş xüsusi ittihamçı X4 video çıxışının rəy bölməsindən çıxarışdan görünür ki, “ramilabdulrahmanov” adlı profildən həmin çıxışa “Get götünü ye gij qızı insan öz dilində böyüyür öyrənir oxuyur mükəmməl bilmir öz dilini 60 günə necə öyrənməyə ole” şərhi yazılmışdır. Xüsusi ittihamçı X4 məhkəməyə təqdim etdiyi diskdə olan videogörüntüdən görünür ki, “ramilabdulrahmanov” adlı instagram profildən zəng edən şəxs Ramil Abdülrəhmanov olduğunu, xanımı təhqir etdiyini bildirərək, ondan necə üzr istəyə biləcəyini soruşur. Xüsusi ittihamçı X4 məhkəməyə təqdim etdiyi və təqsirləndirilən şəxslə xüsusi ittihamçının ərinin səs yazılarının olmasını bildirdiyi diskdən görünür ki, həmin diskdə 2 nəfərin danışığı qeydə alınmışdır. Danışan şəxslərdən biri digərinə psixoloji problem yaşadığını, əsəb xəstəliyindən əziyyət çəkdiyini, lakin bunların kimisə təhqir etməsinə əsas vermədiyini, 46 yaşınadək belə bir səhvə yol vermədiyini, bu yaşda böyük səhv etdiyini, 15 ildir evləndiyini, 15 ildən sonra uşaqlarının olduğunu, yazdığı sözlərə görə üzr istədiyi, bu halın onun psixoloji problemlərindən irəli gəldiyini bildirir. İş materiallarında olan təqsirləndirilən şəxs X2 adından Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, R.Abdülrəhmanov onun adından açılmış “ramilabdulrahmanov” adlı saxta profil səhifəsinin tez bir zamanda bağlanmasına, həmin saxta profilin kimlər tərəfindən açılıb istifadə edilməsində iştirakı olan hər kəsin aşkarlanaraq ona məlumat verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxs X2 himayəsində xx.xx.2025-ci il təvəllüdlü 2 azyaşlı qız övladı vardır. Məhkəmə təqsirləndirilən şəxs X3 tərəfindən sosial şəbəkə hesabında, yəni internet informasiya ehtiyatında yayılmış yazıda xüsusi ittihamçı X4 şərəf və ləyaqətini ləkələyən nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə mübasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıqaşkar təsdiq olunur. Belə ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş çıxarışlardan və videomaterialdan görünür ki, “ramilabdulrahmanov” adlı sosial şəbəkə hesabından “everestedu_az” instagram hesabında xüsusi ittihamçı X4 video çıxışının rəy bölməsinə “Get götünü ye gij qızı insan öz dilində böyüyür öyrənir oxuyur mükəmməl bilmir öz dilini 60 günə necə öyrənməyə ole” şərhi yazılmışdır. Məhkəmə hesab edir ki, həmin şərhdə istifadə olunan “get götünü ye gij qızı” ifadəsinin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkündür və X2 ona məxsus “ramilabdulrahmanov” adlı sosial şəbəkə hesabında bildirdiyi bu söz və ifadələr təhqir xüsusiyyətlidir. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələbinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarında göstərilir ki: Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər (4-cü bənd); CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. (5-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (6-cı bənd). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittiham qayasında şikayət üzrə özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, işdə olan sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X3 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148ci maddəsi ilə tövsif edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X2 özünü qismən təqsirli bilməsini tənqidi yanaşaraq hesab edir ki, bu yolla o, cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi daşımışdır. Belə ki, R.Abdülrəhamanov məhkəmə iclaslarında instagram sosial şəbəkəsində açılmış “ramilabdulrahmanov” hesabının ona məxsus olmasını və uzun müddətdir həmin hesabdan istifadə etmədiyini bildirsə də, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinə ünvanladığı ərizədə həmin hesabın onun adından açıldığını və saxta profil səhifəsinin olmasını qeyd etmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, həmin ərizə xx.xx.2025-ci ildə, yəni R.Abdülrəhmanov artıq məhkəməyə verildikdən sonra tərtib edilmişdir. Eyni zamanda xüsusi ittihamçının təqdim etdiyi “CD” disklərdə olan videogörüntülərdən və səs yazılarından görünür ki, R.Abdülrəhmanovun istifadəsində olmuş “ramilabdulrahmanov” adlı hesabdan xüsusi ittihamçının işlədiyi Mərkəzin telefon nömrəsinə zəng edilmiş, habelə həm sözügedən zəng zaman, həm də xüsusi ittihamçının həyat yoldaşı ilə danışığı zamanı R.Abdülrəhmanov xüsusi ittihamın verilməsinə səbəb olan ifadələrin məhz özü tərəfindən yazılmasını təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, X2 özünü qismən təqsirli bilməsi özünümüdafiə xarakterli olmaqla, iş materialları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxs X2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 2 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə uyğun olaraq islah işləri növündə cəzanı icra məmuru icra edir. Həmin Məcəllənin 40-cı maddəsinə görə islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Bundan başqa, məhkəmə xüsusi ittihamçı (mülki iddiaçı) X8 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, onun mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 saylı xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçı barəsində yayılmış məlumatlar nəticəsində xüsusi ittihamçıya mənəvi zərər dəyməsi mübahisəsizdir. Belə ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işin hallarından görünür ki, təqsirləndirilən şəxs xüsusi ittihamçının ünvanına onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfüzunu ləkələyən məlumatlar yaymaqla, ona mənəvi zərər vurmuşdur. Nəzərə alınmalıdır ki, mənəvi zərər məbləğinin müəyyən edilməsi üçün qanunvericilikdə konkret meyarlar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, xüsusi ittihamçının (mülki iddiaçının) hüquq və mənafelərinə toxunan məlumatların xarakteri və məzmunu, mülki iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılma dərəcəsi nəzərə alınmaqla, təqsirləndirilən şəxsdən mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat və ödənilmiş 115 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.115 (iki min yüz on beş) manat məbləğində pul tutularaq, xüsusi ittihamçı (mülki iddiaçı) X6 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin mülki iddianın “təhqir xarakterli hərəkətlərinin (hərəkətsizliyinin) qadağan olunmasına, cavabdehdən onu təhqir etdiyi formada, yəni onu hansı sosial (instagram şəbəkə və sayt) vasitəsilə təhqir edibsə, həmin sosial şəbəkə(lər) vasitəsilə ondan üzr istəməsi” hissəsi ilə bağlı qeyd edir ki, mülki qanunvericilikdə mülki iddiada təsbit olunan qaydada hərəkətin (hərəkətsizliyin) qadağan edilməsi nəzərdə tutulmadığından, həmçinin təhqir xarakterli ifadələrin yayıldığı “ramilabdulrahmanov” adlı instagram səhifəsi bağlandığından və artıq mövcud olmadığından həmin hissələrdə mülki iddianın təmin edilməsi mümkün deyildir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə xüsusi ittihamçı (mülki iddiaçı) tərəfindən təqdim edilmiş 02 ədəd disk, 01 ədəd flashkart cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. X3 cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Xüsusi ittihamçı (mülki iddiaçı) tərəfindən təqdim edilmiş 02 ədəd disk və 01 ədəd flashkart cinayət işinin materiallarında saxlanılsın. X5 mülki iddiası qismən təmin edilsin. X1 mənəvi zərərə görə 2000 (iki min) manat və 115 manat dövlət rüsumu, ümumilikdə 2115 (iki min yüz on beş) manat məbləğində pul tutularaq, X6 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar