Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-448/2021 13.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində 1 (bir) azyaşlı övladı olan, işləməyən, orta təhsilli, Binəqədi Rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 69.3-cü maddələri ilə 01 il 07 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.02.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Çopdərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə axşam saatlarında satış məqsədi olmadan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, “Ankara” şadlıq sarayının yaxınlığında istintaqa məlum olmayan mənbədən 5 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,105 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və həmin tarixdə saat 23:00-da Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən Müsavat Partiyasının inzibati binasının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli “Samsung” markalı mobil telefonun arxa hissəsindən ağ rəngli siqaret falqasına bükülmüş təmiz çəkisi 1,105 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 26.05.2021-ci il tarixdə saat 23.00 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən Müsavat Partiyasının yaxınlığında olduğu zaman, 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, ondan narkotik vasitələrin daşıyıcısı olduğunu soruşmuş və onu Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişdirlər.Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otaqların birində, üzərində şəxsi axtarış keçirilən zaman, əlində olan qara rəngli “Samsung” markalı mobil telefonunun arxa hissəsində yerləşdirdiyi siqaret falqasına bükdüyü el arasınada “kakos” deyilən, yəni narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.Həmin narkotik vasitə heroini o, 26.05.2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Ankara” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən 5 manat müqabilində aldığını bildirmişdir.Həmin narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Polis əməkdaşları tərəfindən saxlanılarkən, ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq tətbiq edilmişdir.Üzərindən aşkar olunmuş narkotik vasitəni o, öz şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddəni satmaq və ya kiməsə pay vermək fikri olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 1 (bir) azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirmişdir ki, 26.05.2021-ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1993-cü il təvəllüdlü Ucar rayonu, Qazyan kəndində doğulmuş, Zəngilan rayonu, Çöpədərə kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir.Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2la birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən Musavat partiyasının inzibati binasının qarşısına gəlmişlər. 26.05.2021-ci il saat 23:00 radələrində orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduqları şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 5-ci PB-nə getməsini təklif etmişlər.Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir.Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüqar Əliyevə həvalə olunmuşdur.Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir.Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli «Samsung» markalı mobil telefonun arxa hissəsindən ağ rəngli siqaret falqasına bükülmüş 01 ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş və içərsində qəhvəyi rəngli maddə kütləsi aşkarlanmışdır.Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümdə olan heroini 26.05.2021-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində əvvəllər tanımadığı şəxsdən, öz şəxsi istifadəsi üçün 5 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür.Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27.05.2021-ci il tarixli, 6/2099 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan, zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,105 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı-İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 16.08.2021-ci il tarixli, 2883 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui – istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 09 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.19.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Lakin, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cinayətin residivini CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın omasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğuna görə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 26.05.2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı , polis mayoru Vüqar Əliyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, X3 26 may 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - heroin 1.005 qram olan qalığı məhv edilməlidir.Bundan başqa, iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1.005 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-448/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-448/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver